“Belə reklamlarla çox uzağa getmək olmaz”

Xanoğlan Əhmədov: “Vətəndaşların reklam şirkətlərinə inamının az olması da reklam bazarının inkişafını ləngidir”

2019-08-20 10:29:15 / 858 dəfə oxunub

Müsahibimiz Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədovdur

– Etiraf edək ki, bu gün Azərbaycanda reklama çox biganə münasibət var. Buna telekanallarda reklam fasiləsi zamanı tamaşaçıların ya telekanalı dəyişməsi, ümumiyyətlə, reklamlara baxmaması ilə misal göstərmək olar. Ancaq inkişaf etmiş ölkələrdə reklam insanın bilavasitə marağındadır. Xarici ölkələrdə həyatın bir çox sahələri reklam üzərində qurulur. Reklam sahəsindəki vəziyyəti necə qiymətləndirirsiniz?

– Azərbaycanda reklama biganə münasibət özü-özündən yaranmayıb. Əgər bu xoşagəlməz münasibət bir tərəfdən yerli reklam bazarının ləng inkişafı ilə bağlıdırsa, digər tərəfdən də reklam bazarındakı monopoliyadan irəli gəlir.

Reklamların dili, tərtibi, keyfiyyəti və məzmunu baxımından da ciddi problemlər yaşanmaqdadır. Əgər tamaşaçı reklamlara biganə qalırısa, bu reklam işi ilə məşğul olanları ciddi düşündürməlidir. Yoxsa, bahalığı bir yana qalsın, bayağı, əttökən reklamları telekanallarda yayınlamaqla hər hansı irəliləyişə nail olunması mümkün deyil. Belə reklamlarla çox uzağa getmək olmaz.

– Bu gün reklam edilən bir çox məhsulların keyfiyyəti heç də reklamlarda şişirdilmiş formada tərifləndiyi kimi deyil. Reklama aldanıb həmin məhsulu alanlar az bir müddət ərzində həmin məhsulun tamamilə keyfiyyətsiz olmasından şikayətlənirlər. bu barədə fikrinizi bilmək maraqlı olar.

 Bu gün reklam bazarında şirkətlərin sayı çox olsa da, bu sahədəki vəziyyətə görə, Azərbaycan dünyanın əksər ölkələrindən geri qalır. Reklam şirkətləri bir çox hallarda qanunlara əməl etmir. Ölkə vətəndaşlarının reklam şirkətlərinə inamının az olması da reklam bazarının inkişafını ləngidir. Azərbaycan tamaşaçısında və ya alıcısında reklam olunan veriliş və mallara marağın xeyli azaldığını müşahidə edirik. Yəni nələrsə reklam olunursa, deməli, nəsə bir əmması var. Belə müşahidələr çox vaxt özünü doğruldur da. Amma təəssüflər olsun ki, xarici ölkələrdə bunun tam əksini müşahidə edirik.

Reklam zamanı keyfiyyətsiz məhsulların təbliğ olunması təbii ki, reklam bazarının nüfuzuna xələl gətirir. Tamaşaçının istəyi budur ki, istər küçələrdəki reklam şitlərində, istərsə də, televiziyalarda keyfiyyət amilinə diqqət yetirilsin, alıcıların zövqünə uyğun məhsullar reklam olunsun.

 Ümumiyyətlə, bu gün reklamların dili ilə bağlı Azərbaycanda nə elmi monoqrafiya, nə elmi məqalə, nə də dərs vəsaiti yoxdur. Bunun üçün nə məsləhət edərdiniz?

– Bu barədə aidiyyatı qurumlar fikirləşməlidirlər. Reklamların dili ilə bağlı elmi monoqrafiya, elmi məqalə və dərs vəsaitlərinin yazılması, eləcə də, hazırlanması üçün səylər artırılmalı, reklam mədəniyyətinin formalaşması istiqamətində yeniliklərə imza atılmalıdır. Ümumiyyətlə, reklam sahəsində ciddi dövlət nəzarəti olmalı, elmi, sistemli iş aparılmalıdır. Reklamlarda dilimizin qrammatik normalarına əməl olunması, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, tariximizin, dəyərlərimizin qorunması başlıca şərt olmalıdır.

– Azərbaycanda reklam bazarının gələcək perspektivini necə görürsünüz? Reklam şurasının yaradılmasına ehtiyac varmı?

– İndi dünya sürətlə dəyişir, belə bir vəziyyətdə biz yerimizdə durub saymalı deyilik ki. Azərbaycanda reklam bazarındakı hazırki durum acınacaqlı vəziyyətdə deyil, müəyyən irəliləyişlər var. Təkcə Bakı şəhərində diqqəti cəlb edəcək kifayət qədər reklam şitləri, lövhələri var. Sadəcə burada söhbət qanunlara əməl olunmasından, dilimizə hörmət etməkdən gedir. Bakıdakı reklam şitlərinə baxdıqca adamda belə bir təəssürat yaranır ki, bura sanki, hansısa Avropa şəhərlərindən biridir. Belə olmaz, fikir verin, bu gün şəhərimizin hər tərəfində "ximçistka”, "moyka” və s. əcnəbi dillərdə yazılmış lövhələrə rast gəlmək olar.

Mənim fikrimcə, Reklam Şurasının yaradılması ideyası pis ideya deyil. Beynəlxalq təcrübədə belə bir Şuranın yaranmasının mümkünlüyünü özündə ehtiba edir. Ancaq burada əsas məsələ hansısa Şuranın yaranmasından deyil, dövlətin iradəsindən, istəyindən gedir ki, reklam sahəsindəki boşluqlaru aradan qaldıra bilsin.

– Sizcə bu gün Azərbaycanda professional reklam çəkmək ənənəsi formalaşıbmı?

– Mən çox təəsüf edirəm ki, bu sahədə də işlər ürəkaçan deyil. Bizim reklam işi ilə məşğul olanlar professionalıq əvəzinə təqlidçiliyə daha çox yer verirlər. Türkiyə, Rusiya və digər xarici telekanallarda gedən reklamlar bəzən olduğu kimi təkrar edilir. Bu da çox şit və yersiz alınır. Azərbaycan telekanallarında nümayiş etdirilən reklamları professional baxımdan səviyyəli etmək üçün telekanallar təkcə biznes maraqlarından çıxış etməməlidirlər. Reklam yayıcısı hər şeydən əvvəl "Reklam haqqında” Azərbaycan Respublikasının Qanuna əsaslanaraq reklamın milli-mənəvi dəyərlərə uyğun olduğunu müəyyənləşdirməlidir. Bu sahədə onlar daha çox işləməlidirlər.

– Bu gün Azərbaycanda reklamla bağlı ən aktual problemlərdən biri də küçə reklamlarında mətnin qüsurlu olması ilə bağlıdır. Bu gün əcnəbi reklamların mətni dilimizə uyğun qaydada tərcümə edilmir. Məlumdur ki, reklam hazırlanması prosesinə peşəkarların cəlb edilməsi problem olaraq qalır. Sizcə bu kimi qüsurların aradan qaldırılması üçün nə kimi addımlar atılmalıdır?

– Mən bu barədə yuxarıda ötəri də olsa, qeyd eləmişəm. Sizin qeyd etdiyiniz problemlər təkcə küçə reklamlarında özünü biruzə vermir, belə qüsurlara hər yerdə, metroda, avtobuslarda, müəssisələrdə və s. rast gəlmək olar. Yəni belə əcaib-qəraib reklam və elanlara çox yerdə rast gəlmək olar.

– Günü-gündən artan reklam şirkətlərinə götürülən işçinin intellektual səviyyəsi və elmi savadı nəzərə alınmır. Bu nə dərəcədə düzgündür? Bu sahədə daha çox təcrübəli və peşəkar şəxslərin çalışması vacib deyilmi?

– Xarici ölkələrdə bu sahəyə ali təhsilli, hərtərəfli elmi dünyagörüşə malik şəxslər cəlb olunurlar.

– Məlumdur ki, televiziyalar ən maraqlı veriliş, serial və ya sənədli film zamanı reklam verməklə daha çox auditoriya toplamağa can atır. Lakin bizlər də reklam görən kimi kanalı dəyişirik. Bizi buna vadar edən nədir?

– Bu, reklam verənlərin öz problemləridir. Zəhmət çəkib elə reklam nümayiş etdirsinlər ki, tamaşaçılar da televizorun kanalını dəyişməsinlər. Bunu hamı dərk eləməlidir ki, respublika ərazisindəki reklamlar dövlət dilimizin normalarına uyğun yerləşdirilməlidir. Əlbəttə ki, zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər əcnəbi dillərdən də istifadə oluna bilər. Bu zaman onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən çox olmamalıdır və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Ancaq paytaxtın küçələrindəki reklamlardan aydın görünür ki, onların əksəriyyəti əcnəbi dillərdədir…

– Sizcə reklam necə olmalıdır ki, yaşından asılı olmayaraq tamaşaçı ona baxan zaman kanalı dəyişməsin?

– Bunun çox sadə bir yolu var, reklamın baxımlı olması üçün reklam şərtlərinə əməl olunmalıdır. Çünki, keyfiyyətsiz reklamlar tamaşaçıların diqqətini cəlb eləmir. Ancaq nədənsə, bunu bilə-bilə bizdə daha çox keyfiyyətsiz məhsulların reklamına üstünlük verirlər. Axı reklam belə olmamalıdır, özündə həqiqəti əks etdirməlidir, vətəndaşlara problem yaradan reklamlardan birdəfəlik imtina edilməlidir.

– Çox vaxt əcnəbi reklamlar öz dilimizə çox bəsit və keyfiyyətsiz şəkildə tərcümə olunur. Sizcə bu bəsitliyin, reklam ciddiyyətinin elementar məişət səviyyəsinə endirilməsi deyilmi?

– Bu qeyri-peşəkarlıqdan irəli gəlir. Bəzən təsadüfi adamların bu işlərlə məşğul olması keyfiyyətsiz tərcümələrin telekanlalra yol açmasına səbəb olur. Mən təəssüf edirəm ki, belə bir acınacaqlı vəziyyət xarici ədəbiyyatların dilimizə tərcümə olunmasında da özünü biruzə verir. Telekanallarda nümayiş etdirələn xarici filmlərin başdansovdu tərcüməsi tamaşaçıların zövqünü korlayır.

Mən bu barədə bir məsələ haqqında da danışmaq istəyirəm. Xatırlayırsınızsa, bir neçə il öncə, əcnəbi seriallara qoyulan qadağada ictimai rəyi nəzərə almalı olsaq, bir qədər tələskənliyə yol verilmişdi. Hətta həmin qərara imza atan Nuşirəvan müəllimin özü də etiraf etmişdi ki, teleserialı göstərib, sonra onun yayımını dayandırmaq telekanal üçün başucalığı gətirmir, ümumiyyətlə əhali üçün də yaxşı deyil.
Yəni serailların tələm-tələsik qadağan edilməsi əslində düzgün deyildi. Mən xarici serialların yığışdırılmasının əleyhinə deyiləm, ancaq əvvəlcə bu boşluğun nə ilə doldurulacağı barədə fikirləşmək lazım idi. Ona görə də, tələm-tələsik tərcümələr maraqsız alınır, tamaşıçılar tərəfindən narazılıqla qarşılanır.

 

Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyinin "Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkilimövzusunda layihəsi çərçivəsində çap olunur

Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!