Ana dilinə xələl gətirməyin!

2019-08-22 12:35:13 / 1391 dəfə oxunub

Yeni orfoqrafiya ilə bağlı müzakirələri kənardan izləmək olardı. Ancaq ana dili və xalqın kimliyi kimi taleyüklü bir mövzuya bəsit yanaşma tərzi məni heyrətləndirdi və buna biganə qala bilmədim. Sanki əcdadların ruhu haray qopardı ki, dilimizin təhrif olunmasına qarşı ulu öndərin tövsiyələrinə əsaslanaraq öz mövqeyini və etirazını bildir. O, hələ konstitusiya layihəsinin müzakirəsində (1995) belə demişdi: "Gəlin, türkdilli xalqlara baxaq. Bəli, biz türkdilli xalqlardan biriyik və türk mənşəli xalqıq. Kökümüz birdir. Özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var, başqırd dili var, türkmən dili var, kumık dili var. Demək, bu türkdilli xalqların da hər birinin dilinin öz adı var. Türkdilli xalqlarda tatar dili də var, o biri qrup dillər var, onların da hər biri bu qrupa daxildir, amma hər birinin öz adı var…” Deməli, türk dilləri bir kökdən olsalar da, hər birinin öz adı, öz xüsusiyyətləri və orfoqrafiya qayda-qanunları vardır, bunları qarışdırmaq olmaz.

Ulu öndər sonrakı çıxışlarında dəfələrlə dilimizin zənginliyini, ahəngini, bədii gözəlliyini qoruyb saxlamaqla yanaşı, ona edilən təzyiq və təhrifləri pisləmişdir."Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanda deyilir:"Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur”. Bütün hallarda ulu öndər ana dilinə qayğı ilə yanaşmış, onun təhrifinə və süni şəkildə digər türk ədəbi dillərinə bənzədilməsinə etiraz etmişdir. Buna nümunə olaraq, onunTÜRKSOY təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri daimi şurasının XIX toplantısının iştirakçılarını qəbul edərkən (Bakı, 6 fevral 2003-cü il) söylədiyi son sözü göstərə bilərik: "Mən bunu sizə ona görə deyirəm ki, dili inkişaf etdirmək TÜRKSOY-un əsas vəzifələrindən biridir.Ancaq dilimizi bir-birinə bağlamaq, yaxud da ki bənzətmək lazım deyildir”.

Bu sənədli faktlar mərhum prezidentimizin ana dilinə necə uzaqgörənliklə yanaşmasının əyani göstəricisidir.

Azərbaycan dili xalqın milli sərvəti və milli kimliyi olmaqla tarixin keşməkeşlərini arxada qoyaraq, böyük inkişaf yolu keçmiş, cilalanmış və mükəmməl biçimə salınmışdır. Dilin söz ehtiyatı, tələffüz və yazı qaydaları, qrammatik quruluşu və üslubi xüsusiyyətləri yüzillər boyunca təbii şəkildə təşəkkül tapır, cilalanır və təkmilləşir. Dil haqqında azacıq savadı olanlar bilirlər ki, onun qaydalarını dilçilər yaratmır, onlar dilin mahiyyətindən irəli gəlir, dilçilər sadəcə həmin qaydaları aşkarlayaraq onları sistemə salırlar.

Bir əsrdə üç dəfə əlifba dəyişilməsi dil və ədəbiyyatımıza böyük zərbə vurdu, xüsusilə klassik ədəbi irsin gözəllikləri və incəlikləri kölgədə qaldı. Bu gün yeni dəyişikliklərlə ana dilimizə və ədəbiyyatımıza bir daha zərbə vurmaq nə ilə izah olunur?Layihənin 37-ci bəndinə uyğun klassik irsimizdə iki qoşa samitli sözü bir samitlə əvəzləyərək,dilin ahəng və vəznini niyə pozmalıyıq? Mən hələ apostrofu götürməklə bu irsə nə qədər ciddi zərbə vurulduğunu demirəm: "mən’” sözü apostrofla mane olmaq deməkdir, ancaq apostrofu götürəndə olur "mən”. Yüzlərlə belə misal var.

Deməli, dilçi və filoloqların vəzifəsi dilin uzun əsrlər boyu sabitləşən təkamül qanunauyğunluqlarını izləyib onun zənginləşməsi yollarını axtarmaqdır, onu alt-üst etmək və şikəst hala gətirmək deyildir.Azərbaycan dilinin lüğət tərkibində çoxsaylı ərəb və fars sözləri vardır, onlar artıq bizim dilin ahəng və tələffüzünə uyğunlaşmışdır. Bu bizim tarix, mədəniyyət, dil və ədəbiyyatımızın ayrılmaz bir parçasıdır. Onun bir qismini dəyişdirərək ahəngini pozmaq, bir qismini isə olduğu kimi saxlamaq hansı məntiqlə və dil qanunu ilə izah olunur? İndi dilimizi öz musiqili ahənginə və tarixən təsbitləşmiş qayda-qanunlarına uyğun zənginləşdirməyi bacarmırıqsa, heç olmasa, onu alt-üst etməyək.

Keçmişdə dil və mədəni irsimizdə edilən təhriflər üçün yadları tənqid edir və günahlandırırdıq. Görəsən, müstəqillik dövründə öz içimizdən mədəniyyət və dilin təhrif edilməsi və baş verən hərc-mərclik üçün kim cavab verməli olacaq? Yenə də kənar güclərmi?

Bu gün ana dilində yol verilən təhriflər istər-istəməz zəncirvarı dalğalar kimi gələcəkdə yeni-yeni təhriflərə və hərc-mərcliyə yol açacaq.Bu olduqca ciddi məsələdir, ona görə hər bir vətəndaşı və xüsusilə ziyalıları düşündürməlidir. Axı, bu, bizim ana dilimiz və kimliyimizdir.

Heç şübhəsiz ki, Azərbaycan dili türk dilləri ailəsinə aiddir. Bu dillərdə danışan xalqlar arasında ədəbi və mədəni əlaqələrin inkişafı tarixi zərürətdir və bu işdə TÜKRSOY-un fəaliyyəti təqdirəlayiqdir. Ulu öndərin təkid etdiyi kimi, "dili inkişaf etdirmək TÜRKSOY-un əsas vəzifələrindən biridir.Ancaq dilimizi bir-birinə bağlamaq, yaxud da ki, bənzətmək lazım deyildir”. Bir məsələni də unutmaq olmaz ki, Quranda deyildiyi kimi, dünyada hər şey nizamla və müəyyən qayda-qanunla yaranmışdır, heç bir varlıq, başqasını təkrar etmir, Allah hətta xalqları yaradarkən onların zahiri görünüşlərini də fərqli etmişdir, ona görə onların dillərində fərqli xüsusiyyətlərin olması təbiidir. Dünyada mövcud olan təbii və ali harmoniyanı pozanda, ona müdaxilə edəndə hər şey, sözsüz ki, alt-üst olar.

Mahirə Quliyeva,

filologiya elmləri doktoru

Yazı,AzərbaycanRespublikasıPrezidentiyanındaQHT–lərəDövlətDəstəyiŞurasınınmaliyyədəstəyiiləMediavəMülkiCəmiyyətİctimaiBirliyinin"Azərbaycanədəbidilininqorunmasımövzusundatədbirlərintəşkili”mövzusundalayihəsiçərçivəsində çapolunur


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!