Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Polşada səfərdədir

2019-10-11 19:30:52 / 705 dəfə oxunub

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Polşa Respublikasına səfəri çərçivəsində ilk olaraq Qniezno şəhərindəki "Azərbaycan-Polşa Dostluq” abidəsi ziyarət edilib. Abidə önünə əklil qoyulub.

Komitədən verilən məlumata görə, Azərbaycan nümayəndə heyətini şəhər meri Tomaş Budaş qarşılayıb və iki ölkənin nümayəndələri arasında maraqlı görüş olub. Qeyd olunub ki, Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin dərin tarixi kökləri var və bu abidə də dostluq əlaqələrinin ən bariz nümunəsidir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov səmimi münasibətə görə Qniezno şəhərininin meri və nümayəndə heyətinə təşəkkür edib, ölkələrimiz arasındakı isti münasibətlərin daha da dərinləşməsi, buradakı Azərbaycan diasporunun və Azərbaycandakı polyak icmasının fəaliyyəti barədə fikirlərini bölüşüb.

Tədbirdə Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri H.Həsənov iştirak edib və Azərbaycan-Polşa əlaqələrinin inkişafı ilə bağlı çıxış edib.

Görüş zamanı xatirə hədiyyələri təqdim olunub.

Xatırladaq ki, Polşanın qədim paytaxtı sayılan Qniezno şəhərindəki "Azərbaycan-Polşa Dostluq” abidəsi Azərbaycan-Polşa əlaqələrinin inkişafına müstəsna töhfələr vermiş Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində ucaldılıb.

Abidə üz-üzə dayanmış palıd ağacı yarpağı formasındadır və onun iç tərəfində Azərbaycanın və Polşanın müasir siyasi xəritələri təsvir edilib. Abidə üzərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Polşa haqqında, polyak əsilli Roma Papası II İohann Pavelin Azərbaycan haqqında söylədiyi fikirləri yer alıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Polşaya səfəri davam edir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!