Bahar Muradova: "Ermənistan rəhbərliyi Njdeyə heykəl ucaltmaqla..."

2019-10-12 18:38:35 / 1047 dəfə oxunub

Dünya faşizm əleyhinə olduğu halda, Ermənistan rəhbərliyi Yerevanda daşnak ordusunun keçmiş generalı, agentura işi çərçivəsində almanların yanında Qaregin Njde ləqəbi ilə xidmət etmiş satqın Ter-Arutyunyana heykəl qoyub onun xatirəsini ədədiləşdirməklə dövlət siyasətlərinin faşizm ideologiyasına söykəndiyini birmənalı şəkildə ortaya qoyur.

Bunu Trend-ə Milli Məclis sədrinin müavini Bahar Muradova MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın Qaregin Njdeni Ermənistanın türk işğalına və türklərin təşkil etdikləri ermənilərin soyqırımına qarşı mübarizə aparan şəxs kimi təqdim etməsinə və Prezident İlham Əliyevin də ona verdiyi arqumentli cavabı şərh edərkən deyib.

Onun sözlərinə görə, faşizmin tarixinə, onun əsaslandığı ideoloji xəttə və Ermənistanı idarəedənlərin siyasətinə nəzər yetirildikdə onların arasında çox böyük oxşarlığın olduğu məlum olur.

B.Muradova hesab edir ki, bu, yalnız ideoloji oxşarlıqda deyil, həm də real nəticələrdə özünü göstərir:

"Ermənistanın bəşəriyyət əleyhinə, insanlığa, humanizm ideyalarına qarşı tarixən formalaşmış mövqeyi və real əməlləri davamlı olaraq, faşizmlə üst-üstə düşüb. Amma gözləmək olardı ki, Ermənistan, Hitler Almaniyası üçün vuruşmağı Ermənistan, erməni xalqı üçün vuruşmaq kimi qələmə verən cinayətkara öz paytaxtında abidə ucaldacaq qədər aşağı səviyyə nümayiş etdirməyəcək. Çünki, dünya faşizmdən imtina etdiyi, onu insanlıq üçün qəbuledilməz bir iedologiya hesab etdiyi üçün Ermənistan ən azı, görüntü xatirinə də olsa, özünün iç üzünü açıq şəkildə ortaya qoyan bu addımı atmamamlı idi".

B.Muradova əlavə edib ki, Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında obyektiv reallığı təsvir edən Prezident İlham Əliyevin çıxışının müqabilində N.Paşinyanın verdiyi cavab qədər absurd və heç bir çərçivəyə sığmayan mövqe isə indiyədək heç bir beynəlxalq tədbirdə, o cümlədən MDB dövlət başçılarının sammitində açıq şəkildə bildirilməyib: "Paşinyanın bu mövqeləri müdafiə etmək, ona haqq qazandırmaq istiqamətindəki səyləri isə çox gülünc və cılız arqumentlərə söykənirdi. Onun Sovet İttifaqının tətbiq etdiyi ciddi rejimin insanlar və ziyalılar üçün yaratdığı basqılara öz etirazını bildirdiyi üçün ədalətsiz olaraq repressiyalara məruz qalmış insanlarla Njdeni bərabərləşdirmək istiqamətindəki mövqeyi isə ümumiyyətlə heç bir məntiqə sığmırdı. Hesab edirəm ki, o, bununla ölkə daxilində, erməni xalqı arasında özünə olan zəif ümidləri də heçə endirdi. Eyni zamanda, əvvəlki sələflərindən heç nə ilə fərqlənmədiyini, əksinə, erməni xalqının tarixi cinayətlərinə haqq qazandırdığını ortaya qoydu. Paşinyan Prezident İlham Əliyevin bu mövzu ətrafındakı ədalətli çıxışına dair heç bir tarixi fakta söykənməyən fikirləri, əsassız aqrumentləri ilə çox qorxaq şəkildə etdiyi etirazı ilə isə tarixi bilmədiyini bir daha ortaya qoydu. Bununla da həm özünü, həm də təmsil etdiyi xalqı biabır etdi və göstərdi ki, onun belə tədbirlərdə yaranan hansısa situasiyalardan ağılla, ləqayətlə çıxmaq bacarığı və gücü yoxdur".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!