SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər

2019-10-15 10:57:55 / 1479 dəfə oxunub

Binəqədi Rayon Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə keçmiş deputat Cahangir Hüseynovun 31 saylı Dövlət Notariat Kontoruna, Kazımov İlham Davud oğluna, Baxışov Azər Sirac oğluna, İsayeva Qətibə İsmayıl qızına qarşı iddiası üzrə məhkəmə prosesi keçirilir. Bu iddia üzrə məhkəmə prosesi iyulun 24-də start götürüb.

Keçmiş deputat iddia ərizəsində göstərib ki, ağır xəstə olmasından istifadə edərək ona imzalatdırılan "Barışıq sazişi” ləğv olunmalıdır.

Bu saziş Binəqədi Rayon Məhkəməsinin 21.07.2015-ci il tarxli qətnaməsindən irəli gələn öhdəliklərin icrası üçün tərəflərin seçdiyi optimal variant olub. Belə ki, Cahangir Hüseynovun iddiası üzrə məhkəmə qət etmişdir ki, Binəqədi rayonu, M.Cəlal küçəsi 3246-cı məhəllədə,1410-cu keçiddə "Məkan” MKT tərəfindən tikilmiş çoxmərtəbəli binanın tikintisindən əldə olunan xalis gəlirin 25 faizi – 2.9 milyon manatı ona ödənilməlidir.

Bununla yanaşı məhkəmə qət edib ki, sözügedən ərazidə yerləşən CahangirHüseynovun atasının və oğlu Yadigar Hüseynovun adına olan 0.216 ha torpaq sahəsinin və obyektlərin şəhadətnaməsi ləğv olunaraq, "Məkan” MKT-nın balansına verilməlidir.Müvafiq dövlət qurumu da bu qətnamənin icrasını təmin etməlidir.

Keçmiş deputatın ləğvini istədiyi "Barışıq sazişi” üç il əvvəl –2016-cı ilin 30 dekabrındaimzalanıb. Daha sonra Binəqədi Rayon Məhkəməsinin 6 yanvar tarixli qərardadı ilə təsdiqlənib və işə xitam verilib. Həmin "Barışıq Sazişi” hazırda iddaçı olan Cahangir Hüseynov, onun oğlu Yadigar Hüseynov və cavabdehlər tərəfindən imzalanıb.

Tərəflər razılaşıblar ki, 200 min dollar Yadigar Hüseynovun, 200 min dollar isə Cahangir Hüseynovun YAPI KREDİ Bankda olan hesablarına köçürülsün.Oğlu Yadigar Hüseynov göstərilən məbləği yanvar ayının 5-də notariusda alıb. Daha sonra C.Hüseynov şəxsi bank rekzivitlərini göndərərək, qalan200 min dollarınonun hesabına köçürülməsini istəyib.

Bununla da tərəflər iddialarını geri çəkib, yuxarıda sözügedən məhkəmə qərarına xitam verilib.

Məhkəmə prosesi başladıqdan sonra hakim tərəflərin anket məlumatlarını dəqiqləşdirib. Cavabdeh tərəfin vəkiliBəhruz Bayramovisə vəsatətinin olduğunu bildirib.

Vəkil qeyd edib ki, ötən prosesdən sonra Cahangir Hüseynov ondan Vəkillər Kollegiyasına şikayət edib:"Şikayətində bildirib ki, guya mən onu nalayiq sözlərlə təhqir etmişəm. Bunlar ağ yalandır. Əgər belə bir hadisə olsaydı, Cahangir Hüseynov sizə və hüquq-mühafizə orqanlarına müraciət edib, barəmdə cinayət işinin açılmasını tələb edərdi. Ona görə də sizdən xahiş edirəm ki, məhkəmə proseslərinin videoçəkilişinin və audio yazının aparılmasını təmin edəsiniz. Böhtan dolu fikirlərin barəmdə səsləndirilməsi qəti yolverilməzdir”.

Vəkil qarşı tərəfin vəsatətə münasibətini soruşub. Cahangir Hüseynov bildirib ki, o, vəkil Bəhruz Bayramovun dediklərini özünə təhqir sayıb: "Mən 20 il hüquq-mühafizə orqanlarında işləmişəm, polis rəisi, iki çağırış deputat olmuşam…”

Hakim yerində müşavirə edərək, vəsatətin təmin olunmaması haqda qərar verib.

Daha sonra cavabdeh İlham Kazımovun vəkili Nüsrət Hüseynov vəsatələ çıxış edərək, üç il əvvəl imzalanmış "Barışıq sazişi”nin mübahisləndirilməsinin yolverilməz olduğunu bildirib:"Möhtərəm hakim, 30 dekabr 2016-cı ildə bütün tərəflərin iştirakı ilə "Barışıq sazişi” imzalanıb. Bu saziş daha sonra Binəqədi Rayon Məhkəməsinin qərardadı ilə təsdiqlənib.Müqavilədə göstərilən bütün öhdəliklər icra olunduğuna görə müqavilənin ləğv olunması mümkün deyil.Ona görə də sizdən xahiş edirik ki, iddiaya xitam verilsin”.

1568784602_1_optHakim iddaçıCahangir Hüseynovasöz verib. O, bildirib ki, "Barışıq sazişi” imzalanarkən xəstə olub:"Mən dəfələrlə Türkiyədə əməliyyat və müalicə olunmuşam. Xaricdə yaşayan oğlum Yadigar Hüseynov Bakıya gəlmişdi və müalicəmlə məşğul olurdu. O, 30 dekabr 2016-cı ildə bildirdi ki, şəriklərim barışıq istəyir, xəstə adamsan, bu məsələni uzatmağın mənası yoxdur.Sonra evimə notarius nümayəndəsi və cavabdehin nümayəndələri gəldi, mən və oğlum sazişə imza atdıq. Sonra mən Türkiyəyə aparıldım, orada sürücümə etibarnamə verdim, həmin saziş üzrə bank hesabıma köçürülən vəsaitin bir qismini çıxararaq mənim kart hesabıma qoydu”.

Cahangir Hüseynov daha sonra vəkil Bəhruz Bayramovun suallarını cavablandırıb.

Vəkil:"Barışıq sazişi” barədə oğlunuz Sizə məlumat vermişdimi?

C.Hüseynov:Bəli, xəbərim olub.

Vəkil:Siz 20 il polis rəisi işləmisiniz, iki çağırış deputat olmusunuz. Necə ola bilər ki, sazişin mahiyyətindən xəbərsiz ona imza atıbsız?

C.Hüseynov:Mən bunu idda etmirəm. Həmin torpaq sahəsində oğlum Yadigarın da payı olub və 200 min dollar onun haqqıdır. Qalan pay mənimdir.

Vəkil:Siz də 200 min dolları almısınız, bank hesabınıza köçürülüb.Və burada qeyd etdiniz ki, həmin vəsait sürücünüz vasitəsi ilə bankdan çıxarılaraq sizin kart hesabınıza qoyulub.

C.Hüseynov:Bəli, elədir,ancaq mən hesab edirdim ki, mənə çatası pullar hissə-hissə hesabıma köçürülür…

Vəkil: Ortada saziş var, orada bütün öhdəliklər yazılıb və siz də ona imza atıbsız.

Daha sonra hakim Cahangir Hüseynova bir neçə sual verib. Keçmiş deputat cavablarında qeyd edib ki, həmin ərazi onun ata mülkü olub, tikintisini özü aparıb, təxminən 700 min manatla əvəzlənməsinə razı deyil. Ona görə iddiasında israrlıdır.

Vəkil Bəhruz Bayramov daha sonra söz alaraq bildirib ki, Cahangir Hüseynov təxminən 3 il keçməsinə baxmayaraq, "Barışıq” sazişi”ndən heç bir şikayət verməyib.O, üzünü keçmiş deputata tutaraq bu fakta aydınlıq gətirməsini xahiş edib. C.Hüseynov bildirib ki, bu müddətdə xəstə olub.

Hakim dərhal müdaxilə edərək ağır xəstə olduğu halda niyə ev şəraitində müalicə olunması ilə maraqlanıb.Keçmiş deputat bir müddət xəstəxanada, qalan müddət evdə müalicə edildiyini deyib.

Daha sonra məhkəmə prosesində iddiaçının vəkilinin Bəhruz Bayramova sualları olub. O, notariusun hansı şəraitdə müqaviləni Cahangir Hüseynova təqdim etdiyini aydınlaşdırmağa çalışıb.

B.Bayramov bildirib ki, müqavilə sənəddə göstərilən şəxslərin iştirakı ilə notariusda imzalanıb.

Bundan sonra hakim yerində müşavirə edib, növbəti məhkəmənin oktyabrın 23-ü, saat 11-ə təyin olunması barədə qərarını elan etdi.

Cahangir Hüseynovun keçmiş şərikləri isə saytımıza qalmaqalın təfərrüatı haqda danışıblar.

emlak.az-satilir-3-otaqli-103-msup2sup-yeni-tikili-9-mkr-15581b431b88cffOnların bildirdiklərinə görə, 2004-cü ildə 9-cu mikrorayonda bina tikmək üçün avtodayanacaq və onun yanında yerləşən 0.634 ha torpaq sahəsini alıblar:"Ərazini aldıqdan sonra Cahangir Hüseynovla orada tanış olduq. O, aldığımız yerə bitişik olan, onun atası və oğluna məxsus torpaq sahəsini də alıb, binanın tikintisi üçün nəzərdə tutulan yerə qatmağımızı təklif etdi. Qeyd etdi ki, həmin yeri 300 min dollara sata bilər. Sonra bir neçə dəfə görüşüb danışıqlar apardıq.Amma Cahangir Hüseynov hər dəfə torpağının qiymətini bir az qaldırıb sonda 450 min ABŞ dollarında dayandı və biz də bu qiymətə razılaşıb, ona 150.000 dolları notarial qaydada beh verdik.Həmin beh müqaviləsində göstərilmişdi ki, torpağa onlar "Çıxarış” alaraq "Məkan”MTK-nın mülkiyyətinə verilməsi üçün alqı-satqı edəcəklər. Bir müddət sonra Cahangir Hüseynov bizə dedi ki, atası alqı-satqıya razı deyil, o da şərik olmalıdır. Beləliklə, uzun danışıqlardan sonra o, bizə şifahi formada şərik oldu və bina tikilib qurtardı. Amma Cahangir Hüseynov həmin torpağı MTK-nın mülkiyyətinə keçirmədi”.

İş adamlarının dediklərinə görə, görünür keçmiş deputatın gizli planı varmış:"Bizi inandırdı ki, bu torpaqda 500 ailə yaşayır, ərazi onun, atasının və oğlunun adına olsun, ya MTK-nın adına, bunun heç bir fərqi yoxdur.Kişi kimi söz verirəm ki, biz tərəfdən heç bir problem olmayacaq. Qeyri-yaşayış sahələrini bölün, mənim payıma düşəni verin, icarəyə verim.Biz ona və verdiyi "kişi sözünə” inanaraq püşkatma yolu ilə qeyri-yaşayış və yaşayış sahələrini böldük.Beləliklə, Cahangir Hüseynov payına düşmüş 1500 kv.m qeyri-yaşayış sahəsini özü və ailə üzvlərinin adına sənədləşdirdi.Daha sonra həmin binadan20-dənçox mənzilləri başqa adamlara satdı. Amma bununla da kifayətlənmədi, yenidən bizə dedi ki, mənim oğlum məndən ev və pul istəyir. Siz əlavə olaraq mənim oğluma buradakı öz payınızdan onun istədiklərini verin. Biz də bu təklifə haqlı olaraq razılaşmadıq. Bundan sonra Cahangir Hüseynov bizə qarşı bir neçə əsassız iddia qaldırdı ki, guya onun xəbəri olmadan torpağında bina tikmişik. Şahidlər və iştirakçılar ifadə verdikdən sonra başqa iddialarla çıxış etdi.Keçmiş polis rəisi və deputat kimi əlaqələrindən istifadə edib, hakimə təzyiq göstərərək "Məkan” MTK-dan 2.983.000 manat tutularaq ona verilməsi haqqında haqsız məhkəmə qərarı əldə etdi. Amma "Məkan” MTK-nın heç bir əmlakı qalmamışdı. Cahangir Hüseynov bizlərə zəng edərək razılığa gəlmək niyyətində olduğunu bildirdi. Bir neçə dəfə onunla telefon əlaqəsi saxladıq və görüşdük. Biz ümumi razılığa gəldik ki, Cahangir Hüseynov və oğlu Yadigar Hüseynovun hər birinə 200.000 olmaqla, cəmi 400.000 dollar ödəyək. Bu barədə vəkillərə "Barışıq sazişi” hazırlamalarını tapşıraq. Belə də oldu. Cahangir Hüseynovun vəkili və nümayəndəsi Qurban Kazımov, bizim vəkilimiz Siracəddin Kərimov sazişin şərtlərini Cahangir müəllimlə telefonda razılaşaraq hazırladılar.

Bundan sonra Yadigar Hüseynovun Yeni il bayramından sonra xaricə getməli olduğu üçün bizi məcbur etdilər ki, həmin "Barışıq sazisi”ni imzalayaq və həmin məbləği 5 yanvar 2017-ci il tarixinə qədər ödəyək.Beləliklə, 30.12.2016-cı il tarixdə 31 saylı Notariat Kontorunda "Barışıq sazişi” bağlandı və təsdiq olundu. Həmin pul 05.01.2017–ci ilə tarixə qədər onların bank hesablarına və nağd şəkildə özlərinə ödənildi. Sonda onlar bizə qarşı bütün iddialarından notarial qaydada imtina edərək işə xitam verilməsini istədilər. 06 yanvar 2017-ci ildə "Barışıq sazişi” təsdiq edildi və işə xitam verildi”.

Keçmiş şəriklər bildiriblər ki, bu hadisədən 2 il 6 ay keçdikdən sonra, yəni 2019-cu ilin may ayının sonlarında Cahangir Hüseynov onlara zəng edərək, yenidən pul istədiyini bildirib:"Ona "yox” cavabı verdikdə bizi məhkəmə ilə hədələdi. Dedi, bilirsiniz ki, sizi məhkəməyə verərək istədiyimi edəcəm. Hakimlər mən nə istəsəm, o qərarı da çıxaracaqlar. Elə danışdı ki, guya hakimlər qanunu rəhbər tutanlar deyil, Cahangir Hüseynovun istəklərini yerinə yetirən əməkdaşlardır. Amma biz bu dəfə çox əminik ki, Binəqədi Rayon Məhkəməsinin hakimləri Sədaqət Səlimova, Günel Abbasova və eləcə də Bakı Apellyasiya və Ali Məhkəmənin hakimləri cənab Prezidentin 03 aprel 2019-cu ildə məhkəmələr haqqında verdiyi sərəncamı və ədaləti uca tutaraq, təzyiqləri qəbul etməyərək, Cahangir Hüseynovun şər-böhtanına düzgün qiymət verəcəklər”.

C.Hüseynovun mövqeyini yayımlamağa hazırıq.

"AzPolitika.info”


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!