ƏLİ KƏRİMLİNİN MİTİNQİNƏ “MƏMUR DƏSTƏYİ”NİN İZİ İLƏ…

2019-10-22 15:27:42 / 2551 dəfə oxunub

Ceyhun OSMANLI,

 IV çağırış Milli Məclisin deputatı,

İqtisadiyyat üzrə fəlsəfə doktoru

 

15 OKTYABR 2019, GÜNORTA SAATLARI


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilir. Müşavirənin keçirildiyi məkandan tutmuş qarşıda qoyulan məsələlərə qədər hər bir detaldayeni idarəetmənin ön planda olduğu sezilir. Gündəmin mövzusu islahatlardır. Müşavirədə iqtisadi islahatlarda sıçrayışla bağlı bu günkü günün təhlili və gələcək strategiyanın müəyyənləşməsi baxımından ciddi fikir mübadilələrinə yer verilir.

Güman olunur ki, iclas saatlarla davam edib. Minimum pensiyanın 300 manata qaldırılmasından, müasir gənc kadrların önə çəkilməsinə qədər iddialı mövzular müzakirə edilir.

Lakin gündəmə bomba kimi düşən daha önəmli məqamlar var. Prezident iqtidar içindəki bəzi məmurları ifşa edir.

Tənqid siyahısına həm keçmiş, həm də indiki komandaya aid nüfuzlu şəxslər daxil edilir. İqtidar içindəki bəzi şəxslərin məkrli məqsədlərinə nail olmaq üçün istifadə etdikləri müxtəlif üsullar, xüsusən də reket jurnalistikadan qarşılıqlı istifadə 1-ci şəxs tərəfindən qəzəblə ifşa edilir.

Prezident son xəbərdarlığını edir!

Bu informasiya öncə kluarlarda, daha sonra rəsmi dairələrdə sürətlə yayılır.

Məmurlar həyəcan içindədir.

Çünki hər kəs, xüsusilə də hakim komanda üzvləri İlham Əliyevin prinsipial lider olduğunu yaxşı bilir. Demək ki, ölkədə islahatlara əngəl olanların cəzalanacağı anlaşılmışdır!

 

16 OKTYABR 2019, GÜNORTA SAATLARI

(Müşavirədən 1 sutka sonra)

 

Azərbaycan müxalifətinin romantik lideri Əli Kərimli tələm-tələsik facebook statusu yazaraq Azərbaycan xalqını 19 Oktyabrda qanunsuz mitinqə dəvət edir.

Əli Kərimliyə sifarişin gəldiyi gün kimi aydındır.

Azərbaycandakı islahatlarla barışmayaraq Qənimət Zahidin "Azərbaycan saatı” proqramı üçün qalaq-qalaq "material” göndərən məmurlar dəstəsi indi son ümidləri olan Əli Kərimlini oyuna daxil etdi.

Nə də olsa "təcrübə” öz sözünü deyir.

Öncədən hər şey proqnozlaşdırılmışdı…

 

VƏTƏNDAŞI QƏTLƏ YETİRƏ BİLƏRDİLƏR

 

Polisin qanunun aliliyini əldə rəhbər tutaraq addım atacağını bilirdilər. Polis öz mandatına uyğun olaraq qanunsuz mitinqin qarşısını aldı. Bir çox provokasiyalara baxmayaraq polis bacardığı qədər işinin öhdəsindən səliqə ilə gəlməyə çalışdı. Şəxsən mənim Avropada qanunsuz aksiyalarla mübarizə zamanı çox rast gəldiyim itlərlə, atlarla, su şırnaqları ilə, rezin güllələrlə tədbir görülməsinə rast gəlmədim.

Çünki yeni Daxili İşlər Naziri təyin edilən General-polkovnik Eyvazov da yaxşı bilir ki, onun polisdə apardığı son kadr islahatları, rüşvətlə mübarizə, DYP sisteminin ASAN-laşdırılması bəzilərinin ürəyincə deyil. Bunun fərqində olan polis bacardığı qədər öz adını qorumağa çalışdı.

Təbii ki, həm vətəndaşlar, həm də polislər arasında səbrsizlik edənlər oldu. Lakin aldığım məlumatlara görə polisdə bununla bağlı lazımi araşdırmalar gedir. Həm də mitinq iştirakçıları unutmamalıdır ki, mitinq vaxtı polis həm də onları həyati təhlükədən qoruyur.

Məsələn, kütləni aqqressivləşdirmək üçün hansısa provakatorun mitinq iştirakçılarından birini və ya bir neçəsini Ukrayna hadisələrində olduğu kimi qətlə yetirməməsi üçün polis və təhlükəsizlik strukturları öz işini peşəkarcasına gördü.

Çünki vətəndaşı ilk növbədə həyati təhlükədən uzaq tutmaq lazımdır.

 

ƏLİ KƏRİMLİ, ƏLİ İNSANOV...

VƏ ONLARA PAS VERƏN MƏMURLAR

 

Mitinqdən bir neçə gün sonra Bakıda dünyanın onlarla nəhəng ölkələrinin liderlərinin qatılacağı Qoşulmama Hərəkatının sammiti keçirildiyi faktı öncədən hesablanmışdı. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının həm təşəbbüskarı, həm də liderlərindəndir.

Xüsusilə son illərdə Azərbaycan Prezidentinin islahatçı kabinetinin dünyada təqdir edildiyi bir vaxtda Əli Kərimlinin, Əli İnsanovun və onlara pas verən məmurların aşkar və gizli ürək bulandırma cəhdləri gözlənilən idi.

Bunlar bu uğursuz tragikomediyalardan Eurovision, Avropa Oyunları, Formula 1, önəmli neft kontraktları, sammitlər, Prezident, Parlament, Bələdiyyə seçkiləri öncəsində artıq istifadə ediblər.

Məqsəd hər zaman eyni olub. Azərbaycanı dünya ölkələri arasında cılız vəziyyətə salmaq. Sanki bununla qisas aldıqlarını düşünürlər...

Bunun vətənə xəyanətdən başqa adı varmı?

Lakin hər dəfə də Azərbaycana gələn qonaqlar ən son Türkiyəli jurnalist Ahmet Hakanın da ifadə etdiyi kimi gəlmədən öncəki yanlış təəssüratlarına görə Azərbaycandakı harmonik inkişafı gördükdən sonra utandıqlarını qeyd edirlər.

 

O "ƏJDAHA”DAN NİYƏ AXCP-DƏ YOXDUR?

EMİN MİLLİ, QUBAD İBADOĞLU...

 

Əli Kərimli isə son dövrlərdə siyasi bir layihə olaraq süqut etmək üzrədir. Fuad Qəhrəmanlı ilə öz qızı arasında olan polemika onu sübut etdi ki, Azərbaycan müxalifətində ciddi atalar və övladlar problemi var. Yəni nəinki müxalif düşərgənin gəncləri, hətta övladları da liderlərinin fikri ilə razı deyil. Həm də uzun zaman idi ki, Əli Kərimlinin cəbhədaşları onu şəhərin mərkəzində aksiya edə bilmədiyinə görə qorxaqlıqda ittiham edirdilər. Son dövrlərdə bu fikrin daşıyıcılarının sayı çoxalmaqda davam edir.

Digər tərəfdən də müxalif cərgədə təmsil olunanlar arasında heç bir partiya sədri olmayan Emin Millinin Avropada, yenə heç bir partiya sədri olmayan Qubad İbadoğlunun ABŞ-da görüşləri müxalif gənclər arasında müzakirə olunurdu və sual yaranırdı ki, bəs niyə o "əjdaha”dan AXCP-də yoxdur.

Əli Kərimli də gettikcə müxalif cəbhədə AXCP-yə olan tələbatın azaldığının fərqində olmamış deyil. Belə olan halda Əli Kərimli özü üçün xeyirli, sadə xalq və dövlətçilik üçün zərərli yolu seçərək qanunsuz mitinqə gedib özünü qanunsuz mitinqin təşkilatçısı kimi həbs etdirərək beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq planını işə saldı...

Lakin Azərbaycan Prezidenti bunun da fərqində idi.

 

SSENARİSTLƏR

 

Əli Kərimli Azərbaycan üçün ziyanlı yolu seçsə də, İlham Əliyev Azərbaycan üçün xeyirli yolu seçdi və Əli Kərimlinin həbs ssenarisi baş tutmadı.

Bununla həm də İlham Əliyev iqtidar içindəki Əli Kərimlinin ssenaristlərinə başa saldı ki, baş verənlərin tam olaraq fərqindədir və islahat yolundan geri dönüş olmayacaq.

 

XALQI NARAZI SALAN MƏMURLAR

 

Bütün bunlarla yanaşı 19 Oktyabr mitinqi bəzi gerçəkləri də ortaya qoydu. Belə ki, heç bir partiya üzvü olmayan və ya Milli Şuraya aidiyyatı olmayan partiya üzvü insanlardan mitinqə qatılanlar var idi. Bu insanlar mitinqə qatılma səbəbi olaraq ayrı-ayrı şikayətlərinin hansısa məmurlar səviyyəsində dinlənilməməsini göstərirdi.

Sual yaranır ki, "lazım olsa dövlətim yolunda canımdan keçərəm” deyən o məmurlar niyə xalqı dövlətdən narazı salır?

Demək ki, şikayətlərin daha effektiv baxılması yöntəmlərinə ehtiyac var. Bir çox mitinqə qatılmayan və dövlətə loyal münasibəti olan bitərəf insanlar isə sosial şəbəkələrdə sual edirdi ki, 300-500 nəfər mitinq iştirakçısına görə interneti total məhdudlaşdırmağa nə ehtiyac var. Axı internet çalışmayanda mağazalardan, xəstəxanalara, ödəmə aparatlarından mobil telefonlara qədər bir çox həyati zəruri sahələr iflic olur və iş adamlarına milyonarla zərər dəyir və beləliklə bitərəf kütlə arasından narazılar yaranır.

 

5 MİLYONLUQ ELEKTORATLA KİM İŞLƏYİR?

 

Daha bir ortaya çıxan gerçəklik isə odur ki, Azərbaycanda neytral elektoratla işləyən effektiv təşkilatlar yox deyəcək qədər azdır.

Çünki hakimiyyətin əsas müdafiəçisi olan Yeni Azərbaycan Partiyasının 700 min üzvü var, elektoratın sayı isə bundan 8 dəfə daha çoxdur.

Reallıq bundan ibarətdir ki, 5 milyon nəfərə yaxın neytral seçicinin mütləq əksəriyyəti İlham Əliyevi dəstəkləsə də, bu seçicilər ilə birbaşa işləyən partiyalar, hərəkatlar o qədər az və qeyri-effektivdir ki, fəaliyyətlərini hiss etdirə bilmirlər.

Odur ki, yeni partiyaların və hərəkatların yaranmasına, o cümlədən sosial mediada maraq dairələrinə uyğun yönəlmiş qrupların fəaliyyətinə ehtiyac vardır.

 

GƏNCLƏR SİYASƏTİNİN VETERANLARI HARADADIR?

 

Nəzərə çarpan problemlərdən biri də Heydər Əliyev gənclər siyasəti məktəbi keçmiş, cəmiyyət və dövlət həyatında fəal iştirak etmiş gənclər hərəkatı veteranlarının dövlət həyatından kənarda qalmasıdır. Cəmiyyətin içində formalaşmış və insanlarla iş və ünsiyyət baxımından səriştəli insanların təcrübəsindən icra hakimiyyətləri və aidiyyatı başqa strukturlarda istifadə edilə bilərdi.

Lakin əfsuslar olsun ki, bu gün elə məmurlara rast gəlinir ki, sırf sadə vətəndaşlarla düzgün kommunikasiya qura bilmədikləri üçün sonradan böyük fəsadlara səbəb olacaq narazılıqların əsasını qoyurlar.

Sadalanan problemlərin hər birinin qısa müddətdə aradan qaldırılacağı heç kimdə şübhə doğurmur.

 

HƏR KƏSƏ BƏRABƏR OYUN QAYDALARI

 

Dövlətçilik ənənələrini Ulu Öndər Heydər Əliyevin yaratdığı, müasir inkişafına isə Prezident İlham Əliyevin nail olduğu Azərbaycan Respublikasında 2017-ci ilin fevralında daha bir irəliyə yönəlmiş addım atıldı.

Adı Azərbaycanda peşəkarlıq, xeyirxahlıq, sosial səfərbərlik, tərəqqipərvərlik və islahat rəmzinə çevrilmiş Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının 1-ci vitse Prezidenti təyin edildi...

Xalq arasında dürüstlüyün simvolu olan Mehriban xanımın dövlətin 2-ci ən önəmli postuna gəlməsi və Cənab Prezidentlə çiyin-çiyinə Azərbaycanın sürətli inkişafına təkan verməsi bütün dünyada dostları sevindirdiyi kimi, düşmənləri də sevindirməyə bilməzdi. Bu gün inkişaf etmiş, bütöv Azərbaycan naminə formalaşmış bu sinerjini dünyanın bir çox tanınmış liderləri qeyd edir.

Artıq davamlı islahatlar Azərbaycanın geriyə dönüşü olmayan həqiqətinə çevrilmişdir. Əvvəllər tabu hesab edilən bəzi sahələr şəffaflaşmış hər kəs üçün bərabər oyun qaydaları müəyyənləşmişdir.

 

  21 OKTYABR 2019, AXŞAM SAATLARI

(Müşavirədən 1 həftə sonra)

 

  Bu məqaləni tamamlayarkən İctimai Televiziyanı izləyirəm. Baş nazirin 2 müavininin 1 həftə öncə olan Müşavirədəki çağırışa qoşularaq Prezidentə təqaüdə çıxmaları haqqında müraciətlərini eşidirik. Bu isə yeni dövr kadr islahatlarının başlanğıcıdır və şübhəsiz davamı olacaqdır.

Cənab Prezident bir daha nümayiş etdirdi ki, onun diqqətini islahatlardan süni mitinq və s. kimi maneələrlə yayındırmaq mümkün deyil!

Tv-dən söz düşmüşkən, kimsə mənə 1 il öncə desəydi ki, Azərbaycanda qısa müddətdə Türkiyənin NTV-sindən geridə qalmayacaq televiziya kanalı qurula bilər mən buna inanmazdım.

Lakin İctimai TV bunu bacardı.

Nəticədə strateji məhsul sayıla biləcək Azərbaycan izləyicisi indi maraqlı xəbər üçün sosial şəbəkələrlə yanaşı, həm də özümüzün milli televiziyamıza üz tutub.

Uğurumuzla, kədərimizlə bu vətən bizimdir.

Biz özümüzün özünə olan tənqidinə xarici kanallarda yox, öz kanallarımızda baxmalıyıq. Dəyərli ziyalılarımıza qara siyahılardan çıxardıb efirə qaytarmalıyıq.

Milli barışa nail olmalıyıq.

Özümüz özümüzün həm dostu, həm tənqidçisi, həm də xilaskarı olmalıyıq!

Çünki hədəfdə hər şeydən daha önəmli olan milli təhlükəsizliyimiz var!

Qarabağın azadlığı var!

O Qarabağ ki, Azərbaycandır!


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!