“Müxalifətin ağızında şirə qalıb”-Cavanşir Paşazadə

"Şişirdilmiş rəqəmlər təqdim edənlər özlərində bir ölçü götürəcək"

2019-10-22 15:45:17 / 1240 dəfə oxunub
Millət vəkili Cavanşir Paşazadə ölkə gündəmində dayanan məsələlər barəsində müsahibə verib. O, müsahibəsində kənd təsərrüfatının inkişafı ilə bağlı bir sıra təkliflər səsləndirib. 
-Cavanşir müəllim. Ötən günlərdə Bakının mərkəzində icazəsiz aksiya keçirildi. Bu kimi aksiyalara sizin münasibətiniz necədir?
-Ümumilikdə mən keçirilən aksiyaların əleyhinəyəm. Aksiyalar o zaman keçirilər ki, hakimiyyət xalqın sözünü eşitməsin. Azərbaycanda isə belə bir hal yoxdur. Baxın cənab prezident İlham Əliyev tərəfindən bir sıra layihələr həyata keçirilir, sosial paketlər qəbul olunur. Bütün bunların kökündə Azərbaycan xalqı, vətəndaşı dayanır. Belə olan halda aksiyalara nə kimi ehtiyac var? Ötən gün Bakının mərkəzində icazəsiz aksiyanın keçirilməsinə gəlincə bu sanki Azərbaycanı istəməyən xarici qüvvələrə verilməsi olan bir hesabat idi. Aksiyanı təşkil edənlər xarici havadarlarının sözündən çıxa bilmədiyi üçün belə bir addım atmağa məcbur idilər. Bundan öncə İqtisad Universitetinin yanında 50 nəfərlik piketə icazə verildi. Onlar yenə qanunu və onlara qarşı qoyulan tələbləri pozdular. Piketdə 50 nəfər belə gətirə bilmədilər, ətrafda olan metro istifadəçilərini, tələbələri bu aksiyaya cəlb etmək istədilər. Bu piketdən sonra isə onların ağızlarında şirə qaldı. Düşündülər ki, bu kimi aksiyanı Bakı şəhərinin mərkəzində, metroya yaxın, vətəndaşların gür olduğu yerlərdə də təşkil edə bilərlər. Buna cəhd etdilər. Aksiyadan olan fotolardan və videolardan da görünür ki, onlar yenə qanunlarımızı pozublar. Daxili İşlər Nazirliyinin əməkdaşları isə ictimai asayişi qorumaq üçün, onların bu qanunsuz əməllərinə qarşı çox insanı addım ataraq heç bir qarşudurmaya getmədilər. Polis bizim asayişiyimiz qoruyur. Aksiya zamanı da polisin məqsədi ictimai asayişi qorumaq olub. Və bunu layiqincə yerinə yetirə bilib. Bugün bizə Avropa və digər ölkələri misal gətirirlər ki, orada aksiyalar keçirilir. Polis buna imkan verir. Əslində vəziyyət başqa cürdür. Avropada belə olsa icazəsiz aksiyalara heç yerdə Azərbaycan polisi kimi mədəni davranmırlar. Siz kadrlardan da gördünüz ki, orada yaşlı insanlara su verirdilər, özünü pis hiss edən insanlara qarşı tibbi yardım göstərilirdi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan polisi öz davranışı ilə örnək bir addım atdı. 
-Hökumət aksiya keçirmək üçün yer ayırmağına baxmayaraq aksiyalar həmin ünvanda keçirilmir. Bununla bağlı nə deyə bilərsiniz?
-Bəli. Hökumət aksiya üçün müraciət edən təşkilatlara yer ayırır. Əvvəllər Yasamal rayonunda olan Məhsul stadionu ayrılırdı. İndi həmin yerdə təmir-tikinti işləri aparıldığından Lökbatan ərazisində aksiya üçün yer ayrılır. Ancaq bunlar həmin əraziyə getmək istəmirlər. Bilirsiniz niyə? Çünki, həmin ərazi 30 min insan üçün nəzərdə tutulub. Bunların isə 100-200 tərəfdarı ya ola, ya olmaya. 100 nəfər həmin arenada necə görünəcək? Onlar bunu bilirlər, qorxurlar ki, biyabır olarlar. O üzdən Lökbatana getmirlər. Azərbaycan müxalifəti ağa-qara yaxmaqla məşğuldur. Onlar cənab Prezidentin gördüyü işləri görməzdən gəlirlər. Hər dəfə bu kimi aksiyalarda da olmazın ifadələr səsləndirirlər. Və ya sifarişlər xaricdə olan müxalifətçilərə bu fikirləri söylədirlər. Cənab Prezident çox təmkinli insandır. Prezidentin sədrliyi ilə iqtisadi müşavirə keçirildi. Cənab Prezident hətta öz məmurlarına xəbərdarlıq etdi ki, düzgün işləyə bilməyən, islahatları gözü götürməyən məmurlar bizimlə eyni komandada yer ala bilməyəcək. Yəni, cənab Prezident vəzifəsini yarıda bilməyən məmurlara qarşı çıxır. Bunu kimin üçün? Təbii ki Azərbaycan xalqı üçün...
-Belə bir fikirlər də səslənir ki, aksiyara vaxtı ilə Azərbaycan hakimiyyətində təmsil olunanlar da dəstək verir...
-Bununla bağlı deputat həmkarlarım bir neçə dəfə açıqlama verib. Düşünürəm ki, bu kimi insanlar vaxtilə ümummilli lider Heydər Əliyevə qarşı qara-piar aparan, onu bəyənməyən, Bakıya gəlməsinə mane olub daha sonra hakimiyyətdə təmsil olunanlardır. Bugün onlar hakimiyyətdə təmsil olunmurlar. Ancaq bu hal qaçılmazdır ki,  belə çörəyi dizi üstə olan, vətəninə, dövlətinə sadiq çıxa bilməyən insanlar hər zaman olub və bundan sonra da olacaq. 
-Prezident İlham Əliyevin sədrliyi ilə iqtisadi müşavirə keçirilib. Müşavirədə bir sıra məsələlərə toxunan ölkə başçısı dövlət büdcəsində şişirdilmiş vəsaitlərdən danışıb. Sizcə bugün şişirdilmiş vəsaitlə işləyən dövlət qurumları hansılardır?
-Cənab Prezident bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də dərin biliklərə malikdir. Elə məsələlər var ki, biz düşünürük cənab prezident bunu görməz, bilməz, xəbər tutmaz. Ancaq İlham Əliyev hər bir məsələni diqqətdə saxlayır. O cümlədən iqtisadi sahədə olan məsələləri. Dövlət başçısı yaxşı bilir ki, büdcədən maliyyələşən bəzi təşkilatlar şişirdilmiş rəqəmlər təqdim edirlər.  Məhz müşavirədə də cənab prezident bu məsələyə xüsusi olaraq toxundu. Bildirdi ki, indiki şəraitdə az vəsaitlə çox iş görmək olar. Yəni, indi o şişirdilmiş rəqəmlər təqdim edənlər özlərində bir ölçü götürəcək. Yox əgər götürməsə dövlət başçısı özü birbaşa bu məsələlərdə qətiyyənini nümayiş etdirəcək.  
-Prezidentin mühüm mesajlarından sonra ölkə iqtisadiyyatında canlanma müşahidə olunacağını demək olarmı?
-Ölkə iqtisadiyyatında daim canlanma var. Bu da həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir. Qaldı ki, prezidentin verdiyi mesajlara düşünürəm ki, hər bir məmur, nazir və bu sahəyə bilavasitə rəhbərlik edən şəxslər öz işlərində mühüm dəyişiklər edəcək və nəticədə Azərbaycan daha da inkişaf edəcək.  
-Qeyri-neft sektoru inkişaf etsə də Bu sahədə də istənilən nəticələr əldə olunmur. Bu sahədə davamlı inkişafı təmin etmək üçün hansı addımlar atılmalıdır?
-Azərbaycanda qeyri-neft sənayesinin inkişafı üçün bir sıra addımlar atılıb. İKT-nin inkişafı ilə bağlı bir sıra işlər görülüb. Eyni zamanda bir sıra iri müəssisələr tikilib istifadəyə veririlib. Ancaq bununla yanaşı Azərbaycanda qeyri-neft sektorunun ən böyük  yükü kənd təsərrüfatına düşür ki, bu yöndə bir sıra addımlar atılmalıdır. Bizdə oturuşmuş kənd təsərrüfatı iqtisadiyyatı var. Yəni, istifadəyə yararlı torpaq sahələri, işçi qüvvəsi, dövlət dəstəyi bunlar hamısı yüksək səviyyədə təşkil olunub. Yegənə çatışmayan bir məsələ var o da bazardır. Düşünürəm ki, indiki şəraitdə fermerlərin bazara çıxış imkanlarını daha da yaxşılaşdırmaq üçün bir sıra addımlar atılmalıdır. Fermer öz istehsal etdiyi malı bazarda alverçiyə ucuz qiymətə satmamalıdır. Onlar üçün yerlər ayrılmalıdır ki, fermer öz malını rahat şəkildə alıcıya təqdim edə bilsin. İnanın ki, bu təşkil olunsa kənd təsərrüfatı mallarının qiymətində mühüm dəyişiklik olar. Kənd təsərrüfatının inkişafı üçün atılmalı olan ən vacib addımlardan biri də kredit məsələsidir. Mən təklif edirəm ki, Azərbaycanda sırf kənd təsərrüfatını maliyyələşdirməsi üçün kredit təşkilatı yaradılsa yaxşı olar. Kredit təşkilatının adı da "Aqrobank” olsun. Bu kredit təşkilatı fərdi yox, birgə fəaliyyət göstərən kooperasiyalara uzun müddətə və aşağı faizlərlə, eyni zamanda daha böyük həcmdə kreditlər ayırmalıdır. Yaradılacaq bu kredit təşkilatına dövlət dəstəyi də mütləqdir. 
-Sizcə bu yolla kənd təsərrüfatının inkişafına nail ola bilərik?
-Bu bir təklifidir. Düşünürəm istifadə olunsa kənd təsərrüfatının inkişafı üçün stimul verə bilər. Başqa bir təklif də səsləndirim. Bu gün regionların inkişafı ilə bağlı davamlı addımlar atılmağına baxmayaraq dediyimiz kimi kənd təsərrüfatında ciddi nəaliyyətlər əldə olunmur. Mən təklif edirəm ki, dövlət tərəfindən hazırlanan müqaviləyə əsasən hər hansı bir rayon xarici şirkət və ya dövlətə icarəyə verilsin.  Müqavilə şərtlərində bütün müddəalar öz əksini tapsın ki, bu rayonun işçi heyyətinin formalaşması, məhsulun satışı və dövlət vergiləri icarədar tərəfindən ödəniləcək. Düşünürəm belə bir addımın atılması həmin rayonun büdcə yükünü azaltmaqla yanaşı rayonda işsizlik probleminin həllinə dəstək olacaq. Eyni zamanda məhsul istehsalı artacaq. 
-Cavanşir müəllim heç bazara gedirsinizmi?
-Bəli gedirəm. Bazarda ürəyim istədiyi məhsulu alıram. Bazarlarımızda məhsul bolluğu var. Bunun özü sevindirici haldır. Ancaq ürəyimi ağrıdan bir məsələ var ki, Astara limonu küçələrdə satıldığı halda bazar piştaxtalarını xarici limonlarımız bəzəyir. 
-Qiymətlər sizi qane edir?
-Xeyir.  Qiymətlərin belə kəllə-çarxa qalxmasında alverçilərin rolu var. Onlar fermerin malını ucuz alıb baha satırlar. O üzdən bir sıra kənd təsərrüfatı məhsulunun qiyməti bahadır. 
-Bunun üçün nə etmək lazımdır?
-Kənd Təsərrüfatı Naziri təyin olunandan bu yana daim sahələrdə, fermerlərin yanındadır. Nazirlik bu yöndə mühüm işlər görür. Fermerin qarşılaşdığı problemlər qısa zamanda öz həllini tapır. Hökumət də kənd təsərrüfatı ilə bağlı mühüm qərarlar qəbul edir. Milli Məclisdə bu sahənin inkişafını stimullaşdıracaq bir sıra qanunlar qəbul olunub. Ancaq bu işləri biraz daha intensivləşdirmək lazımdır. 
Mən neçə dəfə təklif etdim ki, Kənd Təsərrüfatı Nazirliyi, Milli Məclisin üzvləri, ekspertlər, fermerlərdən ibarət  bir dəyirmi stol keçirsin. Mətbuatsız, heç bir rəsmi qeydiyyat aparılmadan keçirilən bu dəyirmi masada hər kəs öz fikirlərini səsləndirsin və təkliflər dəyərəndirilsin. 20 fikirdən 5 fikir qəbul olunarsa nazirlik yenə həmin fikirlərə nəzər salsın və məqbul sayılan təklif həyata keçirilsin. 
-Fermerlərə əlavə hansı güzəştlər verilməlidir?
-Azərbaycanda kənd təsərrüfatı ilə bağlı bütün lazımı addımları atıb. Melorasiya işləri görülüb. Vergi ilə bağlı güzəştlər var. Yeni-yeni etxnikalar alınıb. Dövlət bundan artıq nə addım atmalıdır?

Ədilzadə Ədil

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!