İşsiz qalan deputatlar nə ilə dolanacaq?: “Gəlir yerim yoxdur, maddi dəstəyi həyat yoldaşım göstərəcək”

2020-02-04 15:29:47 / 1172 dəfə oxunub

VI çağırış Milli Məclisə seçkilərin keçirilməsinə beşgün qalıb. Fevralın 9-da keçiriləcək seçkilərdə hazırda Milli Məclisdə təmsil olunan 31 deputat iştirak etməyəcək. Həmin deputatlardan 18-i Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 11-i bitərəf, ikisi isə partiya sədridir.

VI çağırış Milli Məclisin tərkibində olmayacaq hazırkı deputatların bir qisminin başqa iş yerləri var. Bəs iş yerləri olmayan və seçkilərdə iştirak etməyəcək hazırkı deputatlar gələcəkdə hansı fəaliyyətlə məşğul olacaqlar? Onların qazanc yeri nə olacaq?

Reportmövzunun aktuallığını nəzərə alaraq V çağırış Milli Məclisin deputatlarının bir neçəsi ilə əlaqə saxlayıb.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, bundan sonrakı fəaliyyəti tədrislə bağlı olacaq:

"Gələcəkdə hansısa bir universitetdə və ya intstitutda tədrislə məşğul olacağam. Dolanışığımla bağlı məsələyə gəldikdə, əvvəlcə onu qeyd edim ki, hazırda pensiya alıram. Pensiyamla da dolanacam. Mən çox məvacib alan pensiyaçılardan deyiləm. Ancaq hesab edirəm ki, aldığım pensiya dolanışığımı təmin edəcək”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə bildirib ki, gələcəkdə partiya fəaliyyəti ilə məşğul olacaq:

"Biz neçə il dövlətdən maliyyə dəstəyi almadan fəaliyyət göstərmişik. Bundan sonra da bu cür olacaq. Bundan əlavə, təqaüdə çıxmağı da düşünürəm”.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Mirkazım Kazımov deyib ki, üzvü olduğu Yeni Azərbaycan Partiyasından (YAP) ona iş təklif olunsa, orada işləyəcək:

"Əgər partiya tərəfindən işlə bağlı mənə təklif olmasa, təqaüdə çıxıb həyatımı yaşayacağam. Mən hər zaman ölkə başçısının siyasətini dəstəkləmişəm və bundan sonra da belə olacaq”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva hazırda istirahət etdiyini deyib:

"Gələcək fəaliyyətim barədə isə düşünməmişəm. Gəlir yerim də yoxdur. Mənə maddi dəstəyi həyat yoldaşım göstərəcək”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!