“Zəlzələyə davamlılıq və fəlakətin qarşısının alınması” mövzusunda tədbir keçirilib

2020-02-10 15:33:17 / 2004 dəfə oxunub

10 fevral 2020-ci il tarixində "Excelsior” otelində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin dəstəyi ilə "Zəlzələyə davamlılıq və fəlakətin qarşısının alınması” mövzusunda tədbir keçirilib.

Toplantıda Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının, Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Seysmik izolyasiya üzrə Yarırəsmi Yapon Cəmiyyətinin, Yaponiyanın Azərbaycandakı Səfirliyinin, aidiyyəti dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərinin, təhsil və elmi müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, nazirlik tərəfindən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirilir, sözügedən sahədə böyük təcrübəyə malik ölkələrlə birgə müxtəlif tədbirlər keçirilir. Rəis müavini təşkil edilən toplantının isə Yaponiya ilə birgə fəaliyyətin nəticəsi olduğunu nəzərə çatdırıb və tədbirin əhəmiyyətindən danışıb.

Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori Azərbaycanla Yaponiya arasında müxtəlif sahələri əhatə edən yüksək səviyyəli əməkdaşlığın qurulduğunu söyləyib, bugünkü tədbirdə də əhəmiyyətli nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu söyləyib.

Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Seysmik izolyasiya üzrə Yarırəsmi Yapon Cəmiyyətinin prezidenti, nümayəndə heyətinin başçısı Akira Uada qeyd edib ki, Yaponiya sözügedən sahədə dünyanın ən təcrübəli ölkələrindən biridir. Üç gün davam edəcəck tədbirdə Yaponiyadan olan mütəxəssislər seysmik zonalarda tikinti işləri həyata keçirilərkən qabaqlayıcı tədbirlərin görülməsinə dair təqdimatlarla çıxış edəcəklər.

AMEA-nın müxbir üzvü, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, yaxın tarixdə Azərbaycan əhalisi də zəlzələlərdən əziyyət çəkib. O, zəlzələnin fəsadlarının azaldılması, fəlakət risklərinin minimuma endirilməsi istiqamətində böyük təcrübəyə malik olan Yaponiya kimi bir ölkə ilə əməkdaşlığın əhəmiyyətindən danışıb, tədbir iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdə "Yaponiyada bina tənzimlənməsi və zəlzələyə davamlı tədbirlərin təsviri”, "Seysmik izolyasiya və vibrasiyaya nəzarət texnologiyası və bununla bağlı qabaqcıl texnologiyaların mövcudluğu”, "Yaponiyada seysmik izolyasiyanın xülasəsi”, "Yapon seysmik izolyasiya sahəsindəki prinsiplər”, "Zəlzələnin azaldılması üçün struktur dizaynında təcrübə və tətbiqlər” və "Zəlzələyə davamlı olan binalar” mövzusunda çıxışlar edilib. Sonra tədbir sözügedən mövzular ətrafında müzakirələrlə davam etdirilib.

Tədbir fevralın 13-dək davam edəcək.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!