Razi Nurullayev: “Hədəfli, ünvanlı, məzmunlu danışmağın tərəfdarıyam”-MÜSAHİBƏ

2020-04-21 10:19:43 / 8534 dəfə oxunub

Milli Məclisin bitərəf deputatı Razi Nurullayev SABAHİNFO.AZ saytına müsahibə verib. Müsahibəsində bir sıra maraqlı məqamlara toxunan deputat gələcək planlarından da danışıb.

-Razi bəy müsahibəyə gündəmi zəbt etmiş koronavirus və bu pandemiya ilə bağlı görülən işlərdən başlamaq istərdim. Bir deputat kimi siz koronavirusdan necə qorunursunuz?

-Vurisdan qorunmaq üçün maska və spirtdən istifadə edirəm. Gündəlik iş qrafikimi elə qurmuşam ki, ancaq evdən Milli Məclisə, Məclisdən də evə gedirəm.

-Azərbaycanda koronavirusla mübarizə ilə bağlı bir sıra mühüm addımlar atılır. Ölkədə atılan addımları necə dəyərləndirirsiniz?

-Bu pandemiya səbəbindən bütün dünya dövlətləri çətin vəziyyətə düşüb. Azərbaycan da çətin günlərini yaşayır. Təbii ki, işsiz, köməyə ehtiyacı olan insanlar var. Onları başa düşmək lazımdır. Ancaq bununla yanaşı hökuməti də başa düşmək lazımdır. Çünki bütün dövlətlər kimi Azərbaycanda bu virusa hazırlıqsız yaxalandı. Hər kəsi razı salmaq üçün addımlar atılır, ancaq bu mümkün olmur. İlk öncə 200 min insan üçün 190 manat yardım nəzərdə tutulmuşdu. Sonra cənab prezidentin təşəbbüsü ilə bu rəqəm 600 min nəfərə çatdırıldı. Eyni zamanda, Heydər Əliyev Fondu və digər müəssisə və təşkilatlar ərzağa ehtiyacı olan insanlara yardımlar edir. Burada bir həmrəylik olmalıdır. Biz bütün yükü hökumətin üstünə ata bilmərik. İnsanlar da hökumətə kömək etməlidir ki, biz bu karantin və ondan sonrakı çətin dövrü sağ-salamat başa vura bilək. Ümumilikdə götürəndə Azərbaycan hökumətinin koronavirusla mübarizədə atdığı addımları düzgün qiymətləndirirəm. Əgər vaxtında bu qətiyyətli addımlar atılmasaydı bunun ciddi fəsadları olardı. Hökumətin sosial sahədə həyata keçirdiyi proqramlar hələ də davam edir. Ümid edirəm ki, bugün adında pay torpağı olan insanlar eləcə də digər aspektlərdən 190 manatı ala bilməyən vətəndaşlar üçün də müəyyən addım atılacaq. Artıq bu istiqamətdə müəyyən işlər gedir. Mən də bir deputat kimi bu sahədə öz öhdəmə düşən işi görməyə hazıram.

-Deputat seçildiyiniz İmişlidə vurisla bağlı vəziyyət necədir?

-Şükürlər olsun ki, İmişlidə koronavirusla bağlı ciddi fəsadlar yoxdur. Bir nəfər də olsun koronoviruslu xəstə yoxdur. Rayon rəhbərliyi zamanında qətiyyətli addımlar atdı. İmişli sakinləri prezidentin tövsiyyəsinə qulaq asıb evdə otururlar. Bu da virusun yayılmasının qarşısını əhəmiyyətli dərəcədə alır. Bununla bərabər mənə çoxlu suallar da gəlir ki, biz hökumətin sözünə qulaq asıb evdə otururuq, ancaq çətinliyimiz var, dolana bilmirik. Tənha, ailəsindən ayrılmış qadınlar var ki, onların adında pay torpağı olduğu üçün yardım ala bilmir. Ağrılı tərəf budur ki, onlar bu torpaqlardan istifadə də etmirlər. Heç bəziləri bilməyib ki, adlarında torpaq var. O torpaqları adlarından çıxarmaq üçün tələb olunan dövlət rüsumunu belə ödəməyə bu insanların gücü çatmır. Yerlərdə icra hakimiyyətlərinin nümayəndələri var, bələdiyyələr var və onların əllərində bu kimi ailələrin siyahısı var. Bunlar həmin ailələrin sosial durumunu hamıdan yaxşı bilirlər. Məhz, onların tövsiyyəsi və zəmanəti ilə bu tip ailələrə yardım ayırmaq olar. İnzibati tələblərə söykənərək, vətəndaşı yardımsız qoymaq düzgün deyil.    

-Siz bununla bağlı hər hansı aidiyyatı qurumlar qarşısında məsələ qaldırmısınızmı?

-Bu məsələni parlamentin pleniar iclasında səsləndirmişəm. Parlamentdə qaldırılan məsələlər ictimailəşir, müzakirə edilir. Bir çox insanlar var ki, onlar sahibkarların kölgə iqtisadiyyatının qurbanı olub. Müqaviləsiz çalışıblar. Bugün bu insanlar da yardımdan kənarda qalıblar. Bu adamlara həmin o iş adamları yardım etməlidirlər. İnsanlar bu məsələlərdə ayıq-sayıq olmalıdırlar. Əgər kimsə onlara əmək müqaviləsiz işləməyi tələb edirsə o zaman həmin şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttlərinə, öz dairəsindən deputatına zəng etsinlər. Biz bu məsələlərlə bağlı lazımı tədbirləri görə bilərik.

-Yeri gəlmişkən karantin rejiminin uzadılması məsələsinə sizin münasibətiniz necədir?

-Azərbaycanda Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradılıb. Bu qərargah normal işləyir. Biz həmişə hökuməti təndiq etmişik ki, onların işi görülmür, səsləri çıxmır, amorf bir quruma çevrilib. Ancaq bu gün Baş nazir Əli Əsədov bütün bu fikirləri alt-üst edir. O bu mifi dağıtdı. Artıq bu gün ən çox görünən hökumətdir, prezidentin tapşırıqlarını operativ yerinə yetirən bir quruma çevrilib. Buna görə hörmətli Əli Əsədova təşəkkür etmək lazımdır. Ümid edirəm ki, hökumət bundan sonra da daha uğurla və effektiv şəkildə işləyə biləcək.

-Bu pandemiya dünya dövlətlərinin münasibətlərinə nə kimi təsir göstərəcək?

-Hazırda yeni dünya düzəninin yaradılması ilə bağlı fikirlər var. ABŞ-la Çin arasında söz müharibəsi başlayıb. Münasibətlər sistemi dəyişir. Belə görünür ki, dünya əvvəlki kimi olmayacaq. Bir sıra beynəlxalq təşkilatlar yaranacaq. Yeni birliklər formalaşa bilər. Bundan sonra dünya dövlətlərinin fiziki silahların yaradılması ilə bağlı planlarının dəyişəcəyi də gözlənilir. Mənə belə gəlir ki, yeni tank, qırıcı təyyarə, nüvə silahına ehtiyac yoxdur. Yeni virusların yaradılması təhlükəsi var. Bundan sonra bioloji silahlar öz sözünü deyə bilər.

-Razi Nurullayev üçün Milli Məclis çöldən və içəridən necə görünür?

-Milli Məclis çöldən də hər zaman mənim üçün möhtəşəm görünüb. Ancaq bir çox insanlar üçün Milli Məclis xalqın səsini deyən bir qurum kimi formalaşmayıb. Həmişə Milli Məclisin üzvləri tənqid olunub ki, onlar xalqın sözünü demir, xalq üçün çalışmırlar, Milli Məclisin üzvlərini xalq seçməyib kimi miflər var. Mən belə düşünmürəm, Milli Məclisi çöldən möhtəşəm gördüyüm kimi içərisinə daxil olanda da möhtəşəm görürəm. Bütün deputatların seçiciləri üçün çalışdığının şahidi oldum. Əgər hər hansı bir deputat danışmırsa, susursa bu o demək deyil ki, o xalq üçün işləmir. Elə susan deputatlar var ki, onlar daha çox insana yardım edir, daha çox insanın yanındadır, bir zəng ilə 10 çıxışın işini görür. Düşünürəm ki, deputatları danışan və ya danışmayan, işləyən və işləməyən deputatlara bölmək düzgün deyil. Mən bütün deputatların gərgin işlədiyinin, hamısının seçiciləri ilə maraqlandığının şahidi oluram. Bütün bunların hamısı həm də görünmür. Çünki, TV-lər bir-iki nəfərin simasını göstərir, jurnalistlər bəzən subyektiv səbəblərdən deputatların birinin fikrini işıqlandırır, digərini yazmır. Onun üçün də qoy öz deputatlarının fəaliyyətini sosial şəbəkələr üzərindən izləsinlər.

-Pleniar iclaslarda aktivsiniz...

-Bilirsiniz ki, hər zaman danışan olmuşam. Məzmunlu danışmaqdan zövq alıram, boş-boş danışmağı isə sevmirəm. Hədəfli, ünvanlı, məzmumlu danışmağın tərəfdarıyam. Onun üçün də çıxışlarımın üzərində bir neçə saat çalışıram. Bəzən bu çıxışları tribunadan səsləndirməyə zaman da çatmır. Narazı deyiləm. Heç kim sözümüzü kəsmir, göstəriş vermir. Özümü sərbəst hiss edirəm. Belə bir şərait yaratdığına görə də sədrimiz Sahibə xanıma təşəkkürümü bildirirəm.

-Çıxışlarınız radikal olur...

-Çıxışlarımı radikal hesab etmirəm. Doğrunu, xalqın məndən gözlədiyi çıxışı edirəm. Bir çox insanlar üçün bu radikal ola bilər. Nə etmək olar. Həqiqətlərin acı tərəfi də olur. Ancaq düşünürəm ki, doğruları demək lazımdır. Onları gizlətmək olmaz. Gizlətsən, daha böyük fəsadlarla qarşına çıxacaq.  

-Sizin arxa sırada əyləşməyiniz sizi istəməyən qüvvələr tərəfindən şişirdildi, müzakirəyə səbəb oldu. Bununla bağlı nə deyə bilərsiniz?

-Düşünmürəm ki, Milli Məclisdə kimin harada əyləşməsi prestij məsələsidir. Kimin harda əyləşməsindən asılı olmayaraq hər kəsin hüquqları eynidir. Hər kəs çıxışa yazıla, fikirlərini deyə bilir. Ona görə də, bu məsələyə önəm vermirəm. İlk iclasda arxa sırada əyləşdiyimə görə üzülmüşdüm.  Bu da mənim təcrübəsizliyimdən irəli gəlmişdi. Sonra baxdım ki, çox hörmətli millət vəkilləri də arxada əyləşiblər və arxada əyləşmələrindən də şaddırlar. Arxada əyləşməyimdən narazı deyiləm.

-YAP-çı deputatlarla münasibətləriniz hansı səviyyədədir?

-Doğrusu, münasibətlərdə partiyalılığı yox, insanlığı, hümanizmi əsas götürürəm. Onların hər birisi deputat həmkarımdır. Hər birinin hörmətini saxlayıram, hörmətlə davranıram və qarşılığını da görürəm.

-Təmsil olunduğunuz komitə ilə bağlı nə deyə bilərsiniz?

-Milli Məclisin İnsan Haqqları Komitəsində təmsil olunuram. Komitə sədrimiz Zahid Orucdur. Çox mehriban və gözəl insandır. Mənə belə gəlir ki, bu da bir şansdır. Biz Zahid müəllimlə bir çox debatlarda olmuşduq, bir-birimizi siyasi cəhətdən tanıyırdıq. İndi isə Zahid müəllimin digər insani keyfiyyətlərini görürəm və şad oluram.

- Ötən günlərdə Azərbaycanda daha 2 siyasi partiya qeydiyyata alındı. Belə qərardan sonra sizin rəhbərlik etdiyiniz partiyanın qeydiyyatı ilə bağlı hər hansı addım atılacağına ümid edirsiniz?

-2 siyasi təşkilatın qeydiyyata alınmasını müsbət addım kimi dəyərləndirirəm. Belə görünür ki, hörmətli Ədalət Vəliyevin partiya sədrləri ilə görüşləri boş olmayıb. Cənab prezidentin də siyasi islahatlarla bağlı verdiyi anonslar yersiz deyilmiş. Nəticələr ortadadır.  Düşünürəm ki, bizim də partiyanın taleyi ilə bağlı qərarlar, məsləhətləşmələr olacaq və bunu gözləməkdəyəm.

Ədil Ədilzadə


Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
DİN sürücünü təkzib edir
2020-06-03 10:55:09
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!