Bakıda kişi bacısının sevgilisini maşınla əzərək öldürdü - VİDEO

2020-04-30 19:01:41 / 2534 dəfə oxunub

2019-cu il iyunun 23-də Buzovna qəsəbəsi, Nəcibə Məlikova küçəsində fərdi yaşayış evinin qarşısında Murad Baxşıyevin idarə etdiyi "VAZ-21074” markalı avtomobil vəhəmin nəqliyyat vasitəsi ilə həyətyanı sahənin divarının arasında Rəşad Əliyevin meyiti aşkar edilib.

Murad Baxşıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Tibbi müayinə zamanı məlum olub ki, o, psixotrop maddədən istifadə edib.

Xəzər RPİ 2-ci PŞ-dən daxil olmuş diskə baxış zamanı həmin gün Maştağa-Buzovna yolundan birqadın və bir kişinin əl-ələ tutaraq Nəcibə Məlikova küçəsinə ayrılan yola döndükləri görünüb. Orada bir-birinin əllərini buraxaraq, qadın kişidən iri addımlarla kənarlaşmağa çalışır. Həmin vaxt arxadan "VAZ-21074” markalı avtomobil uzaqvuran işıqları işlək formada əsas magistral yoldan həmin küçəyə dönür. Kişi geri çevrilib avtomobilə baxır və avtomobil ani vaxtda hər iki şəxsi vurur.

İstintaqla müəyyən edilib ki, həmin qadın Murad Baxşıyevin bacısı olub. Murad avtomobillə hərəkətdə olarkən, bacısı Vüsalə Baxşıyevanı iş yoldaşı Rəşad Əliyevlə əl-ələ tutub getmələrini görür. Psixotrop maddə olan metamfetaminin təsiri altında bunu özü üçün təhqir hesab edib, hər ikisini öldürmək qərarına gəlib. İdarə etdiyi avtomobilin sürətini artıraraq onların üzərinə sürüb,ərazidə yerləşən yaşayış evinin divarına sıxaraq, Rəşad Əliyevi öldürüb. Bacısı isə avtomobilin zərbəsindən qismən yayınmağı bacarıb.

İş üzrə dindirilmiş Murad Baxşıyev bildirib ki, küçəyə dönərkən idarəetməni itirərək avtomobilin ön hissəsi yolun kənarındakı yaşayış evinin divarı istiqamətində fırlanıb. Dönən zaman əyləc əvəzinə səhvən sürətartırıcı pedala ayağını basıb. Avtomobil qızla oğlana dəyib və hər ikisi yerə yıxılıb. Maşından düşəndə qızın Vüsalə, oğlanın isə bacısının iş yoldaşı Rəşad olduqlarını görüb. Həmin gün başı ağrıdığına görə avtomobildə olan dərmanlardan birini içib. Dərman ağ rəngdə olub, onun psixotrop maddə olduğunu bilməyib. Əvvəllər həmin həblərdən istifadə etməyib. Hadisə yerinə gələn polis əməkdaşlarına da idaəetməni itirdiyini deyib.

Zərərçəkmiş şəxs qismində dindirilmiş Vüsalə Baxşıyeva bildirib ki, ayaqqabı sexində toxucu işləyib. İş yoldaşı Rəşadla münasibətləri də yeni formalaşmağa başlayıb. İyunun 23-də işdən çıxıb, onunla birlikdə metro ilə "Koroğlu” stansiyasına, oradansərnişin avtobusu ilə qəsəbəyə gəliblər. Məlikova küçəsinin yanında avtobusdan endikdən sonra piyada hərəkətlər ediblər, həmin vaxt Rəşad onun əlindən tutub. Təxminən 10 metr getdikdən sonra arxadan musiqi səsi gələn avtomobilin üzərilərinə gəldiyini görüb. Zərərçəkmiş qeyd edib ki, telefonla danışanda qəsəbəyə Rəşadla gəldiyini qardaşına deyib və onun yanında olduğunu qardaşı bilib.

Şahid qismində dindirilmiş Xəzər RPİ Post-Patrul xidmətinin polis nəfəri Əlabas Rüstəmov ifadəsində göstərib ki, hadisə yerinə yaxınlaşanda sürücünün artıq avtomobildən düşüb, piyadanın üzünə su vurduğunu, kənarda isə bir qadının ağladığını görüblər. Sürücüdən nə baş verdiyini soruşduqda həmin şəxs, bacısına sataşdığından onu avtomobillə vurduğunu bildirib. Təcili tibbi yardıma zəng edib ərazini mühafizəyə alıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 30 yaşlı Murad Baxşıyev cəzasını ciddi rejimli CÇM-də çəkməklə 17 il müddətinə azadlıqdan məhrum edilib.(oxu.az)


Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
DİN sürücünü təkzib edir
2020-06-03 10:55:09
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!