Əbədiyaşarlar... O simalar daha neçə minilliyə iz qoyacaq…

2020-05-04 20:03:31 / 2191 dəfə oxunub

Ömür insana yalnız bir dəfə verilir. Bu bir dəfənin idarəsi isə, qismən də olsa, bizim öz ixtiyarımıza həvalə edilir. Biz nəyi, niyə və necə edəcəyimizə bəzən ani, bəzən isə uzunmüddətli düşüncə prosesi ilə qərar veririk. İnsanların içərisində bir qrup isə yaradıcılıq qabiliyyətilə secilir. Əgər düşünsək ki, yaradan öz yaratdıqlarına yaratmaq qabiliyyətini bəxş edir, deməli bu, zəkaüstü bir istedad və ya fitriyyət hesab edilir. Yaradıcı insanların baxış tərzi, düşüncəsi tam fərqli səmtdə yol alır. Ən azı ona görə ki, elmin və texnikanın inkişaf etmədiyi zamanlarda belə onların beyin məhsulları milyonlara yol tapır. O kəslər məsafələrə meydan oxuyaraq sevilirlər.

Sənət əsəri əkinçinin torpağa səpdiyi toxum kimidir. Sevgi və zəhmətin vəhdətindən yaranan əməyin qarşılığı hər zaman möhtəşəm olur. Ən əsası isə, torpağa düşən bir toxum böyük bir tarlaya çevrilir. İnsan zəkasında isə neçə yeni fidan boy atır. Bəli, məhz belə ərsəyə gəlir hər kəsi heyran edən sənət inciləri. Hər dövrün qadağalarına meydan oxumaq qüdrətində olub tikanlı məftilləri qıra bilən beyinləri tanıyır və onların böyüklüyünə səcdə edirik. Çünki, məhz o zəkaların məhsulu olan əsərlər əsrlərin qaranlığında belə özünə yol tapır.

Odlar diyarında əsrlərin o tayından çatılan nifrət tonqallarına belə təslim olmadan varlığını qoruyan sənət əsərləri və sənətkarlar hafizəmdə canlandı bu an. Hələ XII əsrdə yaşayan Şeyx Nizaminin göz nuru olan "Xəmsə” adlı sənət incilərinin vəhdəti... Çox maraqlıdır. Hər əsərin məzmunu və mövzusu əsrlərə meydan oxumağa necə nail olub? Azərbaycan adlı bir məmləkətdən "Leyli və Məcnun” dastanı səs salıb dünyaya. Bu dastanın qüdrətimi ilham verib yaradanlara, yoxsa yaradanların eşqinə yer üzünün ən ali yaradanı ölümsüz sevgilərin timsalında xəlq eləyib bu dastanı? Əslində çoxşaxəli cavab silsiləsində itmək yerinə bu eşqin axınına təslim edək varlığımızı. Qoy o özü bizi tanımadığımız diyarlara aparsın. O diyarın dili eşq, nəfəsi sevgi, həvəsi isə ülviyyət olsun. Bax bu həvəslə iki gənc şərq qəhrəmanının gözlərinin sehrinə qapılan neçə-neçə sənətkar da əlinə qələm alıb xəyalının təsvirini köçürsün ağ kağıza. Füzulinin qələmindən süzülən "Leyli və Məcnun”un ilhamı notlara da yol tapdı. Üzeyir bəyin duyğuları ilə musiqi aləminə də səfər edən bu sevginin sərhədləri miqyassız oldu. Məhz bu eşqin gücü ilə imza atıldı ilk operaya.

"Xosrov və Şirinin” adı süd arxının bəyazlığında aydınlıq tapdı. Əsrlərə tab edərək "Fərhadnamə” imzası qoyuldu ədəbiyyat səltənətində. Abdulla Şaiq XX əsrdə yazdı "Nüşabə”ni, dünyanın hər diyarından olan "7 gözəl”in dilindən söylənən nağıllar bir hökmüdarı deyil, neçə sevdalı ürəyi fəth etdi. Qara Qarayev nota köçürərək ahəngin və harmoniyanın ağuşuna əmanət etdi o gözəlləri. Bax, beləcə ölümsüzlük qazandı Koroğlu adlı el qəhrəmanı da. Adına nəğmələr yaranıb, şeirlər qoşulan neçə şəxsiyyətin yaddaşlara qazınan portireti kimi. Hələ ötən minilliyin ilk əsrində xaqandan aldığı təxəllüsə belə boyun əyməyən və Mədainin xarabalıqlarını təsvir edən Xaqanini də qeyd etmək yerinə düşər zənnimizcə. Bir zamanlar iki cahanı qəlbinə sığdırmaq qüdrətində olsa da zərrəsi olduğu cahana sığmadığını zikr edən laməkan şairimiz Nəsimi ölümə belə ölümsüzlük öyrətmədimi? Bəlkə elə o məktəbin qüdrətindən İsa Muğanna, Qabil və neçə ustadın qələmində təkrar oyandı əsla röyada olmayan şairin dünyası? Yoxsa sayılan və sayılmayan neçə qüdrətli sənətkarın və ölümsüzlük qazanan əsərin nəhəngliyinin gücü də məhz budur? Görəsən, bizimlə mavi dalğalarda belə görüşən bu əsərlərin dəyərini yetərincə dərk edə bilirikmi? Çox zaman bəlli bir dəb axınına tuş gəlib mənasının dərinliklərinə belə varmadan əlimizdə tutduğumuz Avropa müəlliflərinin yazılarını mütaliə edərcəsinə nəzərdən keçirəndə özümüzdə var olan möhtəşəm sənət xəzinəsini xatırlayıb müqayisə edirikmi? Əziz oxucu, mənim bu ritorik mahiyyətli sualım səndə mənə qarşı ikrah yaratmasın. Çünki mən əsla incidici və ya kinayəli duyğular altında işlətmədim o fikri. Buna nə niyyətim olar, nə də həddim. Mənim əsl istəyim öz milli dəyərlərimizin qüdrətini qələmə almaq idi. Daha doğrusu, bu an duyğularım mənə bunu diqtə etdi.

Azərbaycan mədəniyyəti və incəsənəti bir günə, bir saata və ya bir kitaba sığdırıla bilməz. Mənim kimi gənc qələm sahibi bir neçə səhifəlik yazıda bu heyranlığını sərgiləyə bilər sadəcə. Çünki mən də minlərlə oxucu kimi o əsərlərdən öyrənmişəm doğulub böyüdüyüm, havasını udub, suyunu içib, adına vətən dediyim məmləkətin başıbəlalı tarixini. Məhz o müəlliflərin uzun və yorucu əməyi nəticəsində yaranan kitabların səhifələrində sərgilənən qəhrəmanların dastanlara sığmayan əzmini, qürurunu. Onları özümə ideal seçərək atılmaq istəmişəm həyat yarışının ər meydanına. Bəli əziz oxucu, biz tarix kitablarından tanıdığımız şəxsiyyətləri romanlarda, povestlərdə daha çox sevmişik. Özü boyda bir tarixə möhür vuran kəslərin şəninə yazılan şeirlərin odlu nitqlərdə səslənməsi riqqətə gətirib bizi. Bu rövnəqlənmənin əsiri olmuşuq. Bəxtiyar "Gülüstan” la həbs edib yaddaşımıza tarixi, Əzizənin dilindən hopdurmuşuq içimizə Seyidi, Sabiri. Daha əvvəllər Nərimanov tanıddırıb Nadiri. İblisi belə göstərib bizə Cavid əfəndi.

Bəli sevgili oxucu, axı mən yuxarıda qeyd etmişdim Azərbaycan dünyasının əsərlərlə yox, əsrlərlə hüdudlana biləcəyini. Elə ona görə də sözümü çox uzatmadan nöqtələsəm yerinə düşər məncə. Amma yazımın sonunda fikrimin ana xəttinə toxunmaq istərdim.

"Əbədiyaşarlar” yalnız bir dövr üçün gəlmir bu cahana. Onların gəlişi yaradır yer üzündə aydınlığı. O aydınlıq bizlərə də şəfəq saçır. O simalar daha neçə minilliyə iz qoyacaq, bu, tarixin biləcəyi işdir. Bizim payımıza isə o dəyərləri tanımaq və tanıtmaq düşür.

Rəfiqə NƏSİROVA

Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı


Son xəbərlər
Başçıdan örnək addım
2020-05-29 14:08:19
Bahalaşma olacaq?
2020-05-28 19:45:22
Deputatdan təbrik
2020-05-27 23:53:29
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!