Aqiyə NAXÇIVANLI: “Vəzifəyə təyin olunan insanlar çox ciddi, hərtərəfli yoxlanılmalıdır” - MÜSAHİBƏ

2020-05-18 23:20:58 / 3549 dəfə oxunub
Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı SABAHİNFO.AZ saytına müsahibə verib. O, müsahibəsində 2020-ci ilin kabusuna çevrilmiş COVID-19 virusu ilə mübarizədə Azərbaycan təcrübəsindən danışıb. Deputat seçildiyi Oğuz rayonunda görülən işlərə toxunub. Deputat ölkədə həyata keçirilən kadr islahatlarına diqqət çəkib və bu istiqamətdə bir sıra təkliflər səsləndirib.

- Aqiyə xanım, ilk öncə bizə müsahibə üçün vaxt ayırdığınıza görə sizə dərin təşəkkürümüzü bildiririk. Dünyanı lərzəyə gətirən COVID-19 pandemiyası və bu pandemiya ilə mübarizədə Azərbaycan modeli barəsində nə deyə bilərsiniz?

- Dünya yaranandan  bugünə qədər insan bir sıra amansız xəstəliklərlə, virus və epidemiyalarla mübarizə aparıb. Tarixə nəzər salsaq görərik ki, eramızdan əvvəl Antoninus epidemiyası var idi. İtaliyada yayılan bu pandemiya nəticəsində gündə 2 min insan dünyasını dəyişdi. Vəba xəstəliyini də qeyd etməyə bilmərik. 1346-53-cü illər ərzində bu xəstəlik nəticəsində 200 milyondan çox insan ölümü qeydə alınıb. Bu siyahıya müxtəlif qrip epidemiyalarını daxil etmək olar. COVID-19 pandemiyası isə XX yüzilliyin ən dəhşətli pandemiyası kimi tarixə düşdü. Əslində bu pandemiya bir sıra məqamları ortaya çıxardı. Dünya səhiyyəsinin hələ də o dərəcədə mükəmməl inkişaf etməməsini sübut etdi. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına nəzər yetirəndə aydın olur ki, pandemiyadan əziyyət çəkən ölkələrin böyük əksəriyyəti inkişaf etmiş ölkələr qrupuna aiddir. Hansı ki, bu ölkələrin səhiyyəsi o qədər inkişaf edib ki, az qalırlar ölünü belə dirildələr. Ancaq bu pandemiya ilə mübarizədə gözlənilən nəticələr özünü doğrultmadı. Bu, bir daha dünya ölkələrini düşünməyə, səhiyyə sahəsində daha adekvat addımlar atmağa sövq edir.
Sual edirsiniz ki, COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan modeli barəsində nə deyə bilərsiniz? Hər şey göz önündədir. Burda artıq nəsə söyləməyə ehtiyac yoxdur. Düzdür, cəmiyyətdə belə bir qorxu var idi ki, Azərbaycanda səhiyyə sistemi elə də inkişaf etməyib və biz bu sahədə virus qarşısında aciz qalacağıq. Ancaq cənab Prezident İlham Əliyevin uzaqgörən, doğru, düşünülmüş siyasəti nəticəsində biz bütün qorxuları dəf etdik. Pandemiya dünya ölkələrinə yayılmağa başlanan andan Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq etdi. Bu təşkilatın tövsiyələrinə uyğun olaraq önləyici tədbirlər həyata keçirildi və bu tədbirlər bu gün də davam edir. Burada Prezidentin tapşırığı əsasında Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz bütün addımların kökü, qayəsi cənab Prezidentin Azərbaycan xalqına, ölkə vətəndaşına verdiyi dəyərin nümunəsidir. Ölkə başçısı bunu dəfələrlə deyib ki, mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Biz bunun bir daha canlı şahidi olduq. Dövlət öz öhdəsinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Ehtiyacı olanlara 190 manatın verilməsi, sahibkarlara vergi və digər güzəştlərin tətbiq olunması, Heydər Əliyev Fondu tərəfindən 100 mindən çox ailəyə yardımların paylanılması və digər işləri qeyd etmək olar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mütəmadi olaraq ölkə vətəndaşına evdən çıxmamaq yönündə çağırışlar edirdi. Bu çağırışlardan aydın görünürdü ki, Mehriban xanım vəziyyətin daha acınacaqlı hal almaması üçün atılan addımlara necə həssas yanaşır. "Biz birlikdə güclüyük!” şüarı ilə həyata keçirilən sosial layihələr bir daha onu göstərdi ki, Azərbaycan hökuməti öz vətəndaşının yanındadır. Vətəndaşını düşünür və Azərbaycanda xalq-hakimiyyət birliyi var.

- Son günlərdə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən əməliyyatlar həyata keçirilir. Bu əməliyyatlar Dövlət Sərhəd Xidməti, Mədəniyyət Nazirliyi və yerli icra hakimiyyəti başçılarından yan keçmədi. Həyata keçirilən əməliyyatlarla bağlı nə deyə bilərsiniz?

- Ümummilli Lider Heydər Əliyev çıxışlarında hər zaman qeyd edir ki, rüşvətxorluq, korrupsiyaya batmış əlləri kəsmək lazımdır. Sözügedən mənfi hallarla mübarizə Heydər Əliyev siyasətini hər sahədə uğurla inkişaf etdirən cənab Prezident İlham Əliyev tərəfindən də mütəmadi olaraq həyata keçirilir. Cənab Prezident sadə, ehtiyacı olan insanların haqqını yeyən məmurlar barəsində dəfələrlə öz fikirlərini bildirib. Qeyd edib ki, rüşvətxorluq və korrupsiya Azərbaycan gündəliyindən çıxarılmalıdır. 
Sual edə bilərsiniz ki, bunun kökünü birdəfəlik kəsmək olmazmı? Məncə, mümkündür və artıq bu proses digər məmurlara dərs olacaq. Bu yolda olan məmurlar da artıq geri dönüş edəcəklər və öz işlərində rüşvətxorluq və korrupsiyaya yol verməyəcəklər. Yüksək vəzifəli şəxslərin bu prosesə qoşulması cəmiyyətdə ikrah hissi doğurur. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyatlar zamanı çəkilən videogörüntülərə baxanda adam utanır. Bir insana inanıb, ona güvənəndə belə hərəkət edərmi? Ümumilikdə düşünürəm ki, Azərbaycanda vəzifəyə təyin olunan insanlar ciddi şəkildə, hərtərəfli yoxlanılmalıdır.

- Kreslo sevdası şirin olur deyirlər. Ancaq bizdə qəribə tendensiya formalaşıb. Heç kim kreslosundan vaz keçmək istəmir. Ta ki....

- Hə ta ki, ya DTX, ya da mənfi əməllə vəzifədən kənarlaşdırılana qədər. Bilirsiniz, mən bir məsələyə diqqət yetirmək istəyirəm. Biz Avropaya inteqrasiya edirik. Bir sıra Avropa ölkələrinin təcrübələrindən yararlanırıq və bunu təbliğ edirik. Avropanın gözəl təcrübələri, yanaşması var. Biz isə bəzi hallarda Azərbaycan mentalitetinə xas olmayan təcrübəni tətbiq edirik. Sonra da adını qoyuruq ki, Avropa təcrübəsidir. Biz Aliment Fondunun yaradılmasını təklif edirik. Bununla da biz Azərbaycan ailə dəyərlərinə kölgə salırıq. Təsəvvür edin, uşaqlarına aliment verməyən atanın yükünü dövlət çəkəcək. Necə ola bilər ki, ata övladına baxmasın. Öz uşağının pulunu ödəməyən ata dövlətin yaratdığı şəraitdən sonra arxayın olacaq. Biz Aliment Fondu yaratmaqdansa, mövcud qanunları sərtləşdirməliyik. O ataları uşaqlarına pul ödəməyə vadar edən qanunlar qəbul olunmalıdır. Hər məsələni dövlətin üstünə atmaq olmaz. Biz Avropadan istefa mədəniyyətini götürək. Hər bir rəhbər görəndə ki, vəzifəsinin öhdəsindən gələ bilmir, qoy istefa versin. Bu işi daha gözəl şəkildə görə bilənlər vəzifəyə gətirilsin. İstefa mədəniyyəti- mənəvi dəyərdir. Bu dəyərin təbliği çox vacibdir.

- Deyirsiniz gənclərə yol açılsın....

- Azərbaycanda gənclər siyasəti həyata keçirilir. Gənclərin önə çəkilməsi, vəzifəyə təyin olunması müsbət addımdır. Ancaq baxırsan ki, önə çəkilən gənclər bilikli, savadlı, çevik və kreativdir. Ancaq idarəçilik təcrübəsi, siyasi hazırlığı istənilən səviyyədə deyil. Bu isə nəticə etibarilə bütün görülən işlərə kölgə salır. Bunun üçün Azərbaycanda ehtiyat kadr hazırlığı prosesi həyata keçirməlidir. Bu işi Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına həvalə etmək olar. Bu akademiyada vəzifəyə təyin olunacaq gənclərlə iş aparılmalıdır. Onların işi təkmilləşdirilməlidir və ən əsası vəzifəyə təyin olunandan sonra da həmin şəxslərə mütəmadi iş aparılmalıdır. Bu sahədə olan təcrübəli insanlardan yararlanmalıdırlar. Yaş senzini önə çəkib təcrübəli insanları idarəetmə sistemindən birdəfəlik silmək olmaz. Ən azından bu insanlar öz təcrübələrini gənclərlə bölüşməlidirlər, onlara istiqamət verməlidirlər. 

- Son olaraq Oğuz rayonunda COVID-19 virusi ilə mübarizə necə həyata keçirilir və belə bir vaxtda seçicilərinizlə görüşləri necə tənzimləyirsiniz?

- Oğuzlular qanunpərəst insanlardırlar. Karantin dövründə də hər bir oğuzlu hökumətin elan etdiyi qadağalara uyğun olaraq evdən çölə çıxmadı. Şükürlər olsun ki, bu istiqamətdə ciddi problemlər olmadı. Görüşlərə gəlincə, Oğuzda köməkçim var. Seçicilərim onlar vasitəsilə öz problemlərini mənə çatdırırlar. Bununla yanaşı videogörüntü imkanlarından istifadə edib seçicilərin problemlərini həll etməyə çalışırıq. Hər bir seçicimin problemini öz problemim bilirəm. Hər hansı müraciət daxil olan kimi deputat səlahiyyətlərimdən istifadə edib, aidiyyatı qurumlar qarşısında məsələ qaldırıram. Karantin dövründə imkansız, ehtiyacı olan ailələrə hər zaman dəstəyimiz olub. Zərurət yarandığı təqdirdə bu dəstəyi etməyə hazıram.

Ədil Ədilzadə
Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
DİN sürücünü təkzib edir
2020-06-03 10:55:09
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!