Nazir Kamal Abdullanın oğluna yüksək vəzifə verdi

2020-05-19 09:00:26 / 587 dəfə oxunub

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu Mehdi Abdullayevə yeni vəzifə verilib.

"BakuPost”xəbər verir ki, o, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.

Nazir Sahil Babayev bu barədə əmri bir neçə gün əvvəl imzalayıb.

Mehdi Kamal oğlu Abdullayev 1980-ci ildə Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini və Dövlət Dillər Universitetinin tərcümə fakültəsini bitirib.

Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq işləyib. Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda çalışıb. Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında müəllim, baş müəllim, dekan müavini olub.

2005-ci ildə "Cinayət prosesində insan hüquqlarının müdafiəsi: Avropa Şurasının standartları və Azərbaycan Respublikasının qanunvericiliyi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

5 iyun 2009-cu ildə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin birinci qurultayında İcmanın Əlaqələndirmə Şurasının sədri seçilib.

2010-cu ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

2016-cı ildə o, tutduğu vəzifədən azad olunub.

Mehdi Abdullayevin anası AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyevadır.


Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
DİN sürücünü təkzib edir
2020-06-03 10:55:09
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!