Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”

2020-05-20 15:46:25 / 526 dəfə oxunub

"Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın təşkil etdiyi qeyri-qanuni "seçkilərin” və qondarma "andiçmə” şousunun təşkili Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir”.

Sabahinfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.

Qeyd olunur ki, həmin "seçkilər” Azərbaycan Konstitusiyası, həmçinin, beynəlxalq hüququn norma və prinsiplərinə ziddir.

"Beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edilən qondarma "seçkilərin” nəticələrinin hər hansı bir hüquqi qüvvəsi yoxdur və ola da bilməz. Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı rejim təcavüzkar Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni güc tətbiqi, ərazilərinin beşdə birinin işğalı, qanlı etnik təmizləmə və yüz minlərlə məcburi köçkünün fundamental hüquqlarının pozulmasının nəticəsidir”, - deyə bildirilir.

XİN-in açıqlamasında qeyd olunub ki, Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi əhəmiyyəti olan Şuşa şəhərində "andiçmə” adı altında təşkil edilən təxribatda təcavüzkar Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı, özünü "demokrat” kimi təqdim edən birinin demokratiya anlayışına qara ləkə sürməsindən başqa bir şey deyil:

"Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalının davam etdiyi və Dağlıq Qarabağın azərbaycanlı əhalisinin zor gücünə didərgin salınaraq seçki hüquqlarından məhrum edildiyi bir şəraitdə hər hansı "seçki” və ya "andiçmə”dən danışmaq hüquqa ziddir. Həm də heç bir sağlam məntiqə sığmır. Beləliklə, hamılıqla pislənir və rədd edilir.

Müharibə hələ bitməyib və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpasını bütün mümkün vasitələrlə təmin etmək hüququna malikdir. Ermənistan rəhbərliyinin bu kimi təxribatçı fəaliyyəti münaqişənin sülh yolu ilə həlli cəhdlərini, demək olar ki, heçə endirməklə, bölgədə gələcək hərbi qarşıdurmanın və gərginliyin artmasına xidmət edir.

Heç kəs şübhə etməsin ki, işğal olunmuş ərazilərimiz işğaldan azad olunacaq. Beynəlxalq tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və məcburi köçkünlərin fundamental hüquqları təmin ediləcək”.

Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
DİN sürücünü təkzib edir
2020-06-03 10:55:09
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!