Könül NURULLAYEVA:“Köklü islahatlar birbaşa dövlət idarəçiliyinin səmərəliliyini artırır”- MÜSAHİBƏ

2020-05-20 21:57:48 / 6154 dəfə oxunub

Milli Məclisin deputatı Könül Nurullayeva SABAHİNFO.AZ saytına müsahibə verib. Xanım deputat müsahibəsində həyata keçirilən kadr islahatları, Milli Məclisdəki fəaliyyəti və bir sıra məsələlərə münasibət bildirib.


- Könül xanım Azərbaycanda cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bir sıra sahələrdə ciddi uğurlar əldə olunub. Biz bunu dünyanı cənginə alan koronavirusla mübarizədə də görürük. Bilmək istərdik, Azərbaycanda bu istiqamətdə həyata keçirilən işləri necə qiymətləndirirsiniz?

- COVID -19 pandemiyası həqiqətən də bütün dünyanın mənzərəsini dəyişib. Bu, virusun yayılması ən inkişaf etmiş ölkələr üçün də ciddi sınaq oldu. Lakin biz Azərbaycanın təcrübəsindən də aydın gördük ki, bu qlobal təhlükəyə qarşı ən effektiv mübarizə çeviklik və cənab Prezidentin qlobal platformalarda da bəyan etdiyi kimi, özünəqapanma sindromundan xilas olmaqdır. Azərbaycan bu sahədə sözün həqiqi mənasında nümunə sərgiləyir. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, ölkəmizdə ən ali məqsəd vətəndaşların sağlamlığını qorumaq və onların rifah halını yaxşılaşdırmaqdır. Bu işdə dövlət intensiv şəkildə zəruri tədbirlər həyata keçirir - tibbi sənayenin, eləcə də karantin infrastrukturunun yaradılması, yeni modul tipli xəstəxanaların inşası və s. kimi tədbirlər virusla mübarizədə ən effektiv vasitələrdən biridir. Eyni zamanda bu prosesdə özəl sektorun nümayəndələrinin, ictimai təşkilatların fəallığı da təqdirəlayiq haldır. Bu gün hər bir vətəndaş öz məsuliyyətini dərk edərək, dövlətin effektiv pandemiya siyasətinə dəstək olmalıdır.

- VI çağırış Milli Məclis deputatları arasında olmaq, parlamentdə çalışmağı necə xarakterizə edərdiniz? Ümumiyyətlə, əsl millət vəkili necə olmalıdır?

-Bəli, VI çağırış Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb. Yenilənmə həm də parlamentin tərkibində özünü döstərdi. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda keçirilən parlament seçkiləri və onun nəticələri xalqın istəklərini ifadə edir. Yeri gəlmişkən, mənə səs verən, məni parlamentdə görmək istəyən, mənə etimad göstərən seçicilərimə bir daha dərin minnətdarlığımı bildirirəm. Həqiqətən, ali qanunverici orqanda təmsil olunmaq böyük məsuliyyətdir. Milli Məclisin üzvləri ilk növbədə cəmiyyətlə icra orqanı arasında vasitəçidir. O ki, qaldı "millət vəkili necə olmalıdır?" sualının cavabına, mən cənab Prezidentin VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışını xatırlatmaq istərdim. Ölkə başçımız ilk növbədə deputatlara dairələrdə fəal olmağı, seçicilərlə daim təmasda olmağı tövsiyə etdi. Yəni, millət vəkilinin əsas fəaliyyəti ilk növbədə seçicilərinin rifahının yaxşılamasına yönəlməlidir. Dövlət başçımız eyni zamanda yeni tərkibli parlamenti mənəvi cəhətdən qüsursuz görmək istədiyini də bəyan etdi. Bu da çox vacib məqamdır. Azərbaycan yüksək peşəkarlıq, sistemlilik, çoxfunksiyalılıq meyarlarına uyğun fəaliyyət göstərən kifayət qədər effektiv parlament diplomatiyası modelini yaradıb və bu baxımdan yeni tərkibli parlament üzvlərinin də qarşısında mühüm vəzifələr durur. Bu vəzifələrin icrası zamanı isə millət vəkili statusunun qazandırdığı bütün imkanlardan məsuliyyət və vicdanla istifadə etmək başlıca şərtdir. Bir sözlə, millət vəkilinin başlıca vəzifəsi təmsil ediyi regionun sosial inkişafına, eyni zamanda vətəndaşların, dövlətin maraqlarının qorunmasına xidmət etmək olmalıdır.

-2020-ci ildə islahatların davamı kimi bir sıra qurumlarda addımlar atılır. Sizcə, islahatlar dövlətimizin inkişafında nə kimi rol oynayacaq?

-Əlbəttə, həyata keçirilən islahatlar ölkəmizin gələcək inkişafının sürətləndirilməsinin bazasını təşkil edir. Ümumiyyətlə, istər dünya təcrübəsi, istərsə də Azərbaycan təcrübəsi göstərir ki, köklü islahatlar birbaşa dövlət idarəçiliyinin səmərəliliyini artırır. Cənab prezidentin də bəyan etdiyi kimi, islahatlara alternativ yoxdur. İqtisadi, siyasi sahədə aparılan islahatlar, eləcə də kadr islahatları ölkəmizi daha gücləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi sistemli kadr siyasəti də birbaşa dövlətçiliyə və dövlət idarəçiliyinin daha da güclənməsinə hesablanıb. Kadr islahatları yeni peşəkar, intellektual kadrların önə çəkilməsinə imkan verir. Heç şübhəsiz, gənc kadrlar onlara göstərilən bu etimadı ən yüksək səviyyədə doğrultmağa çalışmalıdır. Bu islahatların nəticələri vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir.

-Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin üzvüsünüz. Komitədə qanunverici bazanın gücləndirlməsi istiqamətində nə kimi işlər görülür?

-Parlamentin Ailə, qadın və uşaq problemləri komitəsi cəmiyyətdə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Əsas məqsəd cəmiyyətin effektiv inkişafı üçün qanunverici bazanı təkmilləşdirmək, milli ailə institutunun daha da möhkəmlənməsini təmin etməkdir. Bizim qəbul etdiyimiz qanunlar cəmiyyətin fəaliyyətinə birbaşa təsir edir. Ona görə qəbul ediləcək və hazırlanacaq qanun layihələri nəticə etibarı ilə daha mükəmməl və işlək mexanizmlərin hazırlanmasına imkan verir. Ölkəmizdə hazırda karantin rejimi davam etdiyindən Parlamentin Ailə, qadın və uşaq problemləri komitəsi iclaslarını onlayn formatda keçirir, müzakirələr zamanı bir sıra qanun layihələrinə zəruri əlavə və düzəlişlər edilib. Eyni zamanda bir neçə gün əvvəl AŞPA-nın Sosial, səhiyyə və davamlı inkişaf məsələləri komitəsinin uşaq zorakılığı ilə mübarizəyə həsr olunan onlayn iclasında mən və digər həmkarlarım iştirak etdik. Bu qlobal problemlə mübarizədə Azərbaycanın uğurlu təcrübəsi və bu sahədəki təşəbbüslərimizi bölüşdük. Beynəlxalq konvensiyaların milli formatda tətbiqi istiqamətində təklif və tövsiyələrimizi səsləndirdik. Yəni, parlament olaraq bu məsələlərin həllində fəaliyyətimizi səmərəli şəkildə davam etdirməliyik.

-Seçicilərinizlə tez-tez görüşlər keçirisiniz. Maraqlıdır, Könül Nurullayevanlın seçicilərinin nə kimi problemləri var? Bu problemlərin həlli istiqamətində hansı addımlar atılır?

-Bəli, karantin rejimi davam etdiyi üçün canlı görüşlərimiz hələ ki, mümkün olmur. Bununla belə, mən və Deputat Qərargahımda yaratdığımız İşçi Qrup mütəmadi olaraq seçicilərimzilə təmasdayıq, onlayn formada qəbullarımız davam edir. Əvvəlcədən elan etdiyim onlayn görüşün nəticəsi olaraq, Nizami rayon sakinlərinin hər birinin müraciəti araşdırılır və problemlərin həlli istiqamətində tədbirlər görürük. Ən əsası qaldırılan əhəmiyyətli məsələlərlə bağlı müvafiq qurumlara müraciətlər ünvanlayırıq. Pandemiya dövründə eyni zamanda aztəminatlı ailələrin müayinə və müalicəsini təmin etmək məqsədilə aksiyalar da reallaşdırmışıq, həmçinin xüsusi. qayğıya eytiyacı olan ailələrə yardımlar etmişik. Məsələlərə operativ reaksiya vermək və onların qısa zamanda həlli üçün əməli addımlar atmaq işimizin əsas prinsipidir. Çünki biz millət vəkillərinin əsas missiyalarından biri cəmiyyəti narahat edən problemləri vaxtında müvafiq orqanlara çatdırmaq, bunun da nəticəsində daha effektiv və zamanında qərarların qəbul edilməsinə şərait yaratmaqdır.

Ədil Ədilzadə

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!