Puşkinin “murdar şey” adlandırdığı içki barədə bilmədikləriniz

2020-05-24 17:51:17 / 3899 dəfə oxunub
21 mayda qeyd olunan Beynəlxalq Çay Günü, məşhur içkinin dünya boyunca daha yaxşı tanınmasına, davamlı istehsalı və yayılmasına xidmət etməlidir.  BBC çayın  tarixi, faydası və istehlakı ilə bağlı bəzi məlumatları bir araya gətirib.

Çayın vətəni haradır?

Çay (latınca Camellia sinensis) dünya mədəniyyətinin ən qədim içkilərindəndir.
Onun vətəni Hindistanın şimal-şərqi, Myanmanın şimalı və Çinin cənub-qərbi sayılır, lakin bu bitkinin ilk yetişdirildiyi dəqiq yeri məlum deyil. Çayın beş min il əvvəl Çində istehlak edildiyinə dair dəlillər mövcuddur.
Azərbaycanda çay XIX əsrin sonlarında yayılmağa başlayıb.

Çayın əsas növləri

Camellia sinensis adlı bitkidən gələn çay, yarpaqların növü, tərkibi və ya emal səviyyəsinə görə, əsasən aşağıdakı növlərə təsnif oluna bilər: qara, yaşıl, ulonq (Ulun/Oolong) və ağ çay.
Azərbaycan və dünyada daha çox qara çaydan istifadə olunur. Bu çay xarakterik dadı və daha yüksək kofein səviyəsilə ilə seçilir. Onun tünd rəngi nisbətən uzun müddət çəkən emal prosesinin nəticəsidir.
Son zamanlarda yaşıl çayın istehlakı artmaqdadır. Bu çay növü qara çayla müqayisədə daha az emal olunur.
Ulonq çayı qırmızı çay da adlanır. Ona populyarlıq gətirən içkinin xüsusi nəfis dadıdır.
Ağ çay ən nadir və ən bahalı çaylara aid edilə bilər, o, saxlanma şəraitinə çox həssasdır. BMT-yə əsasən, çay sudan sonra ən çox istehlak olunan içkidir.

Çayı necə içirlər?

Azərbaycanda çayı adətən limon və kəkotu kimi bitki əlavələri ilə zənginləşdirmək ənənəsi kök salıb. Bir çox ölkədə tamın və turşuların təsirini azaltmaq üçün çaya süd qatırlar.
Bu adət Britaniya İmperiyası dövründə daha geniş yayılıb. Elə hazırda da Britaniyada çay sifariş edərkən, müştəridən soruşarlar: süd nə qədər olsun? Soruşmasalar, çayın südlü olacağını gözləyə bilərsiz.
Tibet və Rusiyada yaşayan bəzi xalqlar çaya süddən başqa, yağ (piy də ola bilər), bitkilər və duz qatırlar. Kalmıklarda belə ənənəvi içki "comba" adlanır. Onu qonaqlara təklif etmək adətdir.
Bu adəti ("Ərzurum səyahəti" əsərində) rusiyalı şair Aleksandr Sergeyeviç Puşkin belə təsvir edib: "Qazanda qoyun piyi və duzlu çay bişirdi... Başqa bir xalq mətbəxində bundan murdar bir şey bişirildiyini zənn etmirəm". Combanı sevənlər isə bu içkinin ləzzətini başa düşmək üçün müəyyən hazırlıq, vaxt və vərdiş lazım olduğunu deyirlər. Necə deyərlər, zövq insandan-insana fərqlənən xüsusiyyətdir.

Ən iri istehsalçılar hansılardır?

Dünyanın ən iri çay istehsalçısı Çindir. 2016-ci ilin məlumatına görə, burada istehsal olunan 2,44 milyon ton məhsul dünya çay istehsalının təqribən 42 faizini təşkil edir.
Rəsmi rəqəmlərə görə, ötən əsrin sonlarında Azərbaycanda yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatır və tələbatın 65-70 faizi daxili ehtiyatlar hesabına qarşılanırdı. Lakin 1990-cı illərdən etibarən çay sahələri azalmağa başlayır.
2010-cu illə müqayisədə 2017-ci ildən istehsalda yenidən canlanma yaranıb və istehsalın 775 tona çatdığı bildirilir.

Yaşıl, yoxsa qara?

SSRİ-də və hazırda post-sovet məkanında daha çox qara çay içilir. Orta Asiyada yaşıl çay daha populyardır. İddia olunur ki, insan orqanizmi üçün faydalı polifenollarla zəngin yaşıl çay qara çaydan daha xeyirlidir.
"Yaşıl çayın əsas polifenolları flavonoidlərdir ki, bunlardan ən aktivləri güclü antioksidant kimi təsir göstərən katexin və epiqallokatexin qallatıdır (EGCG)", bbcqoodfood.com saytına yaşıl çay haqqında danışan dietoloq Jo Lewin deyir.
Hesab olunur ki, antioksidantlar orqanizmi xəstəliklərdən qoruyur və onlar bir sıra meyvə, tərəvəz və digər qida növlərində tapıla bilər.

Soyuq, yoxsa isti?

Çayla bağlı internetdə bir çox ziddiyyətli məlumatlara rast gəlmək olar. Burada yaşıl çayın xərçəng riskini azaltmasından tutmuş arıqlatmağına qədər xüsusiyyətlər qeyd olunur. Lakin bir çox hallarda belə iddiaları dəstəkləyən dəlillər yekun nəticəyə gəlmək üçün kifayət deyil.
2009-cu ildə İran alimləri isti çayın istehlakını qida borusu xərçəngi riski ilə əlaqələndiriblər. Bununla bağlı Britaniya Tibb Jurnalında dərc edilmiş araşdırmaya əsasən, 70C dərəcə və ondan isti çay içmək riskin 8 dəfə artmasına səbəb ola bilər.
Bu arada soyuq və hazır çaylar populyarlaşsa da, onlardakı faydalı sayılan polifenolların miqdarı dəmlənmiş çaylardakı qədər deyil.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!