Prezident və Birinci vitse-prezidentin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı

2020-05-29 16:32:03 / 1427 dəfə oxunub
"Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrası bütün ölkə vətəndaşlarının, o cümlədən, qaçqın və məcburi köçkünlərin sosial təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmaqdadır”.
Bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev qaçqın və məcburi köçkünlər üçün istifadəyə verilən "Qobu Park-3” yaşayış massivinin istifadəyə verilməsinə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti məcburi köçkünlərin güclü dövlət qayğısı ilə əhatə olunması, sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində yürütdüyü siyasət uğurla davam etdirilməkdədir:

"Ümumiyyətlə bir fikri qeyd etmək yerinə düşər ki, Azərbaycanda istər qlobal maliyyə-bank, istərsə qlobal iqtisadi böhranlar zamanı, istərsə də son pandemiya dövründə sosial və sosialyönümlü proqramlar dayanmayıb və icra olunub. Cənab Prezident də çıxışlarında bəyan edib ki, çətinliklərə baxmayaraq nəzərdə tutulan bütün sosial və sosialyönümlü proqramlar dayandırılamaycaq və bütün layihələr icra olunacaq. Bunu bir daha ölkə başçısının əhalinin sosial problemlərinin həllinə olan diqqətin nümunəsi kimi dəyərləndirmək lazımdır. Biz hər zaman cənab Prezident və Birinci vitse-prezidentin ən çətin günlərdə xalqın yanında olduğunun və ilk növbədə onların sosial problemlərinin həlli istiqamətində zəruri, təxirəsalınmaz addımlar atdığına şahidlik etmişik. Biz bunun pandemiya dövründə də şahidi olduq. Elə məcburi köçkünlər üçün salınan "Qobu Park-3” yaşayış massivi bunun bariz nümunəsidir.

Məhz cənab Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət nəticəsində 300 mindən çox məcburi köçkün bu günə qədər mənzillərlə, fərdi evlərlə təmin olunub. Ümumiyyətlə məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. Cənab İlham Əliyev 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdi ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Cənab Prezident verdiyi sözü 4 il ərzində yerinə yetirdi. Ölkə ərazisindəki bütün çadır şəhərcikləri ləğv olundu, orada yaşayan qaçqın və məcburi köçkünlər hər cür infrastrukturu ilə təmin olunmuş müasir yaşayış massivlərinə köçürüldü. Ötən il məcburi köçkünlər üçün 5 minə yaxın rekord sayda evlər və mənzillər tikildi. 2020-ci ildə isə bu say 7-8 min civarında olacaq. Bu məqsədlə ölkənin müxtəlif ərazilərində məcburi köçkünlər üçün müasir tipli yaşayış massivləri salınır. Tikilən mənzil və evlərə haradasa 40 min məcburi köçkün yerləşdiriləcək. Proses növbəti illərdə də davam edəcək”.

Deputat əlavə edib ki, ölkə başçısı bu istiqamətdə yürütdüyü siyasət məcburi köçkünlərin təkcə mənzil şəraitinin yaxşılaşdırılması ilə bitmir, eyni zamanda onların sosial təminatının yaxşılaşdırılması və məşğulluq fəaliyyəti ilə təmin olunmasını da əhatə edir:

"Odur ki, biz hər il məcburi köçkün və qaçqınların sosial təminatının yaxşılaşdırılması istiqamətində atılan addımların şahidi oluruq. Ötən il köçkünlərə verilən müavinətin həcmi 50 faiz artırılıb. Ümumən indiyədək məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi bir neçə dəfə, yemək xərcləri üçün müavinət 60 dəfədən çox artırılıb. Ötən müddət ərzində qaçqın və məcburi köçkünlərə 3 milyard manatdan artıq vəsait xərclənib. Dövlət büdcəsindən və Dövlət Neft Fondundan ayrılmış vəsaitlər hesabına qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı ayrılan vəsaitin həcmi artır.
Son illərdə məcburi köçkünlər üçün ən müasir və geniş hərtərəfli infrastrukturun yaradıldığı Qobu park yaşayış komplekslərinin inşası xüsusi əhəmiyyət kəsb edir. Ötən dövrdə "Qobu Park-1” yaşayış kompleksində 1026 ailə evlə təmin olunub, "Qobu Park-2” yaşayış kompleksində isə 1300 ailə mənzillə təmin olunub. İndi isə "Qobu Park-3” yaşayış kompleksi istifadəyə verildi və burada mindən artıq ailənin mənzil problemi öz həllini tapdı. "Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış sayca 111-ci qəsəbədir. "Qobu Park-3” yaşayış massivi bir sıra cəhətlərinə görə, digərlərindən fərqlənir. İlk dəfə olaraq məcburi köçkün şəhərciyində insanların məşğulluğunun təmin edilməsi məqsədi ilə istehsal və emal müassisələri yaradılacaq, kiçik bizneslə məşğul olmaq istəyənlərə isə imkanlar yaradılcaq. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində biznes-layihələr həyata keçiriləcək. Biznes layihələr əsasında yumşaq, plastik oyuncaqlar, tekstil məhsullarının, sterilizə olunmuş tibbi ləvazimatların, tibbi heyət üçün üst geyimləri və kombinezonlar istehsal edəcək müəssisələr yaradılacaq. Burada həmçinin "Xarı bülbül” xalçaçılıq və naxış emalatxanası da fəaliyyət göstərəcək. Emalatxanada hədiyyəlik xalçaların, Qarabağın maddi-mədəni irsinə aid zərgərlik nümunələrinin hazırlanması da planlaşdırılır. Şəhərcikdə o cümlədən, uşaqlar üçün ustad dərslərinin, rəsm dərnəyinin və xarici dil kurslarının təşkili də nəzərdə tutulur.

Bu müəssisələrdə çalışacaq işçi heyətin 80 faizi "Qobu Park 3”-ün sakinlərindən, digərləri isə Qaradağ rayonu ərazisində yaşayan məcburi köçkünlərdən formalaşdırlaşdırılması nəzərdə tuutlur. Layihələrin əsas məqsədi məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifah halının daha da yaxşılaşdırılmasıdır.

Digər mühüm cəhət isə məcburi köçkün şəhərciklərinin salınmasında özəl tikinti şirkətlərinin iştirakıdır. Hansı ki, ölkə başçısı da bunu yüksək qiymətləndirib. Cənab Prezident çıxışında bildirdi ki, özəl sektorun belə layihələrdə iştirakı çox sevindirici haldır. "Paşa Holdinq” şirkətinin istər indiki pandemiya dövründə, istərsə də bütün dövrlərdə sosialyönümlü layihələri doğrudan da təqdirəlayiqdir. Çünki koronavirus şəraitində "Paşa Holdinq” şirkəti və digər özəl şirkətlər ehtiyacı olan insanlara dəstək oldular. İnanırıq ki, gələcəkdə bu prosesə başqa şirkətlər də qoşulacaqlar.

Bir məqamı da xüsusi ilə diqqətə çatdırmaq və vurğulamaq lazımdır ki, belə sosial layihələrin reallaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da müstəsna rolu var. Məhz onun bu sahəyə yetirdiyi diqqət, qayğı nəticəsində bir sıra problemlər zamanında və təxirə salınmadan həyata keçirilir.

Yekun olaraq onu demək olar ki, Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin yürütdüyü siyasət nəticəsində digər sahələrdə olduğu kimi, məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində qarşıda duran bütün məsələlər öz həllini tapmaqdadır və bundan sonra da həllini tapacaq. Çünki qaçqın və məcburi köçkünlər hər zaman Prezident və Birinci vitse-prezidentin diqqət və qayğısı ilə əhatə olunub. Onların problemlərinə həssaslıqla yanaşılıb. Prezident və Birinci vitse-prezident mütəmadi olaraq bu qrupdan olan insanlarla görüşür, onların problemlərini dinləyir, onlara ən yüksək səviyyədə qayğı göstərir. Bu diqqət və qayğını daim öz üzərində hiss edən məcburi köçkünlər tezliklə doğma yurda qayıdacaqları günün uzaqda olmadığına əmindirlər”.
Son xəbərlər
Şəhidlərimiz var
2020-07-12 18:27:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!