Eldar Quliyev: “Mən cənab Prezidentə minnətdarlıq edirəm ki...” - MÜSAHİBƏ

2020-06-02 18:12:45 / 9100 dəfə oxunub
Milli Məclisin deputatı, iqtisad elmlər doktoru, professor  Eldar Quliyevin SABAHİNFO.AZ saytına müsahibəsi

-Eldar müəllim bu gün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Bunun fonunda Azərbaycanda həyata keçirilən tədbirləti necə dəyərləndirərdiniz?

-Yoluxucu xəstəliklərin yayılması halları bəşər tarixində az olmamışdır. Taun, vəba, vərəm, qrip və digər xəstəliklərin epidemiya və pandemiya şəklində mövcud olmuşdur. XIX-XX əsrlərdə də müəyyən xəstəliklər geniş şəkildə yayılmışdır. Lakin Covid-19 adlandırılan yeni növ koronavirusun yayılması tamamilə fərqli mənzərə yaratmışdır. Təsəvvür edin ki, dünyanın o başında- Çində müşahidə olunan bu virus çox sürətlə yayılaraq qısa müddətdə Avropa, Afrika, Amerika qitələrinin əksər dövlətlərini çənginə aldı. Barmaqla sayılacaq qədər ölkələr var ki, bu virusu hələlik müşahidə etməyiblər. Hazırda bir çox ölkələrdə acınacaqlı vəziyyət yaranmışdır. Pandemiya dünya ölkələrinin buna hazırlığı olmadığı bir dövrdə tüğyan etməyə başıadı. Xəstəliyin yayılmağa başlamasından 5-6 ay keçməsinə baxmayaraq indiyə qədər ona qarşı nə bir vaksin, nə də müalicə üçün effektli dərman vəsitəsi tapılmamışdır. Hətta inkişaf etmiş ölkələr bu virus qarşısında aciz durumdadır. Xəstəliyin yayıldığı ilk vaxtlarda onu ciddiyə almayan ölkələr yalnız xəstə sayı on minlərlə ölçüləndə hərəkətə keçdilər ki, bu da çoxsaylı insan ölümləri ilə nəticələndi. Azərbaycan isə tamamilə fərqli vəziyyət mövcuddur. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən zamanında qabaqlayıcı tədbirlər görüldü. Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq quruldu, onun tövsiyələri nəzərə alınmaqla ciddi təşkilatı işlər həyata keçirildi. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, xüsusi karantin rejimi tətbiq olundu, xəstəxanalar xəstə qəbulu üçün hazırlandı, karantin məntəqələri təşkil olundu, sünii nəfəs aparatları və digər lazımi tibbi ləvazimatların təcili ölkəyə gətirilməsi təmin edildi. Tibb işçilərimiz xəstəliklə mübarizədə əsl fədakarlıq nümunəsi göstərirlər. Görülən işlərin nəticəsidir ki, ölkəmizdə koronavirusla yoluxanların sayı digər ölkələrlə müqayisədə azlıq təşkil edir. Ölüm halları da bizdə müqayisedilməz dərəcədə azdır. Karantin rejimində dövlət tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğını xüsusi qeyd etmək istəyirəm. Cənab prezidentin göstərişi ilə ilk mərhələdə 200 min insan üçün nəzərdə tutulan 190 manat sosial yardım sonradan 600 min insanı əhatə etdi. Karantin səbəbindən zərərçəkən sahibkarlara dövlət dəstəyi təmin olundu. Heydər Əliyev Fondu tərəfindən ehtiyacı olan vətəndaşlara ərzaq yardımları edildi və sonradan bu kampaniyaya ayrı-ayrı vətəndaşlarımız də fəal şəkildə qoşuldu. Prezidentin təşəbbüsü ilə Koronavirusla Mübarizə Fondu yaradıldı və hazırda bu fonda kifayət qədər vəsait yığılmışdır. Bu vəsait də vətən daşların koronavirusdan qorunması üçün istifadə olunacaqdır. İndi pandemiyanın ikinci dalğasının yayılması müşahidə olunur. Düşünürəm ki, əhali izolyasiya tədbirlərinə ciddi əməl etsə bu virus yavaş-yavaş ötüb keçəcək. Lakin karantin qaydalarında müəyyən yumşalmalar tətbiq olunandan sonra bəzi insanların izolyasiya tədbirlərinə səhlənkar yanaşması təşviş doğurur. Tibbi maskalardan istifadə edənlərin sayı kəskin surətdə azalıb. Sosial məsafə qaydaları gözlənilmir. Hökümət, Operativ Qərargah, kütləvi informasiya vasitələri ciddi maarifləndirmə işləri aparır, mümkün qədər evdən az çıxmağı, insanların kütləvi yağışmasına yol verməməyi tövsiyə edir. Məhdudiyyət qaydalarına nə qədər ciddi riayət etsək, bu bəladan daha tez yaxa qurtara bilərik.

-"Biz birlikdə güclüyük” şüarı sizin üçün hansı əhəmiyyət kəsb edir?

-Pandemiyanın ilk günlərindən ölkə başçısının səsləndirdiyi bu ifadə səfərbəredici rol oynadı. Birlik güc deməkdir. İndi həqiqətən bir olmaq məqamıdır. Bu deviz bizdə xalq-iqtidar birliyini nümayiş etdirdi. Əldə olunan müsbət nəticələrə məhz bu birliyin sayəsində nail olmuşuq. Təəsüf ki, hazırkı şəraitdə də bəziləri öz yaramaz xislətlərindən əl çəkmir, qarayaxmaya davam edirlər. Xaricdə oturub kimlərinsə diqtəsi ilə hərəkət edirlər. Son zamanlar tez-tez "beşinci kalon” ifadəsini eşidirik. Bura aid olan insanlar Azərbaycanda qarşıdurma olması, vətəndaş qanı tökülməsini istəyirlər. Ölkə üçün nə qədər pisdirsə onlar üçün o qədər yaxşı olacağı qənaətindədirlər. Dünyanın yarıdan çoxunu gəzmişəm, narazı insanlar olmayan dövlət görməmişəm. Sivil dövlətlərdə narazılıq məhkəmə yolu ilə aradan qaldırılır. Bizdə isə qarayaxmağa vərdiş olanlar məhkəmənin haqlı qərarından sonra da özünün səhv edib-etməməsini araşdırmadan yuxarı pillə məhkəmələrə müraciət etməkdə davam edirlər. Bu baxımdan, beşinci kalona aid olanlar sanki hər məsələyə qara yaxmağı qarşılarına məqsəd qoyublar. Deyirlər Qarabağı alaq, müharibə edək. Biz də bunu istəyirik. Qarabağı almaq istəyiriksə bir olmalıyıq. Bu adamların Aprel döyüşlərində səsi çıxmırdı. Azərbaycan ordusu Aprel döyüşlərində ermənilərə gözdağı verdi. Hamı bilir ki, Azəbaycan güclü ordusu var və cəmi 72 saata Qarabağı işğaldan azad etmək iqtidarındadır. Ancaq bu məsələdə zamana ehtiyac var. Mən özüm Qarabağ müharibəsində iştirak etmişəm. Bunları kompleks şəkildə olduğu təqdirdə müharibədə qalibsən. Mən inanıram ki, cənab Prezident İlahm Əliyevin rəhbərliyi ilə biz Qarabağa qovuşacayıq. O gün heç də uzaqda deyil.

-Beşinci kalondan danışdız. Bu insanlarla mübarizədə hansı addımlar atılmalıdır?

-Kimliyindən asılı olmayaraq hər kəs birinci növbədə öz şəxsi maraqlarını deyil, dövlət maraqlarını düşünməlidir. Dövlət maraqlandıran çıxış etməlidir. Şəxsi maraqlardan çıxış edənləri 1988-1992-cı illərdə gördük. Biz bunu bir daha yaşamaq istəmirik. Bu insanlar bizim öz doğmalarımızdır. Sadəcə indi gedib kimlərinsə oyunçularına çevriliblər. mən xarici səfərlərim zamanı bir məsələnin şahidi oluram. Bir erməni digərinin ayağını tapdamaz. Biri o birisini ələ verməz. Bizdə isə bu yöndə heç də ürəkaçan mənzərə yoxdur. Xaricdə oturub sosial şəbəkələrin yaratdığı imkanlardan istifadə edib ağzına nə gəldi danışmaq kişilik deyil. Mədəniyyəsizlik edirlər. Söyüş söyürlər. Biz "mədəniyyətimizi” kimə göstərik? Salyandan olan həmvətənimiz var. Almaniyada oturur. Erməni mətbuatı onun azərbaycanlılara qarşı apardığı işlərindən yazır. Belə nümunələr çoxdur. Onlar bu hərəkətləri ilə xalqımızın nifrətini qazandıqlarını dərk etməlidirlər.

-Siz Yerevanda tədbirə də qatılmışdınız...

-Bəli. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Şuranın Yerevanda təşkil olunan tədbirində iştirak etmişəm. Düzü orda olan zaman bizə yaxınlaşan ermənilər birgə yaşamaq istədikələrini bildirirdilər. Mən də onlara yalnız işğal altında olan torpaqlar azad olunduqdan sonra bunun mümkün olacağını bildirdim. Orda mənə yubiley medalı təqdim olunmalı idi. Ancaq mənin qeyrətim, namusum imkan vermədi ki, mən o medalı orda alım. Medaldan imtina edəcəyimizi öncədən demişdim. Hətta mənə dedilər ki, medal təşkilata məxsusdur, Ermənistana aidiyyatı yoxdur. Mən də dedim ki, erməni spikerdən onun imzası olan medalı almaq istəmirəm. İclası başlamazdan öncə xahiş edildi ki, siyasiləşdiməyək. Ona görə də Ermənistanın torpaqlarimizi işğal etməsi, bir milyondan artıq qaşqın və məcburi köçkünümüz olması məsələsinə toxunmadan dedim ki, 4 dəfə Azərbaycan Milli Məclisinin deputatı seçilmişəm, təcrübəm var, amma beynəlxalq səviyyədə təcrübəm olmadığına görə bu mükafatı almağa hazır deyiləm... Məndən öncə Gürcüstan nümayəndə heyətinin üzvü medalı almaqdan imtina etdi. Belə əsaslandırdı ki, iclasda nümayəndə heyətinin rəhbəri iştirak etmir. Azərbaycan nümayəndə heyətindən sonra Türkiyə və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri də medalı almaqdan imtina etdilər. İclasda Ermənistan xarici işlər nazırınin müavini də iştirak edirdi. Ona görə də spiker medalı digər ölkələrin nümayəndə heyətlərinə təqdim etməyi təklif etdi, medal 8 nümayəndə heyətinə verildi. Sonradan həmin müdal mənə təşkilatın Bakıda keçirilən konfransında təqdim olundu.

-Son günlər Dövlət Təhlükəsizlik Xidməti tərəfindən nazirlik və yerli icra hakimiyyətlərində əməliyyatlar həyata keçirildi. Bu əməliyyatlarla bağlı nə deyə bilərsiz?

-Ölkə prezidenti hər zaman çıxışlarında qeyd edir ki, məmurlar xalqa xidmət etməlidir. Özü də deyir ki, bir nomrəli xidmətçi mənəm, məmurlar da mənim kimi xidmət göstərməlidir, xalqın içində olmalıdır. Buna baxmayaraq hökumətdə təmsil olunanlardan narazılıqlar var. Bu narazılıq əslində hökumətdən yox, nazırliklərdə və ya ayrı-ayrı instansiyalarda olan bir neçə insanlardandır. Bəzi məmurlar var ki, insanları aylardır qəbul etmir. Niyə qəbul etmir? Sənin birbaşa vəzifəndir vətəndaşı qəbul edib dinləyəsən. Heç kim o məmura demir ki, qəbul etdiyin vətəndaşın problemini 100 faiz həll etməlisən. İnanın ki, hər bir məmur ona müraciət edən insanı qəbul edib dinləsə bu vətəndaşda ən azından bir ruh yüksəlişinə gətirib çixaracaq. Ola bilər ki, problemi həll olunmasın. Ancaq bu qəbul onda bir stimul yaradacaq. Dövlət qurumlarına rəgbəti artıracaq. Elə məmurlarımız da var ki, onların gözü doymur. əməliyyat çəkilişlərini izləyəndə onların evindən və ofislərindən çıxan vəsaitə baxdıqca adam xəcalət çəkir. Sən necə bir insan olasan ki, ehtiyacı olan insanın 190 manatından 40 manatını özününküləşdirəsən. Bu heç kişiliyə yaraşmır. Şükürlər olsun ki, həyata keçirilən əməliyyatlarla bu kimi məmurlar ifşa olunur. əməliyyatlar digər məmurlara da dərs olmalıdır.

-Azərbaycanda həyata keçirilən kadr islahatlarının əsasını gənclər təşkil edir. Gənclər önə çəkilir. Bu məsələyə münasibətiniz.

-Gənclər bizim gələcəyimizdir. Müasir gənclər geniş dünyagörüşünə malikdirlər, texnika və digər sahələrdə bilikli və bacarıqlıdırlar ən azı 3-4 dil bilirlər. Onların aldığı təhsillə bizim aldığımız təhsil fərqlidir. Mən də bir neçə dil bilirəm. Ancaq bir gəncin xarici dildə danışığı ilə mənim danışığım, tələffüzüm arasında ciddi fərq var. Öz təcrübəmdən deyim ki, 6 yaşında nəvəm telefonda elə funksiyaları bilir ki, inanın bəzən mən özüm buna həsəd aparıram. Demək istəyirəm ki, gənclərin önə çəkilməsi ümumilikdə gözəl təşəbbüsdür. Bu dövlətimizin inkişafında xüsusi yer tutur. Gənclər də istər idarəçilik, istərsə siyasi baxımdan özündən yaşlı kadrların təcrübələrindən yararlanmalıdır.

-Milli Məclisdə də bir sıra dəyişikliklər oldu..

-VI çağırış Milli Məclis deputat həmkarımız Sahibə xanım rəhbərlik edir. Sahibə xanım istər beynəlxalq təşkilatlarda, istərsə də yerlərdə hər zaman aktiv olan millət vəkillərindəndir. Sədr kimi öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirir. Bizim həmkarlar arasında da gənclər üstünlük təşkil edir. Bunun özü də müsbət haldır. Eyni zamanda Milli Məclisdə yeni şöbələr yaradılıb. Bu şöbələrin yaradılması həm deputatların, həm də seçicilərin işini asanlaşdırır. İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin yaradılmasını yüksək dəyərləndirirəm. Mən karantin dövrünə qədər hər həftə 50-60 seçici qəbul edirdim. Bu qəbullarda icra hakimiyyətindən də bir nəfərim təmsil olunması seçicilərin problemlərinin daha tez həll olunmasına şərait yaradır. Bizim Qərargahımız var. Hər gün açıq olur. Hər bir seçicim rahat şəkildə ora gəlib öz problemini diqqətə çatdırır. Kimisinin təhsil problemi, kimisinin sosial və məişət problemi olur. Biz bu problemlərin həlli üçün əlimizdən gələni edirik.

-Seçicilərin problemləri minimuma düşüb...

-Bəli. Vətəndaşların sosial problemlərinin aradan qaldırılması istiqamətində icra orqanlarının, ayrı-ayrı nazirliklərinin müraciətlərimizə həssas yanaşması əhəmiyyətli rol oyanır. Bu gün təmsil etdiyim dairədə sosial problemlər demək olar ki, minimum səviyyədədir. Məktəblərimiz təmir olunub, parklar salınıb, xəstəxana yenidən təmir olunaraq istifadəyə verildi, yollar çəkilib. Ruhi xəstəxana illər öncə çox bərbar bir gündə idi. 15-17 il bundan öncə mən ora gedəndə ordakı insanların yeməyə çörəkləri olmadığını gördüm. 2 maşın çörək göndərdim ora. Ara-sıra da ərzaq yardımları edirdim. Ora indi yeni müdir təyin olunub. Deyir ki, dövlət bizə hər cür dəstək göstərir. Artıq heç nəyə ehtiyac yoxdur. Özüm də getdim maraqlandım. Gözəl təmir olunub və şəraiti çox gözəldir. Xüsusən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin olunduqdan sonra müsbətə doğru dəyişikliklər yaranıb. Problemlər aradan qaldırılıb.

-Son parlament seçkiləri bir sıra fərqli məqamlarla yadda qaldı. Bu yöndə nə deyə bilərsiniz?

-Bu seçkidə razı qaldığım məqamlarla yanaşı narazı qaldığım məqamlar da oldu. Hamıya imkan yaradıldı namizədliyini irəli sürdü. Təsəvvür edirsiniz bir dairədən 20-25 nəfər namizəd var idi. Bu əslində gözəl mənzərədi. Ancaq namizədliyini irəli sürən insan özü düşünməlidir ki, məndən deputat olar ya olmaz? Axı dünyanın hansı yerində görülüb ki, 10-cu sinifi yenicə bitirən, ali təhsili, həyat təcrübəsi və dünyagörüşü olmayan birisi gəlib deputat olsun.

-ABŞ prezidenti Donald Tramp ölkə başçısı İlham Əliyevə məktub göndərib. Məktubda iki tərəfli əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bu kimi məktubların əhəmiyyətini necə şərh edərsınız?

-Bu məktub qeyd edildiyi kimi iki tərəfli əməkdaşlığın göstəricisidir. Bununla yanaşı ilk dəfə idi ki, ABŞ Prezidentinin dilindən biz Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə aid ifadəni eşitdik. Bu sevindiricidir. Çünki, ABŞ-da erməni lobbisimim geniş təsir imkanları var. Onlar Konqresə də, hətta prezidentə də təsir göstərə bilirlər. Seçki kampaniyasında 2000 dollar verən erməni sonra prezidentdən yapışır ki, bu məsələdə bizə kömək elə. Hər bir prezident də onlara müəyyən vədlər verir. İndi belə olan halda Trampın bu ifadəni işlətməsi bir daha sübüt etdi ki,Qarabağ Azərbaycanın əzəli torpağıdır. 1994-cü ildə BMT TŞ-nın 4 qətnaməsi qəbul olunub. O zamandan bu yana böyük dövlətlərin başçıları hər zaman bu sözdən qaçırdılar. Ancaq Tramp bunu etdi. Bütün bunlar öldə prezidentinin dünya ölkələri arasında nüfuzunun artması, Azərbaycanın düşünülmüş xarici siyasətinin təzahürüdür.

-Paşinyanın Məmməd Əmin Rəsulzadəyə çamur atması məsələsinə münasibətinizi bilmək istərdik.

-Paşinyan da daxil olmaqla ermənilərin bütün liderləri və o cümlədən diasporları hər zaman yalan üzərindən danışıblar. Dünyanın gözünə kül üfürüblər. Paşinyanın babası almanlara satılıb. Bunu bizim və Rusiyanın tarixçilərimiz araşdırıblar. O da bu siyasi zərbədən yayınmaq, eləcə də erməni cəlladı Njdeyə abidə qoyulmasına bəraət qazandırmaq üçün Məmməd Əmin Rəsulzadəyə çamur atır. Artlq əvvəlki zaman deyil. Dünya birliyi kimin kim olduğunu yaxşı bilir. Ermənilərin yalanları da artıq yerimir. O cümlədən Məmməd Əmin Rəsulzadə ilə bağlı səslənən fikirlər də yalan üzərində qurulduğuna görə xarici ölkələr buna önəm vermir.

Ədil Ədilzadə
SABAHİNFO.AZ
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!