DİN sürücünü təkzib edir

2020-06-03 10:55:09 / 916 dəfə oxunub

Ötən ilin dekabrında Bakı-Ələt-Astara yolunda baş verən yol qəzasını törədən şəxs hələ də tapılmayıb.

"Qafqazinfo”ya müraciət edən şikayətçi vətəndaş Nizami Binyətov iddia edib ki, dekabrın 7-də oğlu Xəyalın idarə etdiyi "Hyundai Santafe” markalı 99 FH 137 nömrəli avtomobil Qaradağ rayonu ərazisində hərəkətdə olarkən naməlum sürücünün idarə etdiyi yük maşını - "KamAz” onu vurub: "Ölkənin kameralarla təchiz edilmiş əsas yollarından birində törədilmiş cinayət 6 aydır ki, bağlı qalıb. Qəza nəticəsində avtomobil ciddi zərər görüb, oğlum isə ağır yaralanıb. Bu hadisədən sonra Xəyal bir neçə ağır əməliyyat keçirdi. Hazırda sağlamlığı bərpa edilməyib, danışa bilmir, hərəkət edə bilmir. İşi aparan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi isə üç aydan çoxdur həmin cinayəti törədən şəxsi tapmaq üçün heç bir iş görmür, ya da görə bilmir. Bizə də işin nə yerdə olması haqda məlumat verilmir”.

N.Binyətov əlavə edib ki, hadisəni törədən şəxsin tapılmaması onlara dəyən ziyanın ödənilməsinin qarşısını alır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo”ya bildirilib ki, Xəyal Binyətov qeyd edilən tarixdə özü idarəetməni itirərək "Hyundai Santafe” markalı avtomobili yolun sağ kənarına aşırıb: "Nəticədə sürücü Xəyal Binyətov ağır dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı hadisə qeydə alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilərək protokol tərtib olunub. Hadisə şahidlərinin izahatları alınıb, müvafiq ekspertizalar təyin edilib. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 7 yanvar 2020-ci il rəyində bildirilib ki, qeyd olunan dövlət nömrə nişanlı "Hyundai Santafe” markalı avtomobilin üzərində kənar avtonəqəliyyat vasitələrinin məxsus boya qalıqları, hissəcikləri aşkar edilməyib. Həmin tarixdə faktla bağlı əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd olunub. Qərarın surəti sürücüyə göndərilib. Həmçinin, Baş Dövlət Yol Polisi İdarəsinə Xəyal Binyətov barəsində İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi üzrə protokol tərtib olunması üçün arayış göndərilib”. 

Qeyd edək ki, 327-ci maddə özündə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması müddəalarını ehtiva edir. 

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!