"Parlament pandemiya dövründə yalnız qanunvericiliyin təkmilləşdirilməsi ilə məşğul olmayıb"

2020-06-03 12:10:03 / 1298 dəfə oxunub

"Altıncı çağırış Milli Məclis Azərbaycan tarixində bir sıra yeniliklərə və ilklərə imza atıb. Hesab edirəm ki, koronavirus pandemiyasına baxmayaraq qanunverici orqan cəmiyyətdə, siyasi proseslərdə oynadığı rolu daha da gücləndirib. Altıncı çağırış Milli Məclisin ilk yarım ildəki fəaliyyəti, ölkəmizin qanunvericilik bazasının gücləndirilməsi istiqamətində atdığı addımlar bunu deməyə tam əsas verir”.

 

Bu sözləri Modern.az-a  Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

 

O xatırladıb ki, ötən ilin noyabrın 28-də Milli Məclis buraxılıb və bu ilin fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib: "Qanunverici orqanın buraxılaraq növbədənkənar seçkilərin təyin olunması Azərbaycan tarixində ilk dəfə idi ki, baş verirdi. Bundan əvvəl heç vaxt ölkəmizdə parlament buraxılmamışdı. Belə bir qərarın verilməsi Azərbaycanda aparılan geniş struktur islahatların tərkib hissəsi olmaqla yanaşı, cəmiyyətdə də müsbət qarşılandı, vətəndaşlarımız tərəfindən dəstəkləndi”.

 

Ü.Quliyev deyib ki, altıncı çağırış Milli Məclisə seçkilərin təbliğat-təşviqat kampaniyası da əvvəlki seçkilərdən tam fərqli formada keçib: "Deputatlığa namizədlər təbliğat-təşviqat kampaniyasını müasir dövrün çağırışlarına uyğun səviyyədə, ən son texnologiyalardan istifadə etməklə apardılar. Eyni zamanda vətəndaşlarımız çox böyük fəallıq göstərdilər”.

 

O qeyd edib ki, ölkə qanunvericiliyinə və beynəlxalq standartlara tam uyğun formada baş tutan parlament seçkiləri nəticəsində qanunverici orqanın tərkibi əsaslı şəkildə yenilənib. Ü.Quliyev vurğulayıb ki, Milli Məclisə xeyli sayda gənc üzv seçilib: "Yeni deputatların əksəriyyəti gənclərdir. Onlar yüksək səviyyədə təhsil alıblar, bir neçə xarici dil bilirlər, dünyada gedən proseslərdən məlumatlıdırlar, hadisələrə operativ və adekvat reaksiya verə bilirlər. Gənc deputatların enerjisi işin keyfiyyətinə müsbət təsir göstərir. Ən əsası isə onlar milli ruhda böyüyüblər, vətənpərvərdilər, dövlətçiliyə və cənab Prezidentin siyasi kursuna sadiqdirlər, ölkəmizdəki inkişafı qiymətləndirə bilirlər”.

 

Deputat hesab edir ki, altıncı çağırış Milli Məclisin elə ilk iclasında qəbul edilən qərarlar növbədənkənar seçkinin keçirilməsinin nə qədər doğru addım olduğunu təsdiqləyib: "Əvvəla, Milli Məclisin tarixində ilk dəfə sədr vəzifəsinə xanım seçildi. Sahibə Qafarova böyük səs çoxluğu ilə parlamentin spikeri vəzifəsinə seçildi. Bundan başqa, yenə Azərbaycan tarixində ilk dəfə olaraq Milli Məclis rəhbərliyində həm hakim partiya, həm qanunverici orqanda azlıqda olan müxalifət partiyaları, həm də bitərəf deputatların nümayəndəsi təmsil olundu. Yeni Azərbaycan Partiyasının üzvləri Sahibə Qafarova və Əli Hüseynli parlamentin sədri və sədrin birinci müavini seçildilər. Müxalifəti təmsil edən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli və bitərəf həmkarımız Adil Əliyev isə Milli Məclis sədrinin digər müavinləri oldular. Beləliklə qanunverici orqanın rəhbərliyində həm hakim və müxalifət partiyaları, həm də bitərəf deputatlar təmsil olundular.

 

Lakin altıncı çağırış Milli Məclisin etdiyi yeniliklər bununla bitmədi. Parlamentin komitə sədri və sədr müavinləri vəzifəsinə də həm hakim partiyanın, həm müxalifət partiyalarının üzvü olan, həm də bitərəf deputatlar seçildilər. Bu da ilk dəfə idi”.

 

Ülvi Quliyev hesab edir ki, altıncı çağırış Milli Məclisin uğurlu fəaliyyət göstərməsinin, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməsinin əsas səbəbi Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrlə bağlıdır: "Cənab Prezident altıncı çağırış Milli Məclisin birinci iclasında iştirak etdi və nitq söylədi. Dövlət başçısı Milli Məclisin qarşısında duran əsas vəzifələri açıqladı, deputatın necə fəaliyyət göstərməli olduğunu, beynəlxalq təşkilatlarda təmsilçiliyin uğurlu olmasının yollarını aydın formada göstərdi, tövsiyələrini verdi. Prezident İlham Əliyev həm də qanunverici orqanın siyasi sistemdə rolunun gücləndirlməsinin vacibliyini diqqətə çatdırdı. Mən də daxil olmaqla bütün deputat həmkarlarım işimizi cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun qurmuşuq. Hesab edirəm ki, altıncı çağırış Milli Məclisin ilk yarım ildəki fəaliyyətinin uğurlu olması bununla bağlıdır”.

 

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatlar, o cümlədən Prezident Administrasiyası və Milli Məclis Aparatında həyata keçirilən ciddi struktur islahatları qanunverici orqanın daha səmərəli və effektiv fəaliyyət göstərməsinə münbit şərait yaradıb: "Son struktur islahatlarından sonra Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi, Milli Məclisdə isə İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi yaradılıb. Bu isə icra və qanunverici orqan arasında əlaqələrin daha səmərəli qurulmasına imkan verir, qanun yaradıcılığı və qanunvericiliyin təkmilləşdirilməsi işini sürətləndirir. İndi deputatlar, deputat köməkçiləri yerlərdə olan məsələləri, problemləri icra hakimiyyəti orqanının diqqətinə daha operativ formada çatdıra bilirlər. İcra hakimiyyəti orqanı da deputatların qaldırdığı məsələlərə eyni həssaslıqla yanaşır”.

 

Deputat söyləyib ki, qanunverici orqanın hazırkı tərkibdə fəaliyyətə başlaması dünyada, o cümlədən Azərbaycanda koronavirus pandemiyasının yayıldığı dövrə təsadüf etdi: "Martın 10-da altıncı çağırış Milli Məclisinin ilk iclası keçirildi. Martın ortalarında Azərbaycanda koronavirusa yoluxma halları artdı və ölkəmizdə xüsusi karantin rejimi tətbiq olundu. Buna baxmayaraq Milli Məclisin fəaliyyətində fasilə yaranmadı. Parlament pandemiya ilə mübarizə sahəsində üzərinə düşən missiyanı yerinə yetirdi, qanunvericiliyə zəruri olan əlavə və dəyişikliklər edildi. Qanunvericiliyin təkmil olması dövlət qurumlarının pandemiya ilə effektiv mübarizə aparmasını təmin etdi.

 

Parlament pandemiya dövründə yalnız qanunvericiliyin təkmilləşdirilməsi ilə məşğul olmayıb, deputatlar vətəndaşları videoformatda qəbul ediblər, Milli Məclisin komitə iclasları onlayın formada baş tutub. Eyni zamanda deputatlar sosial şəbəkələrdə fəallıq göstəriblər, dövlətin koronavirusla mübarizə sahəsində həyata keçirdiyi işləri seçicilərin diqqətinə çatdırıblar, onları maraqlandıran sualları cavablandırıblar. Bu da o deməkdir ki, Milli Məclis pandemiya dövründə informasiya texnologiyalarından geniş istifadə edib”.

 

O, Milli Məclisdə tətbiq olunan yeniliklərdən də danışıb: "Hər plenar iclasda cari məsələlərin müzakirəsinə geniş vaxt ayrılır. Bütün deputatlara şərait yaradılır ki, seçicilərin problemlərini, istək və arzularını çatdırsınlar. Bundan başqa əvvəllər qanun layihələrini yalnız komitə sədrləri və müavinləri təqdim edirdi. İndi isə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi və digər bir neçə komitə çox gözəl bir təcrübə tətbiq edirlər. Bu komitələrdən keçən qanun layihələrini həm də gənc deputatlar təqdim edirlər. Bu da onların formalaşması, təcrübə toplamaları, cəmiyyətdə tanınmaları üçün çox vacib addımdır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!