Deputatlar Latviyanın Azərbaycandakı səfirilə görüşüblər

2020-06-05 14:25:05 / 1362 dəfə oxunub

Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Latviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançs ilə görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, görüşü giriş sözü ilə açan işçi qrupun rəhbəri, Milli Məclisin deputatı Kamran Bayramov qonaqları salamlayıb, ötən ilin noyabr ayında Milli Məclisdə Latviya səfiri ilə keçirilmiş görüşü xatırladıb, həmin görüşdən keçmiş müddət ərzində ölkəmizin siyasi həyatında bir çox dəyişikliklərin baş verdiyini, Azərbaycanda həyata keçirilən islahatlar çərçivəsində bu il fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərin keçirildiyini bildirib, nəticədə parlamentin yeni tərkibinin formalaşdırıldığını, parlamentlərarası əlaqələr üzrə işçi qrupların komplektləşdirildiyini, o cümlədən Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvlərinin sayının artdığını diqqətə çatdırıb.

 

Sözü götürən Latviyanın səfiri iki ölkə arasında bərqərar olunmuş əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib, ötən dövr ərzində səfirik tərəfindən görülmüş işlər barədə məlumat vermiş, səfirliyin xətti ilə Bakı şəhərində bir sıra mədəni tədbirlərin təşkil edildiyini qeyd edib.

 

İki ölkənin yerli icra və özünüidarəetmə orqanları arasında əməkdaşlığa toxunan səfir bu sahədə bir çox işlərin görüldüyünü, bu sahəyə Latviya tərəfindən böyük əhəmiyyət verdiyini bildirib, hal-hazırda ölkəsinin müvafiq bölgələrinin Şəmkir və Bərdə rayonları ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində addımların atıldığını vurğulayıb.

 

Eyni zamanda, səfir Latviyada koronavirus pandemiyası ilə mübarizə sahəsində atılmış addımlar barədə bəhs edib, bununla bağlı pandemiyanın ölkəmizə təsiri ilə bağlı maraqlanıb.

 

K.Bayramov 28 may - Respublika günü münasibətilə Azərbaycan xalqına Azərbaycan dilində ünvanladığı videotəbrikə görə səfirə minnətdarlığını bildirərək Latviya səfirliyinin ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib, mədəni əməkdaşlıqla bağlı səfirin ilk bölgə səfərini Latviyanın "Kamolinş” rəqs qrupunun konsertini izləmək üçün Şəmkirə etdiyini xatırladıb, bu kimi tədbirlərin digər sahələrlə yanaşı hər iki xalqın maraqlarına xidmət etdiyini bildirib.

 

Ölkəmizin Latviya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdıran K.Bayramov, bu ökənin həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanı dəstəklədiyini qeyd edib, martın 31-də Latviyanın Xarici İşlər Nazirliyi tərəfindən qondarma "DQR”-da qondarma seçkilərin tanınmaması barədə verdiyi bəyanata görə Səfirə minnətdarlığını bildirib, Xocalı soyqırımı ilə bağlı həm Latviya Seymində, həm də Latviyanın deputatlarının təşəbbüsü ilə Avropa Parlamentində qəbul edilmiş müvafiq bəyanatları xatırladıb. Pandemiyanın ölkəmizə təsiri ilə bağlı Səfirin sualını cavablandıran K.Bayramov bu sahədə vəziyyətin nəzarət altında olduğunu bildirib, pandemiyanın həm vətəndaşlara, həm də sahibkarlara vurulmuş ziyanın ödənilməsi məqsədilə Hökumət tərəfindən görülmüş ardıcıl və təsirli tədbirlər barədə qısa məlumat verib.

 

Görüşdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Fatma Yıldırım, Malik Həsənov, Şahin İsmayılov və Emin Hacıyev iştirak ediblər.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!