Bəhruz Məmmədov problemləri dilə gətirdi

2020-06-05 15:51:29 / 1604 dəfə oxunub

Hörmətli seçicilər, əziz dostlar,
Parlamentin növbədənkənar sessiyasının bu gün plenar iclasında çıxış etdim və 3 istiqamətdə narahatlığımı bildirdim. Çıxışın məzmununu Sizinlə bölüşürəm:

Son 2 gündə Biləsuvar rayonun Arazbarı, Səmədabad, Nərimankənd, Nəsimikənd, Ağayrı, Günəşli, İsmətli, Aranlı, Çinarlı və Çaylı kəndlərində qəbullar keçirdim və bir daha aydın oldu ki, həmin kəndlər də daxil olmaqla Biləsuvar rayonunda içməli su və suvarma suyu çatışmazlığı kəskin formada hiss edilməkdədir. Bəzi əkin sahələri və kəndlərin demək olar ki, hamısında həyətyanı sahələrin suvarılmasında problemlər var və bunun rayon və ya regional səviyyədə həlli mümkün deyil. Bundan başqa mövcud su ehtiyatları drenaj-kollektor sisteminin yetərli olmaması yaxud pis vəziyyətdə olması ucbatından itkiyə gedir, habelə bu vəziyyət torpaqlarda ciddi şoranlaşma və səhralaşmaya səbəb olur. Habelə, saydığım bütün kəndlərdə insanların örüş sahələrindən məhrum olması ciddi problemə çevrilib. Habelə, təhsil və səhiyyə obyektlərində ciddi təmir tikinti işlərinin aparılmasına , habelə kadr təminatına ehtiyac var. Bu sadaladığım məsələlərlə bağlı rəsmi məktubumu yaxın günlərdə aidiyyatı strukturlara ünvanlayacağam.
İkinci məsələ, cənab Prezident Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışı zamanı, xəritədə Sisyanın əsl adının Qarakilsə olması və xəritədə düzəliş edilməsinə dair irad və tapşırıqları hesab edirəm ki, həqiqətlərin və tarixi ədalətin bərpası istiqamətində son 10 gündə ikinci dəfə mühim diplomatik həmlə idi. Lakinx məni təəssüfləndirən məqam bundan ibarətdir ki, cənab Prezidentin qeyd etdiyi bu ana xətt tutulmaqdansa, ölkədə bəzi media orqanları, bəzi siyasilər dövlət əhəmiyyətli, tarixi ədalətin bərpasına yönəlmiş milli siyasi xətti dəstəkləməkdənsə, bu məsələləri ayrı-ayrı dəyərli tarixi şəxsiyyətlərimizə hücum kimi təqdim etməyə çalışırlar. Əgər belə həssas məsələdə bizdən kimsə fərqli və təxribatçı çıxışlar edəcəksə, vahid mövqe nümayiş etdirə bilməyəcəyiksə dünya bizə nə deyər? Hesab edirəm ki, tarixi ərazilərimizə dair dövlət başçısının fikirlərini başqa cür qiymətləndirmək, "hakimiyyət uğrunda mübarizə”nin alətinə çevirmək siyasi əxlaqa sığmır, mənəvi deqradasiyadır.
Məni narahat edən növbəti məsələ sosial şəbəkələrlə bağlıdır. Bu gün Azərbaycanda sosial qaragüruh ucbatından bizim ziyalılarımızın azadlıqları, o cümlədən rəyində qalmaq hüququ pozulmaqdadır. İnsanlar artıq sosial şəbəkədə trolların, müəyyən dairələrdən qodalanan və idarə olunan "şəxs"lərin hücumları ucbatından öz rəylərini, fikirlərini rahat formada deyə bilmir. Hesab edirəm ki, bununla da bağlı artıq konkret tədbirlər görülməlidir və mən də öz təkliflərimi yazılı olaraq təqdim edəcəyəm.

Bəhruz Məmmədov 
Milli Məclisin deputatı

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!