Müxtəlif heyvan növləri arasındakı dostluqlar

2020-06-07 19:43:45 / 19735 dəfə oxunub
İtlə bəbirin, pişiklə ördək balalarının, hətta ilanla dağ siçanının da dostcasına bir arada olduğu videolar sosial şəbəkələrdə hamımızın rastına çıxır və çox sevilir. Bu nədir - əcaiblik, yoxsa təbiətin şıltaqlığı? Yoxsa bunun hansısa bir elmi izahı var? Növlər arasındakı dostluqlar, ələlxüsus da daha qeyri-adi olanları bizi heyran edir. Bəzi heyvanların onlara heç uyğun gəlməyən, bəzən hətta çox təhlükəli olan digər heyvan növləriylə dostlaşmasının, bəzi hallarda isə az qala flirt etməsinin səbəbi nədir?

Valideynlik borcu

Bəzən bu, qarşısıalınmaz valideynlik instinktidir. Məsələn, qoruqda iki yaşlı şimpanze Ancana analarından ayrı düşmüş ağ pələng balaları Mitra və Şivanın qeydinə qalmağa başlayıb. Bəzən də yetim qalmış (insanlara aid hallarda dediyimiz kimi - dərd ortaqları) balalar bir-biriylə yaxınlaşır: Montana ştatında yerləşən Somerset qoruğundakı Pinat adlı su samuru və Annabel adlı şir balası kimi... Bu yumşaq davranış istənilən növə aid balanın hətta yırtıcılar arasında da qayğıkeş bir ana tapacağına təminat verir. Balanı böyütmək və müdafiə etmək instinkti növlərarası fərqi də, yırtıcılıq instinktini də üstələyə bilir.

Oyunlar və birgə keçirilən asudə vaxt

Florida ştatındakı qoruqda zürafə Bi və dəvəquşu Vilmanı bir ağıla salıblar və düşünüblər ki, bu iki fərqli canlı bir-birinə yaxın getməz. Ancaq tam tərsi baş verib - Bi və Vilma möhkəm dostlaşıblar.
San-Dieqo zooparkında qonşu ağıllarda yaşayan canavar və iki keçi birlikdə hasar boyu qaçıb istirahət etməyi xoşlayırlar.Ünsiyyət və birgə aktivlikfürsəti bilinməyən təhlükəni üstələyəndə sosial heyvanlar başqa növə qarşı instinktiv qorxu hissini üstələyə bilirlər.

Müdafiə və qayğı

Massaçusest ştatındakı fermalardan birində donuz Lulu kor inək Bebinin bələdçisinə çevrilib - onu ot olan yerlərə aparıb, heç nəyə ilişməməsinə səy göstərib. Amerikadakı başqa bir fermada qaz və şetland ponisi dostlaşıblar. Poni xəstələnəndə bu dostluq daha da möhkəmlənib: qaz tibbi yardım üçün ata yaxınlaşmaq istəyən hər kəsə hücum edib, qanadlarını çırparaq dostundan uzaqlaşdırmağa çalışıb. İnsanlar da daxil, ən müxtəlif canlıların balina və delfinlər tərəfindən xilas edilməsi barədə hekayələrinsə sayı-hesabı yoxdur. Heyvanların başqalarına kömək etmə səbəbi tam olaraq bilinmir: bəzi hallarda bu, yanlış indentifikasiyanın nəticəsi kimi ortaya çıxır - bir növ başqa bir növü özününkülərdən hesab edir. Ancaq qaz və poninin dostluğunda çətin ki, belə bir yanılma olmuş olsun. İnsanlara aid emosiyaları heyvanlara şamil etmək nə qədər təhlükəli olsa da, bəzi hallarda empatiya hissinin işə düşdüyünü deyə bilərik.

Əməkdaşlıq və qarşılıqlı dəstək

Dəvəquşları və zebraları eyni vaxtda müşahidə ediblər, çünki hər iki növ sürü halında gəzir və yırtıcıların hücumlarına məruz qalır. Gözləri zəif olan dəvəquşlarından fərqli olaraq zebraların görmə qabiliyyəti yaxşıdır, amma iybilmə hissləri zəifdir. Dəvəquşlarında isə bu xüsusiyyət yaxşı inkişaf edib. Ona görə də yaxın məsafədə otlamaları yırtıcılardan müdafiə məsələsində bir-birilərini tamamlamağa imkan verir. Daşdan yumşaq hər şeyi həzm-rabedən keçirən balyeyənlər (və ya keçəl porsuqlar) onlara arı yuvalarının yerini nişan verən, ağacdələnlər dəstəsinə aid balgöstərən quşunun xidmətlərindən məmnuniyyətl istifadə edirlər (Korporasiya hər iki tərəfə xidmət edir: bal - balyeyənə, dağıdılan arı yuvasının mumu - balgöstərənə çatır). Ola bilsin, bu dostluq pişiklə cücənin mehribanlığı qədər maraqlı görünmür, ancaq canlı aləmdə belə zirəklik nümunələri çoxdur. Təcrübə göstərir ki, düşmən tərəfə keçib onunla əməkdaşlıq etmək heyvanlara bir-birindən qarşılıqlı şəkildə faydalanmaq fürsəti yaradır.

Narahatlıq doğuran hallar..

Adətən, pişiklər və quşlar bir-birinə düşmən mövqedə olan növlərdir (Son zamanlar küçəyə buraxılan ev pişiklərini böyük miqdarda quşları məhv etməkdə günahlandırırlar - Red Ancaq Britaniyadakı Saffolke fermasında yaşayan Snoui adlı pişik tülkünün pəncəsindən zorla qurtulmuş cücəni övladlığa götürüb. Snoui onu yalayıb, qeydinə qalıb və bu gün onlar möhkəm dostdurlar. Rusiyada - Primorskdakı safari parkında Amur adlı pələng Timur adlı keçiylə dostlaşıb, halbuki bu keçini ona yem olaraq gətirmişdilər (Orda heyvanları həftədə iki dəfə canlı "ovla" yemləyirlər - yırtıcılıq instinktlərini itirməsinlər deyə). Ona qədər Amur keçiləri heç tərəddüd etmədən yeyirmiş, ancaq neyçünsə Timura münasibəti fərqli olub. Onlar birlikdə gəzməyə və hətta oynamağa başlayıblar. Təxminlərdən birinə görə, bu keçi ona gətirilən gün Amurda təklik hissi aclıq hissindən üstünüymüş. Digər bir ehtimala görəsə, keçini cəsarəti - pələngə dirəniş göstərməsi xilas edib. Bəlkə də bu, bir təsadüfüydü, şanslı Timur lazımi vaxtda lazımi yerdə peyda olmuşdu - yırtıcının təbii impulslarından biri səbəbi bilinmədən digərinə üstün gəlmişdi... (Timur artıq həyatda yoxdur. O, 2019-cu ilin sonlarında ölüb - xəstəlikdən. Hər halda safari parkının işçiləri belə deyirlər - red).



BBC

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!