Vüsal Tahirov: " Şəxsi heyətin hazırlıq vəziyyəti daim yüksək səviyyədə saxlanılır" - MÜSAHİBƏ

"Mülki müdafiə qoşunlarının 450 nəfər şəxsi heyyəti koronavirusla mübarizə tədbirlərinə cəlb olunub"

2020-06-10 09:48:49 / 4473 dəfə oxunub

Fövqləladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qoşun və qüvvələrin hazırlığı idarəsinin rəisi, polkovnik Vüsal Tahirovun Sabahinfo.az-a müsahibə verib.

- Hörmətli Vüsal müəllim, getdikcə artan fövqəladə hal riskləri şəraitində insanların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsində Mülki müdafiə qoşunlarının rolu durmadan artmaqdadır. Bu baxımdan Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının hazırki vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, Silahlı Qüvvələrin tərkib hissəsi olan Mülki müdafiə qoşunları Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin tərkibinə daxil edilmişdir. Mülki müdafiə qoşunları bu günədək ölkəmizdə və ölkəmizdən kənarda neçə-neçə fövqəladə hadisələrin və təbii fəlakətlərin qarşısının alınmasında, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında, əhalinin və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Mülki müdafiə qoşunlarında şəxsi heyətin hazırlıq vəziyyəti daim yüksək səviyyədə saxlanılır. İllik plana uyğun olaraq dərslər keçirilir, mütəmadi olaraq təlimlər və idman yarışları təşkil olunur. Şəxsi heyətin peşəkarlığının artırılması məqsədi ilə hərbi qulluqçularımız fövqəladə hallarla mübarizə sahəsində zəngin təcrübəsi olan ölkələrdə keçirilən müxtəlif seminar və təlimlərdə, beynəlxalq tədbirlərdə və tədris kurslarında iştirak edirlər. Eyni zamanda, hər il müəyyən sayda zabit təhsillərini artırmaq məqsədilə dövlət hesabına Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Akademiyasına göndərilir. Göstərilənləri və bir sıra digər amilləri nəzərə alaraq hesab edirəm ki, bu gün Mülki müdafiə qoşunlarında şəxsi heyətin hazırlıq vəziyyəti yüksək səviyyədədir.


- Aydın məsələdir ki, Azərbaycan fövqəladə hal riskinin yüksək olduğu ərazidə yerləşir. Belə olan halda Mülki müdafiə qoşunlarının maddi-texniki bazası yaranan risklərin qarşısını almağa imkan verirmi?

- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində bütövlükdə Fövqəladə Hallar Nazirliyinin, o cümlədən Mülki müdafiə qoşunlarının maddi-texniki bazası dövrün tələblərinə uyğun olaraq ən müasir texnika və avadanlıqlarla təmin olunmuşdur. Qeyd edilməlidir ki, Qoşunların istifadəsində olan texnika və xüsusi xilasetmə vasitələri beynəlxalq standartlara tam cavab verir və bu vasitələrin sazlığı və istismara yararlılığına daim xüsusi diqqət yetirilir. Baş vermiş irihəcmli fövqəladə hallar, o cümlədən zəlzələ, meşə yanğınları, sel və daşqın kimi fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı istifadə olunan texnika və avadanlıqlar ən mürəkkəb vəziyyətlərdə şəxsi heyətin xilasetmə əməliyyatlarını yüksək səviyyədə yerinə yetirməsinə şərait yaratmışdır. Qoşunların avtomobil parkı dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müxtəlif təyinatlı yük, qəza-xilasetmə, xüsusi təyinatlı avtomobillər; avtokran, su təmizləmə qurğuları, ekskavator, buldozer və digər maşın və mexanizmlərlə zənginləşdirilmişdir. Eyni zamanda, ötən dövr ərzində qoşunların balansında olan binalarda, ixtisaslaşan hərbi hissələrdə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Mülki müdafiə qoşunlarının hərbi hissələrində təşkil olunmuş tədbirlərdə dəfələrlə qonaq qismində iştirak etmiş xarici nümayəndələr və müxtəlif qurum rəsmiləri burada gördüklərindən məmnunluqlarını dilə gətirmişlər.

- Mülki müdafiə qoşunlarında şəxsi heyətin dərslik təminatı və bu dərsliklərdən istifadə necə həyata keçirilir?

- Qeyd etdiyim kimi, Mülki müdafiə qoşunları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkib hissəsi olaraq daim döyüş və peşəkar hazırlığını yüksək səviyyədə saxlayır. Tədris ili iki hissəyə bölünür: qış və yay tədris mövsümü. Tədris mövsümlərində tədris proqramına uyğun olaraq nəzəri dərslər və praktiki məşğələlər keçirilir. Dərslər əvvəlcədən hazırlanmış və təsdiqlənmiş plan-konspektlər əsasında keçirilir. Plan-konspektlər müxtəlif dərslik və ədəbiyyatlar, eləcə də əsasnamələr, nizamnamələr və müəyyən rəhbəredici sənədlər əsasında hazırlanır. Dərslərin keçirilməsində Silahlı Qüvvələrin nizamnamələrindən, hərbi qulluqçuların müxtəlif növ təminatları haqqında əsasnamələrdən, Mülki müdafiə qoşunları tərəfindən hazırlanmış və dərslik şəklində çap edilmiş metodiki tövsiyələrdən, eləcə də digər metodiki vəsaitlərdən istifadə olunur. Bu məqsədlə yaradılmış tədris sinifləri mövzuya uyğun ədəbiyyatlar, metodiki, eləcə də əyani vəsaitlərlə tam təmin edilmişdir.


Şəxsi heyətin hazırlığı həm praktiki, həm də nəzəri formada həyata keçirilir. Hazırlıq prosesində beynəlxalq təcrübəyə də əhəmiyyət verilir. İllik plana uyğun olaraq, bölük, tabor, hərbi hissə səviyyəsində mütəmadi olaraq taktiki-xüsusi və komanda-qərargah təlimləri keçirilir. Təlimlərdə şəxsi heyət həm praktiki olaraq çöl-səhra şəraitində və qəza zonalarında təxirəsalınmaz qəza-xilasetmə tədbirlərini simulyasiya qaydasında həyata keçirir, həm də qərargah səviyyəsində operativliyi təmin etmək, xəritədə işləmək, düzgün qərar qəbul etmək kimi bacarıqlara yiyələnir.

- Məlumdur ki, hərbi qulluqçuların mənəvi-psixoloji durumu onların xidmətlərinin keyfiyyətinə təsir edən əsas amillərdən biridir. Bu sahədə Mülki müdafiə qoşunlarında vəziyyət necədir?

- Mülki müdafiə qoşunlarında şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksək səviyyədə saxlanılmasına xüsusi əhəmiyyət verilir. Vətənə, millətə və dövlətə sədaqət ruhunda xidmət aparan hərbçilərimiz ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu milli vətənpərvərlik ideologiyasına sadiq olduqlarını hər an öz əməli fəaliyyətləri ilə nümayiş etdirirlər. Bu məqsədlə, Mülki müdafiə qoşunlarında Heydər Əliyev Muzeyi və hər bir hərbi hissədə Heydər Əliyev guşəsi yaradılmışdır. Muzeydə nümayiş etdirilən eksponatlar vasitəsilə xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Vətən qarşısında misilsiz xidmətləri haqda dəyərli məlumatlar şəxsi heyətə əyani surətdə təlqin olunur. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2011-ci il fevralın 23-də Mülki müdafiə qoşunlarında olmuş və döyüş bayrağını təqdim etmişdir. Bu təntənəli mərasim zamanı şəxsi heyət Ali Baş Komandan qarşısında əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan döyüş bayrağının göz bəbəyi kimi qoruyacağına, Vətənə, xalqa sədaqətlə xidmət edəcəyinə, Ali Baş Komandanın əmrlərinin icrasına daim hazır olacağına and içmişdir. Bu gün əminliklə deyə bilərik ki, şəxsi heyətin yüksək mənəvi-psixoloji durumu Ali Baş Komandan qarşısında verilmiş anda sədaqət nümayiş etdirməyə imkan verir. Əminliklə bildirirəm ki, Mülki müdafiə qoşunlarının hər bir hərbi qulluqçusu sülh vaxtı bir xilasedici kimi, müharibə vaxtı isə bir əsgər kimi Vətənin müdafiəsində durmağa tam hazırdır.


- İctimaiyyətə məlumdur ki, dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyi də ciddi fəaliyyət göstərir. Bu çərçivədə, Mülki müdafiə qoşunları Nazirliyin digər aidiyyəti strukturları ilə yanaşı hansı tədbirlər görür?

- Dünyada sürətlə yayılmaqda olan və böyük insan tələfatına gətirib çıxaran yeni növ koronavirus (COVİD-19) infeksiyası, təəssüf ki, ölkəmizdə də aşkarlandı. Lakin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan dövlətinin vaxtında atdığı addımlar koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının və acı fəsadlar törətməsinin qarşısının alınmasında böyük əhəmiyyət kəsb etmiş oldu. İlk günlərdən etibarən virusun yayılmasının qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi təxirəsalınmaz kompleks tədbirlərə nazirliyin bütün aidiyyəti qurumları ilə yanaşı Mülki müdafiə qoşunları də cəlb olundu. Belə ki, respublika ərazisində koronavirusun yayılmasının qarşısının alınması, ölkəyə daxil olan vətəndaşların qəbulu, çeşidlənməsi, yerləşdirilməsi və ilkin həyat fəaliyyətinin təmin edilməsi məqsədilə Astara, Biləsuvar, Balakən, Qazax, Qusar və Xaçmaz rayonlarının ərazilərində yerləşən sərhəd-keçid məntəqələrinin yaxınlığında qəbul-çeşidləmə məntəqələri yaradılaraq onların ciddi rejimdə fasiləsiz olaraq fəaliyyəti təmin edilmişdir. Mülki müdafiə qoşunlarının ümumilikdə 450 nəfər şəxsi heyəti bu tədbirlərə cəlb olunmuşdur. Təchizat baxımından isə bu tədbirlərin həyata keçirilməsinə qoşunlardan xeyli sayda müxtəlif təyinatlı texnika cəlb olunmuş, mobil tipli səhra hospitalları, səhra mətbəxləri, çadırlar qurulmuş, məntəqələr yataq dəstləri, generatorlar və işıqlandırma vasitələri ilə təchiz edilmiş, personal respiratorlar, müxtəlif təyinatlı kimyəvi mühafizə geyimləri və bakterioloji və kimyəvi təsirlərə qarşı mühafizə dəstləri ilə təmin edilmişlər.

Sabahinfo.az

Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!