Könül Nurullayeva: Dünya Prezident İlham Əliyevin bəşəriyyətin xilasına yönələn təşəbbüsünü dəstəklədi

2020-06-29 10:14:38 / 1702 dəfə oxunub

Dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi Azərbaycana olan etimadın göstəricisidir.

Bunu Sabahinfo.az-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, bu, eyni zamanda Prezident İlham Əliyevin qlobal liderliyi kimi dəyərləndirilməlidir: "Məlum olduğu kimi, ”COVİD-19” pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və effektiv addımlar atılır. Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım etmişdir. BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı da məhz Azərbaycanın təşəbbüsü ilə virusa qarşı mübarizədə həll yolları axtarmaq üçün bir araya gəldi".

Deputat qeyd edib ki, hazırda 130 dövlətin Azərbaycanın növbəti həmrəylik təşəbbüsünü təqdir etməsi Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyanın dəstəyidir:

"Məlumdur ki, əksər böyük dövlətlər və beynəlxalq təşkilatlar qlobal liderlik əvəzinə özünü təcridə üstünlük verdi. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. Halbuki belə mürəkkəb şəraitdə özünütəcrid və fikirayrılığı daha ciddi problemlərə yol aça bilər, humanitar fəlakətin miqyasını daha da genişləndirə bilər.

Gözlənildiyi kimi, bəşəriyyətin xilasına yönələn bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan oldu. İşğalçı ölkə bu davranışı ilə əslində növbəti dəfə özünün terrorçu və destruktiv mahiyyətini ortaya qoymuş oldu.

Çünki BMT-nin xüsusi sessiyası pandemiya qarşısında dünya ictimaiyyətinin səfərbər olunmasına hesablanıb. Ermənistan bu platformanın təşkilinə qarşı çıxmaqla faktiki koronavirus kimi bəşəri təhdidə qarşı qlobal cavabın tapılmasının əleyhinə çıxmış oldu. Məlumdur ki, vaksin tapılmayana qədər bütün dünya COVİD-19-la mübarizədə həmrəylik nümayiş etdirməli, həll yolları tapmalıdır.

Tarixə nəzər yetirsək, BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi - ən azı 97 ölkə təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil oluna bilər. Bu mənada Azərbaycan həm də bəşəriyyətin xilasına çalışan dövlət kimi tarixə düşdü".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!