Ülvi QULİYEV: “Koronavirusla mübarizənin hazırkı mərhələsində uğurumuz “Biz birlikdə güclüyük!” devizi ilə yola çıxmağımızdır” - MÜSAHİBƏ

2020-06-29 10:31:28 / 4136 dəfə oxunub

Milli Məclisin Gənclər və İdman və Səhiyyə Komitələrinin üzvü deputat Ülvi Quliyev SABAHİNFO.AZ saytına müsahibə verib. Müsahibəsində əsas diqqəti COVID-19 virusu ilə həyata keçirilən tədbirlərə, sərt karantin rejimi və dövlətin bu istiqamətdə atdığı addımlara yönəldən Ülvi Quliyev vətəndaşları virusla mübarizədə daha ciddi, mühafizəkar olmağa çağırıb.

- Ülvi müəllim, COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün hökumət tərəfindən Bakı ilə yanaşı, bir sıra rayonlarda sərt karantin rejimi tətbiq olunub. Ancaq buna baxmayaraq, yoluxma halları daha da çoxalıb. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Pandemiya elan olunandan bütün dünyada həyata keçirilən tədbirlərə adekvat olaraq ölkəmizdə də zəruri işlər görülməyə başlanıldı. Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan hökumətinin sıx əməkdaşlığı nəticəsində bir sıra önləyici addımlar atıldı. Eyni zamanda cənab Prezident İlham Əliyevin 
göstərişinə əsasən pandemiya dövründə əhalinin, xüsusən də aztəminatlı təbəqənin zəruri ehtiyaclarının qarşılanması məqsədilə milyardlarla manat vəsait ayrıldı. Cənab Prezidentin təşəbbüsü ilə Koronavirusla Mübarizə Fondu da yaradıldı. Bu gün bu fondda kifayət qədər - 114 milyon manatdan çox vəsait toplanıb. Onu da nəzərinizə çatdırım ki, hələlik hökumət həmin vəsaitdən istifadə etməyib, dövlətin öz imkanlarından istifadə olunmaqdadır. Prezidentimizin fondun yaradılması ilə bağlı təşəbbüsü ilk növbədə cəmiyyətə "Biz birlikdə güclüyük!” fikrinin ismarıcı idi. Həqiqətən də koronavirusla mübarizədən daha az itki ilə çıxa bilməyimizin yeganə doğru yolu həmrəyliyimizdən, hər birimizin sağlamlığa həssas yanaşmağımızdan, bir-birimizi qorumaqdan keçir. Bildiyiniz kimi, dövlət başçısı Azərbaycanda modul tipli xəstəxanaların tikilməsi ilə bağlı dövlət büdcəsindən vəsait ayırdı. Artıq bu xəstəxanalardan bir neçəsi tikilib istifadəyə verilib. Bütün bunlar dövlət başçısının Azərbaycan vətəndaşına verdiyi yüksək qiymətdən irəli gəlir. Şişirtmədən qeyd etməyi vacib bilirəm ki, bu, milli təhlükəsizlik məsələsidir. Düşünürəm ki, koronavirusla mübarizənin hazırkı mərhələsində əldə etdiyimiz ən önəmli uğur əsas etibarı ilə bu birliyə nail ola bilməyimizdir. İlk karantin dövründə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən 100 minlərlə vətəndaşımıza ərzaq və dezinfeksiya vasitələri ilə bağlı yardımın göstərilməsi, bu prosesə bütövlükdə vətəndaş cəmiyyətinin qoşulması həmrəyliyimizin nümayişi idi. Bu səbəbdən ilkin mərhələdə virusla mübarizədə müsbət dinamikaya nail olundu. Statistika nəzərə alınıb, karantin rejimində müəyyən yumşalmalara gedildi. Çox təəssüf ki, bundan sonra virusa yoluxmalarda artım baş verdi. Bu üzdən hökumət sərt karantin rejiminin tətbiq olunması ilə bağlı qərar verdi. Belə bir qərar labüd idi. Əvvəlcədən də bildirilmişdi ki, əgər yoluxmalarda artım baş verərsə, karantin rejimi yenidən sərtləşdiriləcək. Yoluxmada artımın baş vermə səbəblərinə gəldikdə isə, onlar müxtəlifdir. İnternet dövründə yaşayırıq. İnsanların dünya məlumatlarına çıxışı xeyli asanlaşıb. Vətəndaşlarımız görürlər ki, ilk karantin dövründə beynəlxalq səviyyəli qurumlar, mütəxəssislər tərəfindən gah deyildi ki, tibbi maskaları mütləq taxmaq lazımdır, gah da bizlərə təlqin edildi ki, əksinə, bu zərərlidir. Ən inkişaf etmiş dünya dövlətlərinin bəziləri ÜST-ün bəzi tövsiyələrini şübhə altına aldı. İsveç, Belarus kimi dövlətlər karantin rejiminin tətbiqindən, ümumiyyətlə, imtina etdi. Bu cür fərqli mülahizə və yanaşmalar tək bizdə deyil, bir çox ölkələrdə vətəndaşların fərqli davranışlarına səbəb oldu. COVID-19-un dünyada yayıldığı ilk günlərdə dünya dövlətlərinin bu təhlükəyə fərqli yanaşması da səbəbsiz deyildi. Bu virus yeni növə aiddir, dünya təbabətinin onunla mübarizədə konkret təcrübəsi və tibbi mübarizə-müalicə vasitələri, vaksini hələ də yoxdur. Təəssüf ki, bütün bunlara görə, hətta dövlətin, hökumətin çağırış və tövsiyələrinə baxmayaraq, bizim cəmiyyətdə hələ də koronavirusa, təhlükənin ciddiliyinə inanmayan vətəndaşlar var. Bəziləri elə bilir ki, bu virus adi qripdir. Biz onlara izah edirik ki, bu virusun yayılma tendensiyası digərlərindən fərqlənir, bunun masştabı daha genişdir. Bu yöndə istər hökumət qurumları, istər deputatlar, istər ictimai təşkilatlar və mətbuat davamlı iş aparsaq da, təəssüf ki, bir çox vətəndaşlarımız qeyri-ciddi davranışından, yanaşmasından əl çəkmir, tibbi maskalardan istifadə etmir, sosial məsafəni gözləmir, dezinfeksiya qaydalarına biganə yanaşır. Bu səbəbdən məcbur olub İnzibati Xətalar və Cinayət Məcəllələrinə əlavə və dəyişikliklər etdik. Bu tədbirlər də zərurətdən və real vəziyyətdən doğurdu. Cənab Prezident bu günlərdə Gəncədə səfərdə olarkən xüsusi vurğuladı ki, karonavirusla mübarizədə dövlətin üzərinə düşən bütün məsələlər öz həllini tapır. Bu sahəyə ciddi dövlət nəzarəti həyata keçirilir. Lakin görünən odur ki, ictimai nəzarət gücləndirilməlidir, ictimai qınaq faktorunu əsas mübarizə üsuluna çevirməyi bacarmalıyıq. Əgər doğmalarımızın, özümüzün sağlamlığı, xalqımızın və millətimizin təhlükəsizliyi bizim üçün həqiqətən dəyərlidirsə, ictimai qınaqda hər birimiz fəal olmalıyıq. Tanıdıq-tanımadıq maskalardan, dezinfeksiya vasitələrindən istifadəni, sosial məsafənin gözlənilməsini, karantin rejimi qaydalarına əməl olunmasını bir-birimizdən tələb etməliyik, bundan utanmamalıyıq, biganə qalmamalıyıq.

- Ülvi müəllim, koronavirusun hələ də bir siyasət olduğunu düşünənlər də var...

- Hər bir halda virusun sağlamlığımız, həyatımız üçün ciddi bir təhlükənin varlığı faktdır və ortadadır. Əgər inkubasiya dövründə lazımi addımlar atılarsa, virusdan yaxa qurtarmaq mümkündür. Koronavirus onu nəfəslə içəri aldığımız zaman və ya üstündə virus olan əşyaya toxunduğunuz zaman daxili orqanlara keçə bilir. Bu virus ilk növbədə boğaz, tənəffüs yolları və ciyərdə yerləşən hüceyrələrə yoluxur, orqanizmdə qaldıqca yeni virus massivi yaradır. Eyni zamanda koronavirusa yoluxma zamanı ağciyərlərdə fibroz toxumaları inkişaf edir, bu toxumalar ağciyəri qapadır. Tənəffüs prosesi pozulur, ölümlə nəticələnir. Bütün bunları kimlərisə qorxutmaq üçün söyləmirəm. Tibbi təhsilim olduğu üçün anlaşılan dildə insanlarımıza çatdırmaq istəyirəm ki, bu virus həqiqətən də hər birimiz üçün ciddi təhlükə mənbəyidir.

- Tibb elmi bu məsələdə hələ də öz acizliyini göstərir. Vaksin hələ də tapılmayıb...

- Deməzdim ki, tibb elmi bu məsələdə aciz qalıb. COVID-19 vaksininin tapılması yönündə Yaponiya, Rusiya, Türkiyə, Almaniya və bir çox ölkələrdə addımlar atılır. Dünyanın bir sıra tibb ocaqlarında, eləcə də tibb sahəsi üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlarda ciddi iş aparılır. Bir məsələni bilmək vacibdir. COVID-19 virusun yeni formasıdır. İndiyədək bu virusun SARS, MERS və s. formaları olub. Hazırda koronavirusun müalicəsi üçün virus əleyhinə olan bir sıra dərmanlardan istifadə olunur. Ancaq konkret olaraq COVID-19- la bağlı nə vaksin, nə də dərman yoxdur. Yeni vaksinin, dərmanın tapılması, klinik yoxlamadan keçməsi, tətbiqi üçün vaxta ehtiyac var. İnşallah ki, qısa zamanda bu vaksin tapılacaq və tətbiq olunacaq.

- Millət vəkili tək, seçici çox. Siz bir millət vəkili kimi seçicilərinizi koronavirusla mübarizə sahəsində necə maarifləndirirsiniz?

- Mən artıq ikinci dəfədir ki, 15 Saylı Yasamal I Seçki Dairəsindən deputat seçilirəm. Dairədə bizim böyük işçi kontingentimiz var. Burada könüllülər, bizə yaxın olan dostlar və digər seçicilər var. Bu ağır dönəmdə bir millət vəkili kimi mən də seçicilərimin yanımda oldum. Ehtiyacı olan ailələrə ərzaq yardımları edildi. Bununla yanaşı, maarifləndirmə işini davamlı olaraq həyata keçiririk. Seçicilərimə Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində hərəkət etməyi, sosial məsafə və maskalardan istifadəyə dair təlimatlar veririk.

- Milli Məclisin yaz sessiyası başa çatıb. Artıq növbədənkənar sessiyalar keçirilir. VI çağırış Milli Məclisin fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Yeni formalaşan Milli Məclisdə gənc həmkarlarımız çoxluq təşkil edir. Onlar digər həmkarlarımız kimi fəal, təhsilli və işə məsuliyyətlə yanaşır ki, bütün bunlar ümumi işə öz müsbət təsirini göstərir. Bir çox hallarda komitə iclaslarında qanun layihələrinin təqdimatı gənc deputatlara həvalə edilir. Belə bir addımın atılması onların böyük təcrübə qazanmasına şərait yaradır. Hər zamankı kimi cari məsələlərə xüsusi yer ayrılır. Hər bir deputat çıxış edir, seçicilərinin problemlərini dilə gətirir. VI çağırış Milli Məclisin ilk iclasında iştirak edən dövlət başçısı cənab İlham Əliyev çıxışı zamanı Milli Məclisin fəaliyyətinə yüksək qiymət verdi. Eyni zamanda cənab Prezident fəaliyyətimiz üçün yol xəritəsi cızdı. Dövlət başçısı çıxışında bir sıra məqamlara xüsusi diqqət ayırdı. Bildirdi ki, Milli Məclisdə istər iqtisadi, istər sosial, gənclər sahəsində həyata keçirilən işlərə xüsusi diqqət ayrılmalıdır. Gənclərlə bağlı qanunverici baza daha da təkmilləşdirilməlidir. Qanunlara nəzarət mexanizmini Milli Məclis öz üzərinə götürməlidir. Bu gün bir sıra qanunlar qəbul olunur. Ancaq baxırsan ki, qəbul olunan qanunlar müəyyən mənada işləmir. Bunlar cəmiyyətdə müəyyən fikirlərin formalaşmasına gətirib çıxarır. Bu kimi halların olmaması üçün ictimai nəzarət olmalıdır. Bunu da millət vəkilləri olaraq biz etməliyik. Bildiyiniz kimi, hər bir deputat 40 min seçicini təmsil edir. Onların problemlərini dilə gətirir. Bu problemlərin həlli üçün aidiyyəti qurumlara müraciətlər edir. Biz bununla yanaşı, qanunlarımızla bağlı seçicilərimizi maarifləndirməliyik və bu proses artıq gedir. İstər sosial şəbəkələr, istər KİV, istərsə də seçicilərimizlə görüşlərdə bu proses davamlı olaraq həyata keçirilir.

Bütün bunlarla yanaşı, Milli Məclisin Aparatında ciddi islahatlar həyata keçirilib. Bir sıra yeni şöbələr yaradılıb ki, bu şöbələrin yaradılması ümumi işin xeyrinədir.

Ədil ƏDİLZADƏ


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!