Baş prokuror Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

2020-07-03 16:56:31 / 3684 dəfə oxunub

İyulun 3-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sabahinfo.az-a bildirilib ki, qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycanla Türkiyə arasında ənənəvi dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, dövlətlərimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığı haqqında danışmışdır.

Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamı ilə ifadə edildiyi, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi qeyd etmişdir.

Baş prokuror dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışaraq cinayətkarlıqla mübarizədə, xüsusən də korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla, habelə Türkiyə Respublikasının ixtisaslaşmış qurumları ilə əməkdaşlığın əhəmiyyətini vurğulamaqla prokurorluq əməkdaşlarının ümumi peşə hazırlığının artırılması və təcrübə mübadiləsinin aparılması məqsədi ilə Türkiyə dövlətinin müvafiq qurumları və təhsil müəssisələri ilə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verildiyini vurğulamışdır.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Erkan Özoral ikitərəfli münasibətlərə toxunaraq Türkiyənin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulamış, dövlətlərimiz arasında strateji münasibətlərin mövcudluğu və bunun məntiqi nəticəsi kimi, xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə hərtərəfli dəstək verməsini xüsusi qeyd edərək ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyaraq Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqləyıb və hər zaman Azərbaycan dövlətini dəstəklədiyini bildirmişdir.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!