"Pandemiya dövründə dövlətimiz bütün imkanlarını səfərbər edir"

2020-07-09 14:55:17 / 3863 dəfə oxunub

Bildiyimiz kimi,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq tapşırıqlarına əsasən ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb ki, onlardan bir neçəsinin  açılışı artıq reallaşıbdır. İkisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi davam edir. 06 iyul tarixində  prezident İlham Əliyev  və I vitse-prezident Mehriban xanım Əliyeva  Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak etdilər. Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçımız ölkəmizin üç yerli televiziyasına müsahibə verdi. Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Bu dəfə isə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı konoravirusa yoluxanların müalicəsi üçün istifadəyə verildi. Bu cür yüksək səviyyəli modul tipli hospitalların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımı tibbi xidmətlərlə əhatə olunması üçün vahid iradəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.
Məlumdur ki, ölkəmiz dünya dövlətlərilə hər zaman əməkdaşlıq edib, dostluq münasibətlərini qoruyub saxlamağı bacarmışdır. Cənab Prezidentin də dediyi kimi 
bu günlərdə beynəlxalq əməkdaşlığa daha böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə lazımı addımları atır. Ölkəmizdə pandemiya ilə bağlı verilən bütün qərarlar insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə dövlətimiz bütün imkanlarını səfərbər edir ki, xalqımız bu vəziyyətdən az itkilərlə çıxa bilsin. Ölkəmiz pandemiyanın yarandığı ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdadır. Bu təşkilatın mütəxəssisləri ölkəmizə dəvət olundular, öz məsləhətlərini verdilər və o məsləhətlər əsasında bu gün bir çox zəruri addımlar atılır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bugünə qədər koronavirusla mübarizə istiqamətində görülmüş bütün işlərə yüksək qiymət verir və  təşkilatın nümayəndəliyi bu gün Azərbaycanda çox fəal iş aparır və bu xəstəliyin yayılmaması üçün əməli addımlar atır. Məlumdur ki, Covid19 pandemiyası dünya iqtisadiyyatına böyük zərbə vurub və Azərbaycan da dünya iqtisadiyyatının bir parçası olduğu üçün təbii ki, bu, bizim ökəmizdəki vəziyyətə də mənfi təsir göstərmişdir. İqtisadiyyatımızın böyük zərərə uğramasına baxmayaraq hər zaman cənab Prezidentimiz vurğulayır ki, "insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır”.  Pandemiyanın ölkə iqtisadiyyatına vurduğu zərərlərə baxmayaraq dövlətimizdə heç bir sosial layihə təxirə salınmadı, ixtisar edilmədi.  Cənab Prezidentimiz yerli televiziya kanallarımız müsahibəsində qeyd etdi ki, "bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Misal üçün, ən həssas təbəqəyə aid olan layihələr bu il daha böyük həcmdə icra edilir. Məsələn, bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcəkdir. Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək, adətən ildə təqribən 700-800 mənzil təqdim edilir. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Biz ünvanlı sosial yardım alanların sayını artırdıq. Bu rəqəm təqribən 85 minə yaxınlaşır - 85 min ailə, yəni, 300 mindən çox insan. Digər önəmli sosial layihələr icra edildi. Bildiyiniz kimi, işsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur və o vəsaitin bir hissəsi artıq xərclənib. Ona görə biz nə qədər vəsait lazımdırsa, o qədər də ayıracağıq ”. Ölkə başçısı müsahibəsində son zamanlar neftin qiymətinin düşməsi ilə bağlı məsələyə də toxunub. O qeyd edib ki, "Əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə olarsa, biz istər-istəməz investisiya xərclərimizi azaltmalı olacağıq. Belə olan halda işsizlik artacaq. Biz məcbur olub sosial xərcləri ixtisar edəcəyik və insanlar bundan əziyyət çəkəcəklər. Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.
Azərbaycan pandemiya ilə mübarizədə indiyə qədər 30-dan çox ölkələrə humanitar yardım göstərib. Edilən yardımların işıqlandırılmaması onu deməyə əsas verir ki, dövlətimiz bu yardımları piar üçün deyil, ölkələrə həmrəylik borcu kimi edibdir. Dövlətimizin digər ölkələrə bu cür jestləri ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirir. Ölkə başçımız cənab İlham Əliyevin sayəsində Azərbaycan dünyada çox yüksək imicə malik bir ölkədir. Xatırladaq ki, ölkəmiz keçən ilin oktyabrından iki beynəlxalq təşkilata  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatına sədrlik edir. Ölkəmiz indiyə qədər beynəlxalq arenada bir sıra təşəbbüslər irəli sürmüşdür. Buna misal olaraq Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə toplantılarını misal göstərə bilərik.  Bu təşəbbüsləri Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirmək olar. Cənab Prezident bu təşkilatlara sədrliyindən danışarkən qeyd etdi ki, "Bakıda iki Zirvə görüşü keçirilmişdir. O vaxt mən bəyan etdim ki, biz sədr kimi fəal olacağıq, Qoşulmama Hərəkatına üzv ölkələrin maraqlarını dünya miqyasında müdafiə edəcəyik, ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Ona görə bu ağır bir dövrdə, əlbəttə, hesab etdim ki, Zirvə görüşlərinin keçirilməsinə də böyük ehtiyac var. Bildirməliyəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü yeni formatda - onlayn formatda ilk Zirvə görüşü idi. Ondan sonra digər təşkilatlar da buna oxşar addımlar atdılar. Qoşulmama Hərəkatına üzv ölkələrin və Türk Şurasının Zirvə görüşləri çox uğurlu keçdi. Qəbul edilmiş sənədlərdə Azərbaycanın bu təşəbbüsü və bu sahədə oynadığı rolu, həmrəyliyə hesablanmış addımları yüksək qiymət almışdır”.
Bildiyimiz kimi ölkə başçımız cənab İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Ermənistan isə bu təşəbbüsün əleyhinə səs verən yeganə ölkə olmuşdur. İşğalçı Ermənistan çalışdı ki, Azərbaycanın bu xoşməramlı təşəbbüsünün reallaşmasına əngəl törətsin. Ancaq bunu bacara bilmədi. Bununla da, özü özünü ifşa etmiş oldu. BMT-yə üzv olan 193 ölkədən 130-nun Azərbaycanın, onun Prezidentinin təşəbbüsünü dəstəkləməsi əlbətdəki tarixi hadisədir. Bu təşəbbüsün dəstəklənməsi dünya miqyaslı hadisə kimi qiymətləndirilməlidir. Çünki cənab Prezidentin təşəbbüsünün hər bir ölkə üçün böyük faydası var. Ona görə də, bu təşəbbüs müzakirə obyekti deyil. Müzakirə mövzusu odur ki, bu təşəbbüs Azərbaycan və onun Prezidenti tərəfindən irəli sürülüb. Cənab Prezidentin məlum təşəbbüsü dünyada imicimizi daha da artırır, ölkəmizin nüfuzunu yüksəldir, beynəlxalq arenada mövqeyimizi gücləndirir. Bu təşəbbüs həmçinin, Azərbaycanın dünya ölkələri ilə əlaqələrini də genişləndirir. Bu bir faktdır ki, dövlətimiz illərdir müstəqil siyasət aparır və ölkəmizin siyasətinə heç bir kənar qüvvənin təsir etməsinə icazə verilmir. Müxtəlif məqamlarda bunu dəfələrlə nümayiş etdirmişik. Ona görə də bu gün Azərbaycana olan rəğbət doğrudan da ən yüksək səviyyədədir. Cənab Prezidentimizin dediyi kimi: "bizim sözümüz imzamız qədər təsirlidir!”.
Azərbaycanın xarici siyasətinin əsas prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu istiqamətdə dövlətimiz diplomatik müstəvidə  uğurlu siyasət aparır. Ölkə başçımız hər zaman yerli və beynəlxalq çıxışlarında  bu mövzuya həssaslıqla yanaşır. Ötən gün yerli telekanallarımıza verdiyi müsahibəsində də cənab Prezident işğalçı Ermənistana qarşı mövqeyimizin dəyişilməz olduğunu, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını bir daha vurğuladı.  Ölkə başçımız onu da qeyd etd ki, "ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar bütün aparıcı beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda, o cümlədən son vaxtlarda açıq-aydın ifadələr işlədiblər, qərarlar, qətnamələr qəbul ediblər. BMT, onun Təhlükəsizlik Şurası, onun Baş Assambleyası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO və digər təşkilatlar qətnamələr qəbul ediblər. Yəni, bu, hüquqi müstəvidir, bizim mövqeyimizi tam möhkəmləndirən mənzərədir.  Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın!”
Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını bütün beynəlxalq platformalarda dünyaya çatdıran  Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə də tarixi bilikləri, mövzu ilə bağlı ortaya qoyduğu faktları və qətiyyətli mövqeyi ilə Azərbaycan Prezidentinin böyük lider olduğunu bir daha bütün dünyaya nümayiş etdirmişdir.


Lamiyə İsazadə,

"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” Birliyinin sədri

Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!