Prezident İlham Əliyev: Son illərdə Balakən rayonunda sosial-iqtisadi sahədə yaxşı inkişaf var

2020-07-30 20:01:23 / 4567 dəfə oxunub

Son illərdə Balakən rayonunda sosial-iqtisadi sahədə yaxşı inkişaf var.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Balakən regional "ASAN xidmət” mərkəzi ilə tanışlıqdan sonra ASAN könüllüləri ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün Balakən rayonunun həyatında çox əlamətdar bir gündür. Balakəndə "ASAN xidmət” mərkəzi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl mərkəzdir, həm xarici görünüşü gözəldir, təbii ki, daxili tərtibatı göz oxşayır. Üç il bundan əvvəl mən Balakəndə olanda "ABAD mərkəz”in açılışında iştirak etmişəm. İndi isə mənim göstərişimlə Balakəndə tikilən "ASAN xidmət” mərkəzinin açılışını qeyd edirik. Bu, Balakənə göstərilən diqqətin növbəti əlamətidir.

Rayonun inkişafı daim diqqət mərkəzindədir. Mən müntəzəm olaraq Balakən rayonuna gəlirəm, vəziyyətlə tanış oluram, müvafiq göstərişlər verirəm ki, rayonda işlər sürətlə getsin. Son illərdə Balakən rayonunda sosial-iqtisadi sahədə yaxşı inkişaf var. Bir çox sosial obyektlər inşa edilib. Mən bütün əsas sosial obyektlərin açılışlarında şəxsən iştirak etmişəm. Mərkəzi rayon xəstəxanası, Olimpiya mərkəzi, Gənclər mərkəzi, Mədəniyyət mərkəzi, bir çox məktəblər tikilib və əsaslı şəkildə təmir edilib. Bu gün Uşaq İncəsənət Mərkəzinin açılışını qeyd etdik. Yəni, bütün bu obyektlərin tikintisi, əlbəttə ki, böyük vəsait tələb edir və biz bunu edirik.

Bu layihələr regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı xətti ilə icra olunur və hər il bu proqrama əlavələr edilir. Balakən "ASAN xidmət” mərkəzi də məhz proqrama əlavə üzrə inşa edilibdir. Əvvəlki mərhələdə burada "ASAN xidmət” mərkəzinin tikintisi nəzərdə tutulmurdu. Çünki şimal-qərb zonasında artıq bir neçə mərkəz var. Adətən birinci mərhələdə hər bir mərkəz dörd, beş, altı rayonun əhalisini əhatə edir. Bu mərkəzdə isə cəmi üç rayon əhatə olunur - Balakən, Zaqatala və Qax. Bir daha demək istəyirəm ki, bu mərkəz mənim xüsusi tapşırığım əsasında inşa edilib. Artıq balakənlilərin sərəncamına gözəl bir mərkəz verilibdir.

Mən bu mərkəzlə tanış olarkən əlavə tapşırıqlar verdim. Hesab edirəm ki, bu ərazidə mərkəzin fəaliyyətinə uyğun əlavə sahələr yaradılmalıdır, ilk növbədə, kinoteatr. Mən maraqlandım, icra başçısı dedi ki, Balakəndə kinoteatr yoxdur. Ona görə burada mütləq kinoteatr olmalıdır. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün sahə, təlim mərkəzi olmalıdır. Mən indi tapşırıq verirəm ki, bu mərkəzin yanında yeni bir mərkəz yaradılsın, bütün lazımi sahələr burada öz həllini tapsın. O ki qaldı, burada göstərilən xidmətlərə, onların sayı 320-dir. Bu gün mənə verilən məlumata görə, "ASAN xidmət” mərkəzlərində yeni xidmətlərin mövcudluğu haqqında təkliflər irəli sürülüb və gələcəkdə bu da həll olunacaqdır.

Balakən rayonunda infrastruktur layihələri ilə bağlı olan digər önəmli məsələlər də həll edilir. Qazlaşdırma demək olar ki, 100 faizə yaxındır. Yol-nəqliyyat infrastrukturu yenilənir, həm kənd yolları, eyni zamanda, Bakı-Balakən yolu faktiki olaraq yenidən qurulub. Mən bu gün Bakıdan avtomobillə gəlmişəm və yolboyu görülən işlər məni sevindirir. Bir neçə yol layihəsi qalıb ki, bizim ümumi inkişaf templərimizə uyğun gəlmir, ilk növbədə, İsmayıllı rayonu ərazisində. Orada yeni bir körpü tikiləcək və yol çəkiləcək, beləliklə, daha təhlükəsiz və rahat şərait yaradılacaq. Bu zonanın hələ icra edilməyən bir yol layihəsi qalıb. Düzdür, yol var, amma lazımi səviyyədə deyil. Bu da Şəki-Oğuz yoludur. Bu yolun yenidən qurulması ilə bağlı müvafiq göstərişlər veriləcək. Əvvəlki dövrlərdə verilmiş bütün tapşırıqlar yerinə yetirilib. Bakı, Şamaxı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, ta Gürcüstan sərhədinə qədər yolun tikintisi təmin edilibdir".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!