“Pandemiya sosial layihələrin icrasını ləngitməyib”

2020-08-08 22:30:43 / 4165 dəfə oxunub

"Koronavirus pandemiyası başqa ölkələrin iqtisadiyyatına olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Amma buna baxmayaraq ölkəmizdə əvvəlcədən nəzərdə tutulan heç bir sosial və infrastruktur layihələrin icrası təxirə salınmayıb. Bu da Azərbaycanda insanların sosial rifah halının yaxşılaşdırılmasının prioritet istiqamət olduğunu göstərir”.

Bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib. O vurğulayıb ki, dünyada infeksiya yayılmağa başladığı ilk günlərdən Azərbaycanda həyata keçirilən tədbirlər əsasən üç istiqaməti əhatə edib: "Birincisi, vətəndaşlarımızın sağlamlığının qorunması üçün qabaqlayıcı tədbirlər görüldü, xəstəxanalar hazır vəziyyətə gətirildi, modul tipli xəstəxanalar quraşdırıldı və bu proses indi də davam edir. Eyni zamanda xaricdə işləyən azərbaycanlı həkimlər ölkəmizə dəvət olundu, tibbi maska istehsal edən müəssisə fəaliyyətə başladı, xüsusi karantin rejimi tətbiq oldundu və s. İkincisi, pandemiya ilə əlaqədar işini itirən, işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manatlıq birdəfəlik ödəmə verildi. Üçüncüsü, sahibkarlara dəstək layihəsi həyata keçirildi və dövlət tərəfindən onlara da müəyyən məbləğdə maddi yardım ödənildi”.

Ü.Quliyev deyib ki, 190 manatlıq ödəmənin əvvəlcə aprel-may aylarında verilməsi nəzərdə tutulurdu: "Daha sonra Nazirlər Kabineti birdəfəlik ödəmənin iyun ayı üçün həyata keçirilməsi barədə qərar verdi. İndi isə avqust ayında da vətəndaşlarımıza 190 manat yardım ediləcək. 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf olunacaq. Ümumilikdə tətbiq olunan sosaial paketlər təxminən 5 milyon vətəndaşımızı əhatə edib. Məqsəd pandemiyadan zərərçəkən vətəndaşlarımızın ağır sosial duruma düşməsinin qarşısını almaqdır. Bütün bunlar Azərbaycanda həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Dövlətimiz hər zaman olduğu kimi yenə də vətəndaşın yanındadı”.  

Deputat qeyd edib ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb: "Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Ümumilikdə 7 mindən çox məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı dedi ki, keçən il 934 mənzil verilmişdi, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq. Görülən işlərə nəzər salanda məlum olur ki, hazırda bu istiqamətdə çox böyük layihələr həyata keçirilir. Pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev təqdim olunub. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alır”.

Ü.Quliyev qeyd edib ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində əhalinin sosial baxımdan həssas təbəqəsi dayanır: "Aztəminatlı ailələr, şəhid ailələri, əlillər, xüsusən də Qarabağ əlilləri, kimsəsiz uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunublar. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, əhalinin həssas təbəqəsi ilə bağlı proqramlar əvvəlki illərdəki qaydada davam etdirilir. Hətta bu proqramlar daha da genişləndirilib”.   

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!