"Platformanın istifadəyə verilməsi Azərbaycanın qüdrətini göstərir"

2020-08-10 19:42:02 / 4432 dəfə oxunub

"Bu, Xəzər dənizində ən böyük platformadır və bu cür mürəkkəb konstruksiyalı nəhəng platformanın istifadəyə verilməsi Azərbaycanın qüdrətini göstərir".

 

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Malik Həsənov bu gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı Dərin Özüllər Zavodunda "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması ilə bağlı danışarkən deyib.

Millət vəkili qeyd edib ki, bu qurğu Azərbaycana dəyəri yüzmilyonlarla ölçülən yeni texnoloji imkanlar açır:

"SOCAR-ın "BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda müasir tələblərə uyğun hazırlanan bu qurğu bir daha təsdiqlədi ki, Azərbaycan böyük investisiya layihələrinin mühüm komponentlərini həll etməyi bacaran şirkətlər yetişdirməyi bacarır. Əvvəllər xarici şirkətlərin icra etdiyi və külli miqdarda vəsait qazandığı işi indi yerli qurumlarımız yerinə yetirmək gücündədir. Başqa sözlə desək, aradan keçən bu zaman ərzində Azərbaycan müasir tələblərə uyğun olaraq öz texnoloji göstəricilərini yüksəltməkdə davam edir”.

 

Malik Həsənovun sözlərinə görə, bu böyük işin ortaya qoyulması qısa müddətin nailiyyəti deyil:

"Bu böyük texnoloji inqilaba gedən yolun əsaslarını hələ Ümummilli lider Heydər Əliyev zamanında – birinci dəfə Azərbaycan SSR-ə rəhbərlik etdiyi və daha sonra SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini olduğu illərdə hazırlamışdı.

Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və təkidi ilə SSRİ Nazirlər Soveti dənizin dərin hissəsində dayaq bloklarının istehsalı üzrə zavodun tikintisi barədə qərar qəbul etdi və 1978-ci ildə Bakı Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı.

1984-cü ildə tikilib istifadəyə verilən və ildə 60 min ton metal-konstruksiya istehsal etmək qabiliyyətinə malik olan zavod Azərbaycanın enerji sektorunun gələcəyinə qoyulmuş nəhəng bir sərmayə idi. Zavod işə salınandan sonra Azərbaycan SSR dənizin 200 metr dərinliyində yerləşən yataqlardan neft çıxarılması üçün zəruri olan konstruksiyaların istehsalı üzrə unikal imkanlara sahib oldu. Zavodun mövcudluğu 1994-cü ildə "Əsrin müqaviləsi”nin bağlanılması üçün təməl yaratdı və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirdi. 1995-ci ildən başlayaraq Bakı Dəniz Özülləri Zavodu beynəlxalq enerji bazarının nəhənglərindən olan "Petrofac”, "McDermott”, "Caspian Shipyard Company” LTD, "Star Gulf FZCO” və "British Petroleum” (BP) şirkətləri ilə əməkdaşlağa başlayaraq iş keyfiyyətini yeni səviyyəyə qaldırdı”.

 

Millət vəkili qeyd edib ki, "Qarabağ” adı həm də bir simvolik məna daşıyır:

"Prezident də xüsusi olaraq bunu vurğuladı ki, bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş "Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur: "Necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”.

Prezidentin bu sözləri hər birimizdə qürur doğurur. 1990-cı illərin əvvəllərində həm iqtisadi, həm siyasi sahədə ciddi böhranların yaranmasına səbəb olan, torpaqlarımızın işğalına rəvac verən hakimiyyətin dəyişməsindən sonra Ümummilli lider Heydər Əliyevin qurduğu və cənab Prezident İlham Əliyevin ikişaf etdirdiyi Azərbaycan artıq regionun aparıcı ölkəsinə çevrilib. Azərbaycan bütün istiqamətlərdə öz mövqelərini bərpa edir – həm də öz gücü, öz texnoloji imkanları, öz sərmayəsi, öz kadrları ilə. 30 il öncə tərk edilən "Qarabağ”a qayıtmağımız Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə öz böyük töhfəsini verəcək və inanırıq ki, işğaldan azad edilən Qarabağın dağılmış, məhv edilmiş kənd-şəhərlərinin qurulmasında da "Qarabağ” yatağı dəstək göstərəcək”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!