"2020-ci il Azərbaycan dövləti üçün böhranlarin idarə edilməsi ili kimi tarixə düşəcək.!" - MÜSAHİBƏ

Mahir Abbaszadə: “Bu il Azərbaycan dövləti üçün böhranlar ilidir”

2020-08-11 10:34:59 / 12790 dəfə oxunub

"Yataqxanada yaşayan insanların problemləri ilə evdə yaşayan insanların problemləri eyni deyil”

Milli Məclisin deputatı MahiR Abbaszadə SABAHİNFO.AZ saytına müsahibə verib. O, müsahibəsində büdcəyə edilən dəyişikliklərdən danışıb. Eyni zamanda seçicilərinin problemlərinin həlli ilə bağlı atdığı addımları açıqlayıb.

-Mahir müəllim. Milli Məclisin növbədənkənar sessiyası başa çatdı. Büdcəyə müəyyən dəyişiliklər edildi. Bununla bağlı sizin fikirlərinizi öyrənmək istərdik.

- Möhtərəm Prezidentin təqdimatına əsasən 2019-ci ilin dekabr ayında 2020-ci ilin dövlət büdcəsini qəbul etmişdik və həmin dövlət büdcəsində biz Azərbaycanın müstəqillik tarixinin ən böyük dövlət büdcəsini təsdiq etdik. Azərbaycan mütəqillik əldə etdikdən sonra ilk dəfə idi ki, böyük bir büdcənin qəbul olunmasına nail ola bilmişdik. Təbii ki, bunun ən əsas səbəblərindən biri möhtərəm prezident İlham Əliyevin illərlə Azərbaycanda iqtisadi həyatın yaxşılaşdırılması, iqtisadi islahatların aparılması və ölkədə aparılan düzgün iqtisadi siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Xatırlayırsınızsa, biz ilkin büdcəmizdə proqnozlaşdırırdıq ki, 2020-ci il Azərbaycan iqtisadiyyatında 3 faiz böyümə müşahidə olunacaq, ÜDM-də artım nəzərdə tutulmuşdu, 3.5 faiz idxalda, 1.5 faiz ixracda böyümə nəzərdə tutmuşduq. O zaman Azərbaycan iqtisadiyyatında əsas rollardan birini oynayan neftin satış qiyməti dünya bazarlarında 60-61 dollar arasında idi. Və biz dövlət büdcəsindən neftin satışından dövlət büdcəsinin gəlirlərini 55 dollar dəyərində qiymətləndirmişdik. Və bütün bunlar Azərbaycan iqtisadiyyatı üçün 2020-ci ilin ən yaxşı proqnozları kimi qiymətləndirilməlidir. 2020-ci ilin ilk iki ayının nəticələrinə baxsaq, verilən proqnozlar həm idxalda, həm də ixracda, həm Gömrük Komitəsinin, həm də Vergilər Nazirliyinin Azərbaycan Respublikasının dövlət büdcəsi qarşısına qoyduğu məsələlər öz həlini tapmaqdadı və mən deyərdim ki, büdcə gəlirlərinə baxdıqda əslində proqnozlaşdırdığımızdan artıq büdcədaxilolmaları baş verdi. Amma gözlənilmədən pandemiyanın Azərbaycana daxil olması təbii ki, dünya iqtisadiyyatında mənfi halların olmasına gətirib çıxardı. Xüsusilə Azərbaycan da dünyanın ayrılmaz bir hissəsi olduğuna görə, ölkəmiz bazar iqtisadiyyatı yolunda getdiyinə görə, dünya iqtisadiyyatında baş verən mənfi və müsbət hadisələr təbii ki, Azərbaycan iqtisadiyyatından da yan keçmir. Bu nəzərdən dünya bankının hesablamalarına görə, dünya iqtisadiyyatı son 80 il ərzində bu qədər neqativlərlə qarşılaşmamışdı. Başqa bir tərəfdən Azərbaycanda neftin dünya bazarlarındakı qiyməti gözələnilmədən 14-16 dollar səviyyəyə düşməsi də təbii ki, Azərbaycanda iqtisadi böhranın şərtləndirən əlamətlərdən biri idi. Və bu zaman Azərbaycan Respublikasında "Büdcə sistemi haqqında” qanuna uyğun olaraq prezident İlham Əliyevin təqdimatı ilə biz büdcənin yenidən dəqiqləşməsinin müzakirəsini apardıq. Artıq müzakirələr bitdi və büdcədəki dəyişillik Milli Məclis tərəfindən qəbul edildi. Təbii ki, burada da əsas məsələlərdən biri pandemiya dövründə Azərbaycan dövlətinin əlində daha çevik büdcə olmasını əsas gətirir. Səbəb ondan ibarətdir ki, pandemiyanın nə zaman və hansı iqtisadi fəsadlarla bitəcəyini proqnozlaşdırmaq mümkün deyil. Nəinki biz, dünya iqtisadçıları da, dünya alimləri də, böyük fondlar da bunu proqnozlaşdıra bilmirlər. Məsələn, dünya iqtisadiyyatındakı rəqəmlərə nəzər salsanız görərsiniz ki, son 6 ayda ABŞ iqtisadiyyatı 30 faiz, Avropa Birliyi ölkələrinin iqtisadiyyatı 10-12 faiz vəsait itirməkdədi. Təbii ki, bunlar da düzgün proqnozlar verməməklə insanları qarşı-qarşıya qoymuşdu. O nöqteyi nəzərdən artıq indiki vəziyyətdə dövlətlərin əlində olan büdcə daha mobil və daha çevik büdcə olmalı və dövlət həmin büdcədən istifadə edərək əhalinin sosial vəziyyətinin qorunması, sosial müdafiənin güclənməsi, eyni zamanda pandemiyanın zərər vurduğu sahələrin sağlamlaşdırılması, başqa bir tərəfdən insanların sağlamlığının qorunması ilə bağlı mühüm çağırışlar qarşısındadı. Və bütün bunları həyata keçirmək üçün isə daha dəqiqləşmiş büdcəyə malik olmalıdı. Bu nöqteyi nəzərdən Azərbaycanda dövlət büdcəsinə yenidən baxılması, dəqiqləşmə və dürüstləşmə aparılması zəruri şərtlərdən biridir.

- Növbəti aylar ərzində müəyyən yumuşalmaların, iş yerləri açıldığı təqdirdə büdcədə və yaxud da iqtisadiyyatımızda bir geriləmə müşahidə olunacaqmı?

- Pandemiyadan sonra insanların sağlamlıq problemi Azərbaycanın birinci probleminə çevrilmişdi. Yəni pandemiyanın bizə diqtə etdiyi şərait ondan ibarətdir ki, biz ya insanların sağlamlığını əsas məsələ kimi qarşıya qoymalıyıq, ya da biz iqtisadiyyatımızın qorunub inkişaf etdirilməsi haqqında düşünməliyik. Çox təəssüflər olsun ki, insanların sağlamlığı ilə iqtisadi aktivlik bir-birinə tərs mütənasibdi. Hansı dövlətlər iqtisadi fəallığı önə çəkirsə, bu təqdirdə insanların sağlamlığı sual altında qalır. Yox, hansı dövlətlər ki, insanların sağlamlığı ilə bağlı məsələləri həll edirsə, o dövlətlər məcburdu ki, iqtisadiyyatı ikinci plana keçirsinlər. Bu zaman isə karantin rejimlərinin tətbiqi insanların sağlamlığına xidmət etsə də, iqtisadi fəallığın aşağı düşməsinə gətirib çıxarır. Dünya alimləri hesablayıblar və təcrübə də bunu göstərir ki, illər ərzində nə qədər ki, dünya belə pandemiyalarla qarşılaşıbdı, o dövlətlər postpandemiya dövründə iqtisadiyyatı digər dövlətlərin iqtisadiyyatına nisbətən 10-12 faiz tez inkişaf etməyə başlayıb. Çünki sağlam insan sağlam iqtsadiyyat deməkdir. Sağlam insanın sağlam iqtisadiyyata verdiyi töhfələr xəstə insanın iqtisadiyyata verdiyi töhfələrdən daha çoxdur. Əgər bəzi dövlətlər buna fikir vermirsə, postpandemiya dövründə hələ də insanların sağlamlığı haqqında düşünür. Çünki onların səhiyyə xərcləri artmaqda davam edir. Amma hansı dövlətlər sərt karantin rejimini tətbiq edir və insanların sağlamlığını qoruya bilirlərsə, pandemiya bitən kimi onların iqtisadiyyatı yüksəlməyə başlayır. Çox güman ki, Azərbaycan təcrübəsi çox düzgün təcrübədi və sizin də qeyd etdiyiniz kimi, bizdə artıq sağalmanını səviyyəsi artmaqda, xəstələnənlərin sayı aşağı düşməkdə. Mənə elə gəlir ki, artıq iqtisadiyyatın yavaş-yavaş karantin rejiminin yumuşalması və iqtisadi sahələrin açılmasıdı. Təbii ki, iqtisadiyyatın və digər sahələrin açılması həm Azərbaycan insanını maddi rifah halının yaxşılaşdırılmasına, digər bir tərəfdən isə Azərbaycan Respublikasının dövlət büdcəsinin mədaxil hissəsinin artmasına səbəb olacaqdı. Təbii ki, biz pandemiyanın əvvəlki aylarında, yəni yanvar-fevral aylarındakı nəticələri biz nə qədər yumuşalmalara aparsaq da,ilin sonunda o rəqəmləri gözləyə bilmərik. Çünki neftin də dünya bazarında qiymətləri əvvəlki iki aydakı qiymətləri ilə eyni deyil. Əvvəlki iki ayda neftin qiymətini satışından dövlət büdcəsinə 55 dollar götürmüşdüksə, indi Milli Məclisin qəbul etdiyi qanunda 35 dollar götürmək məcburiyyətində qalırıq.Və təbii ki, Azərbaycan iqtisadiyyatında da neft və neft məhsulları dominant rolu oynadığı üçün bu baxımdan neftin dünya bazarındakı qiyməti OPEK-in neftin satışı ilə bağlı verdiyi qərarlar Azərbaycan iqtisadiyyatına mənfi və müsbət təsirlərini göstərəcək. Çünki biz bir tərəfdən neftin dünya bazarında aşağı düşməsini müşahidə etdik, digər bir tərəfdən OPEK dövlətlərin hasilatları aşağı salmaqla bağlı olan qərarları, başqa bir tərəfdən yenə neft gəlirlərinin azalmasına gətirib çıxarır.

- İndiki zamanda ehtiyat fondlardan istifadə nə dərəcə doğrudu?

- Dövlətlər böhran halı ilə qarşılaşanda bu böhrandan çıxmaq və bu böhranı qarşılamaqla bağlı 3 mühüm addım atır. Bunlardan birincisi həmin dövlətlərin dünya təcrübəsi bunu göstərir ki, dövlətlər devalvasiyaya gedib, öz pulunu devalvasiya etdirərək, dövlətin və hökumətin çəkəcəyi yükü vətəndaşın çiyninə yükləyir. Əgər siz son 6-7 ayın nəticələrinə baxsanız görərsiniz ki, İngiltərə frankından tutmuş kazax tengesinə qədər bütün valyutalar digər valyutalar qarşısında alıcılıq qabiliyyəti aşağı düşməkdədi. Amma Azərbaycan manatı ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması və düzgün aparılmış fizikal siyasət nəticəsində Azərbaycan manatı hələ də xarici valyutaların şotlarına dözümlük nümayiş etdirərək alıcılıq qabiliyyəti qalmaqdadır.

Bir tərəfdən Azərbaycan dövlətinin apardığı vətəndaşın sosial müdafiəsini gücləndirməklə bağlı olan əlamətlərdir. İkinci mühüm əlamət həmin dövlətlər borc almağa başlayıb. Digər dövlətlərdən və fondlardan borc almağa. Belə olduğu təqdirdə dünyanın bütün dövlətləri həm beynəlxalq valyuta fonduna, digər fondlara yardım və ya kreditlər üçün müraciət etməkdədir, amma Azərbaycan dövləti pandemiyaya qarşı mübarizədə, həm Azərbaycan sahibkarlarına qarşı köməklikdə, eyni zamanda əhalinin sosial müdafiəsi ilə bağlı atdığı addımlara ayırdığı 3 milyard 500 milyon manat vəsaiti öz daxili hesablarına etməkdədir. Nə qədər çətin olsa da, Azərbaycan dövləti başqa dövlətlərdən fərqli olaraq borc almağa getmir. Üçüncü məsələ isə dövlətlərin ehtiyat fondundan necə gəldi istifadə etməsidi. Yəni dövlət belə bir böhranla qarşılaşanda həmin dövlət öz ehtiyat fondundan əvvəldən hesablamadn necə gəldi istifadə edir. Və bu da son nəticədə həmin dövlətlərin ehtiyatlarının ən yaxşı halda azalmasına gətirib çıxarır. Amma Azərbaycan dövləti bu gün yenə öz ehtiyat fondundan istifadə etmir, əksinə, siz 6 ayın nəticələrinə baxsanız, bizim valyuta ehtiyatlarımız kifayət qədər artmaqdadır və keçən ilə nisbətən artmışdı. Biz digər fondlardan istifadə edirik, hansı ki, bu illərlə bizim yaratdığımız fondlar hesabınadı. Yəni ölkənin valyuta ehtiyatarından bu gün istifadə edilmir. Azərbaycan Respublikasının dövlət büdəsində "Büdcə sistemi haqqında” qanuna əsasən dövlət büdcəsinə neft fonduna transferlər var. Amma bu bizim keçən il dekabrda nəzərdə tutduğumuz transferlərdi. Yəni biz bu il pandemiya şəraitində belə bir problemlə qarşılaşıb valyuta fondlarımızdan istifadə anlamına gəlməməlidir. Bunlar tamamilə başqa-başqa anlayışlardı.

Bu il Azərbaycan dövləti üçün böhranlar ilidir. Əgər siz bir tərəfdən baxsanız, pandemiyanın Azərbaycan ərazisinə daxil olması, başqa bir tərəfdən Azərbaycanda dövlət neftinin dünya bazarlarında gözlənilmədən aşağı düşməsi, digər bir tərəfdən Azərbaycanda susuzluq probleminin olması, başqa bir tərəfdən Azərbaycan sərhədlərinin pozulması və bizim Tovuz rayonu ərazisdindən keçən beynəlxalq xətlərə böyük bir təhlükənin yaranması. Amma ölkə başçısının apardığı siyasət, onun qətiyyətli mövqeyi nəticəsində Azərbaycan dövləti artıq böhranları idarə edən dövlətə çevrilmişdi. Və bu nöqteyi-nəzərdən təbii ki, ehtiyat fondlarından istifadə etmək və bəzən məcburiyyət qarşısında qalıb edilir. Amma bu gün dövlət bu məsələlərə o qədər həssaslıqla yanaşılır ki, siz bilirsiniz, o valyuta ehtiyatları bizim gələcək nəsillərin valyuta ehtiyatalrıdı. Azərbaycan dövləti inkişaf etdikcə, onun gəlir mənbələri artdıqca biz özümüzün ehtiyat fondlarını yaratmaqdayıq. Bu gün Azərbaycanda həm sosial müdafiənin gücləndirilməsi, həm Azərbaycan sahibkarlarına birdəfəlik uzun müddətli yardımların verilməsi, başqa bir tərəfdən kreditlərin təmin edilməsi ilə bağlı kifayət qədər resursların ayrılması bütövlükdə 3 milyard 500 milyon vəsaiti əhatə etdiyi mənbələr ancaq Azərbaycan Respublikasının dövlət büdcəsinin ehtiyat mənbləri hesabına formalaşdırılır.

- Ekspertlər belə bir fikir irəli sürüb ki, vəziyyət belə davam edərsə, Azərbaycan 4 il ərzində bu məsələlərin problemsiz həll etmək iqtidarındadır. Siz bu haqda nə deyə bilərsiniz?

- Beynəlxalq Valyuta Fondu də dünya bankı bu proqnozları verməkdə çətinlik çəkir. Yəqin sizin də xəbəriniz olmamış olmaz, pandemiyanın ikinci dalğası var, pandemiyanın üçüncü dalğası var. Bəli ikinci dalğa çox böyük bir vəziyyəti əhatə edəcək, böyük bir vaxt aparacaq. Dalğa deyilənlərə görə, payızda və ağır şərtlərlə olacaq. Bax, bu şərtlər o qədər ağır və gözlənilməzdir ki, bunu əvvəlcədən proqnozlaşdırmaq olduqca çətindir. Və digər tərəfdən pandemiya Azərbaycan ərazisinə idxal olunubdu. O başqa dövlət, başqa ölkədən gəlmiş bir problemdi. Yəni bu bizim içimizdə və yaxud Avropa dövlətləri içərisində yaranmış bir problem deyil. Bütün dövlətlərə xaricdən gəlmiş bir problem olduğuna görə, bu problemin şokları, bu problemin bundan sonra hələ hansı formalarda davam edəcəyi, iqtisadiyyatı hansı dağıdıcı təsirlərə gətirib çıxaracağı hələ məlum deyil. İqtisadiyyatın elə sahələr var ki, pandemiya dövründə aşağı templə işləməkdədir. Məsələn turizm. Tamamilə dayanmış bir vəziyyətdədir. Tək Azərbaycanda yox, dünyada turizm dayanmış vəziyyətdədir. Həm xarici turizm, həm yay, həm qış turizmi, həm də daxili turizm, dəmir yolları, aviasiya. Bu nöqteyi nəzərdən bütün bunlar hamısı pandemiyanın bizə diqtə etdiyi şəraitdi. Bunu proqnozlaşdırmaqda hamı çətinlik çəkir. Ən yaxşı üsullardan biri pandemiyanın idarə edilən formada, yəni nəzarətdən çıxamamasıdı. Azərbaycan dövlətinin bu gün qarşısında duran ən əsas məsələlərindən biri bu prosesə, bu problemə nəzarət etməkdi. Bu problemin Azərbaycan iqtisadiyyatına və insanlara vurduğu fəsadları azaltmaqdı. Biz bu proseslərdən daha az zərərlə çıxmaqla bağlı problemləri həll etməliyik.

- Bu gün yoluxmanın sayı azalır, sağalanların sayı çoxalır. Yəni Azərbaycan hökuməti, Operativ Qərargah bu işin öhdəsindən gələ biləcəkmi?

- Prezident çıxışlarında dəfələrlə qeyd edib ki, yoluxanların sayının azalması, sağalanların sayının artması heç də o demək deyil ki, ölkədə virus yoxdur. Sizi mən qəti əmin edirəm ki, elə bil dövlət yoxdur ki, ora bildirilsin ki, bu gün orda yoluxma yoxdur. Əgər elə bir dövlət varsa, onda onun statistikasında problemlər var.

- Siz özünüz necə qorunursuz bu virusdan?

- Hamı qorunduğu kimi, məsafəni qorumaq, maskadan istifadə etmək, spirtdən istifadə etmək, karantin rejiminin qaydalarına riayət etmək, zərurət olmadığı halda küçəyə çıxmamaq, insanlarla təmasda olmamaq.

- Pleniar iclaslarda çox çıxış eləmirsiniz..

- Artıq 5 ildir Azərbaycan parlamentinin üzvüyəm. Hesab edirəm ki, Azərbaycan Parlamentində öz sahəmlə bağlı kifayət qədər çıxışlar etmişəm. Komitıə iclaslarında bu məsələrə münasibət bildirdiyimə görə, əslində plenar iclaslarda çıxış edib digər deputatların vaxtına girmək fikrində deyiləm. Çünki mənim sahəm iqtisadi sahədi və bilirsiniz ki, mən eyni zamanda məcburi köçkünlərlə bağlı rayonun deputatıyam. Bu məsələrlə bağlı komitədə kifayət qədər çıxışlarımı edirəm.

- Pandemiya şəraitində belə seçicilərinizin qəbulunu həyata keçirirsiniz. Mahir Abbaszadənin seçicilərinin nə kimi problemi var?

- Bizim seçici kontingentimiz özünüz bilirsinizki, məcburi köçkün həyatına məhkum olmuş insanlardı. Dövlət başçısının rəhbərliyi ilə onlara yeni evlər verilir, onların vəziyyətləri yaxşılaşdırılır. Yataqxanada yaşayan insanların problemləri ilə evdə yaşayan insanların problemləri eyni deyil. Üstə gəl onlar da bu ölkədə yaşayırlar və o problemlırdən də xali deyillər. Deməli, bu insanların sosial müdafiəyə daha çox ehtiyacı var.

- Seçicilərinizin sıralamasında hansı daha öndədi və bunun həlli ilə bağlı siz hansı addımlar atırsınız?

- Bizim məcburi köçkünlərin əsas problemləri mənzil şəraitinin yaxşılaşdırılmasıdı. Məcburi köçkünlər 26 il bundan öncə köçkün düşəndə bir ailədən ibarət idilərsə, indi ailə böyüyüb və ailənin də ev problemi aktuallaşıb. O nöqteyi nəzərdən birinci ev problemləridi, ikincisi təbii ki, işlə bağlı olan problemlərdi. Yenə deyirəm, məcburi köçkünlər də bu ölkənin vətəndaşlarıdı.

Ədil Ədilzadə


Son xəbərlər
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Atəşkəs pozuldu
2020-09-22 10:47:19
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!