Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin edilib

2020-08-12 17:33:32 / 26221 dəfə oxunub

Kənan Nəcəfov Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

İqtisadiyyat Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ölkəmizdə özəl biznesə dövlət dəstəyinin göstərilməsi, sahibkarların güzəştli şərtlərlə kreditləşdirilməsi, iş adamlarının maarifləndirilməsi və onlara məsləhət xidmətlərinin göstərilməsi, habelə real sektora investisiya qoyuluşunun stimullaşdırılması istiqamətində fəaliyyət göstərir.

Fond hazırda bank sektoru ilə yanaşı, sahibkarlıq layihələrinin maliyyələşdirilməsi sahəsində də dövlət dəstəyinin göstərilməsində fəal iştirak edir. Bu sahədə aparılan islahatların davamı olaraq Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinin və idarəetmə proseslərinin keyfiyyətinin yüksəldilməsi, Fondun menecmentinin müasir standartlara uzlaşdırılması, habelə sahibkarlığın maliyyələşdirilməsi sahəsində bank və özəl sektorla əlaqələndirmənin dərinləşdirilməsi nəzərdə tutulur.

Həyata keçirilən islahatların səmərəliliyini təmin etmək məqsədilə İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Kənan Nəcəfov Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin məzunu olan Kənan Nəcəfov ABŞ-ın Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində biznes inzibatçılığı, Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecində beynəlxalq biznes hüququ üzrə magistr dərəcələrini əldə edib. O, xarici ölkələrdə tanınmış beynəlxalq şirkətlərin menecmentində, o cümlədən "Baker Botts LLP” hüquq firmasında, "BP”, "Exane BNP Paribas”, "Citigroup” şirkətlərində işləyib, həmçinin, Dünya Bankının Azərbaycan nümayəndəliyində çalışıb, Azərbaycanda "Nobel Oil” şirkətində Baş icraçı direktorun müavini olub. Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilənədək sahibkarlıq fəaliyyəti ilə məşğul olub.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!