Razi Nurullayev: “Azərbaycan xalqı gələcəyini bizimlə qurmaq istəyəcəksə, biz də onun ritmiylə fəaliyyət göstərməyə çalışacağıq” - MÜSAHİBƏ

“Siyasi partiyalarla hansı əməkdaşlığımızın olacağı ilə bağlı qətiyyətli fikrə malik deyiləm”

2020-08-25 09:54:15 / 9355 dəfə oxunub

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində yeni təsis olunan partiya barəsində bir sıra önəmli məqamlara toxunub. Həmin müsahibəni sizə təqdim edirik:

- Razi bəy yeni, Milli Cəbhə Partiyasını təsis etdiniz. Necə oldu bu partiya təsis olundu və hazırda işlər hansı vəziyyətdədir?

- Qeyd edim ki, 5 ildir AXCP adı altında partiyamız qeydiyyatsız fəaliyyət göstərirdi. Düşündüm ki, artıq AXCP adından imtina etmək vaxtıdır. Həm də bu ada xalqın münasibəti də açığını deyək ki, əvvəlki kimi deyil. AXCP adında Elçibəyçilik itməkdədir. Düşünürəm ki, yeni adla – Milli Cəbhə Partiyası adı altında uğurlu fəaliyyət göstərə biləcəyik. Dövlətini və vətəndaşlarını sevən bir partiya olacaq. Qarşıda böyük işlər var. Partiyanın ideoloji xəttinin də müəyyənləşdirilməsi bir problem kimi var. Məhz yeni bir formatda siyasi partiyanın qurulmasına çalışırıq ki, bu tamamilə yeni nəfəs, yeni yanaşma, insanlarla yeni işləmə metodu, vətəndaşların inandırılması üzərində qurulsun. Bu gün Azərbaycanda siyasi partiyalara inam, böyük etiqad yoxdu. Vətəndaşları buna görə qınamaq da olmur. Vətəndaşlar həmişə xəyal qırıqlığına uğrayıb. Ümid edirəm ki, bizim yaratdığımız MCP Azərbaycan xalqının səsi olacaq, Azərbaycan xalqının gözləntilərini doğruldacaq və Azərbaycan xalqının qəlbiylə eyni şəkildə, eyni ritmlə vurmağa başlayacaq. Bizim qarşımızda duran əsas qayə Azərbaycan xalqının xoşbəxtçiliyidi. Azərbaycan xalqı da gələcəyini bizimlə qurmaq istəyəcəksə, biz də onun ritmiylə fəaliyyət göstərməyə çalışacağıq. MCP adından göründüyü kimi millidi. Cəbhə sözünün saxlanılması Əbülfəz Elçibəyin adının olması, Əbülfəz Elçibəy ideyalarının bu partiyada yaşaması deməkdir. Milli Cəbhə həm də M.Ə.Rəsulzadə ideyalarının yaşadılmasıdır. Bu gün Azərbaycana doğurdan da həmrəylik, bir milli cəbhədə birləşmək lazımdı – bu istər Azərbaycan dövləçiliyi, istər müstəqilliyimizin, suverenliyimizin qorunması, istərsə də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda olsun.

- Bir zamanlar regionlara səfərlərinizdə problemlər yaşayırdınız, indi vəziyyət necədir?

- Biz 22 rayon təşkilatı ilə onlayn qurultay keçirərək MCP-ni təsis etdik. Rayonlara səfərimiz pandemiyaya görə alınmır. Amma əvvəlki fəaliyyətimizdə rayonlara səfərimiz zamanı ciddi təyziqlərlə və məşəqqətlərlə üzləşmişik. Bir neçə iclasımızı meşədə keçirməli olmuşduq. Ümid edirəm ki, yeni bir siyasi düzən yaşanır, yeni bir dialoq mühiti də formalaşıb. Görüşlərimdə mənə hasil olan nəticə budur ki, siyasi partiyaların Azərbaycanın siyasi həyatında rolu daha da artacaq, hakimiyyət onlara daha dözümlü olacaq və onlarla həm də hesablaşacaq. Azərbaycanda siyasi islahatlar da başlanılıb desək yanılmarıq. Artıq bütün siyasi partiyalarla görüşlər keçirilib, fikirləri dinlənilib, istəklərinə bu və ya digər şəkildə hakimiyyətin reaksiyası da göz önündədir. İnam var ki, günü-gündən hakimiyyətlə bu dialoq mühiti daha dadərinləşəcək və bunun da müqabilində partiyalar Azərbaycanın siyasi həyatında daha fəal iştirak edəcəklər. Biz istəyirik ki, Azərbaycan siyasi partiyaları ancaq kağız üzərində mövcud olmasın.

- YAP-la əməkdaşlıq mümkündür?

- Hələ ki çətin. Biz ideoloji xəttimizi müəyyənləşdiririk. Bundan sonra qətiyyətli nəsə deyə bilərik. Dağlıq Qarabağ münaqişəsinin həllində və dövlətçiliyimizin qorunmasında əməkdaşlıq isə mümkün ola bilər.

- Sizin müxalif partiyalarla əməkdaşlıq hansı yöndə qurulacaq?

- Siyasi partiyalarla hansı əməkdaşlığımızın olacağı ilə bağlı qətiyyətli fikrə malik deyiləm. Bu, sonrakı görüşlərimizdə, eyni yolu gedib-gedə bilməməyimizdə, ideoloji xəttimizin uyğunluğuna bağlı olacaq. Digər tərəfdən, siyasi əməkdaşlıq bu gün yaranır, sabah dağılır. Siyasi bloklar bu gün formalaşır, sabah isə bir-birini satqınlıqda günahlandırır və dağılışırlar. Siyasi iddialar, eqolar çox böyükdür. Özümüzü niyə aldadaq ki…

- Qeydiyyatdan rahat şəkildə keçə biləcəksiniz?

- Artıq bir neçə partiya qeydiyyata alınıb. Bu bizə inam verir ki, bizim partiya da qeydiyyata alınacaq.

- Sizə partiya sədri olmaq lazım idimi?

- Bilirsiniz, mən 2015-ci ildən partiya sədriyəm. Birdən-birə mən hansı səbəbdən partiya sədrliyindən çəkilməliyəm? Əksinə, bu gün həmişəkindən çox indi partiya sədri olmaq zərurətim yaranıb. Yeni siyasi situasiya yaranıb və bu yeni siyasi situasiyada siyasətçilərə ehtiyac yaranıb. Əlavə olaraq, parlamentin deputatıyam. İnşallah, partiya qeydiyyatdan keçəndən sonra MCP parlament partiyasına çevrilə bilər. Bundan da böyük stimul?

- AXCP-nin laxladılması ilə bağlı bir planınız varmı?

- Mənim heç vaxt AXCP-nin laxladılması ilə bağlı bir planım olmayıb. Heç vaxt hər hansı bir partiyanın laxladılması, zəiflədilməsi uğrunda mübarizə aparılmamışam və aparmaq fikrim də yoxdu. AXCP adından imtina etməyimizdə səmimi bir niyyətimiz var. Qoy heç kim cəbhəçilərin, hərəkatçıların adı ilə, onların fəaliyyəti ilə özünə siyasi dividend qazanmasın. Qoy onlar sərbəst şəkildə tərəflərini seçə bilsinlər. Bu gün artıq bütün cəbhəçilərin, Əbülfəz Elçibəysevərlərin, Rəsulzadəsevərlərin, Azərbaycan xalqının xoşbəxtçiliyini istəyənlərin sərbəst seçim imkanı yaranıb. Artıq onlar tərəflərini müəyyən edə bilərlər. Ona görə də mən hesab edirəm ki, söhbət burada laxlamaqdan getmir, müxalifət müxalifətə qarşı mübarizə aparmamalıdır. Heç vaxt belə niyyətim olmayıb. Bu gün inteqrasiyaya ehtiyac var, sağlam qüvvələrin ətrafında birləşməyə, həmrəy olmağa ehtiyac var.

- Siz hakimiyyətə iddialı bir partiya kimi meydana gəlmirsiniz?

- Hər hansı bir siyasi partiya iddiasız fəaliyyətə başlayırsa, hakimiyyət uğrunda mübarizə aparmırsa, o partiya güclü partiya ola, üzvlər cəlb edə və xalq arasında etimada malik ola bilməz. MCP-sı təbii ki, hakimiyyətə gəlmək uğrunda mübarizə aparacaq, xalqı səfərbər etməyə çalışacaq, seçkilərə qatılacaq. Mən düşünürəm ki, MCP fəaliyyəti ilə, yeni üsulları, formatı ilə Azərbaycanda yaranan yeni situasiya içərisində yeni bir müxalif situasiya yaradacaq.

- Hansı partiyanı daha yaxın görürsünüz?

- 2015-ci ildən bir çox siyasi partiyalarla görüşməyə çalışmışdım, onlarla müəyyən söhbətlərim də olmuşdu. Mənim haqqımda onların fikirlərini oxumuşam, onlar haqqında olan fikirlərimi də onlar oxuyublar. Bu gün yenə də virtual aləmdə bir-birinin bostanına daş atmalar davam edir. Belə bir şəraitdə mən hələki hansı partiya ilə əməkdaşlıq edəcəyimiz barədə heç nə demək istəmirəm. Mənim üçün bu, o qədər də ciddi məsələ deyil. Çünki Azərbaycan cəmiyyətində siyasi partiyaların əməkdaşlığı heç vaxt Azərbaycan xalqının arzu və gözləntilərinin doğrulmasına gətirib çıxarmayıb. Bilsəm ki, xalqın rifahı və xöşbəxtçiliyi kiminləsə əməkdaşlığımdan keçir, buna gedərəm. Siyasətdə olduğum müddətdə yaranan bloklara insanların axınının və onların sevincinin şahidi olmuşam, son qəpiklərini marşrut taksilərinə ödəyib toplantılara gələnləri görmüşəm. Sonra nə olub? 2-3 aydan sonra onlar etdiklərinə peşman ediliblər. Hər yerdə siyasi oyunlar baş verib. Siyasətçilər nəyinsə xatirinə, hesablanmış hansısa məsələlərə görə birliklər yaradıblar. Xalq onlardan heç vaxt gözləntilərinin doğrulduğunu görməyib. Bu baxımdan mənim üçün əsas məsələ insanlarla birbaşa təmasdır.

- Sizin dediyiniz o zərurət YAP-la əməkdaşlıqdan keçərsə, siz buna hazırsınızmı?

- YAP ilə biz ancaq Azərbaycan xalqının xoşbəxtliyi naminə əməkdaşlıq edə bilərik. Əgər onlar istəsə. Bizim şərtlərimiz isə ağır ola bilər, bu baxımdan ciddi şans görmürəm. İnanmıram ki, onlar bizim siyasi şərtlərimizi qəbul etsinlər. Onlarla Azərbaycanın suverenliyinin, dövlətçiliyinin qorunması və Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması ilə bağlı məsələlərdə bir masa arxasına oturmağı qəbul edə bilərik.

- İnsanların rifah halının yüksəlməsi və sair əməkdaşlıqdan söhbət gedə bilər?

- Bizim YAP ilə sizin dediyiniz bu sahələrdə əməkdaşlığımız olacağına inanmıram. Amma, biz müəyyən təkliflər səsləndiririk, müəyyən işlər aparırıq, proqramlar hazırlayırıq və bunları da bölüşməyə qısqanclıq etmirik. YAP-ı gücləndirmək, onları tərifləmək və ömürlərini uzatmaq kimi məqsədimiz yoxdur. Biz müstəqil partiyayıq və qarşımızda siyasi güc kimi formalaşmaq və Azərbaycanda hakimiyyətə gəlmək kimi bir missiya var. Missiyam hakimiyyətdə olan partiyaya xidmət etmək, hakimiyyətdə olan partiyanın əlini gücləndirmək, hakimiyyətdə olan partiyanı xalqa sevdirmək deyil. Qoy bacarsalar, özlərini xalqa sevdirsinlər.

- Hədəf qrupunuz hansı yaş kateqoriyalarına aiddir?

- Müzakirələr olacaq. Hədəf qruplarımızda əsasən tam olaraq gənc nəsil yox, püxtələşmiş, oturuşmuş, müstəqil fikrə malik olan gənclərlə işləmək olacaq deyə düşünürəm. Çünki onlar həm də fikir formalaşdıra bilir. Bizim üçün ən vacib olan həm də Azərbaycan ailələrinin dayağı olan, Azərbaycan ailələrində fikir formalaşdırmağı bacaran qadınlarımız, ana və bacılarımızdır. Biz istərdik ki, MCP təmsilçiləri, dəstəkləyiciləri həm də onlar olsun. Əgər biz buna nail ola biləriksə, evdə olan həm onların həyat yoldaşları, qardaşları, bacıları da MCP-nı seçmiş olacaq. Çünki evdə fikri qadın formalaşdırır. Onun üçün biz istərdik analarımız, bacılarımız da MCP ətrafında olsunlar, ona qoşulsunlar. Çünki bizim seçəcəyimiz ideoloji xəttimiz də müəyyən mənada bu tip daha həssas qruplara yönəlmiş olacaq.

- Sizin qadınlarla bağlı fikriniz seçkilər dönəmində səsləndirilmişdi və bu birmənalı qarşılanmadı.

- Cəmiyyətdə gördüyüm sosial çağırışları, sosial problemləri dilə gətirirəm. Prezident seçkiləri zamanı mən sosial cəhətdən həssas qrupların və o cümlədən qadınların sosial hüquqlarının, sosial həyatının yaxşılaşdırılması üçün təkliflər vermişdim. Bunu zarafata çevirdilər. Razi Nurullayev nə istəyirdi ki. Mən bu günə qədər sosial cəhətdən həssas qrupların problemlərini dilə gətirmişəm. Bu gün Azərbaycan cəmiyyətinin aparıcı qüvvələri də elə sosial cəhətdən həssas qruplardı. İncidilmiş, narazı salınmış, hüquqları pozulmuş, savadsız olmağa məhkum edilmiş, uçuq-sökük daxmada yaşamağa məhkum edilmiş, az maaşla yaşayan, daha çox cəfa görən insanları hədəf qrupu seçməkdə həm də bizim onların içindən çıxaraq yaşadıqlarını bilməyimiz olub. Mənim də valideynlərim bu cür qruplara aid idi. Mənim atam-anam öz zəhmətləri, əziyyətləri ilə yaşayıb bizi böyüdüblər. Heç vaxt tox olmayıblar, həmişə problem içində yaşayıblar. Mən özüm də bu cür həyat yaşadığıma görə bu cür insanlarla işləməyi ğzümə borc bilirəm.

- Sizə üzvlüklə bağlı müraciətlər varmı?

- Biz hələki partiyanın qeydiyyat məsələsini gözləyirik. Amma müraciətlər çoxdu. Təsəvvür edin, kollektivlər, bir nəslin insanları, müxtəlif kəndlərdən, bölgələrdən müraciətlər olunur. Bizə belə gəlir ki, üzvlüklə bağlı problemlər olmayacaq və həm də məsuliyyət dərk etməkdəyəm ki, üzvlər qəbul olunduqca gərək onların mənəvi ehtiyaclarını, gözləntilərini də ödəmiş olasan. Üzvlər gəlir ki, partiya onların səsi olsun, arzu və istəkləri yerinə yetirilmiş olsun və görsünlər ki, partiya günü-gündən inkişaf edir. Partiya üzvlərinin çoxluğu həm də məsuliyyət artırır.

Ədil Ədilzadə


Son xəbərlər
Rəzalət davam edir...
2020-10-29 16:49:37
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!