Bəhruz Məhərrəmov: "Azərbaycanda rüşvət verən əllər kəsilməlidir" - MÜSAHİBƏ

2020-09-08 16:35:58 / 3887 dəfə oxunub

Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru, dosent Bəhruz MəhərrəmovKONKRET.az-ın suallarını cavablandırıb.

– Bəhruz bəy, bilirsiniz ki, cənab Prezident tərəfindən aparılan islahatlar növbəti mərhələyə qədəm qoyub. Vəzifəsindən və səlahiyyətindən sui-istufadə edən şəxslərin həbsləri davam edir. Bu həbslər növbəti mərhələlərdə də davam edəcəkmi?

– Bilirsiniz, heç bir dövlət öz məmurunun həbsini arzu etmir. Xüsusən nəzərə alsaq ki, insan amili dövlətin ali məqsədlərinin fövqündə dayanan, bazasını təşkil edən amildir və hər bir məmur da eyni zamanda vətəndaşdır, dediklərim daha yaxşı anlaşılar. Lakin görünən odur ki, məmur ona etibar edilən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, yaxud dairəsi cinayət və inzibati qanunvericiliklə müəyyən edilmiş əməlləri, hərəkət və hərəkətsizlikləri törətməklə öz həbsinə özü şərait yaradır. İslahatların aktiv fazasında korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində prosessual məcburiyyət tədbirlərinə məruz qalmış bütün məmurlarım əməlləri göz önündədir, ittiham olunduqları əməllər onların heç özləri tərəfindən də mübahisələndirilmir. Bu isə o deməkdir ki, bu günə qədərki həbslərin kökündə yalnız bir meyar dayanıb – məmurun törətdiyi qanun pozuntusu. Əlbəttə, əgər baş verənlərdən dərs almayıb bu tendensiyanı davam etdirmək istəyən olacaqsa, təbii ki, ən qısa müddətdə qollarında qandalı hiss edəcək. Başqa bir məqam, bilirik ki, dövlətin başçısı Azərbaycanda status olaraq bir nömrəli şəxsdir, əgər Prezident özünü xalqın bir nömrəli xidmətçisi hesab edirsə, yerlərdə isə məmur vətəndaşa ikrahla yuxarıdan aşağı baxırsa, təbii ki, bu məmurlar da dövlət idarəçiliyində qalmayacaq.

– Növbəti hansı sahədə islahatların aparılması gözlənilir?

– Bizim ana qanunumuza əsasən, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır və dövlətinin təməlini də məhz xalqın vahidliyi təşkil edir. Ölkənin daxilində və xarici münasibətlərdə dövlətimizi təmsil edən vəzifəli şəxs isə Azərbaycan Respublikasının Prezidentidir. Yəni bu, o deməkdir ki, islahatlar, bu islahatların tempi, mərhələləri, yaxud yeni islahat kursunun müəyyən edilməsi kimi məsələlər birbaşa cənab İlham Əliyevin səlahiyyətində olan məsələlərdir. Biz yalnız atılan addımlar, siyasi kursun istiqamətləri və cənab Prezidentin irəli sürdüyü tələblər əsasında hansısa formada proqnozlarımızı verə bilərik. Görünən odur ki, hazırda əsas diqqətdə olan məsələlərdən biri sosial sahədə islahatların həyata keçirilməsidir. Hesab edirəm ki, sosial sferanın bir neçə istiqamətində, xüsusən aztəminatlı ailələrin qarşılaşdığı problemlərin həlli istiqamətində ciddi addımlar atılacaq. Habelə, iqtisadi islahatlar müxtəlif sferalarda özəl sektorun payının artırılması, dövlətin yalınız nəzarət institutu kimi fəaliyyətinin möhkəmləndirilməsini müşahidə edəcəyik. Habelə, dövlət şirkətlərinin fəaliyyətində əsaslı dönüş üçün, bu şirkətlərin hansı formada mövcudluğunu davam etdirməsi, az ehtimalla özəlləşməsi yaxud böyük ehtimalla eyni bir konserndən idarə olunması kimi tədbirlər paketinin həyata keçiriləcəyini düşünürəm. Habelə insan hüquq və azadlıqların müdafiəsi sahəsində islahatların növbəti mərhələsinin olacağına şübhə etmirəm, xüsusən, məhkəmələrin, digər güc strukturlarının, habelə vəkillik institutu, hüquqi yardım, mediasiya məsələlərində düşünürəm ki, yaxın 2-3 ildə bizi çox maraqlı və fərqli mənzərə gözləyir. Habelə vətəndaş müraciətlərin idarə olunması üzrə inqilabi islahatların şahidi olacağımıza inanıram.

– Yeni təyin edilənlər keçmiş icra başçıları rayonlarda yaratdığı mənfi ab-havanı aradan qaldırıb, insanlarda yenidən icra strukturlarına olan inamı bərpa edə biləcəklərmi?

– Yeni təyin edilən icra başçılarının demək olar ki, böyük əksəriyyəti yüksək intellekt sahibi olan insanlardır. Əlbəttə, müəyyən zaman alacaq, amma onların mənzərəni dəyişəcəklərinə inanıram. Rayona gedib problemlərin kökündə dayanan bütün köhnə məmurları işdən azad etmək olar, lakin rayonlarda bu kimi radikal addımların radikal nəticələri də ola bilər. Hər bir rayonda böyük nəsil-şəcərə ənənəsi var, hər bir məmurun arxasında bir nəsil dayanır, bu baxımdan prosesləri üsulluca həyata keçirmək, yalnış anlaşılmalara yol vermədən, hətta insanlara şans yaradaraq addımlar atılmalıdır. Əlbəttə dövlətlə heç kim dövlətçilik edə bilməz, dözülməz, yaramaz məmur dərhal qovulmalı, onun korrupsiya fəaliyyətinin yoxlanmasına isə rayondan yox, mərkəzdən aidiyyatı strukturlar cəlb olunmalıdır. Bundan başqa rayonlarda kadr potensialı şəhərdəki formada deyil, bütün bunlar problemdir. Yəni demək istədiyim odur ki, kadr islahatı yeni icra başçısının bir az vaxtını ala bilər. Lakin burada elə etmək lazımdır ki, əhali yeni başçının köhnə korrupsioner kadrlarla işləməsinin əsl mahiyyətini düzgün başa düşsün, yeni başçının adını bu adamlarla birlikdə hallandırmasın. Bundan başqa daha ciddi problem, əhalinin özünün yeni idarəçiliyə hazır olmasıdır, necə ki, rüşvət istəyən dillər kəsilməlidir və kəsilir də, eləcə də rüşvət verən əllər də kəsilməlidir. Habelə ünsiyyət sivil qaydada qurulmalıdır, necə ki, məmur vətəndaşa yuxarıdan aşağı baxmamalıdır, eləcə də vətəndaş da işini vicdanlı görən məmurla hədə, təhdid dili ilə danışmamalıdır. Ümumiyyətlə, ortada bir hüquqsuzluq varsa, yaranarsa, bunun həlli yolu məhkəmə olmalıdır.

– Bir ara məmur övladları dəbdəbəli həyatlarını nümayiş etməyi sevirdi. Amma son zamanlar bu qismən azalıb. Daha çox o gənclər hansı addımları ilə örnək olmalıdır?

-Pandemiya dövrünü bir kənara qoysaq, hansısa iş adamının dəbdəbəli həyatına qarışmağı düzgün hesab etmirəm. Lakin, əgər məmursansa, hətta vəzifəyə gəlməzdən öncə, biznes fəaliyyəti göstərib qanuni yolla varlanmış məmursansa belə, fəaliyyətin dönəmində addımlar xalqın yaşayış, rifah səviyyəsinə uyğun atılmalıdır. Bu həssas məsələdir, xalqı qıcıqlandırmaq olmaz. Nəzərə almalıyıq ki, hər kəsin həyatı gül-gülüstan deyil, ağır durumda yaşayanlar da var. O ki, qaldı örnək addıma, mən bayaq dedim ki, Konstitusiya ilə bu ölkənin daxildə və xaricdə təmsil edən Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən şəxs Prezidentdir. Məhz Onun fəaliyyəti, həyat tərzi habelə övladlarının fəaliyyət və ictimai davranış tərzi zənnimcə ən yaxşı nümunədir.

– Bəhruz bəy, ermənilərin son dövrlər təxribatları artıb. Əsas bu təxribatlar cəbhə boyu bölgələrlə yanaşı Tovuz istiqamətində olur. Sonuncu Goranboyda törədilən təxribat zamanı Rusiya müdafiə naziri Ermənistanda rəsmi səfərdə idi. Ən önəmlisi isə qondarma rejimin rəhbərliyi Gəncəni vurmaqla hədələdi. Bütün bu təxribatlar və sərsəm açıqlamalar ikinci Qarabağ müharibəsinin başlamasına səbəb ola bilərmi?

– Ermənistan tərəfi bu gün Azərbaycan üçün müharibədən başqa yol qoymayıb. Azərbaycan xalqı sonsuzadək gözləyə bilməz, Azərbaycan dövlət başçısının da son dövrlər mövqeyi elə bu yöndədir. Yəqin ki, istər Rusiya Prezidenti ilə telefon danışığı, istər Yunanıstan və İran səfirlərinin etimadnamələrinin qəbulu zamanı Prezident İlham Əliyevin sərt ritorikasının hamımız şahidi olduq. Bu baxımdan açığı mən müharibəni real hesab edirəm, lakin eyni zamanda onu da düşünürəm ki, bu iki dövlət yox, maraqların, bir neçə, bəlkə də onlarla dövlətin cəlb olunduğu münaqişəyə çevrilə, arealı Azərbaycandan çox-çox kənarlara qədər uzana bilər. İstənilən halda, nə olursa-olsun, qələbəmizə, bölgədə tamamilə fərqli düzənin yaranacağına, Azərbaycanın isə bu düzəndə lider dövlətə çevriləcəyinə heç bir şübhə ola bilməz. Xüsusən bütün bunların Azərbaycan-Türkiyə əməkdaşlığının yeni mərhələsinin fonunda baş verəcəyinə inanıram.

– Bu gün əsas müzakirə olunan məsələlərdən biri də uşaqpulunun yenidən bərpa olunması məsələsidir. Payızda bununla bağlı dinləmələrin keçirilməsi gözlənilir. Uşaqpulu yenidən bərpa edilə bilərmi?

– Bu çox həssas mövzudur və bir çox siyasilər də bu amildən xal toplamaq üçün istifadə edir, kütləyə oynayır. Mənim özümün bu mövzuda mövqeyim bəllidir, daha təkmil bir mexanizmin düşünülməsinin tərəfdarıyam. Bilirsiz ki, Konstitusiya ilə ailə cəmiyyətin əsas özəyi hesab edilir və ailənin dövlətin xüsusi himayəsində olması bəyan olunur. Bizim kimi cəmiyyətlərdə uşaq ailənin mövcudluğunun davamı üçün faktiki olaraq yeganə şərtdir. Bu baxımdan məsələ kifayət qədər həssas olduğu üçün mexanizm elə qurulmalıdır ki, verilən müavinət faydalı olsun, həm məbləği normal olsun, həm də bu vəsaiti alan kontingentin, ailənin bir işinə yarasın. Düşünürəm ki, dinləmələrin nəticəsini gözləmək lazımdır.

– Milli Məclisin payız sessiyasında daha çox hansı qanunların müzakirə olunmasını və qəbul edilməsini istərdiniz?

– İnformasiya cəmiyyətinin tələblərini nəzərə alaraq mən ilk növbədə İnformasiya Məcəlləsinin formalaşdırılmasının tərəfdarıyam, bəli bu uzun prosesdir, lakin artıq gecikirik. Düzdür, bu günə qədər bu məsələ gündəmə gətirilməyib, lakin, bu sahənin nəzəri əsaslarını tədqiq edən alim kimi, bunun zəruri olduğuna əminəm. Bundan başqa, ümumiyyətlə, prosessual qanunvericiliyə yenidən baxılmasının tərəfdarıyam. Habelə Mülki Məcəllə tam mənasında yenidən işlənməlidir. Yəni həll olunası problemlər çoxdur və bu sessiyada qanunvericilik təşəbbüsü hüququmdan cəmiyyətə və ən əsası dövlətimizə fayda verəcək formada, maksimal istifadə etməyi düşünürəm.

– Pandemiyadan sonra maaş, pensiya və təqaüdlərin yenidən artırılması gözlənilirmi?

– Dövlətimizin bu günə qədərki inkişaf strategiyasını xronoloji təhlil etsək, demək olar ki, maaş, pensiya və təqaüdlərin hər il artırılmasının şahidi oluruq. Əgər hətta iqtisadi geriləmə və karantin məhdudiyyətlərinin büdcəni yüklədiyi bir zamanda cənab Prezident sosial tədbirləri təxirə salmağa imkan vermədisə, insanların rifahının yüksəldilməsi xəttini müdafiə etdisə, demək ki, maaş, pensiya və təqaüdlərin ötən dövrkü artırılma ənənəsinə də sadiq qalınacaq.

– Bəhruz bəy, bilirsiniz ki, son illər gənc kadrlar yüksək vəzifələrə təyin olunurlar. Bu gəncləşmə bizə nələri qazandıracaq?

– Gəncləşmə bir kampaniya deyil, təbii prosessdir. Əlbəttə, yeni baxış, yeni yanaşma inkişafın rəhnidir. Xüsusən, yeni dünya düzənini, müasir inkişaf modellərini gəncliyimiz, xüsusən xaricdə təhsil almış gənclik etiraf edək ki, əvvəlki nəsillərdən daha yaxşı bilir. Lakin, bir daha deyirəm, dövlət başçısının da ötən il BDU-nun 100 illik yubileyi mərasimindəki tarixi çıxışında bildirdiyi kimi, bu bir kampaniya deyil, təbii prosesdir və nə qədər savadlı bilikli olsa da, gəncliyimizin həmişə özündən bir öncəki nəslin sağlam təcrübəsinə ehtiyacı var.

– Bu gün seçiciləriniz daha çox hansı problemlər və qurumların fəaliyyətsizliyi ilə bağlı sizə müraciət edirlər?

-Təmsil olunduğum 66 saylı Biləsuvar seçki dairəsinin bir nömrəli problem sudur. Həm suvarma, həm içməli su. Bundan başqa məşğulluq, müxtəlif sosial imkanlardan yararlanmaq istəyən şəxslərin qarşılaşdığı problemlər bizə müraciətlərin əhəmiyyətli hissəsini təşkil edir. Bundan əlavə, yol, elektrik enerjisi və qazlaşma sahəsində yeni salınan məhəllələrdə problemlər var. Bilirsiniz ki, Biləsuvar rayonuna icra hakimiyyətinə yeni başçı təyin edilib, kifayət qədər gənc, enerjili, təmkinli, savadlı və səbatlı kadrdır, əhəmiyyətli idarəçilik təcrübəsi var. Yuxarıda sadaladığım problemli məsələlərdə də əsas yük icra strukturlarına düşür. Mən də rayonun qanunverici orqanda səsi kimi, seçicilərimin mənafelərini üstün tutmaq şərti ilə, əlimdən gələn bütün dəstəyi ona verəcək, hakimiyyətlərin fərqli qolları olaraq onunla birlikdə çiyin-çiyinə bu məsələlərin həlli istiqamətində birgə səmərəli formada çalışacağıq.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!