Ağdaşda yüksək nəticə göstərmiş abituriyentlərlə görüş keçirildi

2020-09-14 16:59:52 / 1205 dəfə oxunub
Ağdaşda rayonun ümumtəhsil məktəblərini bitirərək ali təhsil müəssisələrinə 2020-2021-ci tədris ili üzrə keçirilmiş qəbul imtahanlarında 500 baldan yüksək nəticə göstərmiş abituriyentlərlə videokonfrans formatında görüş keçirildi.

Görüşü açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov uğur qazanan gəncləri, eyni zamanda onların valideynlərini və müəllimlərini təbrik edərək onlara təhsildə uğurlar, doğma vətənimizin daha da qüdrətlənməsi yolunda nailiyyətlər arzuladı. C.Osmanov qeyd etdi ki, yaşadığımız dövr bizdən daha mükəmməl təhsil almağı, elmi biliklərə və peşələrə dərindən yiyələnməyi tələb edir. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası da ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanmışdır. Ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir” kəlamını diqqətə çatdıran millət vəkili bildirdi ki, bu gün dahi şəxsiyyətin ideyaları Respublikamızda böyük yaradıcı gücə çevrilib. Elm və təhsil quruculuğunda müasir dövrün çağırışları nəzərə alınır, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi "Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi ardıcıl şəkildə icra olunur. Bu gün ölkəmizdə cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycan təhsili uğurla inkişaf edir. Ölkəmizdə, o cümlədən rayonumuzda da müasir məktəb binaları tikilib şagirdlərin istifadəsinə verilir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi gənclərin daha yaxşı təhsil almasına imkan verir. Yaradılan şərait də artıq öz bəhrəsini göstərməkdədir. 



Ümumtəhsil məktəblərini bitirən gənclər ali və orta ixtisas məktəblərinə qəbulda ilbəil daha da yüksək nəticələr göstərir, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edir, savadlı, geniş dünyagörüşlü və əsl vətənpərvərlər kimi formalaşırlar. Bu gün dünyada o ölkələr inkişaf edərək irəli gedirlər ki, orada təhsilə daha çox sərmayə qoyulur. Çünki təhsilə qoyulan sərmayə xalqların və ölkələrin gələcəyinə qoyulan sərmayədir. Vətənpərvər gənclik isə o gələcəyin ən etibarlı təminatçısıdır. Əgər ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə yetişən gənclik müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmişdirsə, bu gün yetişən gənclik də bu inkişafın gələcəkdə davamının təminatçıları olacaqdır. Bütün bu qeyd olunanları nəzərə alaraq Vətənimizin və xalqımızın inkişafı naminə yaxşı təhsil almalı, seçdiyiniz ixtisası mükəmməl öyrənməli, öz peşənizin sahibinə çevrilməlisiniz. Hər bir gənc müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, özünü mənsub olduğu xalqa layiqli vətəndaş kimi hazırlamalıdır. Uğurlu nəticə əldə edərək tələbə adını qazanan abituriyentləri bir daha təbrik edən Cavid Osmanov gənclərimizə gələcək həyatlarında daha böyük uğurlar arzuladı.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Teymur Əmirli tələbə adını qazanan bütün abituriyentləri təbrik edərək onlara ölkəmizdə cənab Prezidentimiz tərəfindən uğurla həyata keçirilən gənclər siyasətinin aktiv iştirakçısı olmağı və ölkəmizin inkişafı, parlaq gələcəyi naminə əzmkarlıqla çalışmağı dilədi. Bildirdi ki, sizin kimi gənclərimizin uğurları rayonumuz, ümumilikdə ölkəmiz üçün qürurverici haldır. Məhz bu cür gənclərimizin sayəsində böyük uğurlar və nəaliyyətlər əldə edəcəyimizə isə inamımız daha böyükdür.

Ali məktəblərə qəbul olunan bütün tələbələr adından minnətdarlıq edən Rəsul İsgəndərli qeyd etdi ki, biz vətən qarşısında, bizə diqqət və qayğı göstərən ölkə rəhbərliyi qarşısında öz borcumuzu hiss edir və əmin edirik ki, harada oxumağımızdan asılı olmayaraq göstərilən etimadı doğruldacaq, Azərbaycan gəncliyinin adına layiq olacaq, doğma Ağdaşımızı layiqincə təmsil edəcəyik.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!