Nəsib Məhəməliyev: "İnsanlar mənim timsalımda dövlətimdən, təmsil olunduğum iqtidardan narazı olmamalıdı"

2020-09-18 14:29:44 / 1187 dəfə oxunub
Milli Məclisin deputatı Nəsib Məhəməliyevin Sabaha-inamla.az-a-"Xalqın səsi" rubrikasına müsahibəsi

-Nəsib müəllim,dünyanın hər bir yerində koronavirus(COVİD-19) pandemiyası tüğyan edir.O cümlədən də Azərbaycana gəlib çıxıb. Dünya dövlətləri ilə müqayisədə Azərbaycana dəyən zərbə barədə sizin fikirlərinizi bilmək istərdik.

-Koronavirus pandemiyası qısa bir zaman kəsiyində olduqca sürətlə dünyanın bütün ölkələrini əhatə elədi. Və fevral ayında virusa yoluxmuş xəstələr peyda oldu. Olduqca düzgün, zamanında qəbul edilmiş qəti qərarlar nəticəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargah yaratdı. Və zamanı qabaqlayan tədbirlər nəticəsində dərhal xaricdən testlər gətirildi. Koronavirus yeni bir element olduğu üçün ictimayyətdə bu barədə kifayət qədər məlumatlar yox idi.Qısa zamanda Azərbaycan həkimləri Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqə yaratdılar. Eyni zamanda Çinin Uhan şəhərində ilk dəfə peyda olduğuna görə Çin mütəxəssisləri ilə video-konfrans vasitəsilə əlaqə yaratdılar. Və koronavirusun yayılması təhlükəsi, onun əlamətləri ilə bağlı məlumat bazası yaratdılar. Bu da sonrakı proseslərdə böyük əhəmiyyət kəsb elədi. Bu baxımdan ki, artıq özünü təcrid prosesləri həyata keçirildi, karantin rejimi müəyyənləşdirildi. Karantin üzrə Bakı və rayonlarda ixtisaslaşdırılmış xəstəxanalar müəyyənləşdirildi. Və koronavirusla mübarizə üçün ən əsas lazım olan elementlər: tibbi maskaların, süni nəfəsalma aparatlarının, dizinfeksiyaedici məhsulların xaricdən gətirilməsi təşkil olundu. Və qısa zaman kəsiyində dünyada çatışmazlığı nəzərə alaraq Azərbaycanda tibbi maskaların, dizinfeksiya məhsullarının istehsalına başlanıldı. Və Respublikanın bütün inzibati ərazilərində gediş-gəliş bağlandı. Eyni zamanda digər ölkələrdə də hava nəqliyyatından tutmuş quru nəqliyyatı məhdudlaşdırıldı. Bütün bu görülən tədbirlər nəticəsində Azərbaycan demək olar ki, koronavirusun birinci mərhələsini uğurla başa çatdırdı. Bu proseslər yekunlaşmaq üzrədir.Baxmayaraq ki, gündəlik statistikaya nəzər saldıqda yeni yoluxma halları, ölümlə nəticələnən itkilər də mövcuddur.

-Sizcə gündəlik yoluxmanın artması nədən irəli gəlir?

-İlk növbədə insanların səhlənkarlığından. Koronavirusla bağı karantin rejiminə uyğun tətbiq olunan sərt qaydalar yumşaldıqdan sonra insanlar ictimai yerlərdə, ictimai nəqliyyatda, ayrı-ayrı xidmət sahələrinin qarşısında, küçələrdə, parklarda kütləvi toplaşma hallarına yol verirlər. Hər hansı bir qoruyucu maskadan istifadə etmədən. Bu da təbii şəkildə yoluxma hallarının artmasına səbəb olur.

-Əksər adamlar "koronavirus boş şeydir" ifadəsini işlədirlər.Onları buna vadar edən sizcə nədir?

-Mən də elə şayiələri tez-tez eşidirəm. Sadəcə bu səhlənkarlıqdan başqa bir şey deyil. Ayrı-ayrı şəxslər var ki, əks təbliğatla, dezinformasiya ilə məşğuldurlar. Dünyanın ən inkişaf etmiş ölkələri, güclü səhiyyə sisteminə malik Amerika Birləşmiş Ştatlarında katostrofik yoluxma halları, itkilər baş verdi, eyni zamanda İngiltərə kimi bir ölkəni baş naziri koronavirusdan xəstəxanada yatıb müalicə aldı. O cümlədən Rusiya Federasiyasının baş nazirindən tutmuş ayrı-ayrı nazirləri, qonşu İranda deputatların, nazirlərin, bir çox həkimlərin, ziyalıların yoluxma halları baş verdi. Ətraf ölkələrdə çoxlu sayda həkimlər dünyasını dəyişdi. İsveçdə Azərbaycan diasporasının üzvü-gənc oğlan dünyasını dəyişdi...Bakı şəhərindən olan imkanlı insanlardan biri Sankt-Peterburqda dünyasını dəyişdi. Belə səhlənkarlıq qətiyyən yolverilməzdir. Mən dəfələrlə müsahibələrimdə, televiziya çıxışlarımda xahiş etmişəm ki, maarifləndirmə işləri daha da sürətli şəkildə davam etdirilməlidi. Bu insanlar başa düşməlidirlər ki, tək özlərinin həyatlarını risk altına atmırlar. Yaxınlarının, ailə üzvülərinin, doğmalarının, eyni zamanda dövləti yükləyirlər, əlavə risk, həm iqtisadi, həm mənəvi baxımdan əlavə yük, gərginlik yaradırlar. Biz bunun qarşısını mütləq almalıyıq. Hesab edirəm ki, karantin rejimi tətbiq olunmasa belə İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə görə Məcəlləyə uyğun şəkildə sərt tədbirlər görülməlidir. Yoxsa bunun qarşısını ala bilmərik. Heç kim bilmir ki, koronavirusa qarşı vaksin nə vaxt tapılacaq. Və heç kim bilmir ki, ikinci, üçüncü dalğa ola bilər. Sosial məsuliyyəti aşağı səviyyədə olan vətəndaşların güdazına camaat getməməlidi.

-Səhv etmirəmsə, Azərbaycan ikinci dalğaya hazırdır.

-İkinci dalğa deyəndə müxtəlif proseslər nəzərdə tutulur. Məsələn, CənubiKoreya dünyanın inkişaf etmiş ölkələrindən biridi. Cənubi Koreyadı, Sinqapurdu, bu ölkələr birinci mərhələni qısa zaman kəsiyində uğurla keçdilər. Və sonralar müşahidə olundu ki, koronavirusadan sağalıb müalicə olunub evə buraxılan insanlarda artıq müəyyən zaman keçəndən sonra təkrar yoluxmalar aşkar oldu, testlər pozitiv çıxdı. Yəni bu formada ikinci dalğa ola bilər. Eyni zamanda, koronavirus nə qədər ki, ətraf ölkələrdə çox sürətlə yayılır. Heç kim sığortalanmayıb ki, bu təkrar yayılmayacaq. Amma Azərbaycana gəldikdə, artıq həkimlər, tibb personalı, cəmiyyət kifayət qədər peşəkarlaşdı. İnsanlarda harda yaşamasından asılı olmayaraq artıq bir növ ciddi məsuliyyət hissi yarandı. 95-98 faiz insanlarımız da artıq psixolaji baxımdan da buna hazırdılar. Biz bunu iki ay yarım karantin rejimində gördük. Ələlxüs insanlar kütləvi şəkildə nizam-intizama riayyət elədilər. Hətta ikinci dalğa olsa belə Azərbaycan buna hərtərəfli hazırdır. Çünki bu yaxınlarda cənab Prezident birinci vitse-prezident Mehriban xanımla birlikdə modultipli xəstəxanaların açılışını həyata keçirdi.Və Respublikanın regionlarında da artıq 10 ədəd belə modultipli xəstəxana hazırdı. Eyni zamanda 670 çarpayılıq yeni klinikanın açılışı da, onun koronavirusla bağlı mübarizəyə profillənməsi də göstərir ki, Azərbaycan hətta birinci dalğadan daha konstruktiv şəkildə hazırdır- ikinci dalğa ola bilərsə.

-Son vaxtlar gedən islahatlar, icra başçılarının həbsi barədə nə deyərdiniz?

-Cəmiyyət varsa, cinayət var. Cinayət varsa, deməli cəza olmalıdı. Məmur səhf eliyə bilər, hardasa cinayət də eliyə bilər. Ancaq elə məsələlər var ki, ona haqq qazandırmaq qətiyyən qeyri mümkündü.Ələlxüsus belə bir həssas məqamda dövlətin birinci şəxslərinin-Prezident və birinci vitse-prezidentin Koronavirusla Mübarizə Fondunun yaradılması, özlərinin birillik əmək haqqını ora keçirməsi və digər fondlardan vəsaitin təmin olunması və xalqa müraciət etməsi, bütün insanların bu fonda vəsait köçürməsi fonunda dövlətin ayırdığı yardımları və yaxud da Heydər Əliyev Fondunun ayırdığı yardımları icra başçısı səviyyəsində mənimsəmək çox ağrıdıcı bir haldı. Belə bir həssas məqamda dövlətin, şəxsən Prezidentin təşəbbüsü ilə yaradılmış işsizliyin səviyyəsinin aradan qaldırılması üçün, məşğulluq səviyyəsinin artırılması üçün sosial əmək kartlarının mənimsənilməsi, öz adamlarının adına sənədləşdirib pulların mənimsənilməsi heç bir mənəvi çərçivəyə sığmır. Olduqca ürək ağrıdıcı bir haldır...

-İcra başçılarının iş yerlərindən,evlərindən külli miqdarda pullar çıxırdı. Sanki gözləri doymurdu onların...

-Bir hüquqşünas kimi deyərdim ki, ancaq faktlara söykənmək lazımdır. Prezidentin informasiyası hamıdan çoxdur. Belə insanlar təbii ki, təmizlənməlidi. İmici müsbət olan, hər hansı neqativ proseslərdən kənar yeni kadrlar təyin olunmalıdı. Müşahidələr göstərir ki, bu qədər imkanlı insanların yardımlara göz dikməsi sadəcə xəstəlikdir. Belə bir imkanlı insanlar əksinə xeyriyyə tədbirlərində iştirak eləməlidilər. Daha çox imkansız ailələrə belə bir şəraitdə yardım göstərməlidilər. Buna bütün məmurlar riayyət eləməlidilər...

Hesab edirəm ki, kadr islahatları davam etdirilməlidi. Cəmiyyət arasında nüfuzu, müsbət imici olan insanlar vəzifələrə gəlməlidi. Cənab Prezident 2018-ci ilin aprel ayında növbədən kənar Prezident seçkilərində qalib gəldikdən sonra cəmiyyətin bütün sahələrini əhatə edəcək islahatların aparılması ilə bağlı anons verdi. Bundan sonra dəfələrlə müxtəlif tədbirlərdə çıxışlarında rüşvətxorluq və korrupsiya ilə bağlı öz fikirlərini çox kəskin şəkildə bildirdi. Sonralar iki icra başçısı tutulandan, ondan sonra yeni təyin olunan icra başçılarını qəbul etdikdə çox kəskin şəkildə fikirlərini bildirdi. Bundna sonra bu işləri davam etdirmək sadəcə ağılsızlıqdı.

-Seçicilərinizlə görüşə bilirsinizmi.Hansı problemləri var?

-Pandemiya başlayandan seçicilərlə əlaqə saxlayıram. Feysbuq səhifəm açıqdır, istənilən adam yaza bilir. Hər gün, hər bir seçicinin, tək öz seçicilərim yox, digər rayonlardan, Bakı şəhərindən müraciətlər olur. Onların hamısına özüm cavab verirəm. Karantin rejimi tətbiq olunandan bu günə qədər görülən işləri, qəti qadağan eləmişəm ki, heç biri reklam olunmasın. Bunu əvvəllər də reklam eləməmişəm, bu gün də reklam eləmirəm.Müxtəlif ərzaq paketlərini göstərib, çəkiliş edib, bununla insanların qürurunu tapdalamaq olmaz. Mən bunu heç vaxt eləməmişəm, indi də eləmirəm. Əsas odur ki, insanlar mənim timsalımda dövlətimdən, təmsil olunduğum iqtidardan narazı olmamalıdı. İcra strukturunda çalışdığım, deputat olduğum dövrdə də belə olubdu. Mənim timsalımda rəhbərlik etdiyim rayonlarda əhali dövləti dəstəkləməlidi, Prezidentin siyasəti həyata keçirməlidi.

-Seçicilər ən çox nədən narazıdılar?

-Bu aylarda insanlar evdən bayıra çıxmadılar. Yardımlarla bağlı müraciətlər oldu. Pandemiyanın müsbət tərəfi bilirsiniz nə oldu? Birincisi, Azərbaycanda milli birlik formalaşdı. Cənab Prezident müraciət etdikdən sonra fond formalaşdı. Bir çox imkanlı insanlar imkansız ailələrə köməklik elədilər. Bu insnalarda xoş təəssürat yaratdı. İkinci, əməliyyatlarla bağlı müraciətlər olur. Etiraf etməliyik ki, bizdə tibbi sığorta məsələsi gec başladı. Bu dəqiqə də müxtəlif cərrahiyyə əməliyyatları, xəstəliklərlə bağlı çox müraciətlər olur. İmkan olanda, çalışırıq köməklik eləyək. İşıqların tez-tez sönməsi, internet zəifliyi, xəstəxana, məktəb tikintisi, tələbələrin təhsil haqlarının keçirilməsi ilə bağlı müraciətlər olur. İstər 5-6 -cı çağrışda seçicimin müraciət etdiyi elə bir problemi olmayıb ki, mən onu Milli Məclisdə səsləndirməyim. Bəzi hallarda onların adından, onların qaldırmadığı problemləri qaldırmışam.
Hər kəsi Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram. Bizim mentalitetimizdə belə bir şey var. Hamı vəzifə istəyir. Hamı Prezident, nazir, icra başçısı olmaq istəyir...

-Ermənilər bu yaxınlarda Dağlıq Qarabağda prezident seçkiləri keçirdilər...

-Dağlıq Qarabağ ərazisində keçirilmiş "Prezident seçkilərini" dünya tanımadı. Burda Azərbaycan diplomatiyası operativ şəkildə öz vəzifəsini yerinə yetirdi. Dünyanın əsas ölkələri, beynəlxalq təşkilatlar həmin seçkiləri tanımadıqları haqda bəyanatlarını verdilər. Bu onu deməyə əsas verir ki, bu ərazi coğrafi baxımdan Azərbaycanın ərazisidir. Və biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Burada erməni millətinin həysızlığı o dərəcədədir ki, baxmayaraq dünyada koronavirus baş alıb gedir, onlar həmin ərəfədə də seçkilər keçirdilər. 21-də seçkinin məhz Şuşada keçirilməsi, beynəlxalq hüquqa zidd əməl olmaqla bərabər, ermənilər tərəfindən ictimai rəyə tüpürmək deməkdi. Çox təəssüflər olsun ki, əvvəlki dönəmlərdə olduğu kimi ermənilər bir az ərköyünlük göstərirlər. Dünya gücləri arasında bir növ ayrı-ayrı qüvvələrin dəstəklədiyi üçün, bu qanunsuz addımları atırlar. Mən buna çox mənfi baxıram. Bu gün danışıqlar prosesi getdiyi ərəfədə belə provakasyon hərəkətlərə yol vermək beynəlxalq hüququ inkar etməkdi. Ancaq soyuqqanlı davranmaq lazımdı. Bu bir faktdır ki, bizim Milli Ordumuz kifayət qədər güclü,müasir silahlanmış, istənilən tapşırığı icra etmək iqtidarındadı. Aparılan taktiki təlimlər, döyüş tapşırıqlarının icrası- 2016-cı ilin aprel ayında 4 günlük müharibə ərəfəsində Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatlar , beynəlxalq təşkilatların apardığı təhqiqatlara görə, ordumuzun dünyanın ən güclü 50 ordu sırasıan daxil olması, bütün bunlar bizə əsas verir ki, biz qısa zamanda, artıq metastas vemiş bu konfilikti həll eləyək. Ancaq bununla da hesablaşmaq lazımdır ki, müasir dünyada hər şey olduqca ölçülüb-biçilməlidi. Xiristianlıq təəssübkeşliyinə görə, geosiyasi oyunların bir marenetkasına çevrildiklərinə görə, Ermənistan hər tərəfdən, həm Şimaldan, həm Cənubdan dəstəklənir...Müharibəni etmək, qısa zaman kəsiyində problemin həllinə nail olmaq olar. Ancaq biz bir dövlət olaraq məcburuq itkiləri də hesablayaq. İlk növbədə beynəlxalq şərait yetişməlidi. Çünki başqalarının səhfindən də öyrənməliyik. Başqalarının buraxdığı səhfləri nəzərə almalıyıq...Hər şey dəqiq ölçülüb-biçilməlidi, tələsik qəbul edilmiş qərar yanlışlığa gətirib çıxara bilər.

-Xaricdə olan qüvvələr deputtalardan tutmuş bütün məmurları sərt şəkildə təhqirlər edirlər.

-Buna münasibətim olduqca mənfidir. Sadəcə bu çox ciddi tərbiyəsizlikdir. Mən hər zaman söyüş ritorikasının əleyhinə olmuşam. Tam məsuliyyətlə deyə bilərəm ki, bu yaşa çatıb heç bir söyüş işlətməmişəm. Kimliyindən asılı olmayaraq bu söyüşü qəbul etmirəm. Bu söyüş heç vaxt müsbət nəyəsə gətirib çıxara bilməz.Söyüş söyən insanlar özləri nifrət qazanırlar. Ələlxüsus tanımadığım, kimliyinə bələd olmadığım insanların kütləvi şəkildə iqtidarı təmsil elədiklərinə görə və yaxudda cəmiyyətdə hansı bir status əldə etdiklərinə görə söyüb təhqir eləmək ən böyük alçaqlıqdır.

-Bu cür halların baş verməməsi üçün nəsə bir mexanizm düşünmək lazımdımı?

-İndi informasiya kominikasiya texnologiyaları əsridir. Sərbəst internet var, demokratik cəmiyyətdə yaşayırıq. Bu ya birdəfəlik ləğv olunmalıdır.O da qəbul olunmayan bir haldı.Ya da o insanların hər biri ilə bağlı, məhz söyüş söydüklərinə görə cinayət işi açılmalıdı.Yaxşı olar ki, Azərbaycan məhkəmələrinin çıxardığı qətnamələr beynəlxalq ictimayyət tərəfindən tanınsın. Bəzi hallarda yerində olmayan məmurların yaratdığı süni problemlər nəticəsində dövlətdən narazılıq bildirilir. Məmur yerində olmayanda vətəndş hər şeyi dövlətin ayağına yıxır. Onlar araşdırılmalıdır, konkret rüşvət şəraiti yaradan məmurlar tapılıb cəzalandırılmalıdı. Möhtərəm Prezident məmurlardan xalqa xidməti tələb edir. Amma burda hansısa yaramaz məmur vətəndaşları dövlətin əleyhinə qaldırır. Bu nüansa fikir vermək lazımdı.

Törətdiyi əməl hansı maddə ilə tövsib olunursa, mən o maddə ilə cəzanı tətbiq edərdim. Bizim çatışmayan nöqsanlarımızdan biri də subyektiv, emosianal verdiyimiz qərarlardır. Cinayət törədilən maddəyə müvafiq olaraq dövlət tərəfindən obyektiv araşdırılıb, cinayətkara cəza veriləndə, bu dövlət olur.Amma emosianal şəkildə flankəsdən mənim xoşum gəlmir, o cinayət törətdi, o məhv olmalıdı. Qərəzli şəkildə onu çürütmək dövlət anlayışı ilə eyni deyil .Bizim bir çox yüksək səviyyəli məmurlarımız öz subyektiv baxışlarına görə qərarlar verirlər. Daxil olan ərizə, şikayətlərdən tutmuş və yaxud da ki, ərazidə digər insanların fəaliyyətinə baxılarkən bəzi hallarda bu adam imkanlıdırsa düşünürlər ki, onu məhv eləmək lazımdır.Üstəlik də flankəsə vaxtında salam verməyib, ad gününü vaxtında təbrik eləməyib. Bu daxili emosianal vəziyyətə görə qərəzli qərar verən insanlar qanunlara riayyət eləmirlər. Bizdə bu kütləvi hal alır.

Özüm şüurlu şəkildə nə uşaqlıq, nə də gənclik illərində , sonrakı dövrdə, hətta heç vaxt kiməsə lağ eləməmişəm,heç vaxt kiminsə əsassız xətrinə dəyməmişəm.

-Bələdiyyələrin fəaliyyətini necə görmək istərdiniz?

-Bələdiyyələrlə bağlı 2024-cü ilə qədər Azərbaycanda heç bir seçki keçirilməyəcək. İstərdim ki, bu müddətdən istifadə edərək biz peşəkar bələdiyyə qulluqçusu formalaşdıraq. Peşəkar Bələdiyyə İnstitutu üçün peşəkar bələdiyyə kadrları lazımdır.Bunun üçün Dövlət İdarəetmə Akademiyasında imkan var. Bir neçə ali məktəblər də çox yaxşı olar ki, dünya praktikasından istifadə edərək savadlı, peşəkar bələdiyyə kadrlarını yetişdirsinlər. Bundan sonra maksimum çalışmaq lazımdır ki, maliyyə,təsərrüfat, kommunal xarakterli bütün məsələlər bələdiyyələrə verilsin. İcra hakimiyyətləri indiki halda siyasi rəhbərdir. İcra hakimiyyətləri haqqında əsasnamələrə dəyişikliklər olmalıdı.Bu əsasnamələr yenidən işlənilsə daha yaxşı olar. Yerli bələdiyyələrin icra hakimiyyətindən asılılığını aradan qaldırmaq lazımdır. Bu asılılığı aradan qaldırmaq, yerli demokratiyanın inkişafı baxımından dövlətin imici üçün də yaxşıdır. Eyni zamanda Bələdiyyə İnstitutunun təkmilləşdirilməsi baxımından da çox vacibdir. Asılılığın aradan qaldırılmasının yolları var. Yaxşı nümunə kimi Türkiyədə vali-bələdiyyə İnstitutu paralel şəkildə fəaliyyət göstərir. İcra hakimiyyətləri yerlərdə Prezidentin fərman və sərəncamlarının, konstitusion normaların icrası, dövlət siyasətinin düzgün aparılıb aparılmaması, bu məsələlərlə, siyasi məsələlərlə məşğul olsunlar. Kommunal xarakterli məsələlərə bələdiyyələrin məşğul olması üçün bu sahədə ciddi bir struktur formalaşdırılmasına ehtiyac var...Mövcud vəziyyətdə icra hakimiyyətləri strukturlarını saxlamaqda maraqlıdırlar.

Bələdiyyə sədri çox böyük bir vəzifədi. Onun gördüyü işin mənəvi tərəfi çox əhəmiyyətlidi. İstənilən bələdiyyə sədri öz kəndi, öz camaatı üçün əlindən gələn yaxşı nə varsa edəcək. Çünki bu adam istiyəcək ki, öz şəhərinin, öz rayonunun, öz kəndinin tarixində qalsın. Və növbəti seçkilərdə də çalışacaq ki, yenə səs toplasın, insanların rəğbətini qazansın. Ondan irəli gələn, abadlıqdan tutmuş kəndin yerli problemlərinin həllinə, bir çox məsələlərə diqqət yetirəcək, gündəlik işin içində olacaq. Bu bütövlükdə həm də cəmiyyətin mənəvi saflaşmasına xidmət edir.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!