Qəhrəman Zəngilan eli! Gözünüz aydın olsun!

2020-10-21 09:30:20 / 631 dəfə oxunub

Müzəffər Azərbaycan ordusunun qısa müddət ərzində bir-birinin ardınca Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının komandanlığı və rəhbərliyi altında  qazandığı şanlı qələbələr nəticəsində Füzulinin və Cəbrayılın ardınca Zəngilan elinin bir neçə kəndinin və Zəngilan şəhərinin qaniçən və murdar düşmən tapdağından azad edilməsi xəbərinin ildırım sürətilə bütün ölkəmizdə yayılması bütün Azərbaycan xalqı kimi məni də hədsiz və sonsuz dərəcədə sevindirmişdir. Bu tarixi qələbəmiz münasibətilə qalib prezidentimizi və bütün zəngilanlıları təbrik edirəm.

Bütün Azərbaycan xalqı yaxşı bilir ki, 1988-ci ildən 1993-cü ilin oktyabrın 29-dək qəhrəman zəngilanlılar bütün çətinliklərə, təhlükələrə, mərhumiyyətlərə və riyakar düşmənin amansız, qəddar hiylələrinə və hücumlarına baxmayaraq doğma torpaqlarında son ana qədər əsl qəhrəmanlıq nümunəsi göstərmişlər.  Və riyakar düşmənə öz igidlikləri və mərdlikləri  ilə qorxmazlığın və cəsurluğun əsl nümunəsini göstərmişlər. Ermənilər Zəngilanda da Xocalı soyqırımını törətməyə səy etsələr də Zəngilan alayının qəhrəman əsgər və zabitləri əsl vətənpərvərlik nümunəsi göstərərək bütün zəngilanlılarla birlikdə düşmənin çirkin və mənfur siyasətinin həyata keçməsinə imkan verməmişdir. Həmin çətin və dəhşətli anlarda ümummilli liderimiz Heydər Əliyevin səyi, diqqəti və qayğısı nəticəsində İran İslam Respublikasının prezidenti ilə aparılan danışıqlar nəticəsində Araz çayının suyu azaldılmış və Zəngilanlıların Araz çayından İran İslam Respublikasına keçərək təhlükəsizliyi təmin olunmuşdur. Həmin məşəqqətli anlarda yüzlərcə qəhrəman döyüşçüləri və Zəngilanın mülki əhalisi faciəli şəkildə həlak olsalar da, minlərlə zəngilanlı sağ-salamat, doğma vətəndə dövlətimizin qayğısı və köməyi sayəsində yaşayıb- yaratmış, ölkəmizin inkişafına öz layiqli töhfələrini vermişlər.

 Mənim atam və əmilərim 1-ci Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişlər. Əmilərim döyüşlərdə yaralanmış və müharibə əlilidirlər.  Mənim doğma dayım Hüseynov Ramiz Mürvət oğlu da 1-ci Qarabağ müharibəsində Qubadlı uğrunda gedən son döyüşlərdə 1993-cü il avqusutun 30-da qəhrəman kəşfiyyatçı kimi həlak olmuşdur. Bugün  mən də bütün zəngilanlılar kimi mənəvi cəhətdən özümü rahat hiss edirəm. Ona görə ki, Zəngilanın azad edilməsi və yaxın günlərdə də Qubadlının azad ediləcəyi xəbəri ilə bütün şəhidlərimizin və eyni zamanda mənim dayımın da narahat və nigaran ruhları azad olacaqdır.

            Bir daha gözünüz aydın olsun, mənim doğma Zəngilan elim!

            Yaşasın qalib prezidentimiz, müzəffər və şanlı ordumuz!

            Zəngilan bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Səbinə Xasayeva

Milli Məclisin deputatı

 

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!