Zəngilan Elinin Ölməz Qəhrəman oğlu

2020-10-29 12:09:08 / 513 dəfə oxunub

Ermənistan elan etmədən Azərbaycanla müharibəyə başlayanda zəngilanlılar torpağı qorumaq üçün birləşdi. Ağır döyüşlərdə hər zəngilanlı mərdliklə döyüşürdü. Onlardn biri də Balöğlan Süleyman oğlu Süleymanov idi.

Baloğlan Süleymanov Əsgülüm dağının əsrarəngiz və təkrarolunmaz yamaclarında yerləşən, qalın meşələri, buz bulaqları, saf havası, geniş yaylaqları olan Keçikli kəndində 1960-cı il avqust ayının 5-də anadan olub, uşaqlığı və yeniyetməliyi Rəzdərə kəndində keçib. Təbii Çinar meşəsi olan Bəsitçay Dövlət Qoruğu Rəzdərə kəndindədir. Baloğlanın qəhrəmanlığı ruhunun qəhrəmanlığıdı və bu qəhrəmanlıq böyüdüyü mühitin təsiriylə də bağlı ola bilər.

Nazirlər kabinetinin müvafiq sərəncamı əsasında Müdafiə nazirinin əmri ilə qısa müddət ərzində sərhəd rayonlarında ərazi özünümüdafiə taborları təşkil olunmasına başlanıldı. Bu proses Zəngilanda da uğurla aparıldı.

1991-ci ilin iyununda Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib doğma Zəngilana qayıtmışdım və Zəngilan rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini təyin olunmuşdum. Bu yeni təyinatda əsas vəzifələrdən biri rayonda xidmət göstərən sovet silahlı birləşmələrinin hissələri, yerli hüquq-mühafizə orqanları ilə birlikdə əhalinin və ərazinin qorunmasını təşkil etmək idi.

Taborun qərargahı Zəngilan rayon 144 nömrəli Texniki Peşə Məktəbinin bazasında yerləşdirildi. Biz rayonun dağınıq fəaliyyət göstərən könüllü müdafiə­çilərini taborda birləşdirdik. Qisa müddətdə çevik və nizami bir tabor yaradıldı. Mən 10 noyabr 1991-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə çağrıldım və Zəngilan rayon ərazi özünümüdafiə taborunun - 806 saylı hərbi hissənin komandiri təyin edildim. Taborun yaradılması ilə əlaqədar Vətənin ağır günlərində, xalqın dar ayağında, millətin heysiyyatına toxunan bir vaxtda özünü irəli verən, canını qurban verməyə hazır olan, qəhrəmanlığı ilə bütün zəngilanlıların yaddaşına əbədi həkk olunan ölməz və həmişəyaşar qəhrəman oğullardan biri də Baloğlan olmuşdur. Vətənin ağır günlərində Baloğlan bəziləri kimi meydandan qaçmadı, bu və ya digər yolla gizlənmədi, rahat yaşayış axtarmadı, mərdlər cərgəsindən geri qalmadı. Qız-gəlinlərimizin, körpələrimizin düşmən tərəfindən məhv edilməsinə dözə bilmədi. Axı, onun da evində üç şirin-şəkər balası böyüyürdü.

           Baloğlan Süleymanov erməni daşnaqlarına qarşı müharibəyə, xain düşməndən qisas almağa hazır dayanmışdı. O mərd, mübarız, qorxmaz, ölümün gözünə dik baxran, üstün məziyyətlərə malik döyüşçü idi.

           Yaxşı yadımdadır. Taboru yaratmağa başladığımız ilk vaxtlardan etibarən Baloğlanın qardaşı Elman taborun ilk əsgəri kimi hərbi xidmətə başladı. Elman həmişə Baloğlanın taborda xidmət etmək istədiyini deyirdi. Mən onun sözlərinə inanırdım. Çünki, rayon gənclər təşkilatında idman və kütləvi-müdafiə işləri şöbəsinin müdiri işlədiyim vaxtlardan Baloğlanı bacarıqlı mexanizator kimi tanımışdım. Daha doğrusu, sadəliyi, səmimiliyi. zəhmətsevərliyi ilə o, özünü rayon gənclərinə layiqincə tanıtdırmışdı. Sovxozun balansında olan yeganə S-100 markalı buldozer uzun illər idi ki, işləmirdi. Komissiyanın rəyinə əsasən onu ayrı-ayrı hissələrə bölüb balansdan çıxarmaq lazım idi. Lakin Baloğlan bu qərara etiraz etdi və buldozerin balansda saxlanmasını tələb etdi. Bütün mütəxəssislər yenidən toplananda Baloğlan onların qarşısında buldozeri işə salmışdı.  Bu hadısədən sonra sovxoz xarab texnikanı Rayon Texniki Stansiyasına təmirə göndərmirdı. Baloğlan əkin-biçinin ən qızğın vaxtlarında belə maşın-mexanizmlərində yaranan nasazlıqları daha çevik və heç bir çətinlik çəkmədən bacarıqla aradan qaldırırdı.

Baloğlan bacarıqlı rabitəçi olmaqla yanaşı, həm də bütün hərbi texnikaların, xüsusilə ağır texnikaların dilini bilirdi. Sovet ordusunun rayonumuzda olan hərbi hissəsində sıradan çıxarılmlış, yararsız hala salınmış zirehli döyüş maşınları Baloğlan tərəfindən qısa müddətdə təmir edildi. O, əsgərlərə həmin texnikaların istismarını da öyrətdi. Sonralar Baloğlan taborun ilk tankını idarə edən və kəşfiyyat bölüyünün bacarıqlı komandiri oldu. Neçə-neçə döyüşlərdə nünunə göstərdi...

.... 21 avqust 1992-ci ildə " Qızlar ağacı " deyilən yüksəklikdən düşmən tankından atılan iki mərmi Baloğlanın yaşadığı Rəzdərə kəndindəki evinin həyətinə düşür. Mərminin partlaması nəticəsində Baloğlanın 10 yaşlı balaca oğlu Sadiqin bədən üzvlərini parçalayır, uşaq həlak olur.

Kənddə şəhid olduğunu eşidəndə Baloğlan kəndə gəlir. Oğlu Sadiqin öldüyünü bildikdə döyüşçü dostları ilə birlikdə silahlanaraq Sadiqin cəsədini həyətin ortasında qoyub düşməndən qisas almağa gedir. Cəsur döyüşçü iki gün sonra başçiliq etdiyi qrupun üzvləri olan Elman, Namiq, Pənah və Elşənlə birlikdə ermənilərin postlarına hücum edərək düşmənin 25 canlı qüvvəsini məhv etmiş, bir neçə hərbi texnikasını, içi ermənilərlə dolu olan "Niva” maşınını sıradan çıxarmış və xeyli silah-sursatı qənimət kimi ələ keçirmişlər. Bu uğurlu əməliyyatı Baloğlan dostları ilə bir neçə dəfə davam etdirmişdir. Baloğlan kimi igid və cəsur oğulların hesabına Zəngilan rayonu bir müddət özünü nəinki qoruyub saxladı, hətta Qubadlı, Cəbrayıl və Fizuli rayonlarına da kömək etdi. Köməyə gedən döyüşçülər arasında Baloğlan da var idi.

Polkovnik Firidun Şabanov alay komandiri təyin olunandan sonra şəxsi heyətlə tanışlıq zamanı kəşfiyyat bölüyünün komandiri Baloğlan Süleymanov və onun döyüşçü dostları yeni komandirin diqqətini dərhal cəlb edir. İxtisasca pəşəkar kəşfiyyatçı olan polkovnik Firidun Şabanov Baloğlanla söhbətlərində onun qorxmaz və igid olduğunu duyur. Baloğlan komandirin tapşırığı ilə bir neçə dəfə düşmənin arxasında kəşfiyyat aparır.

Polkovnik Firidun Şabanovun dediklərindən: "Sərkərdələr kitabında qızıl hərflərlə belə bir sətir yazılıb. Əgər şirlərə qoyun başçılıq edirsə, onlar həmişə döyüşdə məğlub olurlar. Əgər qoyunlara şir başçılıq edirsə onlar həmişə qalib olurlar. Bax, Baloğlan Süleymnov belə bir şir idi. Döyüş zamanı ona güvənmək

olardı. Ona görə də mən qərara gəldim ki, kəşfiyyat bölüyünü ehtiyata çıxardıb onları əsl kəşfiyyatçı kimi hazırlayım”.

Alay komandiri polkovnik Firidun Şabanovun tapşiriğı əsasında şəhərin kənar hissəsində tikilmiş və fəaliyyətdə olmayan uşaq bağçasının binası kəşfiyyat bölüyünün təlim bazası kimi seçildi. Təmirdən sonra bölük lazım olan silah-sursat, kəşfiyyat cihazları və hərbi geyimlə təchiz edildi. Beləliklə, təsdiq edilmiş proqram üzrə hərbi təlimlərə başlanıldı. Əlbəyaxa döyüş üzrə təlimi peşəkar karate üzrə tanınmış idmançı İlyas İsmayılov keçirdi.

Təxminən bir aydan sonra bölüyün şəxsi heyəti döyüşə hazır vəziyyətdəydi. Bütün bu nailiyyətlərə qisa müddətdə nail olmağın əsas və başlıca səbəbkarı Baloğlan idi. Kəşfiyyat hazırlığının əsas amilini təşkil edən psixoloji hazırlıq isə döyüşdə qazanıldlğına görə bölüyün döyüş hazırlığını yoxlamaq üçün poliqondan deyil, qarşıda duran düşmənlə sınaqdan keçirildi. Şəxsi heyəti yaxından və onların fərdi keyfiyyətlərini yaxşı tanıyan Baloğlan onların nəyə qadir olduğunu yaxşı bilirdi. O kəşfiyyat qruplarının tərkibini bacarıqla təşkil etmişdi.

Əməliyyatın nəticəsi olduqca uğurlu oldu. Əməliyyatın planına görə gecə düşmənin arxasına keçən qüvvələrimiz səhər tezdən onları mövqelərdə məhv edib düşmənin 1 ədəd tankını, 2 ədəd topunu, 6 ədəd minaatanını, 3 ədəd qumbaraatanı-nı, 13 ədəd iriçaplı pulemyotunu, 60 ədəd müxtəlif növ silahını, 18 ədəd avtomo-bilini, 10 ədəd yük maşınında hərbi sursatın ələ keçirmişdi, 1 ədəd tankı,1 ədəd PDM-i, təxminən 60 əsgəri məhv edilmişdi. Kəşfiyyat qruplarını əməliyyata starşina Baloğlan Süleymanov hazırlamışdı.

Baloğlanın oğlu Sadiq T – 72 tankı ilə öldürülmüşdü. İndi o tank da ələ keçirilmişdi. Bu qənimətin arasında ən qiymətlisi T-72 tankı idi. Cünki sevimli övladı Sadiq bu tankla qətlə yetirilmişdi.

1993-cü ilin bu uğurlu aprel döyüşü Balöğlanın Zəngilanda qəhrəman kimi tanınmasına səbəb oldu...

Ermənilər Ağdam və Fizuli rayonlarını işğal etdikdən sonra 1993-cü il avqust ayının 15-də Qubadlı və Cəbrayıl rayonlarına hücum etdilər.

Mühasırədə olan Zəngilan alayının vəziyyəti daha da ağırlaşdı. Ehtiyat bölmələrinin olmadığından düşmən hücumlarının qarşısı kəşfiyyat bölmələrinin hesabına dayandırılırdı.

Ermənilər Qubadlı rayonununa hücuma keçəndə Baloğlanın rəhbərliyi altında Mahruzlu kəndində ermənilərin hücumunu dayandıran döyüşçülər bir ədəd tank vurmuş və müdafiə mövqeyini tutmuşdular.

Komandirin əmri ilə Mahruzluda müdafiə mövqeyi 3-cü tabora təhvil verildi və Baloğlanın kəşfiyyat bölüyü Cəbrayıl rayonunun şimalında mövqe tutaraq düşməni yaxına buraxaraq ona qəflətən atəş açdı. Mühasirəyə düşən düşmən itki verərək geri çəkildi. Yalnız 4-5 gündən sonra hücumlarını davam etdirdilər. Bu döyüşlərdə düşmənin 1 ədəd texnikası və 30-a yaxın əsgəri məhv edildi.

Cəbrayıl və Qubadlı rayonu ermənilər tərəfindən işğal ediləndən sonra Zəngilan rayonu tam mühasirədə qaldı. Müdafiə rayonu 2 dəfə böyüyərək 150 km-ə qədər uzandı. Hərbi hissənin bütün bölmələri müdafiə mövqeyində yerləşdirildi. Müdafiə döyüşünü aparmaq üçün qüvvə çatışmırdı. Düşmənin texnikasını vurmaq üçün çox az mərmi qalmışdı. Olduqca belə bir çətin şəraitdə kəşfiyyat bölüyü Cəbrayıl rayonunun Dərzili kəndində müdafiə mövqeyi tutmuşdur.

1993-cü il oktyabr ayının 25-də Ermənistan Silahlı Qüvvələri Mehri, Qafan, Qubadlı və Cəbrayıl istiqamətindən hücuma keçdilər. Ermənilər kəşfiyyat bölüyünün üzərinə 1 motoatıcı taboru və 1 tank bölüyü ilə hücuma keçdilər. Döyüş səhər tezdən başladı və axşam saat 17-dək davam etdi. Baloğlan Süleymanovun və onun kəşfiyyatçılarının vəziyyəti son dərəcə təhlükəli və ağır idi. Qeyri-bərabər döyüşdə düşmən texnikasını vurmaq üçün mərmi qalmamışdı. Bölükdə şəhid və yaralılar var idi. Belə bir vəziyyətdə bölüyü idarə etmək çox çətin idi. Buna baxmayaraq o, soyuqqanlı, igid və qəhrəman əsgər kimi vuruşurdu. Döyüşçülərlə gülərüz və zarafatla danışır, düşmənin tank mərmilərinə qarşı avtomatla cavab verirdi. Başı o qədər qarışmışdi ki, arxaya keçmiş erməni tankını görmürdü. Əsgərlərin səsinə arxaya baxan Baloğlan tankın lüləsinin ona tuşlandığını gördü. Baloğlan əl qumbarası ilə düşmən tankını susdurdu.

Alayın ehtiyat hissələri olmadığına görə təminat bölüyünün əsgərlərii də kömək üçün oraya göndərildi. Onlar da orada şəhid oldular.

Gərgin döyüşdə Baloğlan və onun bölüyü, o cümlədən qorxu bilməyən döyüşçülər Mehdi Mirzəyev, Həzrətəli Tahirov, Güloğlan Süleymanov, Yura Rabotov, Ceyhun Əliyev, Vüqar Mehralıyev, Əlibaba Məmmədov, Qasım Mönsümov, Elşad Vəliyev, Üzeyir İbrahimov, Namiq , Rafiq, Rəhim, Müşfiq, Rövşən, İlham, Nazim və digərləri əsl qəhrəman kimi vuruşdular.

Belə ki, tanklarla və muzdlu əsgərlərlə hücuma keçən ermənilər və onların hərbi birləşmələri hər bir həmlədə Baloğlanın döyüşçüləri və polislər tərəfindən dəf edildi. Döyüş meydanında ermənilər tanklarını və meyitlərini qoyaraq geri çəkildilər. Lakin düşmən dayanmadan qrad və top mərmiləri ilə doyüşçülərimizin yerləşdiyi səngərləri atəşə tutur, onlara aman vermirdilər.

Qəfildən düşmənin bir neçə tankı müdafiə zolağını yenidən yararaq Baloğlanın bölüyünə tərəf istiqamət alır. Amma düşmən tankları bu dəfə səngərləri hədəfə almağa başlayır. Səngərlərə düşən mərmilər partlayaraq döyüşçülərimizin bir çoxunu məhv edir və ağır yaralayır. Mövqeyini dəyişmək istəyən Baloğlan da düşmən gülləsinə tuş gəlir və Cəbrayıl rayonunun Dərzili kəndində həlak olur. Baloğlan dediyi kimi də olur: "Ermənilər yalnız mənim meyitimin üstündən keçib Zəngilanı işğal edə bilərlər", dedi və sözünə sadiq qaldı. Erməni quldur dəstələri Baloğlanın ölümündən üç gün sonra Zəngilana daxil oldu.

Baloğlanın həlak olduğu və düşmənin nəzarət etdiyi ərazidə qaldığı acı və kədərli günləri urək yanğısı ilə xatirlayan igid və cəsur döyüşçü, Baloğlanın silahdaşı və yaxın köməkçisi olan qardaşı Elman Süleymanovun dediklərindən: " Hadisədən 4 gün keçməsinə baxmayaraq Baloğlandan xəbər yox idi. Komandirdən icazə alıb ermənilərin zəbt etdiyi, yəni Baloğlanın döyüşdüyü əraziyə kəşfiyyata çıxdım. İki gündən çox gizlənə-gizlənə Baloğlanın meyitini axtardım. Əsgərlərimizin meyitləri tanınmaz hala düşmüşdür. Xeyli axtardıqdan sonra Baloğlanın meyitini tapdım. Çətinliklə də olsa meyiti oradan uzaqlaşdırdım və üstünü qurumuş otlarla örtüb sərhəd bölüyünə kömək dalınca getdim. Onların köməyi ilə Baloğlanın meyitini işğal zonasından cıxartdıq, İran ərazisinə, oradan da Azərbaycana gətirdik. Həmişə deyirdi ki, məni oğlum Sadiqlə yanaşı dəfn edin. Təəssuflər ki, Zəngilan işğal edildiyinə görə Baloğlanın son arzusunu yerinə yetirə bilmədik. Qardaşımı Tərtər rayonunun Köçərli kəndində dəfn etdik...”...

Həmin dövrdə Zəngilan rayon Xalq Deputatları Soveti İcraiyyə Koməsinin sədri vəzifəsində işləmiş Zakir İbrahimov deyir: " Bu döyüşü mən Böyük Vətən Müharibəsində Stalinqrad döyüşündə "Pavlov evi " deyilən evin müdafiəsinə bənzədirəm. Çünki, Baloğlanın bölüyü və orada döyüşən polislər Zəngilan rayonunun əhalisini əsir düşməkdən xilas etdilər. Onlar canlarını qurban verməklə Zəngilan evi deyilən bir evi qoruyub saxladılar" .

Azərbayca Respublikasının torpaqlarının erməni işğalçılardan müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə Ulu öndərimiz Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Starşina Süleymanov Baloğlan Süleyman oğlu (ölümündən sonra) "Azərbaycan bayrağı " ordeni ilə ilə təltif olunmuşdur.

Alayın komandir muavini vəzifəsində hərbi xidmətdə olmuş polkovnik Sərvər Cəbrayılovun dediklərindən: " Baloğlan Süleymanovun xarakterik xüsusiyyətlərindən biri o idi ki, çətin döyüş tapşırığını yerinə yetirmək üçün könüllülər seçiləndə hər dəfə hamıdan birincı irəli çıxardı. Son döyüşdə Cəbrayıl rayonunun Dərzili kəndində düşmənə qarşı gedən qeyri-bərabər döyüşdə göstərdiyi qəhrəmanlıq nümunəsi onu əlçatmaz zirvəyə qaldırdı. Bu döyüşündə də əsl qəhrəman olduğunu sübut etdi və Vətənə son oğulluq borcunu layiqincə verdi”.

Baloğlan Süleymanov kimi qəhrəmanlar əbədiyyən yaşayır…

Bayram MƏMMƏDOV,

Milli Məclissin deputat köməkçisi,
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim,AJB-nin üzvü


Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!