"Bəyəndiyim rola görə öpüş səhnəsinə..."- azərbaycanlı aktrisa

2015-02-19 14:45:33 / 5343 dəfə oxunub
Aktrisa Kəmalə Mustafayevanın müsahibəsini təqdim edirik.
- Kəmalə xanım, adətən aktrisalara "səhnəyə necə gəldiniz?” sualını ünvanlayanda çoxu "biz elə səhnədə doğulmuşuq” deyir. Siz də belələrindənsiniz?

- Mən Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişəm. Hədəfim sırf aktrisa olmaq deyildi. Ancaq müəllimimin təkidi ilə aktrisa kimi fəaliyyətə başladım. O, mənə dedi ki, səndə aktrisaya lazım olan bütün elementlər var. Bu söz mənə stimul verdi və səhnəyə atıldım. Ona qədər isə Amerikaya getmək fikrim var idi. Sözün düzü, alınsa idi, səhnə də məni özünə "dartıb” saxlaya bilməyəcəkdi. Viza ala bilmədim, burada qalası oldum.

- Səhnəyə atılmağınızla uğur qazanmağınız arasında nə qədər "məsafə” qət etdiniz?

- Universitetdə təhsil aldığım müddətdə heç bir yerdə işləmirdim. Ali təhsilimi başa vurduqdan sonra Nicat Qafuroğlunun "Məcbur” adlı qısametrajlı filmi ilə debüt etdim. Daha sonra "Bu şəhərdə” kollektivindən dəvət aldım. Onlarla da çox uğurlu iş birliyimiz alındı. Bakıda, Qəbələdə, Naxçıvanda konsert proqramlarımız oldu.

- Sonra?..

- Sonra bir müddət "Həyat, sən nə qəribəsən” serialında çəkildim. Bir müddətdən sonra isə sözügedən serialdan ayrıldım.

- Niyə ayrıldınız?

- Tam açıqlamaq istəmirəm, amma rəhbərliklə aramızda maliyyə məsələləri ilə bağlı anlaşılmazlıq oldu.

- İndiyə qədər oynadığınız rollar komedik olub, deyəsən...

- Bəli, bunun təsadüf, yoxsa zərurət olduğunu deyə bilmərəm, amma reallıq belədir. Komediya janrında məndə alınarmı, alınmazmı, deyə düşünürdüm. Amma birinci, yəqin, yaxşı alındı ki, növbəti dəfə də mənə komedik rollar həvalə olundu (gülür).

- Sizi seriallardan, filmlərdən savayı tez-tez reklam çarxlarında da görürük. Bu "bazar”a necə daxil ola bildiniz belə tez zamanda?

- Mənə hamı deyir ki, sənin reklam çarxlarının çəkilişi üçün maraqlı və uyğun siman var. Bəlkə rejissorlar da bunu vaxtında "kəşf edə” biliblər (gülür). Təbəssümümü ekrana daha çox yaraşdırırlar.

- Müqayisə etsək, daha çox reklam çəkilişlərindən qazanırsınız, yoxsa film və seriallardan?

- Reklamlardan aldığım qonorar elə də yüksək olmur. Amma aza da şükr etmək lazımdır.

- Bildiyimə görə, hazırda Bakı Uşaq Teatrının ştatda olan aktrisalarından birisiniz. Orada vəziyyət necədir?

- Şükürlər olsun ki, hər şey qaydasındadır. Bizim uşaqlardan savayı, böyüklər üçün də tamaşalarımız olur. Başımız tamaşalara, məşqlərə qarışıb. İnanın, o qədər yorğun oluram ki, evə çatanda ağzımı açmağa heyim olmur (gülür).

- Sizcə, bir aktrisa üçün ən vacib olan element hansıdır?

- Ən əsas görünüş və plastika vacibdir. Bir də ki, komplekssiz olmaq lazımdır.

- Siz tam komplekssizsiniz?

- Təzə başlayanda kompleksim var idi, bir az utancaq idim. Amma zamanla alışdım. Tədricən o kompleksləri özümdən kənarlaşdırmağı bacardım.

- Sizdə kompleks olmadığı halda, açıq-saçıq səhnələrdə rol alarsınız?

- Burada yox, amma xaricdə deyə bilmərəm. Bəlkə hə, bəlkə də yox. Bu suala cavab verməkdə çətinlik çəkirəm. Amma onu da deyim ki, bəyəndiyim rola görə hansısa bir öpüş səhnəsindən imtina etmərəm. Əgər bilsəm ki, o səhnədən imtina etsəm, rol bütünlüklə əlimdən çıxacaq, onda razılıq verərəm hardasa...

- Sizcə, elə bir səhnəyə çəkilsəniz, valideynləriniz bunu asanlıqla qəbul edər?

- Məncə, etməzlər. Hələ bizim ailədən aktrisa çıxıbsa, bu möcüzədir (gülür).

- Aktrisaların əksəriyyəti təkliyə "məhkum olunmuş” insanlardır... Çox vaxt ailə həyatları da uğursuz olur. Bu halları gözünüzün qarşısına gətirmisiniz?

- Bəli, hərdən oturub düşünürəm. Allah uzaq eləsin, mən tək yaşaya bilmərəm. Amma hələ ailə qurmaq fikrim yoxdur. Çünki güvənəcəyim bir insan yoxdur.

- Sevginin nə olduğunu bilirsiniz?

- Xeyr, onu yaşamadığım üçün sevgi mənə yad bir məfhumdur.

- Onu tapmışdım, amma tez itirdim... Kimi?

- Bir nəfəri tapmışdım. Amma çox çəkmədi ki, itirdim. Daha doğrusu, buna itirmək demək olmaz. Özüm belə olmasını istədim. Bu məsələnin kökü də güvənsizliyə gedib çıxır.

- Həyatdan kam ala bilirsiniz?

- Məncə, həyat mənimlə oyun oynayır... Allah axırını xeyir eləsin...

- Hazırda karyeranızda hansı yeniliklər var?

- Hal-hazırda "Bizim Əhmədi tapın!” adlı serialda rol almaqdayam. Komediya janrında ekranlaşdırılan bu serialın tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağına inanıram.


Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws