Rejissor Rövşən İsax: "Məni elə söhbətlərə qatmayın"

2015-02-26 16:02:24 / 4844 dəfə oxunub
Tanınmış rejissor Rövşən İsaxın  müsahibəsi.
 - Rövşən müəllim, bir müddət öncə bildirmişdiniz ki, yeni serial çəkilişlərinə başlayacaqsınız. Serialla bağlı işlər nə yerdədir?

- Hazırda aktyor axtarırıq, ssenari üzərində işləyirik.
 
- Ssenarini kim yazır?

- Ssenarini mən və Vüqar Əmirov yazır. O, həm də mənim çəkdiyim digər serialların ikinci rejissorudur.
 
- Artıq seçdiyiniz aktyorlar var?

- Nəzərdə tutduqlarımız və video sınaqlardan uğurla keçmiş aktyorlar var. Amma hələ heç kimin adını dəqiq deyə bilmərəm. Çünki ən yaxşısını tapana qədər sınaq-kastinq prosesi davam edəcək.
 
- Əvvəlki seriallarınızdakı aktyorlardan da bu serialda istifadə olunacaq?

- Olsa da, maksimum iki nəfər ola bilər.
 
- Baş rollara?

- Deyə bilmərəm. Biz çalışırıq ki, tamaşaçıların görmədiyi yeni sifətlər olsun. Söhbət peşəkarlardan gedir.
 
- "Sonuncu fəsil”lə bağlı bildirilirdi ki, "Pərvanələrin rəqsi”ndəki bir neçə aktyoru Rövşən İsax yenidən dəvət edib. Necə deyərlər, buna görə sizi tənqid edirdilər. Yeni serialda fərqli komandaya üstünlük verməyiniz tənqidlərdən can qurtarmaq üçündür?

- Mən o barədə heç nə eşitməmişəm. Amma özümüz istəmişik ki, yeni və peşəkar sifətlər olsun. Monotonluqdan, yeknəsəklikdən çıxmaq istəmişik. Müsahibələrimin birində demişdim ki, hazırda Azərbaycanda çəkilən seriallarda cəmi 30 aktyordan istifadə olunur. Hamı o aktyorları çəkir. Yəni bu qərarı verməyimin kiminsə məni tənqid etməyi ilə əlaqəsi yoxdur.
 
- Süjet xətti nədən ibarətdir?

- Dram janrında serial olacaq.
 
- Çəkilişlər nə vaxt başlayır?

- May-iyun ayında çəkilişlərə başlayacağıq.
 
- Yeni mövsümə kimi hazır olacaq?

- Bəli, sentyabrdan yayımlanacaq.
 
- Amma bu televiziya mövsümündə işiniz olmadı. Bu nə ilə bağlıydı?

- Əvvəla, həddən artıq bərk yorulmuşduq. Çünki dörd il ard-arda serial çəkdik. "Pərvanələrin rəqsi” və "Sonuncu fəsil” seriallarıyla üç mövsüm efirdə olduq. O qədər yorulduq ki, mən xəstəxanaya düşdüm. Ona görə də bir il istirahət edib rahat işləmək istədik. Bu, həm də işin keyfiyyətinə təsir göstərəcək.
 
- Təcrübə göstərir ki, sizdə bədii film də uğurlu alınır. Məsələn, "Aktrisa” filmini göstərmək olar. Nə əcəb bu dəfə də filmə yox, seriala müraciət etdiniz?

- Bədii film çəkməyim təkcə məndən asılı olan məsələ deyil. Özüm də çox istərdim ki, bədii film çəkim. Qismət nə vaxtdırsa, o vaxt da çəkərik.
 
- Maliyyəni nəzərdə tutursunuz?

- Təbii ki, kino, ilk növbədə, maliyyədən asılıdır. Mən də çalışıram ki, bu mənada heç vaxt güzəştə getməyim.
 
- Ssenaristlər gileylənirlər ki, rejissorlar bizə az-az müraciət edirlər və ssenarini də özləri yazırlar...

- Kim gileylənir?
 
- Bir çoxlarından bu barədə eşitmişəm.

- Məni elə söhbətlərə qatmayın.
 
- Nə əcəb ssenaristlə işləmədiniz?

- Çünki mənim istədiyim səviyyədə yazıb mənə təqdim edə bilmirlər. Bu qədər sadə. Ssenari yazmaq həddən artıq çətin işdir. Çox istərdim ki, bir nəfər olsun və mən istəyəni yüzdə yüz yazsın, təhvil versin. Ssenarist tapa bilmədiyimə görə özüm yazıram.
 
- Sizin istədiyinizi yüz faiz yerinə yetirmək mümkündür? Ümimiyyətlə, ssenaristin rejissorun istəyini bu qədər dəqiqliklə gerçəkləşdirməsi realdır?

- Yüz faiz olmasa da, xırda korreksiyaya ehtiyac qalsın, daha ssenarini söküb təzədən yığmayım.
 
- Ssenarilərdə sizi qane etməyən nədir?

- Bu, çox uzun məsələdir. Məntiqsizlik, yalançılıq, cəfəngiyyat, söz-söhbətin yalandan çox olması, xarakterlərin qorunmaması, dialoqların yalançı yazılması, epizodların uzadılması... Saymaqla qurtaran deyil.
 
- Epizodları xronometrajın dolması üçün uzadırlar?

- Xeyr, ona görə deyil. Epizodun neçə vərəq olmağının fərqi yoxdur.
 
- İndiyə kimi olubmu ki, sizə ssenarilər təqdim edilsin və bəyənməyəsiniz?
 
- Kifayət qədər çox olub. Görüşmüşəm, sinopsisi də oxumuşam, hətta 15 seriya ssenari verən də olub. Mən adətən, ssenari yox, sinopsisi oxuyuram. Amma bəyənməmişəm və nə üçün bəyənmədiyimi də izah etmişəm.
 
- Son zamanlar bəzi film və seriallarımıza xaricdən aktyorlar dəvət olunur.

- Mən heç vaxt dəvət etməmişəm.
 
- Halbuki, Azərbaycanda həmin rolları oynaya biləcək kifayət qədər aktyorlar var.

- Siz mənimlə başqa adamı müzakirə etməyin.
 
- Yaradıcı müzakirə aparırıq, qeybət etmirik ki...

- Kim nə çəkirsə, özü bilər. Allah köməyi olsun. Mən heç vaxt kənardan aktyor dəvət etməmişəm.
 
- Ümumiyyətlə, belə aktyorları dəvət etməyə ehtiyac var? Yoxsa rejissorlar bunu sırf filmin, serialın piarı üçün edirlər?

- Kino inteqrasiyanı sevən sənətdir. Bu və ya digər rolu ingilis aktyor gəlib oynaya bilərsə, burada heç bir qəbahət yoxdur.


Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09
Dollar UCUZLAŞDI
2017-05-23 17:15:42



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws