“Əli Kərimli müavinlərini aşağılamaqla öz mənəviyyatını nümayiş etdirir”

2015-02-27 14:36:09 / 4942 dəfə oxunub
Bir neçə gün əvvəl Razi Nurullayev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini postundan, eləcə də 6 ilə yaxın üzvü olduğu partiyadan istefa verdi. Həmin andan başlayaraq cəbhəçilər "Azadlıq” qəzetində ona qarşı kampaniyaya start verdilər. Mətbuat konfransı keçirərək atdığı addıma, Əli Kərimli ilə münasibətlərinə aydınlıq gətirməsinə baxmayaraq, hazırda da sabiq AXCP-çiyə qarşı basqılar davam etməkdədir. Elə bu mövzu ilə bağlı "Kaspi”nin suallarını "Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, Əli Kərimlinin keçmiş müavini R.Nurullayev cavablandırır.
 
- Razi bəy, AXCP funksionerləri Sizin partiyada elə bir ciddi fəaliyyətinizin olmadığını, yalnız tərcüməçi funksiyası yerinə yetirdiyinizi iddia edirlər. Keçmiş partiyadaşlarınız tərəfindən ünvanınıza söylənilənlərə münasibətiniz necədir?

- Bu, özünü ifşa deməkdir. Təbii ki, sualınıza cavab olaraq öz savadımı və bacarığımı müdafiə etmək niyyətində deyiləm. Onsuz da cəmiyyət məni savadlı, mütərəqqi bir insan kimi tanıyır. Partiyada yaşananlardan sonra bəyan etdim ki, onlar mənə sanki tərcüməçi kimi yanaşırdılar. Qarşı tərəf də bu sözü əlində bayraq edərək, bununla məni aşağılamağa çalışır. Özü də bu işi sadəcə media üzərindən deyil, eyni zamanda sosial şəbəkələrdəki saxta profillər üzərindən də edirlər. Lakin bununla mən deyil, bu cür yanaşma tərzi ortaya qoyanlar öz-özlərini aşağılayırlar. Əgər partiya sədri öz müavininə yalnız tərcüməçi kimi baxırsa, yaxud yanında onu yalnız tərcüməçi kimi saxlayırsa, həmin müavinin partiya sədrinə münasibəti necə olmalı idi? Əgər belədirsə, demək məndə günah yoxdur. Əli Kərimlinin bu cür münasibətinə etiraz etmişəm. Çünki o, özündən başqa heç kimi görmür. Əfsus ki, o partiyada məndən başqa da müavinlər var və Əli Kərimli onların birinə siyasi rupor, digərinə özünün söyüş makinası, başqa birinə partiyadaxili söz-söhbəti çatdırma makinası kimi baxır. Yəni, Əli Kərimli müavinlərini bu cür aşağılamaqla öz mənəviyyatını nümayiş etdirir.
 
- Sosial şəbəkələrdə saxta profillər vasitəsilə Sizə qarşı hücumlar hansı formada olur? Adətən kimlərin ad-soyadından istifadə edirlər bunun üçün?

- Saxta profillər fəlsəfəsini Azərbaycan siyasətinə bir partiya gətirib və buna təəssüf edirəm. Sədr müavinlərindən də bir-ikisi istisna olmaqla, hər biri onlarla saxta profil istifadə edir. Bu, çox utancverici hərəkətdir. Saxtakarlıqlara qarşı mübarizəni əlində bayraq edən partiya bunu özünə uyğun görməməlidir. Təsəvvür edin ki, saxta profillər real adamların görünsün deyə, ömründə bir dəfə internetə girməyən cəbhəçilərin adından belə profillər yaradılıb. Həmin profillər vasitəsilə Əli Kərimlidən fərqli düşünənlər söyülür və dışlanır. Bunu mənə qarşı da edirlər. Bilirəm ki, bu, həm də AXCP sədrinin göstərişi ilə yerinə yetirilir. Misal üçün konkret adlar da çəkə bilərəm. Çox yaxşı tanıdığım Elçin Şükürlü ad-soyadlı cəbhəçi var. Mən qəzaya düşən zamanlarda o da infarkt keçirmişdi. Bir neçə tanınmış cəbhəçi ilə onu ziyarət etdik və dəstək olmağa çalışdıq. Bilirəm ki, o çətin vəziyyətdədir və onun "Facebook”a girmək imkanları yoxdur. Hətta olsa belə, o, internetdən istifadə etməyi bilmir. Amma bu adam "Facebook”da məni söyür və hər bir statusun altında bülbül kimi ötür. Yaxud başqa bir cəbhəçi, sonsuz hörmət bəslədiyim Bəxtiyar Hüseynlə bağlı eyni vəziyyəti də nümunə gətirmək olar. Ünvanıma onun adından yazılan təhqir və ittihamları oxuyub özü ilə telefon vasitəsilə əlaqə saxladım. Baş verənləri telefonda ona danışdım. Həmin şəxs dediklərimdən çox pis oldu və çətin vəziyyətə düşdü. Mənə qarşı sosial şəbəkədə yazılan şərhlərin heç birinin ona aid olmadığını bildirdi, ümumiyyətlə "Facebook”dan istifadə etmədiyini vurğuladı. Əgər dediklərimə kiminsə şübhəsi olsa, mən o təmiz qəlbli cəbhəçilərin telefon nömrələrini mətbuata da təqdim edə bilərəm. Bu barədə zəng vurub onların özündən də soruşmaq olar. Həm bu profilləri, həm də onlarca digər profilləri işlədən Rəyasət Heyəti üzvünün adını mən bilirəm. Sadəcə onun adını çəkmək pis gəlir mənə. Ümumiyyətlə, aktiv olan 200-ə qədər belə saxta profil var. Amma, qara gün üçün bu saxta profillər 500-700 arası dəyişə də bilir. Elə bu cür saxtakarlıqlar üzündən xalq da müxalifətdən üz döndərib. 
 
- Razi bəy, bir qədər bu mövzudan kənara çıxmaq istəyirəm. Xatırlayırsınızsa, ötən ilin sonunda və bu ilin əvvəlində iqtidar-müxalifət arasında iki dəfə görüş keçirilib. Mətbuata qapalı olan görüşlərdə partiya sədrləri Prezident Administrasiyasının rəsmiləri ilə bir sıra məsələlər ətrafında müzakirələr aparıblar. Bundan sonra hər iki aydan bir keçiriləcək belə görüşləri Siz necə dəyərləndirirsiniz?

- Müxalifətlə iqtidar arasında dialoq olmalıdır, bu, çox vacibdir. Belə dialoqlara başlayan zaman onun predmeti olmalıdır. İnsanlar belə görüşlərə gələn zaman bilməlidirlər ki, orada nəyi müzakirə edəcəklər, nəyi həll edə bilərlər. Bununla yanaşı, real nəticəni də cəmiyyət görməlidir ki, sonrakı proseslər tənqid olunmasın, düzgün xətt üzrə inkişaf edə bilsin.
 
- Müsavatla yanaşı, AXCP də bu görüşlərin heç birinə qatılmayıb. Bunu nə ilə əlaqələndirirsiniz?

- Mən hələ AXCP-də olan zaman bu məsələlər müzakirə olundu və bir qədər əvvəl qeyd etdiyim səbəblər əsas gətirilərək, partiya bu görüşlərə qatılmadı. Digər tərəfdən, bu görüşdə iştirak etməməyin bir səbəbi də müxalifətlə iqtidar arasında dərin uçurumun yaranmasıdır. AXCP-də kiminsə dialoq tərəfdarı olması, bunu dilinə gətirməsi satqınçılıq anlamına gəlir. Əgər kimsə partiyada belə bir fikir səsləndirsə, aşağılanacaq və ona satqın damğası vurulacaq.
 
- Bəzi siyasətçilər iddia edir ki, Müsavat bu dialoqa AXCP sədrinin şantajlarından qorunmaq üçün qatılmayıb. Bu, nə dərəcədə doğrudur?

- Burda reallıq böyükdür. Mən hesab edirəm ki, əgər dialoqun nəticəsi olacaqsa, ölkədə demokratik inkişaf üçün daha da yaxşı şərait yaradılacaqsa, cəmiyyətdə dinamika olacaqsa, partiyalar belə görüşlərdə iştirak etməkdən çəkinməməlidirlər. Amma Əli Kərimlinin mövqeyi bu məsələ ilə bağlı tamam fərqlidir. AXCP sədri hesab edir ki, hər hansı pozitiv dəyişikliyin olub-olmamasından asılı olmayaraq, hakimiyyətlə hər hansı danışığa getmək, iqtidarla dialoq aparmaq satqınlıqdır. Bunun üçün o, hətta özünün nəzarətində olan media qurumunu da satqınlıq ruporuna çevirib. Buna görə də bir çox insanlar, partiya üzvləri dialoqdan nəinki çəkinir, hətta bu adı dilə gətirməyə belə qorxurlar. Son nəticədə həqiqəti deməyə cürət etmirlər. Amma buna görə onları günahlandırmağa da dəyməz. Çünki sosial şəbəkədə saxta profillər, eləcə də media vasitəsilə həmin insanların üzərinə gedir, onları sıxışdırır, satqın damğası yapışdırmağa çalışırlar. Təbii ki, heç də hər kəsin bununla mübarizə aparmağa, haqsız ittihamlardan müdafiə olunmağa əsəbləri və vaxtı çatmır.


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws