Bakı-2015: "Çempion olmaq, millidə yerini təmin etmək demək deyil”

2015-03-13 17:55:15 / 6706 dəfə oxunub

Avropa Oyunlarına cəmi 91 gün qalır. Apasport.az saytının yarışla bağlı start verdiyi "Ümidlərimiz” rubrikasının bu dəfəki qonağı Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovdu.

Qurum rəsmisi taekvondoçularımızın Avropa Oyunlarına hazırlığı, yarışa qatılacaq heyət, yeni baş məşqçilər Reza Mehmandostla Sun Mi Parkın iş prinsiplərindən və qarşıdakı planlardan danışıb.

- Kişi və qadınlardan ibarət Azərbaycan millilərində baş məşqçi dəyişikliyindən sonra yığmaların heyətinə ciddi əl gəzdirilir. Komandamız müxtəlif turnirlərə müxtəlif heyətlərlə yollanırlar. Bugünlərdə keçirilən "Luxor Open” və "Qətər Open” də istisna olmadı. 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazandız. Avropa Oyunları öncəsi bu nəticədən nə dərəcədə razı qaldız?

- Dünya Taekvondo Federasiyasının 2012-ci ildə etdiyi dəyişikliklərdən sonra sıradan yarışlar belə artıq güclənməyə başlayıb. Taekvondoçular Olimpiya tsiklində qazandığı reytinq xallarının hesabına lisenziya qazanacaqlar. Olimpiya çəkilərində 6 idmançıya Qran-pri, dünya çempionatları və bu tip yarışların nəticələrinə əsasən iştirak hüququ veriləcək. Məşqçilərlə bunu müzakirə etmişik və buradan minimum 2 lisenziya almağı planlaşdırırıq. Lisenziyaların ikisi də ya kişilərdə, ya qadınlarda, ya da hərəsində bir olması mümkündü. "Luxor Open”lə "Qətər Open”ə gəlincə, burada kişilərdən ibarət yığmamız iştirak etdi və turnir gözlədiyimizdən də gərgin keçdi. Əgər Lüksorda ötən il 12 komanda iştirak etmişdisə, bu dəfə 51 ölkə müraciət etmişdi və onlardan 49-u yarışa qatılmışdı. Bu da artıq mübarizənin hansı səviyyədə olmasından xəbər verir. Bu, həm də idmançılar üçün yeni baş məşqçimiz Rza Mehmandost tərəfindən qoyulan sınaq dövrüdü. Çünki iranlı mütəxəssis artıq Azərbaycan yığmasının gəncləşdirilməsinə böyük ehtiyacı olduğunu bildirib. Vaxtilə komandada 1 nömrə kimi tanınan idmançıları bu yarışlara aparıldı və onlar qarşısında şərt qoyuldu ki, nəticə verə bilməsələr, əsas komandadan uzaqlaşdırılacaqlar. İlk sınaq Türkiyədə olmuşdu. Həmin vaxt bir neçə idmançı millidən uzaqlaşdırıldı. İkinci testdən qayıtdıqdan sonra 4 idmançı da yığmadan kənarlaşdırdı. Mehmandost Avropa Oyunlarından sonra məsləhət bildiyi gənc idmançıları heyətə dəvət edəcək. Çünki möhtəşəm yarışa vaxt az qalıb. Mayın 12-də Rusiyanın Çelyabnsk şəhərində dünya çempionatı start götürəcək. Ardınca iyunda Bakıda Avropa Oyunları başlayacaq.

- Təcrübəli idmançıların əsas komandadan kənarlaşdırıldığını bildirdiz. Onlar kimlərdi?

- Natiq Əliyev (54 kq), Fariz Əliyev (68 kq) və Ceyhun Həsənli (+87 kq) artıq komandadan kənarlaşdırılıb. Digər 1 nəfərə - Elvin Məmmədova (74 kq) isə federasiya ilə müzakirədən sonra növbəti şans verilib. O, "Netherlands Open”də bir daha yoxlanılacaq. Buna onun "Qatar Open”in sonuncu günü bürünc medal qazanması səbəb oldu. Dəqiq desək, 3 idmançı artıq uzaqlaşdırılıb, digərinə şans verilib.

- "Netherlands Open”in də Avropa Oyunlarına sınaq xarakteri daşıdığını dediz. Hollandiyada neçə nəfər yoxlanılacaq?

- Komandamız səfərə 17 nəfərlik (10 kişi, 7 qadın) heyətlə yollanıb. Təbii ki, bu da bir neçə idmançı üçün sınaq xarakteri daşıyır. Kifayət qədər güclü yarışdı, əvvəlcədən nəsə demək, proqnoz vermək çox çətindi. Sadəcə, məşqçimiz bu idmançıların döyüş sistemini, onlar hansı rəqiblə necə döyüşdüyünü və hazırlığı necə davam etdirmək lazım olduğunu başa düşmək istəyir. Düşünürəm ki, medallarımız olacaq. Amma bundan da əsas idmançıların yarışda özlərini necə göstərməsidi.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws