"Hamımız çalışmalıyıq ki, bu tədbir yüksək səviyyədə keçsin"

2015-03-16 13:30:21 / 5735 dəfə oxunub
Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin AZADİNFORM-a müsahibə verib.

Sabahinfo.az müsahibəni təqdim edir:

"Gəminin gövdəsinə həşəratların yapışması təbiidir...”

- Azay müəllim, hər kəsə məlumdur ki, Azərbaycan bu il I Avropa Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bununla bağlı dövlət və ictimaiyyət öz qarşısına düşən vəzifələrdən xəbərdardır və öhdəsindən gəlməyə çalışır. Lakin son vaxtlar bu yarışların ölkəmizdə keçirilməsinə qarşı boykot, qarayaxma kampaniyası geniş vüsət alıb. Sizcə, bu nə ilə bağlıdır?

- Bəli, yayda Azərbaycanda ilk Avropa Oyunları təşkil olunacaq. Bu olimpiada səviyyəsində olan bir idman yarışıdır. Bu da Avropanın 47 ölkəsindən yalnız Azərbaycana etibar olunub. Azərbaycan böyük Avropa səviyyəli tədbirə ev sahibliyi edəcək. Əlbəttə, bu oyunların keçirilməsi bir çoxlarını narahat edir. Təbii ki, bizim dostlarımız buna sevinir, uğurlarımızı bölüşürlər və buna öz töhfələrini verməyə çalışırlar. Lakin heç də hamı dost deyil. Bizi sevməyənlər də və bu tədbirin Azərbaycanda keçiriləcəyindən qıcıqlananlar da var. Onlar təbii ki, indi ən müxtəlif üsullara əl atırlar, qarayaxma kampaniyasına başlayıblar. Biri deyir ki, Azərbaycanda təhlükəsizlik məsələsi həll olunmayıb, biri deyir stadion çöküb və s.

Əvvəla, mən əlbəttə mümkün istiqamətdə bunlara fikir verilməsinin tərəfdarı deyiləm. Lakin belə qarayaxmalar, kampaniyalar da cavabsız qalmamalıdır. Bunların arxasında kimin, hansı qüvvənin durduğu bizə gün kimi aydındır. Əgər xatırlayırsınızsa, "Eurovision” mahnı müsabiqəsinin Bakıda keçiriləcəyi ərəfədə də biz faktlar ortaya çıxardıq ki, bu müsabiqənin Azərbaycanda keçirilməsinin əleyhinə çıxanlar buna qarşı cəhd göstərir. Burada bilavasitə Ermənistan və erməni lobbiçilərinin maliyyə dəstəyi var. Fransada, ABŞ-da bir sıra təşkilatlar var ki, onlar məhz ermənilər tərəfindən yaradılan və maliyyəçilik hüququna malikdir. Ona görə də, biz buna təbii baxmalıyıq. Hesab edirəm ki, məşhur bir deyim var ki, gəminin gövdəsinə həşəratların yapışması təbiidir. Yəni, ölkəmizdə böyük tədbir keçiriləcək və ona qarşı belə qarayaxmaların, çağırışların olmasını təbii qarşılamalıyıq.

- Bəs həmin dairələrin məqsədi nədir və nəyə xidmət edirlər?

- Onların prinsiplərinin əsası yoxdur. Azərbaycan bütün bu çətinliklərə, hazırda bölgədə baş verən hadisələrə baxmayaraq, yüksək səviyyədə sözügedən yarışlara ev sahibliyi edəcək. Bu yarışların da keçirilməsi Azərbaycana çox böyük inam və etimad gətirəcək. Belə ki, Azərbaycanı bir daha tanıyacaqlar və "Eurovision” mahnı müsabiqəsi Azərbaycanda keçiriləndə təkcə 1 gündə 800 milyondan çox şəxs Azərbaycanla bağlı məlumatlara daxil olmuşdu. Ölkəmizlə bağlı informasiya əldə etməyə çalışmışdı. Bəzən bu cür təbliğata milyardlarla vəsait qoymaq lazımdır ki, Azərbaycan bu qədər tanınsın. Lakin indi bu cür tədbirlər çox yaxşı bir vasitədir ki, həm Azərbaycanın təşkilatçılıq qabiliyyətini, həm də Azərbaycanın vətənpərvər, tolerant, modern Avropa ölkəsi olduğunu göstərir, eyni zamanda əlbəttə ki, ölkəmizi dünyaya, Avropaya yaxından tanıdır.

Ən əsası isə dünyanın bir çox televiziyaları vasitəsilə bu yarışlar canlı yayımlanacaq. Əlbəttə ki, bunun da çox böyük bir əhəmiyyəti var. Bəziləri bunun əhəmiyyətini kiçiltməyə çalışır və təəssüflər olsun ki, buna adekvat olmayan qiymətlər verməyə çalışırlar. Məncə, onların ya bu barədə məlumatları yoxdur, ya bunu qiymətləndirmək bacarığı, gücü və qabiliyyəti çatmır ya da bilərəkdən bu hadisəni gözdən salırlar. Hətta, bunu bəzən əleyhimizə yönləndirməyə çalışırlar. Hesab edirəm ki, Azərbaycan dövləti, xalqı, prezidenti bu mövzuda obyektivdir. Bu tədbirə çox ciddi ictimai dəstək var. Bütün vətəndaşlarımız da çox böyük həvəslə bu yarışların keçiriləcəyini gözləyir. Hamımız çalışmalıyıq ki, bu tədbir yüksək səviyyədə keçsin.

"QHT-lər bu istiqamətdə aktiv iştirak etməlidirlər”

- Azay müəllim, bu istiqamətdə rəhbərlik etdiyiniz Şura tərəfindən layihələr icra edilirmi?

- Məlumdur ki, artıq Şuranın 2015-ci il üzrə qalib layihələri açıqlandı. Burada çoxlu sayda Avropa Oyunları ilə bağlı QHT-lərin layihələri dəstəklənib. Bu istiqamətdə təxminən 15-dən çox layihə icra ediləcək. Hesab edirəm ki, biz bunlarla bağlı ayrıca görüş də keçirəcəyik. Hansı ki, QHT-lər qalib elan olunublar və biz görüşərək onların fəaliyyətini koordinasiya edəcəyik. Hesab edirəm ki, vətəndaş cəmiyyətinin nümayəndələri olan QHT-lər bu istiqamətdə aktiv iştirak etməlidirlər. Həm məlumat kampaniyasında, həm qonaqların qarşılanmasında, həm də bütövlükdə ölkəmizin imicinin yüksəlməsində, daha da möhkəmlənməsində əlbəttə, QHT-lər öz sözünü deyir və bundan sonra da deyəcəklər.

- Heç kəsə sirr deyil ki, "Xocalıya Ədalət” Kampaniyası çərçivəsində Xocalı soyqırımını çox ölkələr tanıdı. Sizcə, bu istiqamətdə başqa nələr edilməlidir ki, xalqımıza edilən bu vəhşiliyi bütün dünya tanısın? Ümumiyyətlə, bu çərçivədə görülən işlər sizi qane edirmi?

- Bu istiqamətdə hadisələrin gedişatı bizi kifayət qədər qane edir. Bu kampaniya hörmətli həmkarımız, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən başlanıldı, Fondun vitse-prezidenti Leyla Əliyeva isə belə bir təşəbbüslə çıxış etdi. Bu təşəbbüs qısa müddət ərzində demək olar ki, dünyanın bir çox aparıcı ölkələrində dəstək qazandı. Bu ilin statistikası ilə baxsaq görərik ki, dünyanın əksər ölkələrində "Xocalıya ədalət” kampaniyası geniş vüsət aldı. Biz böyük rahatlıqla deyə bilərik ki, artıq Avropanın və dünyanın bir sıra ölkələrinin ictimaiyyəti Xocalıda nələrin baş verdiyini, Xocalı soyqırımı haqqında məlumata malik oldular. Bu kampaniyanın nəticəsidir ki, artıq ABŞ-ın 17-dən çox ştatı, dünyanın 10-dan çox ölkəsinin parlamentləri Xocalını soyqırımı kimi tanıyıblar. Mən hesab edirəm ki, bu çox böyük bir uğurdur. Qısa müddətdə, 5-6 ilin içində belə bir nailiyyətə malik olmaq, hesab edirəm ki, çox müsbət və ciddi uğur sayılmalıdır. Nəzərə alsaq ki, bizim rəqibimiz daim Azərbaycan haqqında mənfi rəy yaradan erməni lobbisi uzun müddət bu işlə məşğuldur və daim Azərbaycanı gözdən salmaq, Azərbaycan haqqında həqiqətə uyğun olmayan yalan məlumat yaymaqla məşğuldur. Bunun fonunda bu məlumatların yalan olduğunu ifşa etmək və tam əksinə ermənilərin əsl soyqırımı törətdiyini göstərmək çox ciddi məsələdir. Digər tərəfdən isə Xocalı soyqırımının tanıdılması ermənilərin qondarma "soyqırımı”na qarşı ən tutarlı cavabdır. Bu həm də Türkiyənin də maraqlarının müdafiəsi baxımından da çox önəmlidir və bu gün Türkiyəyə qarşı irəli sürülən "erməni soyqırımı” ilə bağlı kampaniyada artıq ermənilərin arqumentləri kifayət qədər zəifləyib. Dünya başa düşür ki, əsl soyqırımı 1992-ci ildə hamının gözü önündə baş vermiş Xocalı soyqırımıdır. Bu haqda kifayət qədər şahidlər, sənədlər və foto, video faktlar da var. Belə olan halda əlbəttə ki, ermənilər öz yalanlarını həyata keçirməkdə, yaxud da, öz yalanlarını sırımaqda xeyli çətinliklərlə üzləşirlər.
"Götürülən istiqamət kifayət qədər doğrudur”

- Şura da bu kampaniyada çox fəal idi, xüsusən də xarici ölkələrdə keçirilən tədbirlərdə bilavasitə özünüz də iştirak edirdiniz...

- Təbii ki, "Xocalıya ədalət” kampaniyasında Şura da fəallıq nümayiş etdirdi və bu proses davam edəcək. Biz Şura olaraq bu işə yaxından qoşulmuşuq. Bizim təkcə ötən ay 7-dən çox ölkədə müxtəlif istiqamətdə kampaniyalarımız oldu. Bu kampaniya çərçivəsində müxtəlif tədbirlər, layihələr həyata keçirdik, eyni zamanda Azərbaycan daxilində, QHT-ləri cəlb etməklə biz bu kampaniyaya ictimai dəstəyi verə bildik. Hesab edirəm ki, bundan sonra da sözügedən kampaniya çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Şurası öz sözünü deyəcək və bu kampaniyanın daha da uğurla təşkil edilməsində öz töhfəsini verməkdə davam edəcək.

- Bu istiqamətdə görülən işlər sizi qane edirmi və ümumiyyətlə fəaliyyət planı doğrudurmu?

- Etiraf edək ki, biz bu işə yeni başlamışıq. Bu istiqamətdə Şuranın gördüyü işlər də hər kəsə məlumdur. Bunu açıqlamağa ehtiyac yoxdur. Hesab edirəm ki, bu istiqamətdə işlər qurulub. Müxtəlif dövlət qurumları bu məsələyə dəstək verirlər. Burada da, söhbət Azərbaycanın milli maraqlarının təminatından, Azərbaycana qarşı olan Ermənistanın işğalçılıq siyasətindən gedir, həmçinin, Azərbaycanın milli çıxarlarının Avropada dünya ictimaiyyətinin tanımasından gedir. Bu hamımızın işidir. Lakin desəm ki, tam məni qane edir, bu bir qədər doğru olmaz. Hələ də biz işimizi daha da ciddi şəkildə qurmalıyıq, ciddi şəkildə bu işlər koordinasiya olunmalıdır. Bizim əlimizdə olan resurslardan maksimum və səmərəli şəkildə istifadə etməliyik. Hesab edirəm ki, bütün bunlarla yanaşı götürülən istiqamət kifayət qədər doğrudur və biz Azərbaycanın dünyada tanıdılmasına davam etməliyik.


Son xəbərlər
FİFA-ya tarixi cəza
2017-01-21 13:55:28
Siqaretlər bahalaşıb
2017-01-21 13:43:04
Deputatlarımız Maliyə gedir
2017-01-21 12:37:57
Millimiz 9-cu oldu
2017-01-21 12:12:06



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws