55 illik şərəfli ömür

2015-05-01 12:39:18 / 6288 dəfə oxunub

Azərbaycanda türkçülüyün beşiyi hesab edilən Salyan rayonu tarixin müxtəlif dövrlərində Türk dünyasına örnək ola biləcək şəxsiyyətlər, mütəfəkkirlər yetişdirib. Bəlkə də salyanlılar üçün bir xoşbəxtlikdir ki, hər yüzillikdə bu rayonun adı məhz Salyanda böyüyüb boya-başa çatan tanınmış şəxsiyyətlər sayəsində tarixə düşüb. Əgər Əli bəy Hüseynzadə XIX əsrdə Salyanı Türk dünyasının diqqət mərkəzinə çevirdisə bu missiyanı XX əsrdə Xəli Rza Ulutürk davam etdirdi. Sevindirici haldır ki, bu gün də Salyan bu cür tarixi şəxsiyyətlər, mütəfəkkirlər yetişdirməklə Türk dünyasına öz töhfəsini verir. XIX-XX əsrlərdə Əli bəy Hüseynzadə, Xəli Rza Ulutürk kimi tarixi şəxsiyyətlər Salyanı Türk dünyasında tanıtmışdısa, günümüzdə bu missiyanı İlham İsmayılov uğurla və şərəflə həyata keçirir. İlham İsmayılovun 55 illik həyat və fəaliyyətinin böyük bir hissəsini məhz türkçülüyə, Türk dünyasına xidmət əhatə edir. Elinə, obasına, Türk dünyasına bağlı insanların əlamətdar tarixlərdə dünyaya gəlməsini nəzərə alsaq İlham İsmayılovun məhz 3 may-Türkçülük Günü ərəfəsində anadan olmasını da təsadüfi saymaq olmaz  

Bacarıqlı kadr

1960-cı ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olan İlham İsmayılov 1967-ci ildə Qaraçala qəsəbəsindəki orta məktəbin birinci sinfinə daxil olur. 1977-ci ildə orta məktəbi bitirən İlham İsmayılov elə həmin il əmək fəaliyyətinə başlayır. Zəhmətkeş ailədə dünyaya göz açan İlham İsmayılov atası kimi savadlı kənd təsərrüfatı mütəxəssisi olmaq arzusu ilə sənədlərini Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına təqdim edir və qəbul imtahanlarını uğurla verərək kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsinə daxil olur. 1987-ci ildə isə ali məktəbi bitirərək kənd təsərrüfatı üzrə mexanik ixtisasına yiyələnir. Hələ orta məktəbi bitirdikdən az sonra Salyan rayonu Qaraçala qəsəbəsində əmək fəaliyyətinə başlayan İlham İsmayılov sıravi fəhləlikdən Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi vəzifələrinə qədər yüksəlir. İlham İsmayılovun işgüzarlığı, göstərdiyi fədakarlıq onun 1994-cü ildə köçürülmə yolu ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Pambıq Emalı və Satışı İdarəsinə rəis müavini vəzifəsinə yüksəldir.
1988-ci ildə Dağlıq Qarabağ məsələsi ətrafında baş verən   ictimai-siyasi hadisələr minlərlə soydaşımız kimi İlham İsmayılovu da aktiv proseslərə, xalq hərəkatına cəlb edir. İlham İsmayılov həmin dövrdə müstəqillik tələbi ilə keçirilən mitinqlərdə fəal iştirak etməklə yanaşı Qarabağda, torpaqlarımızın qorunması uğrunda gedən döyüşlərdə də iştirak edir.

Məmur həyatından özəl sektora

İlham İsmayılov məmur həyatında əldə etdiyi təcrübə və bacarığı özəl sektorda davam etdirir. Məhz onun bacarığı və işgüzarlığı İlham İsmayılovun 38 yaşında "Klassik-Aİ” Məhdud Məsuliyyətli müəssisəsinə direktor təyin edilməsinə yol açır. İlham İsmayılovun yüksək təşkilatçılıq və gözəl idarəçiliyi sayəsində "Klassik-Aİ” MMM qısa müddət ərzində respublikada tanınmış şirkətlərdən birinə çevrilir, müəssisədə yeni istehsal sahələri açılır. Ümumiyyətlə, İlham İsmayılovun gənclik illərindən müdriklik zirvəsinə gedən yolu qaynar əmək fəaliyyəti ilə zəngin olub. O, bütün sahələrdə tapşırılan işləri zamanında və layiqincə yerinə yetirib. Məhz bunun göstəricisi idi ki, İlham İsmayılov "Klassik-Aİ” Məhdud Məsuliyyətli Müəssisəsini nəinki Azərbaycanda, hətta ölkədən kənarda da tanıda bildi. İlham İsmayılov ölkənin inkişafını, qüdrətli Azərbaycanın varlığını özəl sektorun inkişaf etdirilməsi, eyni zamanda xarici investorların Azərbaycana cəlb edilməsində görürdü. Bu məqsədlə İlham İsmayılov "Klassik-Aİ” MMM-nin rəhbəri kimi xarici iş adamları ilə görüşür, müxtəlif ölkələrə səfərlər edir, onları ölkəmizə investisiya qoymağa çağırırdı.   Belə görüşlərdən biri kimi 2003-cü ildə İlham İsmayılovla dünyanın iri istehsalçılarından biri sayılan Sakip Sabançının görüşünü qeyd etmək olar.

Xeyriyyəçi insan

İlham İsmayılov təkcə iş adamı, bacarıqlı insan kimi deyil, eyni zamanda xeyriyyəçi biri kimi tanınır. Təsadüfi deyil ki, İlham İsmayılovun əsas fəaliyyət sahələrindən birini məhz "Klassik-Aİ” Məhdud Məsuliyyətli Müəssisə tərəfindən həyata keçirilən xeyriyyəçilik tədbirləri təşkil edib. Burada maraqlı məqamlardan biri ondan ibarətdir ki, o, istər illər öncə, istərsə də bu günümüzdə həyata keçirdiyi xeyriyyə aksiyalarını qətiyyən reklam etməyib, bir çox iş adamlarından fərqli olaraq xeyriyyəçilik tədbirlərini televiziyalarda, qəzet və jurnallarda tirajlamayıb. İlham İsmayılov xeyriyyəçiliyi vətən, millət, el-oba qarşısında mənəvi bir borc hesab edib. İlham İsmayılov "Klassik-Aİ” MMM-nin rəhbəri kimi kimsəsiz uşaqların təlim-tərbiyə olunması, onlarda vətənpərvərlik ruhunun aşılanmasında hər cür dəstək verib, onlara himayədarlıq edib. Məhz bu xeyirxah əməllərinə görə, İlham İsmayılov Simurq Milli Mükafat Fondunun təsis etdiyi "2002-ci ilin xeyriyyəçisi” adına layiq görülüb. İlham İsmayılovun xeyriyyəçilik fəaliyyətində əsas önəm verdiyi insanlar arasında el-obasının sayılıb seçilən ağsaqqalları, müdrik insanları dayanır ki, bu da onun elinə-obasına bağlılığının bariz nümunəsidir. Bu illər ərzində İlham İsmayılov müqəddəs torpaqlara, həcc ziyarətinə, Kərbalaya getmək arzusunda olan onlarla el ağsaqqalına maddi dəstək verərək onlara bu fürsəti yaradıb. İlham İsmayılov doğulub boya başa çatdığı Salyan rayonunun, xüsusilə Qaraçala qəsəbəsinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində də kifayət qədər işlər görüb. Qaraçala qəsəbə stadionunun bərpası, işsiz gənclərin müvafiq işlə təmin olunması üçün kiçik iaşə obyektlərinin açılması, Şəhidlər Kompleksinin yenidənqurulması və digər bu kimi xeyirxah işləri örnək olaraq göstərmək mümkündür.

 İdmana qayğı

İlham İsmayılovun fəaliyyətində idmana, idmançılara qayğı da hər zaman prioritet olub. Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı cənab prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğını hər zaman örnək hesab edən İlham İsmayılov bacardığı qədər bu sahəyə  öz töhfəsini verib. Bu istiqamətdə futbol idman növünün inkişaf etdirilməsi əsas prioritet hesab edilib. İlham İsmayılov idmana, xüsusilə futbola diqqət ayırmasını belə izah edir: "Ümummilli lider Heydər Əliyev "Neftçi” futbol komandasının üzvləriylə görüşəndə futbolumuzun inkişafı üçün regonlarda uşaq futbolunun inkişaf etdirilməsinin vacib olduğunu qeyd etmişdi. Heydər Əliyevin dediyi o müdrik sözlər bu gün artıq reallaşmaqdadır. Mən də bu fikirlər tam razıyam ki, böyük futbolda uğur qazanmaq istəyiriksə, ilk növbədə uşaq futboluna ciddi fikir verməliyik. Futbolda fərqlənən hər bir uşağa sahib çıxmalı, onların inkişaf etmələrində hər birimiz əlimizdən gələni əsirgəməməliyik”. Məhz ümummilli liderin bu tövsiyyəsi, eləcə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2005-2015-ci illər üçün regionlarda futbolun inkişaf etdirilməsinə dair imzaladığı dövlət proqramına uyğun olaraq İlham İsmayılovun rəhbərlik etdiyi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi Salyan rayonu, Qaraçala qəsəbəsində "Qaraçala” futbol komandası təsis edib. Eyni zamanda təşkilat Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Regional Futbol Federasiyası ilə birlikdə futbol turnirləri təşkil edib. Artıq ATXƏM tərəfindən idman yarışları və turnirlərin keçirilməsi ənənəyə çevrilib.

Fəal ictimai xadim

İlham İsmayılov fəal ictimaiyyətçi kimi də tanınır. Belə ki, cəmiyyətdə daha çox sahibkar və xeyriyyəçi kimi tanınan İlham İsmayılov 2007-ci ilin dekabr ayında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyini təsis edir. ATXƏM-in yaranmasından cəmi bir ay sonra İlham İsmayılov bu mərkəzin fəaliyyətə başlamasının çox ciddi bir əsaslara söykəndiyini bütün türk dünyasına göstərə bildi. Belə ki, Türk dünyasının fəxri, dünya şöhrətli yazıçı Çingiz Aytmatov ATXƏM tərəfindən Azərbaycana dəvət olundu. Beləliklə də, İlham İsmayılov tanınmış iş adamı olmaqla bərabər, həm də ictimai birlik sədri kimi bütün türk dünyasının problemlərini özündə ehtiva edən məsələlərlə məşğul olmağa başladı. Təsadüfi deyil ki, bu gün ATXƏM İlham İsmayılovun rəhbərliyi altında dünya türklərinin mərkəzi kimi də tanınır. Ötən 8 il ərzində ATXƏM İlham İsmayılovun rəhbərliyi altında yüzlərlə irili-xırdalı layihələrə imza atıb, Avropa ölkələri, Türkiyə, Orta Asiya respublikalarında Azərbaycanın və Türkiyənin problemləri, Türk dünyasının birlik və bərabərliyinə həsr olunmuş tədbirlər təşkil edib.
Bu gün də ATXƏM və onun sədri İlham İsmayılov bu prinsiplərlə fəaliyyət göstərir. 55 illik şərəfli həyat və fəaliyyətinin  böyük bir hissəsini Türk dünyasının birlik və bərabərliyinə həsr edən İlham İsmayılov tezliklə bu birliyin tam mənada reallaşacağı, nəticədə başda Dağlıq Qarabağ problemi olmaqla bütün Türk dünyasının problemlərinin həll ediləcəyinə ümid bəsləyir.


Süleyman İsmayılbəyli



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws