Vurğun Əyyub: “Partiyadan çıxarılmağım mənim yox, onların əleyhinə işləyir”

2015-05-05 16:14:43 / 6174 dəfə oxunub

Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədrinin müavini Vurğun Əyyub Adalet.az-a müsahibə verib.

Sabahinfo.az müsahibəni təqdim edir:

-Vurğun bəy, Müsavat Partiyasında üzvlülükdən çıxarılmanız məsələsi qaldırılıb. Müsavat daxilində sizə qarşı belə bir addım atılacağını gözləyirdinizmi?

-Lap Markesin əsəri adamın yadına düşür: Gözlənilən bir qətlin tarixçəsi.))) Əslində siyasi hər kəsə bəlli idi ki, mənim Müsavat Partiyasından çıxarılmağım üçün çalışırlar. Ona görə də mənim üçün belə bir qərar gözlənilən idi.

-Səbəb sizin Qubad bəyin yanında yer almağınızdır ya necə?

-Partiyanın son qurultayından sonra formalaşan rəhbərliyi qeyri-legitim hesab etmişəm. Bu damğanı heç zaman üzərlərindən silə bilməyəcəklər. O cür qiymətləndirməmin qisasını alırlar.

-Arif Hacılı ilə hər-hansı ədavətiniz var ya bu münasibət sizində dediyiniz kimi qurultayın nəticəsindən sonra formalaşıb?

-Arif Hacılı ilə şəxsi müstəvidə hər hansı bir ədavətədən söhbət gedə bilməz. Sadəcə, bir çox məsələlərə baxışlarımızda fərqli cəhətlər var. Qurultay ərəfəsində və qurultay sonrası bu fərqlər daha qabarıq şəkildə üzə çıxdı.

-Partiyadan çıxarılmanız məsələsi gündəmə gələndən sonra sizin Arif Hacılı ilə bu məsələ barəsində hər hansı müzakirəniz olubmu? İsa bəyin bu məsələyə baxışı maraqlıdır....

-Qurultaydan bu yana nə İsa bəylə, nə də Arif bəylə hər hansı bir müzakirəm olmayıb.

-Sizdən sonra professor Adil Qeybulla, bu gün isə İbrahim İbrahimli partiyadan istefa verdi. Bu gedişlə Müsavat hara gedir?

-Partiyanın indiki rəhbərliyinə çoxları tərəfindən dəfələrlə deyilib ki, bu cür idarəetmə, tənqidi fikrə dözümsüzlük partiyanı dağıtmağa xidmət edir. Bu da onların apardığı siyaəstin nəticələri! İllər boyu min bir əziyyətlə qurduğumuz, yaşatdığımız, Rəsulzadə yadigarı bir partiyanı iflas həddinə gətirib çıxarıblar.

-Bir sıra siyasi ekspertlər hesab edir ki, sizi kimi insanları partiyadan uzaqlaşdırmaqla Arif Hacılı qardaşlarına yol açır.

-Qardaşlar sindromu Azərbaycan siyasətinə heç zaman müsbət, faydalı bir bəhrə verməyib. Onların mandat alıb almayacağı isə xırda məsələdir.

-Vurğun bəy, mübarizə üsulü kimi siz hansı yola daha üstünlük verirsiniz. Qurultay onların xeyrinə həll olundu. Bundan sonra necə olacaq. Arif Hacılını başqanlıqdan endirmək yolları barəsində düşünmüsünüzmü?

-Belə bir mübarizəyə nə vaxtım, nə də həvəsim var. Özəyin haqqımda Nizamnaməyə zidd qərarından da şikayət etməyəcəm. Qeyri-legitim hesab etdiyim, partiyadan çıxarılmamı sifariş edən qurumlara və şəxslərə müraciət mənasız işdir. Mən Müsavatçılıq ideologiyasına bağlı bir adamam və ideologiyanın qalib gəlməsi üçün yeganə yol Müsavat partiyasının üzvü olmaq deyil. Fəaliyyətimi ADR Hərəkatında davam etdirəcəyəm.

-Ola bilərmi belə bir addım atıb, istefa ərizəsini sizin yazmanızı istəyirlər?

-Qurultaydan keçən müddət ərzində Arif Hacılının bəzi tərəfdarları, hətta müşavirlərindən bir neçəsi sosial şəbəkələrdə üstüörtülü və açıq şəkildə özümün istefa verməyimi dəfələrlə deyiblər. Amma mən əvvəlcədən bildirmişdim ki, istefa verməyəcəyəm. Mən partiyanın rəhbərliyini, qurultaydan sonra formalaşan qurumları qeyri-legitim hesab etmişəmsə, istefanı onlar verməlidir. İstefa vermədiyimi görüb partiyadan çıxarılmağım üçün ssenari cızdılar. Bu uğursuz ssenari onların mahiyyətini bir daha ortaya qoymuş oldu. Partiyadan çıxarılmağım mənim yox, onların əleyhinə işləyir.

-Onların əleyhinə işləyən nədir?

-Təkcə sosial şəbəkələrdə onların bu qərarına verilən reaksiyaları izləmək kifayət edər ki, hansı durumda olduqları, partiyanı hansı vəziyyətə gətirib çıxardıqları aydın görünsün.

-ADR-in təşkilatlanması hansı səviyyədə həyata keçirilir. Qubad bəyin ABŞ-da olması ADR-in xarici əlaqələrinin qurulmasına yönəlib?

-Bu ili ADR-in təşkilatlanması ili elan etmişik. Rayon təşkilatlarının qurulması işi davam etdirilir. Ölkənin ən ağrılı problemləri ilə bağlı dinləmələr, dəyirmi masalar keçiririk. Qubad bəyin Amerikada olması müəyyən çətinliklər yaratsa da, hər birimiz bilirik ki, onun həmin proqramda iştirakı ADR üçün də, ölkəmiz üçün də faydalı olacaq.

-Yaxın zamanlarda ölkənin siyasi müstəvisində tanınmış simaların ADR-ə keçidi reallaşa bilərmi?

-ADR-in əsasnaməsi hər bir Azərbaycan vətəndaşının hərəkata qoşulmasına imkan verir. Təbii ki, ölkənin tanınmış simalarının burada təmsil olunmasında maraqlıyıq. Amma heç kimin arxasınca qaçmırıq da. Bizimlə birgə olmasını arzuladığımız tanınmış insanların fikirlərini öyrənir, onların məsləhələtlərini alırıq.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws