“Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar Heydər Əliyev ideyalarının təntənəsidir”

2015-05-06 16:10:35 / 5405 dəfə oxunub

«Aztelekom» İB-nin baş direktoru, YAP MNTK-nın sədri Məhəmməd Məmmədovun müsahibəsi


- Məhəmməd müəllim, müasir tariximizə nəzər saldıqda məhşur bir aforizm bir daha öz təsdiqini tapır: Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, onun Heydər Əliyev kimi lideri var. Azərbaycanın inkişafının Heydər Əliyev dövrünü necə xarakterizə etmək olar?

- Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin bu fikrini xatırlamaqla Onun Azərbaycan dövləti, xalqı qarşısında xitdmətlərinin miqyasının nə qədər geniş olduğunun aydın ifadəsini yaratmış oluruq. Dahi şəxsiyyət bildirmişdir: «Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!»

Hər zaman təkrar da olsa, bu fikri qeyd etməyi özümüzə borc bilirik ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bugünkü uğurların təməli oldu. Milli dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılan 15 iyun 1993-cü il xalqı məşəqqətlərdən qurtaran qayıdış günü oldu. O gündən etibarən müstəqilliyimizin əbədi olması üçün böyük xidmətlər göstərən ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, yaradıcısı, süverenliyimizin etibarlı qarantı oldu. Ötən əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan indi dünyada günəş kimi parlayır. Hər bir Azərbaycan vətəndaşı müstəqillik yolumuzun heç də hamar olmadığını dərk etməli, tarixi paralellər fonunda ölkəni, xalqı inkişafa, tərəqqiyə aparan liderin rolunu düzgün dəyərləndirməlidir.

Daim vurğulandığı kimi, böyük şəxsiyyətlərin ömrü onların yaşadığı illərlə ölçülmür. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bir siyasətçi, dahi dövlət xadimi kimi ömrü, dövlətimiz, xalqımız qarşısındakı xidmətləri yaşadığı illərə sığmır. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, görülən işlər və onun uğurları Heydər Əliyev ideyalarının təntənəsidir. Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi düşünülmüş və məqsədyönlü siyasət nəticəsində dövlət müstəqilliyini möhkəmləndirdi, bir dövlət olaraq varlığını təsdiqlədi. Heydər Əliyevin zəngin irsi Azərbaycan cəmiyyətinin milli-mənəvi zənginliyini, dəyərlər sistemini təşkil edən möhkəm bazadır. Dahi şəxsiyyət öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Bütün bunların hamısı bir daha bu fikri söyləməyə əsas verir ki, Azərbaycanın dünənki inkişafı ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdırsa, bugünkü, gələcək yüksəlişi də Onun ideyalarına əsaslanır. Bütün ömrünü doğma Vətəninin xoşbəxtliyinə həsr edən, Azərbaycana sonsuz məhəbbət bəsləyən Heydər Əliyevə xalqımızın sevgisi sonsuzdur və yalnız onu özünün ümummilli lideri kimi qəbul edir. Onun adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Təbii ki, bir sual çərçivəsində dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərindən bəhs etmək qeyri-mümkündür. Bu gün adı dünyann 10 xoşbəxt ölkəsi sırasında çəkilən, iqtisadi möcüzələr ölkəsi kimi tanınan, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir. Onun uğurlu və düşünülmüş siyasəti nəticəsində ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə bugünkü uğurlara geniş yol açdı. Məhz bu uğurların nəticəsidir ki, Azərbaycanı yaxın 10 ildə inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi ortaya qoyuruq. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması ölkəmizin qarşısında yeni-yeni imkanlar açır. 1994-cü ilin 20 sentyabarında imzalanan «Əsrin müqaviləsi»nin ötən il 20 illiyi ərəfəsində «Cənub» Qaz Dəhlizinin təməlinin qoyulması mərasiminin keçirilməsi də uğurlarımızın davamlılığından qaynaqlanır. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, hazırda Azərbaycanın iştirakı olmadan, bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Ölkəmiz etibarlı tərəfdaş kimi dünya birilyində yeri və rolunu möhkəmləndirir. Təbii ki, bu uğurlarımız qeyd etdiyimiz kimi, Heydər Əliyev siyasətinə, ideyalarına əsaslanır. Dahi şəxsiyyət bildirirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Məhz Azərbaycan güclü, qüdrətli iqtisadiyyatı ilə bu gün dünyanın diqqətindədir. İnkişafın Azərbaycan modelinin mövcudluğu ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Azərbaycanı müstəqil, qüdrətli, zəngin ölkə kimi görmək istəyən dahi şəxsiyyət Heydər Əliyev bunun üçün möhkəm təməli, bazanı məhz hakimiyyətinin birinci dövründə yaratmışdır. Ümummilli lider həmin dövrün uğurlarını belə şərh etmişdir: «O dövrdə yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələlərini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqdır.»

Məhz ulu öndərin bu fikirləri fonunda bu reallığı böyük inam və qətiyyətlə bildiririk ki, 1993-cü ildən inkişaf, tərəqqi yoluna çıxan Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirməklə böyük gələcəyə doğru inamla addımlayır.

- Məhəmməd müəllim, Ümumdünya İqtisadi Forumunun hesabatına görə Azərbaycanın 148 ölkə arasında 38-ci yeri tutması təbii ki, ölkə iqtisadiyyatının inkişafının göstəricisidir...

- Hər bir sahənin inkişafında iqtisadi tərəqqinin əsas rol oynadığını nəzərə alsaq, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlara və onların nəticəsində əldə edilən uğurlara diqqət yetirməyə böyük zərurət duyulur. «Azərbaycanın hərtərəfli inkişafına nail olmaq üçün islahatlar regionlar üzrə, proqramlar əsasında həyata keçirilməlidir. Gələcək planlarımızı həyata keçirmək üçün Azərbaycanda ilk növbədə maliyyə intizamı olmalıdır» söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev eyni zamanda bildirmişdir ki, ən ucqar kəndlərin sakinləri də iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir. 2004-2008-ci illər üçün nəzərdə tutulan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası, beş il üçün nəzərdə tutulan vəzifələrin lazımi səviyyədə yerinə yetirilməsi növbəti proqramın-2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbulunu şərtləndirdi. Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası da ölkənin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Bir proqramın uğurlu icrası növbəti proqramın qəbuluna əsas yaradır. Artıq regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının üçüncü mərhələsi icra edilir. Bu gün nəinki paytaxt, hətta bölgələrimiz sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. Regionlar arasında sağlam rəqabətin getdiyi inkaredilməzdir. Azərbaycan quruculuq meydançasına çevrilib. Dövlət başçısı İlham Əliyevin regional inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq üçün mütəmadi bölgələrdə səfərdə olması, yeni obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etməsi, insanların problemləri ilə yaxından tanış olması qarşıya qoyulan məqsədlərin yüksək səviyyədə həyata keçirilməsinə stimul olmaqla, ictimaiyyətdə böyük ruh yüksəkliyi yaradır. Möhtərəm Prezidentimiz İlham Əliyevin ayrı-ayrı rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamları əsasında dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması da bölgələrin inkişafına diqqət və qayğının təzahürüdür.

Son 11 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən, dövlət büdcəsi 20 dəfən çox artmış, 50 milyard dollar həcmində valyuta ehtiyatı toplanmışdır. Müqayisə üçün daim bu rəqəm diqqətə çatdırılır ki, 2003-cü ildə dövlət büdcəsi 1,3 milyard dollar, valyuta ehtiyatları 1,6 milyard dollar olmuşdur. Cari ilin dövlət büdcəsinin 25 milyard dollardan artıq olması uğurlu sosial-iqtisadi islahatların nəticəsidir.
Azərbaycan investisiya cəlbediciliyini də yüksək səviyyədə qoruyur. Ümumilikdə, son 11 ildə ölkə iqtisadiyyatına yatırılan vəsaitlərin həcmi 180 milyard dollardan artıqdır.

Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən rəqəmlər də inkişafın hansı səviyyədə olduğunu açıqlayır. Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru 7 faiz artıb. Kənd təsərrüfatında artım 3 faiz təşkil edir. Sənaye istehsalı 4 faiz artıb. Əhalinin pul gəlirləri inflyasiyanı üstələyir. Belə ki, əhalinin pul gəlirləri 5,3 faizdir. Cari ilin ötən dövründə 30 minə yaxın yeni iş yeri açılıb ki, bunun da 25 mini daimidir. Hazırda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Dövlət başçısı İlham Əliyev bu inamı da ifadə etmişdir ki, cari ildə görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da enəcək və 11 il bundan əvvəl qarşıya qoyulan vəzifə təmin ediləcək- Azərbaycanda yoxsulluq tamamilə aradan götürülməlidir. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə təmin edilməsinin də uğurlarımızda rolu böyükdür.

Azərbaycanın uğurlu sosial-iqtisadi islahatları aparıcı beynəlxalq maliyyə qurumlarının hesabatlarında öz əksini tapır. Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görüb. Möhtərəm Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirmişdir: «İldən-ilə bizim yerimiz yaxınlaşır. Biz daha bir pillə qalxmışıq və dünya miqyasında rəqabətqabiliyyətliliyə görə 38-ci yeri tutmaq hesab edirəm ki, gənc dövlət üçün böyük nailiyyətdir və bu yeri biz neftə, qaza görə yox, məhz düşünülmüş islahatlara görə qazanmışıq. Bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir, milli maraqlar və daxili resurslar üzərində qurulubdur.»
- İqtisadiyyatın inkişafında yeni texnologiyaların tətbiqi əsasdır. BMT-nin qərarına əsasən yaşadığımız XXI əsrin əsas çağırışı olan İKT-nin inkişafına Azərbaycanda xüsusi diqqət göstərilir. Bununla bağlı fikirlərinizi bilmək istərdik....

- Müasir dövrdə daha çox tələbat duyulan informasiya cəmiyyətinə keçidin təmin edilməsi, biliyə əsaslanan iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə orqanlarında ən müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, elektron xidmətlərin inkişaf etdirilməsi, Elektron Təhlükəsizlik üzrə Milli Mərkəzin Fəaliyyətinin inkişaf etdirilməsi rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi qarşıda duran əsas prioritetlərdəndir. Ölkə iqtsadiyyatının neft amilindən asılılığını azaltmaq, insan kapitalını inkişaf etdirməklə daha çox uğura nail olmağın mümkünlüyü isə İKT-nin inkişafı ilə bilavasitə bağlıdır. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının əsas hədəflərindən biri də qarşıdakı on ildə İKT-nin illik artımını 18-20 faiz həddində saxlamaqla sektorun gəlirlərini 8-9 milyard dollara çatdırmaqdır. Bu sahədə müəyyən təcrübəyə malik Azərbaycan artıq özünü təsdiqləyir.

Kosmik sənaye Azərbaycanda yeni sahə olsa da bu istiqamətdə görülən işlər barədə danışmaq haqqı qazanıb. 2010-cu ildə «Azərkosmos»” ASC-nin təsis edilməsi, telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə işə start verildi, perspektivlər müəyyənləşdirildi. Azərbaycanda və Qafqazda ilk peyk operatoru olan «Azərkosmos»un yaradılması ilə ölkədə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformalarının təmin edilməsi ilə bərabər ölkəmizin ilk süni peyki olan «Azerspace-1»”in hazırlanmasına və orbitə buraxılması istiqamətində proseslər sürətləndi. Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edən «Azərspace-1”» peyki bütün Azərbaycan ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli internet xidmətlərinin göstərilməsini təmin edir.

BMT-nin elan etdiyi kimi İKT əsrində Azərbaycan öz yenilikləri ilə zamanın tələbinə cavab verir. İKT-nin, o cümlədən internet iqtisadiyyatının inkişaf etdirilməsi ənənəvi iqtisadi sahələrin inkişafında da mühüm rol oynayacaq. Məhz internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır.

Bütün bu məqsədlərə çatmaq və nəzərdə tutulan işləri sistemli şəkildə həyata keçirmək üçün dövlət başçısı İlham Əliyevin 2 aprel 2014-cü il tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya»” təsdiq olunub. İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır. Qeyd edək ki, ölkə əhalisinin 70 faizi internet istifaədəçisidir.

Konsepsiyada müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti on ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT-yə ehtiyaclarının ödənilməsi tələb olunur. Bunlara nail olmaq üçün innovativ, rəqabətqabiliyyətli və ixracyönlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan, məhsul və xidmətlərdən səmərəli bəhrələnməsi üçün şərait yaradılması və onların İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, «elektron hökumət”»in inkişaf etdirilməsi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərdən istifadə, ölkənin qlobal informasiya məkanına sıx inteqrasiyası vacibdir. Ölkəmizdə bu istiqamətdə proseslər davam edir.
Həmçinin gələcək 5 ilin hədəfləri də bəllidir. Nəzərdə tutulduğu kimi 2017-ci ilin sonuna kimi mobil və stasionar şəbəkələr üzərində yüksək sürətli, genişzolaqlı optik və simsiz şəbəkələrin qurulması vətəndaşların bu şəbəkəyə çıxışını təmin etmək başlıca vəzifədir.

Bütün sahələrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi bu gün Azərbaycanı fərqləndirən cəhətlərdən biridir.

Müxtəlif peşə sahibləri arasında da könüllü olaraq müasir texnologiyalardan, kompüterlərdən istifadəyə meyl artır. Keyfiyyətli və surətli internet, veb- internet studiyaları yaradılır, tələbə və müəllimlərin işləməsi üçün baza təşkil olunur. İKT sahəsində hər hansı neqativ halların qarşısının alınması üçün qanunvericilik mövcuddur.

Ölkə Prezidenti İlham Əliyev daim bu inamı da ifadə edir ki, dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu ölkə kimi tanınacağıq. O da məlumdur ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirilməsinə əsasən Azərbaycan son on ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk on ölkə sırasındadır.

- Məhəmməd müəllim, yeni texnologiyaların öyrənilməsi və tətbiqi günün tələbi kimi kadr hazırlığını da aktuallaşdırır...

- Möhtərəm Prezidentimiz İlham Əliyev kadr hazırlığını iqtisadi tərəqqi ilə uyğunlaşdırmağı qarşıya mühüm vəzifə kimi qoyur. Bu istiqamətdə beynəlxalq təhsil mərkəzləri ilə əməkdaşlığın rolu hər zaman önə çəkilir. Möhtərəm Prezidentimiz bildirir: «Biz Azərbaycanda təhsilin səviyyəsini artırmaq üçün bu sahəyə böyük sərmayələr yatırırıq və universitetlərimizlə dünyanın aparıcı təhsil ocaqları arasında beynəlxalq əlaqələri daha da artırmağa çalışırıq.» Bütövlükdə bəşəriyyətin innovasiyalardan, müasir texnologiyalardan faydalandığını qeyd edən ölkə Prezidenti İlham Əliyev təhsilin ölkəmizdə də prioritet sahə olduğunu və bu istiqamətdə davamlı addımlar atılacağını bildirir. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası qarşıdakı illər üçün hədəfləri özündə əks etdirməklə yanaşı, nəzərdə tutulan 2013-2023-cü illərdən sonrakı dövrün də aydın mənzərəsini yaradır. Qarşıdakı 10 ildə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz İKT-nin inkişafını və bu baxımdan kadr hazırlığını günün əsas tələbinə çevirir. Bu hədəfə çatmaq üçün göstərilən səylər dövlətimizin siyasətinin əsasında davamlı, dayanıqlı inkişafın, müasirilyin, yeniliyin əsas yer tutmasını bir daha təsdiqidir. O da məlumdur ki, Dövlət Neft Fondunun maliyyələşdirdiyi istiqamətlərdən biri gənclərin xarici ölkələrdə təhsilidir. «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nda İKT sahəsində yüksək ixtisaslı kadrların hazırlanması prioritet vəzifə kimi diqqətdə saxlanılır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən İnsan Resurslarının İnkişafı Fondu vasitəsilə də İKT üzrə mütəxəssislərin hazırlanmasına dəstək verilir. Məhz bu Fond vasitəsilə «Yüksək Texnologiyalar Parkı» yaradılmışdır ki, yeni qurumların yardımı ilə iqtisadiyyatın güclənməsinə, xarici investisiyaların cəlb edilməsinə və ölkədə İKT məhsullarının istehsalının genişləndirilməsinə, innevativ təşəbbüslərə maliyyə dəstəyi təmin ediləcək. Bir sözlə, ölkə Prezidenti İlham Əliyevin irəli sürdüyü «qara qızılı» insan kapitalına çevirək» tezisi artıq günümüzün reallığıdır.

- «Aztelekom» İB-nin fəaliyyətinin əsas istiqamətini regionların, ümumilikdə ölkənin hərtərəfli inkişafında xidmət edən Dövlət Proqramlarından irəli gələn vəzifələrin rabitə sahəsi üzrə icrasının təmin olunması təşkil edir. Birliyin bu istiqamətdə gördüyü işlər qənaətbəxşdirmi?

- Təbii ki, yeni-yeni hədəflərdən bəhs ediriksə, görüləcək işlərin çoxluğu da inkaredilməzdir. Bir faktı da nəzərə alaq ki, yeni hədəflərə stimul verən uğurlarımızdır. Demək, digər sahələr kimi, rabitədə də uğurlarımız qənaətbəxşdir ki, yeni məqsədlər müəyyənləşdirilir və onlara çatmaq üçün səylər göstərilir. Dövlət Proqramlarından irəli gələn vəzifələrin başlıcası mobil operatorların fəaliyyətini genişləndirməklə yaxşılaşdırmaq, əhatə dairəsini artırmaqdır. Hazırda ən ucqar dağ kəndlərimizdə belə mobil operatorların yaratdığı imkanlar hesabına danışmaq mümkündür. İndi elə bir rayon, kənd yoxdur ki, opada ötürücu stansiyaların xidmətindən istifadə edilməsin. Bütün bunlar isə ölkə Prezidenti İlham Əliyevin «Aparılan siyasətin önündə vətəndaş amili dayanır» tövsiyəsinin vəd deyil, real işlərə əsaslandığını təsdiqləyir. Təbii ki, bu prioritetlərin reallaşmasında rabitə sahəsində aparıcı kollektivlərdən olan «Aztelekom» İB-nin də xidməti danılmazdır. Devizimiz belədir ki, keyfiyyətli rabitə xidməti ilə insanların gündəlik tələbatını yüksək səviyyədə yerinə yetirək. Azərbaycanın sürətli, dayanıqlı inkişafı hər bir məqsədə nail olmağa əsas yaradır.

Onu da qeyd edək ki, ölkəmiz daha bir əlamətdar hadisə- Birinci Avropa Oyunları ərəfəsindədədir. Təbii ki, bizim də üzərimizə böyük vəzifələr düşür. Oyunların 100-dən çox ölkədə nümayiş etdiriləcəyini nəzərə alsaq, məsuliyyətin böyüklüyü barədə təsəvvür yaratmaq mümkündür. Artıq bu sahədə bir neçə ölkə ilə müqavilələr imzalanıb, oyunların birbaşa yayımlanması istiqamətində işlər görülür. Azərbaycan daha bir mühüm tədbirə ev sahibliyi etməklə malik olduğu imkanları, reallıqlarını dünyaya təqdim edəcək.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws