147 illik yolun mənzərəsi: Qalib Azərbaycanın mətbuat tarixi Zəfərimizin reallıqlarına uyğun yenilənir

Azərbaycan milli mətbuatının  yaranmasından 147 il ötür. Arxada qalan hər bir il digər sahələrdə olduğu kimi, ictimai fikrin formalaşmasında əhəmiyyətli rol oynayan azad mətbuatın inkişafında da biri-birindən əhəmiyyətli hadisələr, qəbul edilən sənədlər və onlara uyğun addımların atılması ilə yadda qalır.

Məhz dünənimizə baxış fonunda bugünümüzü dəyərləndirir, həmçinin bugünümüzün reallıqlarına söykənərək sabahımızın aydın mənzərəsini yaradan hədəflər müəyyənləşdirilir. Bu baxımdan milli mətbuatımızın keçdiyi inkişaf yoluna bələdçilik edən 147 illik dönəmin reallıqlarını bir yazıda əhatə etmək mümkünsüzdür.

1875-ci il iyulun 22-də görkəmli mütəfəkkir, maarifçi alim Həsən bəy Zərdabinin qurucusu olduğu "Əkinçi" qəzetinin nəşri ilə əsası qoyulan mətbuatımız bu gün qalib Azərbaycanın diktə etdiyi reallıqları ölkə və dünya ictimaiyyətinə çatdırır, cəmiyyətin informasiya tələbatını ödəmək üçün daha da təkmilləşir, yeniləşir, dünyanın  ən qabaqcıl ölkələrinin təcrübəsinin tətbiqinə səy göstərir. Milli mətbuatımızın  "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maariflənmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi surətdə  vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması bütün dövrlərdə aktuallığını, dəyişməzliyini qoruyur. Prinsipləri dəyişməz olsa da,  mətbuatın zamanın tələblərinə uyğun təkmilləşməsi, yeniləşməsi  qaçılmazdır.

Milli mətbuatımızın inkişafının müstəqillik dövründən bəhs edərkən, təbii ki, göz önününə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi misilsiz işlər, bugünümüz üçün yaradılan  möhkəm təməl göz önünə gəlir. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları tariximizin qara, uğursuz səhifəsi kimi vərəqlənir. O illərin xarakterik xüsusiyyətlərindən biri də mətbuaat azadlığının hər addımda boğulması idi. Söz, fikir azadlığından söhbət belə gedə bilməzdi. Jurnalistlərin  fiziki və mənəvi təzyiqlərə məruz qalması da o illərin reallıqları sırasında idi.  Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələnin əsasını qoydu. Belə ki, Ümummilli Lider demokratik cəmiyyətin varlığını nümayiş etdirən bütün təsisatların yaradılmasını və inkişafını həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birinə çevirdi.

Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi, dünya informasiya  siyasətinə inteqrasiyası,  beynəlxalq standartlara uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi diqqətdə oldu,   inkişafın davamlılığını təmin etmək üçün mühüm Fərman və sərəncamlar imzalandı. Həmçinin mətbuat işçiləri ilə mütəmadi görüşlərin keçirilməsi  ənənəsi yaradıldı.  Bütün bu addımlar  Ümummilli Liderin  azad sözə, plüralizmə,  jurnalist əməyinə  münasibətini nümayiş etdirdi.  1995-ci ildə Ulu Öndərin bilavasitə rəhbərliyi  ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan  milli  Konstitusiyamızda da bu sahə ilə bağlı hüquq və azadlıqlar dəqiq göstərilib. Həmçinin ötən illər ərzində dövrün, zamanın tələblərinə uyğun  təkmilləşmə nəticəsində Milli Konstitusiyamıza ümumxalq səsverməsində edilən əlavə və dəyişikliklər sırasında “Mətbuat azadlığı” maddəsinə edilən əlavələr də dövlətin azad mətbuatın, azad sözün inkişafında nə qədər maraqlı olduğunu təsdiqləyir.   Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərman əsasında   senzuranın ləğv edilməsi  müstəqil mətbuatın  inkişafı üçün geniş imkanlar açaraq cəmiyyətin informasiya tələbatının daha dolğun şəkildə ödənilməsini təmin etdi.  Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının  fəaliyyət göstərməsi də ölkəmizdə yaradılan demokratik şəraitin  göstəricisidir. “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanunun qəbulu, ulu öndər  Heydər Əliyevin Sərəncamı ilə  kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramının  təsdiqlənməsi,  2003-cü ilin martında  Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurumun - Azərbaycan Mətbuat Şurasının yaradılması da azad mətbuatın inkişafının prioritetliyini nümayiş etdirir. Məhz Ümummilli Lider milli mətbuatın inkişafına göstərdiyi diqqət və  qayğının nəticəsi olaraq  2002-ci ildə  “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdü. 

Ulu öndər Heydər Əliyevin siyasi kursunu son 18 ildən artıq dövrdə bütün sahələrdə uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin azad mətbuatın inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət mərkəzindədir. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması,  mətbuatın  yubileylərinin ölkədə yüksək səviyyədə qeyd olunması, jurnalistlərə fəxri adların verilməsi,  peşəkar jurnalistlərin Prezident təqaüdünə layiq görülməsi və digər addımlar da bunun təsdiqidir.  Dövlət başçısının son 18 ildən artıq dövrdə  üç dəfə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi də xüsusi qeyd edilməlidir.

Azərbaycanın uğurlarının  bələdçiləri olan yazılı və elektron KİV-lər fəaliyyətlərini eyni prinsiplər əsasında qurmaqla yanaşı,  daim bir arzu, istək əsasında birləşirdilər ki, torpaqlarımız işğaldan azad olunsun, bu xoş xəbərin müjdəçiləri olsunlar. Artıq iki ildir ki, digər bayramlarımız kimi, Milli Mətbuat Gününü də tarixi Zəfərin sevinci ruhunda qeyd edirik. Azərbaycanın tarixi  həqiqətlərinin təbliği  missiyasını uğurla həyata keçirən mətbuatımız 44 günlük Vətən müharibəsinin hər gününün reallıqlarını, Ordumuzun dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hər günümüzü Zəfər səhifəsi kimi tarixə yazmasını böyük ruh yüksəkliyi, qürurla ölkə və beynəlxalq ictimaiyyətə çatdırdı. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, həmin dövrdə cənab İlham Əliyevin  xarici mətbuata 30-dan artıq müsahibəsinin hər biri Azərbaycan həqiqətərinin təbliğində, dəyişməz mövqeyimizin təqdimatında olduqca əhəmiyyətli rol oynadı. Azərbaycan Vətən müharibəsində tarixi Qələbəsi ilə həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü dünyaya nümayiş etdirdi.  Artıq iki ilə yaxındır ki, yazılı və elektron KİV-lər möhtəşəm Zəfərimizin reallıqlarının təbliği istiqamətində səylərini artırırlar. Arxada qalan hər gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyalı bərpa və quruculuq işləri ilə yadda qalır ki, mətbuatımız bunları işıqlandırmaqdan böyük qürur hissi keçirir. Artıq bu ildən ilk addımları atılan Böyük Qayıdış hər bir azərbaycanlını sevindirir. Bütün bunlar mətbuatımızın qarşısında dayanan vəzifələrin nədən ibarət olduğunu, öz missiyalarını daha yüksək səviyyədə yerinə yetirmələrinə çağırış olduğunu əyani nümayiş etdirir. Prezident İlham Əliyev  işğaldan azad edilmiş torpaqlarımızda görülən işlərin ölkə ictimaiyyətinə çatdırılmasına çağırışlar edir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandanın  tapşırığı ilə bu torpaqlarımız müasir tələblər səviyyəsində qurulur, soydaşlarımızın gələcəkdə daha rahat yaşayışları üçün bütün zəruri olan addımlar atılır.

Yazılı və elektron KİV-lərimiz bu sevincli xəbərləri xalqımıza çatdırmaqdan qürurludurlar. Azərbaycanın qalib ölkə kimi diktə etdiyi reallıqlar geniş şəkildə işıqlandırılır.    

Prezident İlham Əliyevin Ulu Öndərin ən böyük arzusunu yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etməsi işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərlərində də özünün aydın ifadəsini tapır. Son iki ilə yaxın dövrdə mühüm tarixi hadisə, bayram tədbirləri azad Qarabağda, azad Şuşada qeyd edilir. Şuşa mütəmadi olaraq beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir.  Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən söylədiyi bu fikirləri bir daha yada salmaq isdərdim: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» O da bildirilmişdir ki,  bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Bütün bu sevincli, qürur doğuran məqamların hər biri mətbuatımız vasitəsilə ölkə ictimaiyyətinə çatdırılır.

Tarixi Zəfərimizin yaratdığı  yeni reallıqlar mətbuatın da qarşısında bir sıra vəzifələr qoyur. Qalib Azərbaycanın mətbuatı möhtəşəm Qələbəmizin reallıqları fonunda öz fəaliyyətini yeni tələblərə uyğun qurmalı, yeniləşməli, təkmilləşməlidir. Dövlət başçımız cənab İlham Əliyevin  12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu çağırışı özündə ehtiva edir. Sənəddə də qeyd edilir ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır.

Ölkəmizdə   medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu sənəd mətbuatın qarşısında yeni imkanlar açır. Bu baxımdan, Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılması bu sahədə yeniliklərin olacağına inamı artırdı. İlk gündən məqsəd və məramının Azərbaycan mediasını güclü, beynəlxalq müstəvidə rəqabətədavamlı görmək olduğunu və bunu  atdığı addımları, həyata keçirdiyi layihələri ilə təsdiqləyən  Medianın İnkişafı Agentliyinin  əsas çağırışı isə  budur ki, qalib ölkənin mediası da dövlətin inkişaf tempinə uyğun olmalıdır. Jurnalist peşəkarlığının artırılması, mətbu orqanların iqtisadi müstəqilliyinin təmin olunması əsas prioritetlər sırasındadır. Medianın İnkişafı Agentliyinin çap mediası ilə yanaşı, onlayn media resurslarının da dövlətin dəstəyindən bəhrələnməsinə geniş imkanlar yaratması sağlam rəqabət mühitinin formalaşmasına, iqtisadi müstəqilliyin təmin olunmasına stimuldur. Media ictimaiyyəti tam əmindir ki, Prezident İlham Əliyevin  media sahəsində təkmil islahatların həyata keçirilməsi ilə bağlı imzaladığı sənəddən irəli gələn vəzifələrin uğurlu icrası qalib ölkənin  mediasının hərtərəfli inkişafına böyük töhfə olacaq.

Yeni dövrün tələblərinə uyğun olaraq  “Media haqqında” yeni Qanun qəbul edildi. Bu sənəddə  təsbit olunan 78 maddənin hər biri bir yenilik, gələcəyə çağırışdır ki,  bu da öz növbəsində mətbuatın gələcək inkişafı ilə bağlı aydın təsəvvür yaradır. Qeyd etdiyimiz kimi, hər dövrün öz tələbləri vardır.  1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanun  həmin dövrün reallıqları fonunda qəbul olunmuşdur. Artıq yeni dövr yeni tələblər qarşıya qoyur. Dövlət başçımız İlham Əliyevin  ölkəmizdə həyata keçirdiyi təkmil islahatlar bütün sahələri, o cümlədən mətbuatı əhatə edir. Hər bir mətbu orqan, hər bir jurnalist yeni Qanundan irəli gələn vəzifələrin icrasına səy göstərməklə  qalib Azərbaycanın inkişaf səviyyəsinin təqdimatı olan mətbuatımızın inkişafına töhfələrini verməlidir. Günümüzün reallığı budur ki,  Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Təbii ki, qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı da öz növbəsində fəaliyyətini yeni aktual çağırışlara uyğun qurmalıdır.

Tarixi Zəfərimizin reallıqları sırasında iki qardaş ölkənin -  Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun  imzalanmasını, bu sənədə əsasən Azərbaycan və Türkiyə arasında Birgə Media Platformasının  yaradılmasını da xüsusi qeyd etməliyik. Məqsəd Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Dünya iki qardaş ölkənin timsalında birliyin, həmrəyliyin nümunəsini bütün sahələrdə görür, bunun  nümunə olduğunu etiraf edir. Azərbaycanın döyünən ürəyi olan Şuşadan dünyaya bəyan edilən Azərbaycan-Türkiyə müttəfiqliyi özündə bütün məqamları birləşdirir. Hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək hər birimizi qürurlandırdı. Hər günündə  Qələbə müjdəsini çatdıran 44 günlük Vətən müharibəsinin bütün reallıqları iki qardaş ölkənin mətbuatında eyni ovqatla, sabaha böyük inamla işıqlandırıldı.  Bu günümüz üçün bir məqamı da unutmayaq ki, hələ də ölkəmizə qarşı  qərəzli mövqedə dayanan ermənipərəst dairələr əsassız təbliğatlarını davam etdirirlər. İki dost, qardaş ölkənin  birgə yaratdığı Media Platforması belə təbliğatlara qarşı öz sözünü deyəcək.

Azərbaycan mətbuatının dünəninə baxış fonunda  böyük şərəfli yol keçdiyini, qarşısına qoyulan vəzifələri yerinə yetirmək üçün  səylər göstərdiyini  inamla qeyd edirik. 147 illik yolun təhlilini yalnız tarixi Zəfərimizin reallıqları və onların qarşıya qoyduğu vəzifələr əsasında aparmağımız səbəbsiz deyil. Çünki möhtəşəm Qələbəmizin ölkəmizin həyatında   açdığı yeni səhifə reallıqlarımızın  təbliğatçısı olan mətbuatımızdan bugünədək inkişafı üçün yaradılan möhkəm təmələ əsaslanaraq günümüzün tələblərini yüksək səviyyədə yerinə yetirməyə çağırış edir.  Bu yolda bütün həmkarlarımıza uğurlar arzulayır, onları  Milli Mətbuat Günü münasibətilə təbrik edirəm, gələcək fəaliyyətlərində uğurlar diləyirəm. Qələmləri iti, sözləri kəsərli,  dövlətimizin, dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda yorulmaz fəaliyyətləri  davamlı olsun!

Elməddin Quliyev