“ABŞ Dövlət Departamentinin Bakıda erməni kilsəsinin qorunmasından xəbəri yoxdurmu!?”

 “Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti növbəti olaraq anti-Azərbaycan xarakteri daşıyan hesabat yayıb. Hesabatda Azərbaycanla bağlı hissədə qeyd olunan faktları heç bir halda qəbul etmək mümkün deyil. Təəssüf ki, hesabatda Ermənistanla bağlı hissədə də qeyri-obyektiv şəkildə Azərbaycanın əleyhinə fikirlər yer alıb”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza bildirib.

Politoloq Asif Əsgərli deyib ki, ABŞ Dövlət Departamenti hələ də Ermənistandan azərbaycanlıların etnik təmizləyə məruz qalası və bu ölkədə elə ermənilər tərəfindən məscidlərimizin dağdılması faktını görmür: “Ayrıca, məgər ABŞ Dövlət Departamentinin Bakıda erməni kilsəsinin qorunmasından xəbəri yoxdurmu!? Yeri gəlmişkən, hesabata etiraz olaraq Qərbi Azərbaycan İcması haqlı olaraq bəyanat yayıb. Bəyanatda “ABŞ hökumətini Ermənistanı sözügedən irsi dağıtmasını dayandırmağa və artıq dağıtmış olduqlarını bərpa etməyə məcbur etmək üçün səylər göstərməyə çağırırıq”, - deyə fikir yer alıb”.

YAP İdarə Heyətinin üzvü bildirib ki, ermənilər zaman-zaman Qərbi Azərbaycanda soydaşlarımıza qarşı deportasiya siyasəti aparıblar: “Prezident İlham Əliyevin dediyi kimi, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur: “Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz bunu sülh yolu ilə etmək istəyirik”. Bu gün ABŞ-dan Qərbi azərbaycanlıların öz torpaqlarına sülh yolu ilə qayıtması üçün dəstək olaraq addım atmasını gözlədyimiz halda, əksinə bu işə maneəçilik yaradan siyasət yürütdüyünün şahidi olmaq bizləri təəssüfləndirir”.